Nöqtələr
◘Gecələr ruhun alınması və gündüzlər qaytarılması Allahın qəhr nümunələrindəndir.
◘Ruhun alınması Quranda həm Allaha, həm ölüm mələyinə, həm də digər mələklərə aid edilmişdir. Bəlkə də adi insanların canını mələklər, seçilmiş insanların canını ölüm mələyi, övliyaların canını isə Allah-təala özü alır. Beləcə, əvvəlcə mələklər insanların canını alır, sonra ölüm mələyinə təhvil verir, daha sonra isə ölüm mələyi ruhları Allaha təslim edir. Bu baxımdan ruhun alınması həm mələklərə, həm ölüm mələyinə, həm də Allaha aiddir.
◘«Hifz» edən mələklər» dedikdə insanı hadisələrdən qoruyan mələklər nəzərdə tutula bilər.1 Əlbəttə ki, insanların əməllərini qeyd edən mələklər də hifz edən mələklər sayıla bilər.2
◘Mələklərin hifz etməsinə iman Allaha şükür amilidir. Necə ki, yazan mələklərə iman həya və təqva səbəbi olur.
Bildirişlər
1. Allahın kamil qüdrət və hakimiyyəti vardır. Bizim azad buraxılmağımızın səbəbi isə Onun lütfünə əsaslanan möhlətdir.
2. Allah bəndələri üzərində elə bir hakimiyyətə malikdir ki, kimsədə müqavimət gücü yoxdur.
3. Yaranış nizamında müxtəlif mühafizələr mövcuddur.
4. Hifz edən mələklərin göndərilməsi daimidir.
5. Mələklərin hər bir dəstəsinin öz işi var.
6. Bir insanın ruhunun çıxarılmasında bir neçə mələk iştirak edir.
7. Mələklər öz işlərində səhlənkarlığa və xataya yol vermirlər.3
62. ﴿ثُمَّ رُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ أَلاَ لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ﴾
“Sonra xalq Allaha, həqiqi mövlasına doğru qaytarılar. Agah olun ki, yardım və mühakimə yalnız Allaha məxsusdur. O, hesab çəkənlərin ən sürətlisidir.”
Nöqtələr
◘Rəvayətlərdə bildirilir ki, Allah Öz bəndələrinin hesabını bir qoyunu sağmaq müddətində - olduqca tez bir zamanda - aparar.1
◘Həzrət Əlidən (ə) soruşdular: “Allah bu qədər məxluqun hesabına necə yetişir?” Həzrət buyurdu: “Onlara ruzi çatdırdığı kimi.” Sual olundu: “Görünmədiyi halda necə hesab aparır?” Həzrət buyurdu: “Necə ki, görünmədiyi halda bəndələrin ruzisini verir.”2
◘Sual: “Allahın hesab aparması ayə və rəvayətlərdə göstərildiyi kimi sürətlə gerçəkləşirsə, nə üçün qiyamət günü bir bu qədər uzundur?
Cavab: Qiyamətin uzunluğu bir növ cəzadır. Onun uzunluğunu hesabın çətinliyi ilə ölçmək olmaz.3 (Hesabın tezliyinə gəldikdə, insan Allahın məxluqu olduğu halda, bugünkü dünyada kompüter vasitəsi ilə bir dəqiqədən də az müddətdə olduqca böyük hesabatlar aparır.)
Bildirişlər
1. Hamı Allaha doğru qayıdasıdır və qiyamətin yeganə qazisi Odur.
2. Həqiqi mövla odur ki, yaratmaq, nəzarət etmək, yuxu və oyaqlıq, ölüm və dirçəliş, mühakimə və hesab Onun əlində olsun.
3. Allahdan savay bütün mövlalar batil və ya məcazidir. İlahi peyğəmbər və övliyaların hakimiyyəti isə Onun hakimiyyətinin bir şöləsidir.
4. Allahın hesab sürəti bütün hesab növlərindən itidir.
5. Hesabın tezliyi və işlərə nəzarət ilahi bir dəyər və üsuldur.
63. ﴿قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعاً وَخُفْيَةً لَّئِنْ أَنجَانَا مِنْ هَـذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ﴾
“De ki, sizi quraqlıq və dəryanın zülmətindən (çətinliyə düşdüyünüz vaxt) xilas edən kimdir? O vaxt ki, Onu aşkar və gizlində çağırır, (deyirsiniz,) əgər Allah bizi bu zülmətlərdən qurtarsa, şükür edənlərdən olacağıq.”
64. ﴿قُلِ اللّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ﴾
“De ki, Allah sizə bu zülmətlərdən və hər cür xoşagəlməzliklərdən nicat verər. (Amma) yenə siz şirk edərsiniz.”
Nöqtələr
◘“Təzərrö” aşkar dua, “xufyə” gizli dua mənasını bildirir.
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ən üstün dua ahəstə və gizli şəkildə edilən duadır.” Həzrət uca səslə dua edənləri qınamış və buyurmuşdur: “Allah eşidən və yaxındır.”4
◘“Yunus” surəsinin 12-ci ayəsində buyurulur: “İnsan təhlükəyə düşdükdə Allahı yada salır və onu çağırır. Amma elə ki, müşkülləri həll oldu, başını aşağı salıb gedir, sanki qətiyyən Bizi çağırmamışdır.”
◘Çətinliklər insanda dörd hal yaradır: Ehtiyac hissi, aşkar dua, ixlas və şükür etmək zərurəti. Bəli, çətinliklər və maddi vasitələrin gücdən düşməsi insandakı allahpərəstlik ruhunu dirçəldir və çətinliyə düşmüş insan Allahın qüdrətini görür.
Bildirişlər
1. Təbliğ və moizə üsullarından biri xalqın vicdanına müraciət edilməsidir.
2. İnsanın çətinlik zamanı duada diqqətinin xalisliyə yönəldilməsi allahşünaslığın ən üstün yollarındandır.
3. İnsan çətinliklər zamanı küfr və şirkdən əl çəkib təkallahçı olur.
4. Hər kəs üçün onun müşkülü daha böyükdür.
5. İnsan Allah qarşısında götürdüyü öhdəliklərə vəfasızdır.
6. Ən böyük naşükürlük şirkdir.
7. Rahatlıq, ehtiyacsızlıq Allahdan xəbərsizlik və şirk zəminəsidir.
65. ﴿قُلْ هُوَ الْقَادِرُ عَلَى أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعاً وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ انظُرْ كَيْفَ نُصَرِّفُ الآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُونَ﴾
“De ki, O, başınız üstən və ayaqlarınız altdan sizə əzab göndərməyə, müxtəlif qruplar şəklində bir-birinizlə vuruşdurmağa, bir-biriniz vasitəsi ilə savaş və qan axıtmanın acılığını daddırmağa qadirdir. Bax ki, ayələri necə rəngarəng təkrarlayırıq. Bəlkə anlayalar.”
66. ﴿وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍ﴾
“Sənin qövmün haqq söz olmasına baxmayaraq Quranı təkzib etdi. De ki, mən sizin iman gətirməyinizə vəkil deyiləm.”
Nöqtələr
◘“Ləbs” “qarışdırmaq”, “şiə” “dəstə” mənasını bildirir.
◘Əvvəlki ayədə Allahın xilas etmə qüdrəti, bu ayədə isə qəhr və əzab qüdrəti bəyan olundu.
◘İmam Baqir (ə) buyurmuşdur: «Səma əzabı» dedikdə tüstü, fəryad, «yer əzabı» dedikdə ona gömülmək, “yəlbisəkum şiyəən” dedikdə dində təfriqə nəzərdə tutulmuşdur.1 Bəlkə də məqsəd bütün yox, bəzi nümunələrin açıqlanması olmuşdur. Məsələn, yuxarıda nəzərdə tutulan əzab həm xalqa hakim olan zalımlara, həm haqq rəhbərə itaətsizlik göstərənlərə şamildir.
◘Qurandakı növbənöv təbirlərdən məlum olur ki, İslam peyğəmbəri dini məcburi şəkildə qəbul etdirməyə yox, bəyan etməyə məsuldur.2
Dostları ilə paylaş: |