Kamillik nədir?
Əbdülkərim Cili özünün «Kamil insan» əsərində kamil insanın şərhini vermək üçün Allah Təalanın sifətlərini, ümumiyyətlə, ilahi aləmin bir sıra xüsusiyyətlərini açıqlayır və yalnız bundan sonra kamil insanın nə üçün belə adlandırılmasını qeyd edir: «Bil ki, bu fəsil bu kitabda ən əsasdır. Kitab başdan ayağa bu fəslin şərhidir» (12, 207). Müəllif onu da bildirir ki, «kamil insan özü üçün var olan həqiqətlərə (həm mənfi, həm müsbət, həm ali, həm alçaq, həm maddi, həm mənəvi) müqabildir» (12, 211). İnsan, Allah Təalanın Öz ruhundan üflədiyi və yer üzərində Özünə xəlifə olaraq yaratdığı və bütün əşyaların adlarını öyrətdiyi (Quran 2/30-31) məxluqdur. Mühyiddin İbn Ərəbi yazır: «Kamil surət, yaradılmış və əzəli elmlə zühur edir. Elmin mərtəbəsi iki tərəfdən kamilləşir və həmçinin varlığın da mərtəbələri kamilləşir: onlardan biri əzəli, digəri isə qeyri-əzəlidir və yaradılmışdır. Əzəli – Haqqın vücududur, qeyri-əzəli – Haqqın sabit aləm surətində varlığıdır» (10, 204). Məhz bu fakt, yəni bütün elmləri bilməyi insanı digər məxluqlardan nəinki üstün etdi, hətta onu Allahdan sonra səcdə obyektinə belə çevirdi. Lakin insan ilahi aləmlə bərabər, həm də maddi dünyanın sakinidir və onun maddiyyatla bağlılığı nəinki əlavə həvəs və məqsədlərin yaranmasına, hətta birincilərin unudulmasına da səbəb ola bilir. Rumi yazır: «İnsan böyük şeydir, onda hər şey yazılmışdır. Zülmət pərdələri özündəki o elmləri görməyə, onu oxumağa imkan vermir. Zülmət pərdələri dünyanın bu növbənöv məşğuliyyətləri, tədbirləri və arzularıdır» (9, 48).
Səmavi kitablara əsaslanaraq bu da həqiqət olaraq qəbul edilir ki, Allahla insan arasında vasitəsizliyin məkanı ruhdur. Ruminin dediyi kimi: «Dağ başından sürətlə axan sellər kimi bizim cismimizdə də eşq ilə birləşmiş bir ruh vardır» (8, 568). Burada kiçik bir faktı xüsusilə vurğulayaq: Allah bütün elmləri insanın ruhuna öyrədib. Bu səbəbə görə də Rumi məhz ruha mal olan, onu kamilləşdirən elmdən danışır, çünki digəri yalnız «yükdən ibarətdir» (8, 568) və heç bir faydası yoxdur. O, xəbərdarlıq edir ki, «şəhvət və həvəs uğrunda o bilgi yükünü daşıma ki, öz içindəki elm anbarını görə biləsən» (8, 568).
Ruh və maddi bədənin əlaqə səviyyəsindən çıxış edərək mütəfəkkirlər ruhları müxtəlif növlərə ayırmışlar: nəbati, heyvani və insani. Biz də bəzi filosoflar kimi, insanın tək bədəninin tək ruha malik olması və zaman və şəraitdən asılı olaraq ruhun hər hansı bir növünün insan üzərində hakim olması fikrinə üstünlük veririk. İnsanın ruhunun heyvani mərtəbədən insani mərtəbəyə yüksəlməsi bir mənəvi prosesdir. Başqa sözlə desək, kamilləşmə – ruhun inkişafıdır və inkişaf – ruhun səviyyələrinin açılmasıdır. Əslində ilahi aləmdən yaranan və qırılmaz bağla onunla əlaqəli olan (ruhun ora dönmək istəyi bu əlaqəyə dəlil ola bilər) bir ruh müəyyən şəraitdə, zaman və məkanda gah nəbati, gah heyvani, gah da insani ola bilir. Bundan başqa, ruh öz mahiyyətində var olan həqiqətləri dərk etmək səviyyəsindən asılı olaraq gah adi bir insan, gah da arif ola bilər. Rumi deyir: «Torpaqdan yaradılmış olan Adəm, elmi Allahdan öyrəndiyi üçün o elmi yeddi qat səmaya qədər parlaq bir surətdə yüksəltdi» (8, 568). Bu, insanın nəinki varlığının, idrak prosesinin də bir ucunun torpağa (bu, həm primitiv, həm də rasional bilik kimi yozula bilər), digər ucunun isə ilahi aləmə bağlı olması mənasına gələ bilər.
Belə məlum olur ki, ruh vəhyin (ilahi xəbərin, biliyin – K.B.) məkanı olmaqla yanaşı, həm də onu insanlığa çatdıran bir vasitədir. Belə demək mümkündürsə, peyğəmbərlik, ariflik, cahillik məhz ruha məxsus bir keyfiyyətdir. Rumi yazır: «O parlaq surətin canı əksikdir. Get o nadir tapılan cövhəri, yəni insanlıq ruhunu ara» (8, 568). Bu həmin cövhərdir ki, insanı onun əsl «məkanına», «vətəninə» – vəhdətə qaytarır. Rumi bu qayıdışı və ya yüksəlməni belə təsvir edir: «Hər işdə insana rəhbər olan dərddir. Bir kimsədə bir işin dərdi və o işin həvəs və eşqi onun batinində peyda olmayana kimi, o işə qəsd etməz və o iş dərdsiz ona müyəssər olmaz. Dünya olsun, axirət olsun, dülgərlik olsun, elm olsun» (9, 22). Deməli, Allah tərəfindən ruha verilən nur və ya işıqlanmadır ki, ona öz mahiyyətini kəşf etməyə və bununla da kamilləşməyə, vəhdətə çatmağa yol göstərir.
Rumi yazır: «Könülə bir damcı cövhər düşdü; Allah o cövhəri dənizlərə də, kainata da verməyib» (1, 143). Öyrəndiyi elmlər, daşıdığı əmanət belə deməyə əsas verir ki, ruhlar müəyyən həqiqətlər ehtiva edir və bu mahiyyətlə forma (maddi bədən) qazanırlar. Deməli, fərq onların yaranışında deyil, daşıdıqları mahiyyətdədir, həqiqətdədir və ruhun inkişafı məhz həmin həqiqətlərin kəşfi ilə bilavasitə əlaqəlidir. Deməli, insanın əsl mahiyyəti onun ruhunda, maddiyyat fövqündə olduğundandır ki, mütəfəkkir: «insanın əsl qidası Tanrı nurudur, ona heyvan qidası layiq deyil», (6, 83) - deyə yazır. Qurani Kərimdə də bildirilir ki, «Gerçəkdən sizə Allahdan bir nur və açıq bir kitab gəldi. Allah onunla Onun razılığı üçün gedənləri salamat yollara yönəldir, onları öz izni ilə qaranlıqdan aydınlığa çıxardıb doğru yola çatdırır» (Quran 5/15-16). Təbii ki, ayədəki nur kəlməsi müxtəlif mənalarda təfsir olunmaqla yanaşı, həm də insana onun mahiyyətini açan ilahi, irrasional bilik kimi də şərh edilə bilər.
Allahdan nazil olan həqiqətlər ruhun səviyyəsinə, yəni onun həqiqətləri qəbul etmə qabiliyyətinə uyğundur. Deməli, ruh kor-korana ötürücü deyil, düşünən bir varlıqdır. Bunu nəzərdə tutan Rumi yazır: «Allah hər kimin ruhuna məhəng daşı qoyubsa, o kimsə yəqini şübhədən ayırd edə bilir» (8, 568).
Ruh insan varlığında tək düşünəndirsə və o, maddiyyət fövqünə qalxmaqla kamilləşir və insanın idrak prosesini tamamlayırsa, deməli, ümumiyyətlə insanın kamilləşməsi onun ruhunun inkişafıdır. Eyni zamanda, bu proses məhz müəyyən formaya malik, yəni bədəndə məskunlaşmış ruha məxsus bir keyfiyyətdir.
Burada ilk baxışda zidd görünən bir məsələ ortaya çıxır. Biz həm ruhun maddiyyat fövqünə qalxmaqla kamilləşdiyini, həm də yalnız maddiyyət qazanmış ruhun bu imkana malik olduğunu iddia edirik. Cavab sadədir: kamilləşmə keyfiyyəti insana xasdır və bu da maddiyyatdan imtina deyil, əksinə onu mənəvi inkişaf üçün vasitə etmək deməkdir. Buna görə də Rumi bildirir ki, «…mənəvi yüksəklik və həqiqi ülviyyət təmiz olan ruhlara məxsusdur» (8, 568), yəni maddi istəklərdən arınıb əsl mahiyyətinə istiqamətlənən insanın ruhuna.
Bunu nəzərdə tutaraq sufi mütəfəkkirlər insan deyəndə daha çox onun ruhuna müraciət edir, çünki insanın mahiyyəti onun ruhunda gizlidir, məhz ruhundakı məna ilə maddi dünyadan əsl vətəni olan ilahi aləmə yüksələ bilir. Başqa sözlə desək, heyvani məqamdan insani məqama qalxa, kamilləşə bilir. Rumi yazır: «Sən mənə aləmin qütbü olan könül gətir. İnsanın canının canının canı o könüldür» (1, 143). Və yenə də məhz insanın ruhuna səslənən Rumi: «Gəl, hər kim olursan ol, amma gəl…», – deyə coğrafi məkanından, dinindən, əqidəsindən asılı olmayaraq İnsana müraciət edir, onun ruhunu maddi bədən qazanmamışdan qabaq mənsub olduğu vəhdətə çağırır.
İnsan, Allahın yer üzündə xəlifəsi və Onun əksər sifətlərinin daşıyıcısıdır. Özündə bu keyfiyyətləri və bu üstünlükləri kəşf etmiş, eyni zamanda digərlərində də bunu kəşf etməyə yardımçı, bələdçi olan insan kamil hesab edilir. Məsələn, hürufiliyin banisi Nəimi bildirir ki, «insan həm natiq kimi, həm də ilahinin daşıyıcısı kimi ölümsüzdür. Tanrının bütün keyfiyyətləri ölümsüzdür …və insana xasdır. Lakin o, cahilliyindən bunu bilmir» (4, 118-119). Deməli, hürufiliyə görə, cahilliyindən qurtulmaqla, özünü dərk etməklə insan nəinki kainatın sirlərinin hamısını anlamaq, hətta Tanrıya çevrilə bilmək iqtidarındadır. Əbdülqadir Gilani isə yazır: «Allah: «Bir yerdə Mənə baxmaq istədiyin zaman, içində Məndən başqası olmayan bir könül seç», – buyurmuşdur» (11, 18). İbn Ərəbi də yazır: «Əgər sən Onun «mən onun yeriyən ayağı, atan əli, söylədiyi dili olaram»… dediyinə baxsan ziddiyyət olmaz. Əmr bütünlüklə haqq və ya xəlqdir. O, bir baxımdan xəlq, bir baxımdan haqdır. Mənbə birdir. Təcəlli edən şeyin surətinin mənbəyi bu təcəllidən qabaq olan surətin mənbəyidir və o, təcəlli edən və təcəlli olunandır» (10, 121). Yaxud Əhməd Avnı Konuk bildirir ki, «Baka-billah məqamında olan kamil insan bir güzgüdür, zatıllah onda bütün sifətlərilə zahir olur» (7, 59). Deyilənlərdə əhəmiyyətli bir məqam xüsusilə vurğulanmalıdır: bəli, hər insan Allahın yer üzündə xəlifəsidir, hər insan Allahın sifətlərinin və Onun əmanətinin yeganə daşıyıcısıdır. Ancaq bu keyfiyyətlər hər kəsdə gizli şəkildədir və onlar kəşf edilməli, kəşf olunmaqla bitməyib dərk edilməli və bununla da kifayətlənməyib, həyata keçirilməlidir. Qısacası, insan fitrətən ona verilən kamillik zirvəsinə çatmalıdır. Elə isə, orta əsr İslam mütəfəkkirlərinin nəzərində nədir kamillik? Kamillik...
– insanın həm mənəvi, həm də maddi varlıq kimi rasional elmlərdən xəbərdar olmaqla yanaşı, rasional təfəkkürünü irrasional təfəkkürlə tamamlaması, təbiət elmlərini öyrənməklə yanaşı, mənəvi təcrübəni də mənimsəməsidir.
– idrak prosesi zamanı əldə olunanların ən yüksək səviyyədə insanın əxlaqında və fəaliyyətində də özünü göstərməsidir.
– öz bilikləri, həyat tərzi, həyat təcrübəsi ilə cəmiyyətdə müsbət nümunə kimi insanları doğru yola apara bilən bələdçi ola bilməsidir.
Dostları ilə paylaş: |