Məşhur dustaqlar
Zindanda olduğum günlərdə ölkədəki vəziyyətin hakimiyyətin istədiyi kimi getmədiyini bildim. Bəzi məscidlərdə ramazan ayının qorxmaz İslam fəaliyyətlərinin ardınca həbs dalğası başlamışdı.
Bu dalğada həbs olunanlar arasında bizim həmkarlarımız da var idi. Onlardan biri Şəhid Bahünər idi. Şəhid Bahünər inqilabdan sonra, 1981-ci ildə Baş nazir olarkən münafiqlər tərəfindən törədilən partlayışda prezident Şəhid Rəcayi ilə birgə şəhadətə qovuşdu. Tehran ruhanilərinin bir qismi də həbs olunanlar arasında idi. Onlar da Qızıl qala zindanında saxlanırdılar, amma başqa korpusda olduqlarına görə onları görə bilmirdik.
Həftənin bəzi günlərində günəş altında təmiz hava almaq üçün təxminən 15 dəqiqə həyətdə gəzişirdik. Buna da istintaq bitəndən sonra icazə verilirdi. İstintaq ittihama uyğun olaraq, bəzən iki ay çəkir, bəzən də daha artıq uzanırdı.
Bir gün həyətdə gəzişəndə əlli-altmış yaşlı ucaboy bir kişinin ağır-ağır gəzdiyini gördüm. Təmiz və səliqəli geyimi mühüm şəxsiyyətlərdən olduğunu göstərirdi. Kimliyini soruşanda General-mayor Qərəni1 olduğunu dedilər. O, şah ordusunun yüksək rütbəli zabitlərindən idi, inqilabi və bəlkə də dini fəaliyyətləri olmuşdu. O, inqilabçı təqlid müctəhidlərindən olan ağa Milani ilə əlaqə saxlayıb ona müştərək inqilabi hərəkatın rəhbərliyini təklif etmişdi. Mən bu barədə eşitmişdim, ancaq təklif qarşısında ağa Milaninin mövqeyindən xəbərsiz idim. Ağa Milani ilə onun arasında ağanın bir qohumu vasitəçilik edirmiş. Sonda təklifin üstü açılmış, o vasitəçi həbs olunmuş və Qərəni üç il azadlıqdan məhrum edilmişdi.
Qərəni İslam inqilabının qələbəsindən öncə İmam Xomeyni tərəfindən İnqilab Şurasına üzv təyin edildi, inqilabdan sonra ordunun müştərək qərargahının sədri vəzifəsində çalışdı və nəhayət, Furqan cəmiyyəti tərəfindən şəhid edildi.
Dostları ilə paylaş: |