Nöqtələr
◘“İblas” sözündən olan “mublisun” sözü ümidsizliklə müşayiət olunan qəm-qüssə mənasını daşıyır. Bu hal mühakimə zamanı cavab tapmayan günahkarlarda yaranır.1
◘Əvvəlki iki ayədə buyuruldu: “Biz insanları çətinliyə salırıq ki, nalə çəksinlər. Bu ayədə isə belə buyurulur: “Bəziləri hətta çətinlik zamanı da Allahı unudurlar.
◘Quranda buyurulur ki, sevdiyiniz şeylərin bir çoxu sizin zərərinizədir.2 Həzrət Əli (ə) buyurmuşdur: “Günah etdiyin halda Allahın sənə olan nemətlərini kəsmədiyini gördükdə diqqətli ol ki, bu lütflərin sonu xoş olmaya da bilər.”3
◘Dünya və onun bəhrələri insan üçün həm nemət, həm də bədbəxtlik ola bilər. Hazırkı ayədə dünya bədbəxtlik sayılmışdır. Amma iman və təqva öz əhlinə göy və yerin bərəkətini nazil edir. Bu məsələ “Əraf” surəsinin 96-cı ayəsində də təsdiqlənir. Beləcə, qəflət, haqdan xəbərsizlik xeyir qapılarını insanın üzünə bağlayır.
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dünyanı günahkarların kamında görəndə, (ey günahkar,) xoşhal olma. Çünki bu, tədricən məhvə aparır.”4 Sonra həzrət hazırkı ayəni tilavət etmişdir.
İmam Baqir (ə) bu ayənin təfsirində buyurmuşdur: “Xalq ona əmr olunmuş Əli ibn Əbu-Talibin (ə) vilayətini tərk etdiyindən onların var-dövlətini bəndə saldıq. Həzrət Qaim (ə) qiyam edənədək belə olar.”5
Bildirişlər
1. Yaşayışda rifah heç də həmişə rəhmət əlaməti olmur. Bəzən rifah cəza zəminəsidir.
2. Günahkarlara möhlət vermək və onların başını qatmaq ilahi sünnələrdəndir.
3. Yalnız höccət, dəlillər tamamlandıqdan sonra Allahın qəhri gəlir.
4. Sıxıntı və açılışlar Allahın əlindədir.
5. Ölüm və ilahi əzab qəfildən gəlir. Ona görə də daim hazır olmalıyıq.
6. Əyyaşların şadlığı qəfildən qəm-qüssəyə dönəcək.
45. ﴿فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِينَ ظَلَمُواْ وَالْحَمْدُ لِلّهِ رَبِّ الْعَالَمِينَ﴾
“Sitəmkar qövmün kökü kəsildi. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.”
Nöqtələr
◘İmam Sadiq (ə) buyurmuşdur: “Zalımın yaşamasını istəyən kəs əslində Allaha itaətsizliyi istəmişdir. Həqiqətən, Allah zalımları həlak etdiyi üçün Özünü öymüşdür.1
Bildirişlər
1. Zülm ötəridir.
2. Zülm nəsilə də təsir göstərir.
3. Zalımların məhvi qaçılmazdır. (Zülm niyyətləri məhv edir.)2
4. Peyğəmbərlərin xəbərdarlıqlarına diqqətsizlik zülmdür.
5. Bəzən bolluq və rifah zülmə şərait yaradır.
6. Tarixə adı düşmüş bəzi qövmlərin bu gün izi-tozu belə yoxdur.
7. Zalımın məhv edilməsi bəyənilmiş işdir.
8. Zalımlar məhv olan zaman Allaha şükür etməliyik.
9. Zalımların məhvi başqaları üçün tərbiyə amilidir.
46. ﴿قُلْ أَرَأَيْتُمْ إِنْ أَخَذَ اللّهُ سَمْعَكُمْ وَأَبْصَارَكُمْ وَخَتَمَ عَلَى قُلُوبِكُم مَّنْ إِلَـهٌ غَيْرُ اللّهِ يَأْتِيكُم بِهِ أُنظُرْ كَيْفَ نُصَرِّفُ الآيَاتِ ثُمَّ هُمْ يَصْدِفُونَ﴾
“De ki, nə düşünürsünüz, əgər Allah sizin eşitmə və görmənizi alsa və qəlblərinizə möhür vursa, Ondan başqa hansı məbud bunları sizin üçün aça bilər? Gör ki, Biz ayələri müxtəlif şəkillərdə necə bəyan edirik. Amma onlar (iman gətirib təslim olmaq əvəzinə) üz döndərirlər.”
Nöqtələr
◘Surənin əvvəlindən hazırkı hissəsinədək Allah müxalifləri on dəfəyədək suallar vasitəsi ilə düşünməyə dəvət etmişdir. Çünki nemətləri düşünmək, onların dəyişməsini təsəvvür etmək allahşünaslıq zəminəsidir. İnsan düşünməlidir ki, əgər ağaclar cücərməsə1, sular şor və acı olsa2, əgər sular yerə hopsa3, əgər gecə və ya gündüz daimi olsa4, əgər insanın gözü, qulağı və düşüncəsi işdən düşsə5 nə olar?!
◘İmam Baqir (ə) buyurmuşdur: «Əgər Allah sizin hidayət yolunuzu bağlasa, kim ikinci dəfə sizi hidayət edə bilər?!» Sonra imam (ə) hazırkı ayəni tilavət etmişdir.6
Bildirişlər
1. Quranın təbliğ və tərbiyə üsullarından biri vicdanın sorğuya çəkilməsidir.
2.Allah üçün verdiyi nemətləri geri almaq asandır. Gəlin diqqətli olaq.
3. Həm yaranış Allahdandır, həm də onun hər anı ilahi nemətdir.
4. Qulaq, göz və əql insanın hiss üzvləridir və ən mühüm ilahi nemətlərdəndir.
5. Uydurma məbudların nə yaratma, nə də nemət yetirmə gücləri var. (Bəli, yalnız həm neməti verməyi, həm də onu geri almağı bacaran varlıq pərəstişə layiqdir.)
6. Bir bu qədər dəlil olan yerdə müşriklərin Allahdan qeyrilərinə üz tutması təəccüb doğurur.
7. İnadkar insanlara heç bir bildiriş təsir göstərmir.
47. ﴿قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلاَّ الْقَوْمُ الظَّالِمُونَ﴾
“De ki, əgər Allahın əzabı gizli və ya aşkar şəkildə sorağınıza gəlsə (nə edəcəksiniz?) Məgər zalım qövmlərdən qeyrisimi həlak olar?”
Nöqtələr
◘Bəlkə də “bəğtət” gecə yuxusu, “cəhrət” gündüz iş zamanını bildirir. “Bəğtət” sözü “Yunus” surəsinin 24-cü ayəsində olduğu kimi müqəddiməsiz əzaba da işarə ola bilər. Həmin ayəyə əsasən, “cəhrət” sözü əsərləri ilk gündən görünən əzabdır. Buna misal olaraq Ad qövmünün başı üzərindəki təhlükəli buludları göstərmək olar. Digər ayələrdə də bu nöqtələrə toxunulmuşdur.7
◘Sual: Ayədə yalnız zalımların ilahi əzabla həlak olacaqları bildirilir. Amma başqa ayələrdə (məsələn, “Ənfal”, 25) əzab şöləsinin hamını bürüyəcəyi bəyan olunur. Bu, ziddiyyət deyilmi?
Cavab: “Təfsire-Kəbire-Fəxr Razidə” və “Məcməül-bəyan” təfsirində bildirilir ki, hər fitnə həlak olmaq deyil. Acı hadisələrdə zalımların sorağına gələn hər şey fəlakət və qəzəbdir. Möminlərin sorağına gələn isə imtahan və inkişaf amili sayılmalıdır.
Bildirişlər
1. Peyğəmbərə əmr olunmuşdu ki, vicdanları oyatmaq üçün sorğu-sualdan istifadə etsin.
2. Özbaşınalığınız və Allahın verdiyi möhlətlə qürrələnməyin. Allahın əzabı qəfildən gələ bilər.
3. Allahın əzabı gələn vaxt bədbəxtlik qaçılmazdır. İnsan nə özü, nə də başqaları bu bədbəxtliyin qarşısını ala bilər.
4. İlahi cəzaların səbəbi xalqa olunan zülmdür və bu cəzalar ədalətlidir.
5. Peyğəmbərlərin dəvətindən boyun qaçırmaq zülmdür.
48. ﴿وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلاَّ مُبَشِّرِينَ وَمُنذِرِينَ فَمَنْ آمَنَ وَأَصْلَحَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ﴾
“Biz peyğəmbərləri yalnız müjdə verən və qorxudan ünvanı ilə göndəririk. Belə ki, iman gətirib islah olanlar üçün heç bir qorxu yoxdur və onlar qəmlənməzlər.”
49. ﴿وَالَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا يَمَسُّهُمُ الْعَذَابُ بِمَا كَانُواْ يَفْسُقُونَ﴾
“Ayələrimizi təkzib edənləri günahlarına xatir ilahi əzab yaxalayar.”
Dostları ilə paylaş: |