MÖVZU 14. Azərbaycan dünya iqtisadiyyatı inteqrasiyasında
Plan
1.Beynəlxalq iqtisadi inteqrasiya makroiqtisadi sabitliyin təmin edilməsinin və ictimai istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas amillərindən biri kimi.
2. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri.
3.Dünya iqtisadiyyatında Azərbaycanın yeri və rolu. Azərbaycanın xarici ticarət əlaqələri.
4.Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf istiqamətləri.
Müstəqil Azərbaycan beynəlxalq iqtisadi inteqrasiya prosesində səmərəli formada iştirak edir. Xüsusilə, «Traseka», «Trans-Qafqaz» nəqliyyat dəhlizi, “Böyük İpək Yolu” və digər beynəlxalq layihələrin həyata keçirilməsi respublikanın iqtisadi qloballaşmada iştirakını təcəssüm etdirir.
Xüsusilə, Bakı Novorosiyski, Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi və istifadəyə verilməsi ölkənin iqtisadi inteqrasiyası prosesində uğurlu iştirakını bir daha təsdiq edir.
Azərbaycan Respublikasının xarici ticarət əlaqələrini şərti olaraq iki mərhələyə bölmək olar:
1. Müstəqillik elan olunanadək SSRİ-nin tərkibində olan Azərbaycanın ticarət-iqtisadi əlaqələri.
2. Müstəqil Azərbaycan Respublikasının ticarət-iqtisadi əlaqələri.
Birinci mərhələdə Azərbaycan ittifaq respublikaları ilə qarşılıqlı surətdə geniş ticarət əlaqələrinə malik idi. Lakin, bu əlaqələr ittifaqdaxili əlaqələr səciyyəsi daşıyırdı. Onlar ayrı-ayrı ittifaq respublikalarının iqtisadi mənafeyindən daha çox vahid xalq təsərrüfatı kompleksinin tələbləri baxımından qiymətləndirilirdi. Ona görə bu tipli ticarət əlaqələrinə xarici ticarət nəzəriyyəsinin müddəalarını reallaşdıran əlaqələr kimi baxmaq mümkün deyildir. Bu dövrdə müttəfiq respublikalarının o, cümlədən Azərbaycan Respublikasının uzaq xaricdə olan iqtisadi əlaqələrini inkar etmək olmaz. Lakin, bu xarici ticarət əlaqələri SSRI dövlətinin inhisarında idi.
İttifaq dağıldıqdan sonra suverenlik və iqtisadi müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının xarici ticarət əlaqələri daha geniş vüsət almağa başlamışdı. Lakin, Azərbaycanın ittifaq respublikası ilə ticarət əlaqələrində əvvəlki, dövrün təsiri hiss olunurdu. 1992-ci ildən etibarən digər xarici dövlətlərlə ticarət əlaqələri üstünlük təşkil etmişdir.
Müstəqilliyinin ilk illərində Azərbaycanın xarici ticarət əlaqələri çox acınacaqlı halda idi. Belə ki, Azərbaycan Respublikası öz tələbatını ödəmək məqsədilə əmtəələri dəyər-dəyməzinə mübadilə edirdi. Bu da başqa ölkələrə Azərbaycandan ucuz xammal ölkəsi kimi istifadə etməsinə imkan verirdi. Belə bir hal isə dünya praktikasında göstərilməmişdir.
1994-cü ildən sonra əsası H.Əliyev tərəfindən qoyulmuş Bakı-Ceyhan neft kəməri (əsrin müqaviləsi) Azərbaycan neftinin dünya bazarına çıxarılmasına böyük imkanlar açır. Azərbaycan Respublikasının qonşu ölkələrlə, xüsusilə Rusiya, Türkiyə, İran Respublikası ilə, MDB ölkələri ilə, Avropa ölkələri ilə ticarət əlaqələri daha da geniş vüsət alıb.
Hazırda Azərbaycan Respublikasının qarşısında duran əsas məsələlərdən və demək olar ki, problemlərdən biri Azərbaycanın beynəlxalq əmək bölgüsündə düzgün olaraq öz yerini tapması məsələsidir. Digər bir məsələ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq məsələsidir.
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra sərbəst milli iqtisadiyyatını formalaşdırmaqla dünya iqtisadiyyatına inteqrasiya prosesini qaqşısına məqsəd qoymuşdur. Bu məqsədlə iqtisadi islahatların aparılmasını sürətləndirmək üçün respublikamız beynəlxalq maliyyə institutlarının imkanlarından istifadə etmək yolunu seçmişdir.
Azərbaycana DB-nin ilk yardımı 1995-ci ilin aprelində neft bölməsinə texniki yardım (20,8 mln. ABŞ dolları) formasında olmuşdur.
DB-nin Azərbaycanda əsas məqsədi bazar iqtisadiyyatına keçid dövründə ölkənin sosial-iqtisadi inkişafına nail olmaq üçün həm investisiya axını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyələr vermək və bu cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə DB neft ehtiyatlarını məqsədli idarə etmək üçün, dövlətin institusional imkanlarını artırmaq məqsədilə Azərbaycan hökuməti ilə işləyir.
Dünya Bankı 2005-ci ilin mayında imzalanan bəyannaməyə əsasən Azərbaycan hökuməti, AİB, AYİB, BVF və BMT İnkişaf Proqramı ilə birlikdə “Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 2015-ci ilə qədər Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Uzunmüddətli Strategiya” adlı proqramın həyata keçirilməsinə başlamışdır. Bu proqram çərçivəsində DB Azərbaycanda on il ərzində özünün həyata keçirəcəyi işləri müəyyənləşdirmişdir.
Azərbaycan BVF-yə 1992-ci ilin sentyabrında daxil olmuşdur. DB kimi BVF də Azərbaycanda konsultativ köməklə (iqtisadi vəziyyətin qiymətləndirilməsi, dövlət hakimiyyəti orqanlarına texniki kömək, azərbaycan mütəxəssislərinin öyrədilməsi və i.a.) və sınaq, kiçik kreditlərin (gələcək əməliyyat fəaliyyətinə nisbətən) – təxminən 67 mln. ABŞ dolları həcmində - verilməsilə öz fəaliyyətini başlamışdı. Fonddan ən böyük kredit 1999-cu ildə ümumi dəyəri 296.730.625 ABŞ dolları həcmində alınmışdır. Respublikamızın fonddakı kvotası isə 160,9 mln. SDR (234,8 mln. ABŞ dolları) təşkil edir.
BVF qarşısında öhdəliklər tam həcmdə MB tərəfindən yerinə yetirilir. Onu da qeyd edək ki, Azərbaycan Hökuməti BVF ilə əməkdaşlıqda bir sıra sahələrdə iqtisadi islahatların həyata keçirilməsində mühüm irəliləyişlərə nail olmuşdur, o cümlədən Hesablama Palatası yaradılmış, yeni Büdcə Sistemi haqqında qanun qəbul edilmiş, Neft fondu yaradılmış və onun şəffaflığı təmin edilmiş, vergi və gömrük idarəetmə sistemləri təkmilləşdirilmiş, habelə bank nəzarəti sistemi gücləndirilmişdir. Hökümət və MB BVF-nin tövsiyələri əsasında sağlam pul-kredit və büdcə siyasətini həyata keçirməkdədir.
Azərbaycanın əməkdaşlıq etdiyi ən böyük regional MKT (Maliyyə-Kredit Təşkilatı)-dən biri olan AYİB müəssisə, maliyyə və infrastruktur sahələrində öz investisiyaları vasitəsilə Azərbaycanın sürətli iqtisadi artımını davamlı etmək üçün struktur islahatlarına yardım göstərir. Azərbaycan AYİB-ə 25 sentyabr 1992-ci il tarixdə üzv seçilmişdir.
AYİB Azərbaycan istehsalçılarına yeni satış bazarlarının axtarışında kömək edir, bu isə Azərbaycanın dünya təsərrüfatına inteqrasiyasına şərait yaradır. Mənfi amil ondan ibarətdir ki, AYİB çoxtərəfli əsasda layihələrin maliyyələşdirilməsində iştirak edir, bu isə Azərbaycanın problemlərinin həllinə kompleks yanaşmanı sübut edir.
Azərbaycan digər bir regional MKT olan AİB-in üzvlüyünə 29 oktyabr 1999-cu ildə qəbul olunmuşdur.
Azərbaycanın əməkdaşlıq etdiyi regional maliyyə təşkilatlarından biri QDTİB(Qara Dəniz Ticarət və İnkişaf Bankı)-dir. Azərbaycanın təşkilatdakı səhm payı 2% təşkil edir.
28 yanvar 2008-ci il tarixdə Azərbaycan İnvestisiya Şirkəti ilə QDTİB arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan İİB-yə 1992-də qoşulmuşdur. İİB-nin Azərbay-candakı fəaliyyəti kanal və drenaj sistemlərinin bərpası, enerji istehsalının artırılması və əsas yolların inşaası vasitəsilə kənd təsərrüfatının inkişaf etdirilməsinin təkmilləşdirilməsinə yönəldilmişdir.
BMKT ( Beynəlxalq Maliyyə-Kredit Təşkilatı) ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq iqtisadi və siyasi münasibətlərə inteqrasiya yoludur. Bu istiqamətdə təsərrüfatçılığın bazar sisteminin formalaşdırılması və xarici partnyor və kreditorlarla bazar əsaslarına əsaslanan qarşılıqlı münasibətlər modeli ən əsasdır. Bununla bərabər müvafiq proqramların həyata keçirilməsinə əsas tələb iqtisadiyyatın dünya təsərrüfatına inteqrasiyası çıxış edir – söhbət dünya ictimaiyyətində geniş yayılmış, onun üzvlərinin tutduqları bütün atributuv əlamət və parametrlərə azərbaycan iqtisadiyyatının yiyələnməsindən gedir. Aydındır ki, adları çəkilən subyektlərlə əməkdaşlıq xarici siyasi və iqtisadi asılılıq problemlərini törədən çox təhlükəli mənfi nəticələrə malikdir. Ancaq məhz BMKT, habelə ayrı-ayrı kreditorlarla qarşılıqlı əlaqələrin dünyada Azərbaycana olan münasibətindən, dünya ictimaiyyətinə real inteqrasiya imkanlarından və ayrı-ayrı dünya dövlətləri ilə əməkdaşlığın xüsusiyyətlərindən asılı olması böyük çəkiyə malikdir.
Dostları ilə paylaş: |