İşgəncə masasında
Bir qədər sonra onların biri kameramın qapısını döyüb dedi: "Sən Xameneisən?" Dedim ki, bəli. Dedi ki, mənimlə gəlməlisən. Onunla birlikdə anbarın sonuna, oradan da küncdə yerləşən bir otağa girdim. Otaqda altı-yeddi nəfər adam vardı. Eynəyimi aldıqlarına görə onları tanımadım. Təhlükə hiss edib vərdişdən, ya da instinktiv olaraq danışmağa başladım, eynəyimi aldıqlarına görə etiraz edib dedim: "Eynəyimi nə üçün aldınız? Mən eynəksiz görə bilmirəm!"
Etiraz etdiyim yerdə onların biri mənə yaxınlaşdı. Onu tanıdım; qabaqkı həbsxanada məni dindirmiş, məhkəməyə yazılı məruzə etmişdi. O, inqilabdan öncə xalq tərəfindən öldürüldü. Mən məhkəmədə adını çəkmədən onu sərt tənqid etmiş, demişdim ki, bu məruzəni yazan adam nadandır!
Mənə yaxınlaşıb qəzəb və istehza ilə dedi: "Elə bilirsən bura məhkəmədir və sən istədiyin kimi danışa bilərsən?!"
Kobud səslə danışmağa başladı, istehza ilə məni yamsılayıb üzümə bir zərbə vurdu. Özümü birtəhər saxladım, amma ikinci dəfə vuranda yıxılıb yerdəki çarpayının üstünə düşdüm. Qalxmaq istəyəndə biri dedi ki, orada qal, yaxşı yerə düşmüsən. Bildim ki, işgəncə çarpayısıdır. Ayağımı ona bağladılar. Tavandan müxtəlif qalınlıqlarda qamçılar asılmışdı. Qalınlıqları bir barmaq, iki barmaq və daha çox idi. Onların biri bir qamçı götürüb ayaqlarıma vurmağa başladı. Yorulana qədər vurandan sonra başqa birisi qamçı götürdü. O da yorulana qədər vurdu. Bu şəkildə digərləri də vurdular.
Onların hər birinin istirahətə vaxtı olurdu, amma məni azca istirahət etməyə də qoymurdular. O halda onların bəzilərinin nə qədər əclaf olduqlarına təəccüb edirdim. Qamçını qaldırıb mənə vurmaq onların vəzifələri idi. Bunu başa düşürdüm. Habelə məni o qədər vurmalı idilər ki, əldən düşüm. Bu baxımdan, bir-birinin ardınca vurmaları da təbii idi. Lakin onların biri xüsusi əclaflıq edirdi: Qamçını bir əli ilə götürür, digər əli ilə ucundan tutub başının arxasında dartır, sonra buraxıb var gücü ilə zərbə endirirdi ki, ürəyi soyusun.
Qamçı ilə vuran yerdə biri başımın üstünə gəlib deyirdi ki, bir şəxsə və ya İslam hərəkatına nifrət etdiyimi söyləyim. Mən razılaşmayanda vurmağa davam edirdilər. Beləliklə, huşumu itirdim. Bu acı təcrübə əsnasında başa düşdüm ki, ayağın altına vurmaq ən ağır işgəncələrdəndir. Bu işgəncə zamanı insan saatlarla vurulandan sonra huşunu itirir, insanın sinir sisteminə də dəhşətli dərəcədə təsir edir. Eşitmişdim ki, onlara israilli mütəxəssislər tərəfindən işgəncə kursları keçirilib, işlərində mahir, etiraf almaqda peşəkardırlar.
Hələ fiziki işgəncə ilə tanış olmazdan öncə xüsusi məclislərdə işgəncə üsullarına qarşı mübarizə yolları, o cümlədən aclıq aksiyası barədə dostlarla söhbətləşmişdik. Bir dəfə demişdim ki, mənim aclıq aksiyam çox çəkməz; mədəm zəif olduğuna görə vəziyyətim ağırlaşar və tez xəstəxanaya köçürülərəm. Həmçinin mənim işgəncəm də uzun sürməz, çünki bədənim zəifdir və tez huşumu itirərəm. O zaman məclisdəkilərin biri əl işarəsi ilə bildirmişdi ki, üzünə bir stəkan su tökəcəklər, özünə gələcəksən.
İlk işgəncə təcrübəmdə həmin dostumun dediyini əməli şəkildə yaşadım. Hiss edirdim ki, huşumu itirir və o biri dünyaya gedirəm. Bu zaman işgəncə verənlərin birini qarşımda gördüm: əlində bir stəkan su vardı, üzümə çiləyirdi. Özümə gələn kimi suyun qalanını ayağıma tökdü ki, qamçı zərbələri çox ağrıtsın.
Dostları ilə paylaş: |