Kamil insanın idrak prosesi
Kamil insan həm ayrılıqda, həm də qarşılıqlı əlaqəli şəkildə öyrənilməli olan bir neçə əhəmiyyətli məsələdən ibarət mürəkkəb bir problemdir. Belə ki, burada ön planda mənəviyyatın durduğu bir fərd kimi öyrənilməsi ilə yanaşı, bir vətəndaş, cəmiyyətin bir üzvünün də təhlili tədqiqat mövzusu kimi çıxış edir. Bunu nəzərə alaraq, biz də məsələnin mərhələli şəkildə şərhini daha məqsədəuyğun hesab edirik.
Qurani Kərimdə Allah Təala insanları elm öyrənməyə, təbiətdə, ümumiyyətlə bütün varlıqlarda gizli olan hikməti öyrənməyə çağırır. «Əsr» surəsində insanın ən zəif nöqtədən ən yüksək zirvəyə qalxa bilmək imkanı qısa şəkildə belə təqdim edilir: «Həqiqətən insan həmişə ziyan içindədir. O kəslərdən başqa ki, onlar iman gətirib əməlisaleh olublar, bir-birlərinə haqqı tövsiyə ediblər, səbri tövsiyə ediblər» (Quran 103/2-3). Ümumiyyətlə, bütün Qurani Kərim boyu insanın bir neçə halından – günahkar və saf, zəif və qüdrətli, təslim və qalib – söz açılır. Bunlar insanın ən müxtəlif situasiyalarda, müxtəlif təfəkkür səviyyələrində, müxtəlif iman dərəcələrində yaşadıqları hallardır desək, yəqin daha dəqiq izah vermiş olarıq. İnsanın belə bir mürəkkəb varlıq olduğunu nəzərə alaraq orta əsr islam fəlsəfəsində (xüsusilə təsəvvüf fəlsəfəsində) də fərqli insan təbəqələrindən söz açılır və hər birinin özünəməxsus keyfiyyətləri təsvir edilir: ümumi (hər kəs – buna bəzən avam təbəqə də deyilir), seçilmişlər (möminlər – öz təfəkkürləri və imanlarına görə digərlərindən fərqlənən şəxslər), seçilmişlərin seçilmişi – kamil insanlar ki, bunlar nəinki öz əxlaqlarına, təfəkkürlərinə, imanlarına görə digərlərindən fərqlənirlər, həm də cəmiyyətdə öz keyfiyyətləri ilə bir nümunə olub, onun inkişaf istiqamətini tənzimləyə bilən şəxslərdir.
İnsan, yaradılışının sonuncu pilləsinin – maddi, ayaltı aləmin sakinidir və bu aləmin şərtlərinə tabe olmaq məcburiyyətindədir. O, səbəb-nəticə prinsipinin hökm sürdüyü müəyyən bir zaman-məkan çərçivəsi daxilində fəaliyyət göstərməli, «var olmalıdır». Yəni hər nə qədər insanın ruhu, ideyası ilahi aləmlə bağlı olsa da, bu ruh məhz bu bədən vasitəsilə reallaşdığına və bu bədənlə vəhdət nəticəsində «insan» adını aldığına görə maddi dünyanın da tələbləri ilə hesablaşmalıdır.
Yaradılış haqqında səmavi kitablara, hədislərə, o cümlədən elmi, dini, mistik traktatlara istinadən bildirmək olar ki, insan yaradılmışlar arasında sonuncudur. Bu fakt fərqli şəkildə şərh və təhlil edilmişdir ki, bunlardan biri də hər şeyin insan üçün, onun gəlişinə hazırlıq olması, insanın bütün yaradılmışların əşrəfi olması anlamında yozulmasıdır. Bununla yanaşı, bizim fikrimizə görə, insan Allahdan başlayan «eniş xəttinin», «hikmət nazilinin» dönüş – hikmətlərin dərki prosesinin başlanğıc nöqtəsidir. Təsadüfi deyil ki, insan təfəkkürə malik və şeylərdəki, hadisələrdəki hikmətləri dərk etmək qüdrətində olan yeganə varlıqdır.
Onu da xüsusilə vurğulayaq ki, Allahdan nazil olan hikmət vasitəsiz enir və onu qəbul edə bilən insan Allahın «kitablarını» – təbiət, səmavi kitab və insan (əql dünyası) – oxumaqla müəyyən proses keçir. Qurani Kərimin “Rəbbim Adəm oğullarının zürriyyətlərini bellərindən aldı və onları özünə şəhadət etdirdi: Mən sizin Rəbbiniz deyiləmmi?” (Quran 7/172) ayəsini nəzərə alsaq, Allah və insan arasında bilavasitə əlaqə olması qənaətinə gəlmək olar və insanın var olma şərtlərinə istinadən bildirmək olar ki, insan öz idrak prosesinin Allahla arasındakı xətlə kəsişmə nöqtəsinə gəlməsi üçün müəyyən mərhələlərdən keçməlidir. İdrakı bir çevrə şəklində təsvir etsək, dediklərimiz daha aydın olar: . Bu çevrənin birinci tərəfi Allahdan enən xətlə kəsişmə nöqtəsinə qədər yüksəlir və kulminasiya anında aldıqları, dərk etdikləri ilə yenidən özünə – maddi aləmə, cəmiyyətə qayıdır. Bu, əvvəli, kulminasiya (kəsişmə) anı və sonu olan bir prosesdir və burada son elə əvvəl olur.
Bilikləri qazanmaq, həqiqəti dərk etmək kamilliyin yalnız birinci qatı, mərhələsidir, çevrənin bir tərəfidir. Tamamlanmamış çevrə nə dərəcədə çevrə adlana bilərsə, bu mərhələ ilə öz işini görüb bitmiş hesab edən insan da bir o qədər kamildir, hətta o, zirvədə dayansa belə! Bunu nəzərdə tutan S.Xəlilov yazır: «Haqqı özündə bulan insan üçün bütün yerdə qalan dünyaya bu haqq meyarından baxa bilmək kimi şərəfli bir imkan açılır. Lakin bir səviyyədə fəaliyyət (daha şərəfli bir həyat) imkanı açıldığı halda, insan başlanğıc məqamını son məqamla, ölümlə qarışıq salır. Və haqqı bulduqdan sonra bu dünyadan istəyi ölmək olur. Necə ki, Mənsur Həllac bunu istəyirdi!» (2, 511) Bu sözlərdə, təcrid olunmuş bir fərd deyil, məhz cəmiyyət arasındakı insan nəzərdə tutulur və bu da xüsusilə vurğulanır ki, insanın özünü bir İnsan kimi tanıması, təsdiqləməsi üçün cəmiyyət zəruri faktordur.
İnsanın varlığının xüsusiyyətlərini – maddi və mənəvi tərəflərini nəzərə alaraq onun idrak prosesinin də iki – rasional və irrasional tərəflərinin olduğunu qeyd etmək olar. Yaradılış prosesi yuxarıdan aşağı istiqamətli bir prosesdir. Ruhu ilə ilahi aləmlə, bədəni ilə maddi aləmlə əlaqəli olan, eyni zamanda, məhz maddi aləmdə ruhu ilə bədəninin vəhdətdə olduğunu nəzərə alsaq, insanın idrak prosesinin də maddidən mənəviyə, «aşağıdan yuxarıya» istiqamətli, yəni rasionaldan başlayıb, irrasionalla tamamlanmasını bir qanunauyğunluq hesab etmək olar.
Təfəkkürün yeni qatlarının kəşfi insan üçün həm yeni metodları, vasitələri, həm də oxuduğu «kitabların»: səmavi kitabın, təbiətin və insanın yeni səhifələrini açır. Əgər insan idrak prosesinin əvvəlində əsasən rasional vasitələrin imkanları ilə kifayətlənirsə, sonrakı mərhələlərdə irrasional vasitələr zəruri olur. İbn Ərəbi yazır: «Vəhmlər bu inkişafda əqldən hakimiyyətcə daha güclüdür. Aqil öz əqlində çatdığına çatarsa, vəhmin hökmündən və əqlindən, təsəvvüründən xali deyil. Vəhm kamil insan surətində ən böyük sultandır» (10, 181). Deyilənlərdə bir neçə məqama açıqlıq gətirək. Əvvəla, İbn Ərəbi vəhmi ağıldan daha güclü hesab edir. Buna səbəb ağılın (oxu: rasional təfəkkürün) vəhmdən (oxu: irrasional təfəkkürdən) daha dar çərçivədə fəaliyyət göstərməsidir. İkincisi, İbn Ərəbi vəhmin ağılın fəaliyyət dairəsində də əhəmiyyətə sahib olduğunu vurğulayır. Yəni hər ikisi bütün idrak prosesi boyu bir-birini tamamlayan vacib amillərdir.
Dostları ilə paylaş: |