Plan 1.Valyuta anlayışı və beynəlxalq valyuta münasibətlərinin əsasları.
2.Beynəlxalq valyuta sisteminin inkişaf mərhələləri.
3.Valyuta məzənnəsi və onun formalaşması.
4. Beynəlxalq valyuta-maliyyə strukturları. Beynəlxalq Valyuta Fondu. Dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin daim artması və təkmilləşməsi beynəlxalq valyuta münasibətlərindən daha çox asılıdır. Beynəlxalq valyuta münasibətləri dünya ölkələri arasındla qarşılıqlı iqtisadi əlaqələrə xidmət edən dünya pulunun fəaliyyəti ilə bağlı olan iqtisadi münasibətlərdir. Ölkələr arasında müxtəlif istiqamətlərdə xarici iqtisadi əlaqələr genişləndikcə beynəlxalq valyuta münasibətləri də daim inkişaf edir və təkmilləşir.
Valyuta (İtalyanca- «Valuta», «qiymət», «dəyər») mənasını daşıyır. Valyuta hər bir dövlətin pul nişanıdır və qanunvericilik qaydasında müəyyən edilir. Məsələn, ABŞ-da dollar, Azərbaycanda manat, İngiltərədə funt-sterlinq, Yaponiyada ien və s. Hər bir ölkənin özünə məxsus olan milli pul sistemi mövcuddur və onun bir hissəsini valyuta resursları təşkil edir və beynəlxalq ödəmə vasitəsi kimi çıxış edir.
Dünya ölkələrinin milli valyutaları beynəlxalq valyuta mübadiləsində iştirakına görə bir-birindən fərqlənir. Milli valyuta bazarında bir ölkənin valyutasının başqa ölkənin valyutasına dəyişdirilməsi və ya alınıb satılmasına görə valyutalar üç növə ayrılır.
Dünyada elə ölkələr vardır ki, onların valyutaları tam dönərli qabiliyyətinə malikdir. Belə valyutaları sərbəst olaraq istənilən ölkənin valyutasına dəyişdirmək olar. Bu proses valyutanın konvertləşdiridlməsi adlanır.Müasir şəraitdə Beynəlxalq valyuta fondunun üzvü olan 180 ölkədən 60 - nın valyutası tam çevrilə bilən valyutadır. Onlara: ABŞ dollarını, Avropa Birliyi ölkələrinin evrosunu, İngiltərənin funt-sterlinqini, Almaniya markasını və s. göstərmək olar.
Qismən dönərli valyutalara valyuta qanunlarına əsasən yalnız müəyyən sahələrdə dəyişdirilməsinə icazə verilən valyutalar aiddir. Dünyanın bir sıra ölkələrinin valyutaları dönərli qabiliyyəti olmayan valyutalar hesab olunur.
Beynəlxalq valyuta sistemi. Qızılın nadir (nəcib) metal olması, tədavüldə hərəkətinin çətinlik törətməsi, pul kütləsinin azalması və s. amillərlə bağlı olaraq kağız pulların dövriyyəyə buraxılması obyektiv zərurətə çevrildi. Qızıl standartı dövriyyədə ayrı-ayrı ölkələrin milli valyutalarının qızıla nisbətinə görə müxtəlif olmuşdur. Məsələn, qızıl standartı sistemində 1 ABŞ dolları 23,22 qram qızıla, İngiltərədə 1 fund sterlinq 113,00 qram xalis qızıla və s. bərabər tutulurdu.
Bu sistemin xarakterik cəhətlərindən biri də ondan ibərətdir ki, bəzi ölkələr məhsul ixracına daha çox üstünlük verərək ölkəyə qızıl axınına nail olurdular.
Beynəlxalq valyuta sisteminin ikinci mərhələsi XX əsrin 30-cu illərindən başlayaraq 50-60-cı illərdə başa çatmışdır.Bu sistemin Bretton-Vuds valyuta sistemi (tənzimlənən valyuta məzənnəsi) adlanır. 1944-cü ildə dünya ölkələri beynəlxalq valyuta sisteminin tənzimləmək məqsədilə ABŞ-ın Bretton-Vuds şəhərində beynəlxalq konfrans keçirmişdir. Konfransda köhnə sistemin üstünlüklərini saxlamaq yolu ilə nəzərə çarpan çatışmazlıqları aradan qaldırmaq haqqında qərar qəbul olunmuşdur. Bu sistemə əsasən ABŞ dolları və ingilis funt sterlinqi beynəlxalq ödəniş vasitəsi kimi qəbul edildi, ehtiyat valyutanın qızılla rəsmi məzənnəsi müəyyən edildi. Bretton-Vuds Konfransının qərarı ilə Beynəlxalq Valyuta Fondu (BVF) yaradıldı və kapitalist ölkələri arasında valyuta məzənnələrini tənzimləməklə məşğul olmağa başlandı. ABŞ dolları qızıla və başqa ölkələrin milli valyutaları ilə mübadilə olunmaq funksiyasına malik oldu. Bretton-Vuds valyuta sistemi ABŞ iqtisadiyyatında bir sıra geriləmələrə səbəb oldu. Xüsusilə, 50-60-cı illərdə ABŞ-ın tədiyyə balansı mənfi saldoya malik olmuş, xarici nümayəndələrin daha çox dollara malik olması ABŞ qızılının başqa ölkələrə axmasına səbəb olmuşdur. 70-ci illərdə bu problem daha da kəskinləşməyə başlamışdır. 15 avqust 1971-ci ildə ABŞ prezidenti R.Nikson tərəfindən dolların qızıla bərabər tutulması prosesinin qarşısı alındı və 35 dolların 1 unsiya qızıla dəyişdirilməsi dayandırılıdı. Beləliklə, 1971- 1973-cü illərdə tənzimlənən valyuta məzənnəsi sistemi tamamilə dağıldı.
Üçüncü valyuta məzənnəsi sistemi 1976-cı ildə BVF üzvləri arasında Kinqostonda (Yamayka) keçirilmiş müşavirədə qəbul edilmişdir. Bu sistem «üzən» valyuta məzənnəsi adlanır. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, bütün valyuta vahidlərinin qızılla mübadilə olunma əlaqələri tamamilə aradan qalxır. BVF-na üzv olan ölkələr «sabit» və ya «üzən» məzənnə sistemində sərbəst iştirak etmək imkanı əldə etdilər ABŞ, Kanada, İngiltərə,Yaponiya və digər inkişaf etmiş ölkələr tələb və təklifdən asılı olaraq sərbəst valyuta məzənnələrini müəyyən etdilər və bu sistemdə ABŞ dolları mütləq üstünlük qazandı.
Beynəlxalq valyuta sisteminin tərkib hissələrindən biri də Avropa ittifaqı ölkələrinin valyuta sistemidir.Bu sistem 1979-cu ilin mart ayında Avropa İttifaqı ölkələrinin qarşılıqlı razılaşmalar əsasında yaradılmışdır. Belə ki, həmin ildə EKÜİ bu ittifaqa daxil olan ölkələrin hesablaşma vasitəsi olan kollektiv valyuta kimi dövriyyəyə buraxılmışdır. EKÜİ-nin dövriyyəyə buraxılmasının üstünlükləri bunlardır:
-Avropa Birliyinə daxil olan ölkələrin valyutalarının sabitliyinin saxlanılması;
- iqtisadi inkişaf prosesində həmin ölkələrin iştirakına maliyyə təminatı verilməsi;
- Aİ ölkələrinin ABŞ dollarının təsirindən xilas olunması.
- Avropa valyuta məzənnəsi sistemində Aİ-yə daxil olan ölkələr arasında 1 yanvar 2002-ci ildən etibarən «avro» banktnotları dövriyyə buraxılmışdır. «Avro» pul vahidi Aİ-yə daxil olan ölkələrin əlaqələrinin daha da genişlənməsinə, onların iqtisadi potensialının artmasına təsir göstərir.
Azərbaycan Respublikasında 15 avqust 1992-ci ildən etibarən milli valyuta - manat dövriyyəyə buraxılmışdır. 1994-cü ildən etibarən «valyuta tənzimlənməsi» haqqında qanun qəbul edilmiş, ona uyğun olaraq milli valyutanın xarici valyutalarla mübadilə nisbəti, onların tənzimlənməsi mexanizmi və əhalinin alıcılıq qabiliyyətinə təsiri müəyyən edilmişdir.