Bazar məscidinin imamı
Atam ağa Seyid Cavad Xamenei Təbrizin məşhur ruhani ailəsindən idi, hicri təqvimilə 1313-cü ildə Nəcəf şəhərində dünyaya gəlmişdi. Atası ağa Seyid Hüseyn Xamenei1 Təbrizin Came məscidinin imamı olmuşdu.
Babam haqda bir qədər danışmaq istəyirəm. O, Nəcəf şəhərində iyirmi il təhsil almış, Fazil Şərəbyaninin və Şeyx Həsən Mamaqaninin şagirdlərindən olmuşdu. O, Mirzə Şirazinin2 vəfatından üç il sonra Təbrizə qayıtdı, məşrutə hərəkatından1 bir neçə ay sonra vəfat etdi, cənazəsi Təbrizdə müşayiət olunduqdan sonra Nəcəf şəhərinə aparılıb Vadiüs-salam məzarlığında dəfn olundu. O, məşhur Şeyx Məhəmməd Xiyabaninin2 qayınatası idi. Xiyabaninin həyat yoldaşı bizim bibimizdir. Atam danışırdı ki, babamız ağa Seyid Həsən hər axşam şam yeməyindən sonra, uşaqlar oynayan zaman yatır və sübh namazından iki saat öncə oyanıb ibadət və mütaliə ilə məşğul olurdu. O, məşhur alimlərdən idi, Təbrizin bir çox alimləri Nəcəfdə ondan elm öyrənmişdilər, Təbrizə qayıdandan sonra şəhərin came məscidinin məşhur Müctəhid soyadlı ailəsindən olan imamı məscidi ona, yəni öz müəlliminə təhvil vermişdi.
Əmimiz Seyid Məhəmməd Xamenei1 Nəcəfdə “Seyid Məhəmməd peyğəmbər” ləqəbi ilə tanınırmış, xalqın ehtiyaclarını aradan qaldırması ilə məşhur imiş. O, Axund Xorasaninin2 və Seyid Əbülhəsən İsfahaninin3 ən yaxınlarından olmuşdu. Yadımdadır, 1957-ci ildə Nəcəfə gedəndə Axund Xorasaninin kiçik oğlu Şeyx Hüseyn ağa ilə görüşdüm. O məni tanıdı, əmimi çox tərifləyib dedi: "Mən sizin əminizin işlərini idarə edən əsas dörd nəfərdən biri idim".
Atam da elmli və əxlaqlı bir müctəhid kimi tanınırdı. Mirzə Naini4 və Seyid Əbülhəsən İsfahani kimi böyük alimlərdən dərs almışdı. Həyalı, namuslu, dünya malına qarşı gözütox idi. Varlı tacirlərin toplaşdığı Məşhəd bazarının ortasında bir məsciddə imamlıq edirdi. Heç kimin malında gözü yox idi, belə şeyləri sevmirdi, çox vüqarlı yaşayırdı. O, təkliyə çəkilməyi sevirdi, lakin mən onun bu xüsusiyyətini xoşlamırdım; buna görə də, ondan fərqli şəkildə yetişdim. O, məscidə girəndə başını aşağı salıb yerə baxır, heç kimlə danışmadan birbaş mehraba doğru gedirdi. Orada eynəyini götürür, əmmaməsinin bir ucunu çənəsinin altından dolayır və namaza başlayırdı. Namazdan sonra içəri girdiyi kimi də bayıra çıxırdı.
Məclislərdə ondan bir şey soruşmayınca sakit otururdu, yaxın dostları olan din alimlərindən başqa heç kimlə danışmırdı, elmi mövzulardan başqa heç bir söhbətə qarışmırdı. Bu tərki-dünyalığın nəticəsi isə çox yoxsulluqdan ibarət idi. Bəzən çarəsizlikdən çox sevdiyi kitablarını satırdı. Biz onun kitablarını vərəqləyəndə narahat olurdu. Kitabını əlimizdə görəndə çox zərif bir şeyi götürübmüşük kimi mehriban səslə deyirdi: "Bu nədir?! Lütfən yerinə qoy!" Buna baxmayaraq, bizim zəruri ehtiyaclarımızı aradan qaldırmaqdan ötrü bəzi kitablarını satmağa məcbur olurdu.
Kitabxanasına yaxınlaşıb satmağa bir kitab götürürdü, amma ürəyi gəlmir və yerinə qoyurdu. İkincini, üçüncünü də beləcə götürüb-qoyurdu. Axırda çarəsizlikdən bəzilərini seçib götürür, bizə verib deyirdi: "Bu kitabları apar, Şeyx Hadiyə sat".
Şeyx Hadi məşhur satıcı idi, hansı kitabı gətirsəydilər, alıb dükanına qoyur, baha qiymətə satırdı. Özü deyirdi ki, mən bahaçılıqda məşhuram, məndən ancaq çarəsizlər kitab alırlar; çarəsi qalmayan adam nə qədər baha olsa da, alacaq. Şeyx Hadi belə alış-veriş edirdi.
Yadımdadır, biz oğlanlar mərhum babamız Mirdamadigilə gedirdik. Digər ata və babalar kimi o da bizə bir və ya yarım rial pul verirdi. Təbii ki, dəyərsiz pul idi, amma bəzən anamız çarəsizlikdən onu bizdən alıb şam yeməyinə bir şey hazırlayırdı. Mən atamın evində elə yoxsulluq görmüşəm ki, digər alimlərin evlərində az görünür.
Atam öz yoxsulluğu barədə heç vaxt heç kimlə danışmadı, hətta əksinə, o qədər gözütox idi və zahiri görkəminə fikir verirdi ki, camaat onu varlı adam bilirdi.
Yayda ən bahalı əba olan xaçiyə əbası,1 qışda da din alimləri arasında geniş yayılmış mahud əbasından bahalı olan naini əbası geyinərdi. Lakin görünmədiyinə görə bəzən qəbası yamaqlı olardı.
Atam mənə xüsusi məhəbbət bəsləyirdi, səfərə mənimlə çıxırdı. O, bir dəfə görmə qabiliyyətini itirdi, amma sonradan sağaldı. Tehranda müalicə alırdı. Bundan ötrü üç dəfə Tehrana getdi, amma məndən başqa heç kimlə yola çıxmadı. 1963-cü ildə mən Qumda olanda atam məktub yazdı ki, Məşhədə gedib onu Tehrana aparım. Lakin təbliğat məsələləri ilə bağlı Zahidanda mənə bir iş tapşırıldığına görə Məşhədə getməyim gecikdi. Zahidana getdim və orada həbs olundum. Həbs zamanı ən çox, mənsiz səfərə çıxmayan atama görə narahat idim.
Yadımdadır, həbs olunandan sonra məni təyyarə ilə Zahidandan Tehrana gətirdilər. Təyyarədə oturduğum yerdə atam yadıma düşdü, qəlbimə ağır kədər çökdü, bütün vücudumu narahatlıq bürüdü. Fikirləşdim ki, təyyarədə beləyəmsə, gör həbsxanaya girəndə necə olaram. Allah-Taalaya dua edib ürəyimin sakitləşməsini istədim. Bu məsələ bir neçə dəqiqəliyə yadımdan çıxdı. Sonra yenə atamı xatırlayanda hiss etdim ki, daha əvvəlki iztirab və narahatlıq yoxdur. Qəlbimdə sıxıntı vardı, amma ləzzətini indi də aydın xatırladığım bir arxayınlıq da vardı. Duamı qəbul etdiyinə, mənə vüqar və rahatlıq verdiyinə görə Böyük Allaha şükür etdim. Bu nemətin qədrini yalnız o vəziyyətə düşmüş adam bilər.
Dostları ilə paylaş: |