1941-ci ildə Rza xan hakimiyyətdən uzaqlaşdırıldı və 1951-ci ildə Müsəddiqlə bağlı siyasi hadisələr baş verdi. Bu onillikdə xüsusən Azərbaycan hadisələrindən1 sonra İranda kommunizm təhlükəsi gücləndi. Siyasi hakimiyyət bu təhlükəyə qarşı mübarizə aparmaq üçün bəzi dini fəaliyyətləri azad buraxdı. O zaman Məşhəddə “Dini təlim evi” adlı ilk yeni mədrəsə açıldı. Mədrəsənin müdiri Kirmandan gəlmiş Mirzə Hüseyn Tədəyyün idi. Prezident seçiləndən sonra bir dəfə məni görməyə də gəlmişdi.
Həmin mədrəsəni xeyriyyəçi möminlər açmışdılar. Onların biri Təbrizdə Şeyx Məhəmməd Xiyabani ilə dərs yoldaşı olmuş alimlərdən və uğurlu din təbliğatçılarından olan Şeyx Qulamhüseyn Təbrizi idi. Ora ibtidai məktəb idi, altıncı sinfə qədər təhsil verirdi.
Altı yaşımda o məktəbə girdim. Məni birinci sinfə qoydular, onyaşlı qardaşımı da dördüncü sinfə. Yadımdadır, ilk üç sinifdə dərslərimdən geri qalırdım, sonrakı üç sinifdə isə ən əlaçı şagird oldum. Bu dəyişikliyin səbəbini bir neçə il öncə tapdım. Yadıma düşdü ki, dördüncü sinifdə birinci cərgədə oturur, müəllimin lövhəyə yazdıqlarını görür, dərsi başa düşürdüm. İlk üç sinifdə isə uzaqda oturduğuma görə heç nə başa düşmürdüm. Elm qapısının üzümə açıldığı o gözəl günü indi də xatırlayıram. Həmin gün birinci dərsimiz riyaziyyat idi və müəllim məni çox həvəsləndirdi. Bu, yaxşı pedaqoji və tərbiyəvi üsuldur. Mən prezident seçiləndən sonra yeni dərs ilinin başlanması münasibəti ilə verdiyim müsahibədə bunu müəllimlərə xatırlatdım.
Quranın təcvidi və gözəl qiraəti üzrə məşhur idim, məktəbin tədbirlərində Quran oxuyurdum. Ayətullah Seyid Əbülqasim Kaşani1 gələndə də Quran oxumuşdum. O, 1950, ya da 51-ci ildə Məşhədə gəldi və məktəbimiz onu qarşılamağa getdi. Onda on iki yaşım vardı. İndi də yadımdadır ki, ağa Kaşani bəzi alimlərlə birgə oturmuşdu, amma görmə qabiliyyətim zəif olduğuna görə üzləri yadımda qalmayıb. Həmçinin Ayətullah Hacı ağa Həsən Qumi1 atasının vəfatından sonra Məşhədə gələndə onun yanında da Quran oxumuşam. Məktəbin bəzi təsisçiləri onun atasına təqlid edirdilər. Ağa Qumi mədrəsəyə gələndə sıraya düzülmüşdük. Mən şagirdlərin biri ilə birgə önə çıxdım, Quran və bəzi dini mətnlər oxuduq. O, Seyid Hisaməddin Şirazinin Din təlimləri kitabını mənə hədiyyə verdi. Sonralar o müəllifi gördüm; Məşhədə sürgün olunmuşdu və hərdən atamın yanına gəlirdi.
Dostları ilə paylaş: |