Nöqtələr
◘Məkkə müsəlmanlarından biri xəstələnmişdi. O dedi: «Məni Məkkədən bayıra çıxarın ki, hicrət edənlərdən sayılım.» Onu şəhərdən çıxararkən yolda keçindi. Sonra bu ayə nazil oldu.
◘Cihad, təhsil, təbliğ üçün hicrətlər kimi müqəddəs hicrətlər bu ayənin nümunəsidir.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Bir şəxs imam Mehdini (ə) tanımaq üçün evdən və şəhərdən xaric olsa, amma əcəl ona möhlət verməsə, həmin bu ayənin nümunəsi olar.”1
Bildirişlər
1. Hicrət genişlik və artım zəminəsi yaradır. “Kim düşməsə izinə, çətin tapa xəzinə.”
2. Biz nəticə gözləmədən vəzifəmizi yerinə yetirməliyik. Əsas məsələ məqsədə çatmaq yox, evdən çıxmaqdır.
3. Allahın və Onun rəsulunun yolunu gedin. Ölüm və həyatdan ötrü nigaran olmayın.
4. Hicrət edənin mükafatı Allah tərəfindəndir. Bu, behiştdən də yuxarı bir mükafatdır.
101. ﴿ وَإِذَا ضَرَبْتُمْ فِي الأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُواْ مِنَ الصَّلاَةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا ﴾
“Yer üzündə səfərə çıxdığınız vaxt əgər kafirlərin əziyyətindən qorxsanız, namazı qısaltmağınızın sizin üçün günahı yoxdur. Həqiqətən, kafirlər daim sizin aşkar düşməninizdir.”
Nöqtələr
◘Cihad və hicrət haqqında söhbətlərdən sonra bu ayə müsafir namazının hökmünü bəyan edir.
◘“Zərəbtum fil-ərz” təbiri səfərə işarədir. Çünki müsafir səfər zamanı ayağını yerə döyür.2
◘Quranda bəzən vaciblik əvəzinə “eybi yoxdur” təbiri işlədilir. Bu ayə də uyğun təbirlə rastlaşdığımız ayələrdəndir. İlkin İslam dövrünün müsəlmanları namaza o qədər bağlı idilər ki, onun qısaldılmasını günah sayırdılar.
◘Qısaldılmış (qəsr) namaz təkcə düşmən qorxusu olduqda qılınmır. Adətən, səfərlərdə qorxu və nigarançılıq olduğundan və ya qəsr namaz qanunu əvvəlcə qorxu ilə bağlı bəyan edildiyindən, sonralar hər bir səfərə aid edilmişdir. Ayədə “in xiftum” qeyd edilmişdir.
◘Rəvayətlərdə namazın qəsr hala düşdüyü səfər miqdarı bəyan olunmuşdur. Bir gün ərzində səfər uzunluğu (səkkiz fərsəx) müəyyən edilmişdir.1
◘Müsafir sübh və məğrib (şam) namazlarından savay bütün namazları iki rəkət qılır.2 Namazın qısaldılması dedikdə, dörd rəkətlik namazların iki rəkət qılınması nəzərdə tutulur.
Bildirişlər
1. Həqiqəti görmə və yarıya bölünmənin qəbulu ilahi qanunlara bir əsasdır.
2. Namaz halında da düşməndən qəflətdə olmayın. Siyasət, dəyanət, ibadət, dərketmə bir-birindən ayrı deyil.
3. Bəzən yəqinlik lazım olmur. Proqramı dəyişmək üçün fitnə ehtimalı kifayət edir.
4. Hətta təhlükə ehtimal olunduqda da namaz qılınmalıdır.
5. Küfr və iman bir-biri ilə ziddiyyətdədir.
6. Kafirlər sizinlə düşmənçilikdə əl-ələ vermişlər.
7. Kafirlərin sizinlə düşmənçiliklərinin kökləri var və uzun keçmişi olan bu düşmənçilik daimidir.
102. ﴿وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ الصَّلاَةَ فَلْتَقُمْ طَآئِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُواْ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُواْ فَلْيَكُونُواْ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَى لَمْ يُصَلُّواْ فَلْيُصَلُّواْ مَعَكَ وَلْيَأْخُذُواْ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ وَدَّ الَّذِينَ كَفَرُواْ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةً وَاحِدَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَى أَن تَضَعُواْ أَسْلِحَتَكُمْ وَخُذُواْ حِذْرَكُمْ إِنَّ اللّهَ أَعَدَّ لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا﴾
“(Ey peyğəmbər,) əgər (cihad səfərlərində) İslam qoşunu içində olsan və onlar üçün namaza dayansan, onlardan bir dəstəsi səninlə dursunlar və silahlarını yanlarında saxlasınlar. Elə ki, səcdə etdilər, (ikinci rəkəti tək qılıb) sizin arxanızda (keşikçi) dayansınlar. Namaz qılmamış ikinci dəstə (ikinci rəkətdən) səninlə namaz qılsınlar və müdafiə vasitələri ilə silahlarını özləri ilə saxlasınlar. Düşmən sizə birdəfəyə hücum etmək üçün silahlarınızdan xəbərsiz qalmağınızı istəyir. Əgər yağışdan sizə əziyyət olsa, xəstə və yaralı olsanız, silahınızı yerə qoymağın sizin üçün günahı yoxdur. (Yalnız) müdafiə vasitələrini özünüzlə saxlayın. Həqiqətən, Allah kafirlər üçün zəliledici bir əzab hazırlamışdır.”
Nöqtələr
◘Hicri tarixi ilə altıncı ildə Peyğəmbər (s) bir dəstə ilə Məkkəyə üz tutdu. Hüdeybiyyə adlanan məntəqədə İslam qoşunu yolu kəsmiş və onları Məkkəyə buraxmamaq əzmində olan Xalid ibn Vəlid və onun iki yüz döyüşçüsünün səngərdə dayandığını gördü. Bilal azan verdikdən və camaat namaza dayandıqdan sonra Xalid ibn Vəlid fürsətdən istifadə edib hücuma keçmək qərarına gəldi. Ayə nazil oldu və düşmənin qurğusundan müsəlmanlar xəbər tutdular. Xalid bu möcüzəni gördükdən sonra İslamı qəbul etdi.1
◘Bu namazda birinci dəstə birinci rəkəti başa vurduqdan sonra qalxıb namazın qalanını fərdi qıldı. Cəmiyyət namazının imamı ikinci dəstənin ikinci rəkətə qoşulması üçün səbir etdi. Onlar silahları ilə birlikdə cəmiyyət namazına qatıldılar.
Bildirişlər
1. Namaz hətta savaş meydanında da təxirə salınmır. Mücahid binamaz deyil.
2. Düşmənlə savaş cəbhəsində döyüşçülərin hətta bir rəkət namazı cəmiyyətlə qılması cəmiyyət namazının əhəmiyyətini göstərir.
3. Qarşıya iki vəzifə (cihad və namaz) çıxdıqda bu vəzifələrin biri o birinə fəda olunmamalıdır.
4. Bütün hallarda ayıqlıq lazımdır. Hətta namaz zamanı da müsəlmanlar düşməndən qəflətdə qalmamalıdırlar.
5. Rəhbər vəhdət və ibadətin mehvəridir.
6. İş bölgüsü, qarşılıqlı yardım, xeyir işə başqalarını şərik etmək hətta ən həssas məqamlarda da cəmiyyətin ülfət amilidir. Ayə iki rəkət namazı cəmiyyət arasında yarıya bölür. Bununla da hər iki dəstə xeyirə şərik olur.
7. İlahi göstərişlər şəraitə münasib olaraq fərqlənir. (Bu ayə düşmən qarşısında qorxu olan vəziyyətə aiddir.)
8. Cəbhədə qılınan camaat namazı məqsədə, Allaha, rəhbərə eşq və dəyərlərə bağlılıq nişanəsidir.
9. Cəbhədə bir rəkət namaz vaxtında qüvvələr mövqelərini dəyişə bilməlidir.
10. Cəbhədə namaz müddəti nə qədər çox olsa, düşmənin həmlə imkanı da artar. Ona görə də diqqətli olmaq lazımdır. Birinci rəkətdə silahlı olmaq kifayətdir. İkinci rəkətdə isə həm silah, həm də müdafiə vasitələri olmalıdır.
11. Allah Öz peyğəmbərini düşmənin gizli planlarından agah edir. (Namaz məqamında hücum etmək istəyən Vəlidin planı ayə vasitəsi ilə puça çıxdı.)
12. Sizin ixlaslı hərəkətiniz ilahi yardımların vaxtında əldə olunması səbəbidir. (Bu ayənin nazil olması və qorxu ilə bağlı namaz göstərişi düşmənin planları qarşısında ilahi bir yardım idi.)
13. Cəbhədə ibadi mərasimlər uzun çəkməməlidir. Döyüşçünü düşməndən qəflətdə qoyan işlər qadağandır.
14. Düşmənin istəklərindən agah olun.
15. İbadət düşməndən xəbərsizliyə səbəb olmasın.
16. Həqiqi müsəlmanlarda qəflət ehtimalı zəifdir. (Ayədəki “ləv” sözü uyğun mənanı bildirir.)
17. Hərbi və iqtisadi imkanları ayıqlıqla qorumaq lazımdır.
18. İslam ümmətinin qəfləti kafirlərin qələbəsi və qan tökməsi ilə nəticələnir.
19. Müsəlmanları qəflətdə qoyan, ayıqlığını əlindən alan hər bir söz, proqram və hərəkət düşmənin istəklərinə xidmət edən addımdır.
20. Cəbhə və döyüşdən kənarda qalmaq istəyi xəstəlik və zərərdir.
21. Yağış silahın yerə qoyulması üçün səbəb ola bilər. Zərərsiz yağışda döyüşçü silahını yerə qoymur.
22. Heç bir halda döyüşçü hərbi ləvazimatlarından kənarda olmamalıdır. Hətta silah yoxdursa da, zireh döyüşçünün üstündə olmalıdır.
23. Kafirləri hədələmək və möminlərə ümid vermək Quran şivələrindəndir.
24. Gələcəkdə zillət kafirlərin olacaq.
103. ﴿فَإِذَا قَضَيْتُمُ الصَّلاَةَ فَاذْكُرُواْ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِكُمْ فَإِذَا اطْمَأْنَنتُمْ فَأَقِيمُواْ الصَّلاَةَ إِنَّ الصَّلاَةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا﴾
“Elə ki, namazı başa çatdırdınız, Allahı ayaq üstə, oturaq vəziyyətdə və uzanmış halda yad edin. Elə ki, aramlıq tapdınız (qorxu halı ötüşdü), namazı kamil şəkildə bərpa edin. Həqiqətən, namaz möminlər üçün müəyyən vaxtda vacib olmuşdur.”
Dostları ilə paylaş: |