Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Valyuta məzənnəsi və onu müəyyən edən amillər



Yüklə 0,65 Mb.
səhifə61/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   57   58   59   60   61   62   63   64   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Valyuta məzənnəsi və onu müəyyən edən amillər.

Hər bir ölkənin pul vahidi valyuta adlanır. Burada söhbət bank­­notlardan, xəzinə biletlərindən, müxtəlif növ bank hesablarından, habelə çeklərdən, veksellərdən, akkreditivlərdən və başqa tədiyə vasi­tələrindən gedir.

Müxtəlif valyutalarla ifadə olunan bu tədiyə sənədləri xüsusi bazarlarda–valyuta bazarlarında alınır və satılır.

Milli valyuta bazarlarında tələb və təklif müxtəlif valyutalarda öz əksini tapan, beynəlxalq miqyasda əmtəələrin, xidmətlərin və kapi­talların hərəkətinə xidmət edən pula olan tələb və öhdəliklərin toqquş­ması nəticəsində formalaşır. Məsələn, ABŞ-dan kompüter ixrac edən sahibkar məhsulun satışından əldə etdiyi Ingiltərə funt sterlinqini öz ölkəsinin milli valyutasına – dollara dəyişdirmək istəyir. Deməli, o, özünün bu hə­rəkəti ilə ABŞ dollarına tələb, Ingiltərə funt sterlinqinə isə təklif forma­laşdırır.

Valyuta sövdələşmələrinin subyektləri arasında meydana çıxan bütün münasibətlərin toplusu "valyuta bazarı" adlanır. Valyuta ba­zarı bir-birilə müasir rabitə vasitələri ilə bağlı olan çoxsaylı iri kom­mersiya banklarından və digər maliyyə idarələrindən ibarətdir. Bu mə­nada valyuta bazarı alıcı və satıcıların toplaşdığı hər hansı bir konkret yer deyildir. Təcrübəli dilerlər valyuta bazarlarında (məsələn, kommer­siya bankında xüsusi şöbənin əməkdaşı) özlərinin iş yerlərində oturub kompüter və telefon vasitəsilə digər bankların dilerləri ilə əlaqə saxlayır və valyutaların məzənnələri haqqında lazımi məlumatlar əldə edirlər.

Alıcı bankın dileri telefon vasitəsilə satıcı bankın dileri ilə əla­qəyə girir və sövdələşir. Sövdələşmənin həyata keçirilməsi bir neçə sani­yədən 2-3 dəqiqəyə qədər çəkir. Onu təsdiq edən sənədlər sonra gön­dərilir, bank hesablarında müvafiq qeydlər isə iki iş (bank) günündə apa­rılır.

Valyuta ticarətinin bu formada təşkilinə banklararası valyuta bazarı deyilir. Valyuta əməliyyatlarının böyük əksəriyyəti nəqd olma­yan formada, yəni cari və müddətli bank hesablarında müvafiq qeydlər edilməklə aparılır, çox az bir hissəsi isə nəqd pul mübadiləsinin payına düşür. Bəzi ölkələrdə banklararası bazarın bir hissəsi valyuta birjası şəklində təşkil olunur.

Müasir kommunikasiya vasitələri bütün gün ərzində valyuta əməliyyatlarını aparmağa imkan verir. Mə­sələn, bütün dünyada geniş filiallar şəbəkəsinə malik olan Qərbi Avro­pa bankı günün istənilən vaxtı Sinqapurda, Frankfurtda, San-Fran­sis­koda, Ankarada, Nyu-Yorkda dolların alverini edə bilər. Göründüyü kimi, müasir dövrdə milli valyuta bazarları bir-biri ilə sıx tellərlə bağlı olmaqla, dünya valyuta bazarının tərkib hissəsidirlər.

Bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidində ifadə olunan qiymətinə valyuta məzənnəsi deyilir. Milli pul vahidi mə­zənnəsinin xarici pul vahidinin məzənnəsində təsbit olunması isə val­yuta qiyməti adlanır. Bu zaman milli pul vahidinin məzənnəsi ya bir­başa qiymət təyinetmə (xarici valyutanın 1, 10, 100 vahidi = milli val­yu­tanın "X" vahidinə), yaxud da əks qiymət təyinetmə (milli valyutanın 1, 10, 100 vahidi = xarici valyutanın "X" vahidinə) formasında müəy­yən edilə bilər. Ölkələrin əksəriyyətində milli valyutaların məzənnələrini müəyyən edərkən birbaşa qiymət təyinetmədən, Böyük Britaniyada əks qiymət təyinetmədən, ABŞ-da isə hər ikisindən istifadə olunur.

Valyuta bazarının peşəkar iştirakçıları üçün "valyuta mə­zən­nəsi" anlayışı demək olar ki, yoxdur. Onlar buna alıcı və satıcı məzən­nələri deyirlər. Alıcı məzənnəsi milli valyuta ilə xarici valyutanın satın alındığı, satıcı məzənnəsi isə xarici valyutanın milli valyutaya satıldığı məzənnədir. Deməli, birbaşa qiymət təyinetmədə satıcı mə­zənnəsi alıcı məzən­nəsindən daha yüksəkdir.

Satıcı məzənnəsi ilə alıcı məzənnəsi arasındakı fərqə marj deyi­lir. Bu fərq bankın valyuta əməliyyatlarının aparılması ilə əlaqədar xərc­lərini ödəyir və onun mənfəətinin formalaşmasında iştirak edir. Valyuta məzənnələri mübadilə obyekti olan tədiyə sənədlərinin növ­ləri­nə görə də fərqlənir. Bununla əlaqədar olaraq çek­lərin, banknotların xüsusi məzənnələri vardır.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin