Mühazirə 11 TƏZYİQ ÖLÇƏN CİHAZLAR Təzyiq haqqında ümumi anlayış Vahid səthə təsir edən qüvvə təzyiq adlanır. Təzyiq hər hansı bir maddənin termodinamik vəziyyətini təyin edən bir kəmiyyətdir. Təzyiq çox hallarda texnoloji prosesin aparılması texnoloji aparatın vəziyyətini və rejiminin fəaliyyətini təyin edir. Təzyiqin ölçülməsi məsələsi ilə bir çox texnoloji parametrləri, misal üçün, qazın və buxarın sərfini, termodinamik parametrlərin dəyişməsini, mayenin səviyyəsini və s. ölçərkən rastlaşırıq. Təzyiqlər növlərinə görə müxtəlif olub atmosfer, mütləq, izafi və vakuum təzyiqlərinə ayrılır.
Atmosfer (barometrik) təzyiqi hava sütununun yer atmosferində yaratdığı kütlənin təzyiqidir.
Mütləq təzyiq mütləq sıfırdan hesablanan təzyiqdir. Mütləq təzyiqin hesablanma başlanğıcı qabın daxilindəki təzyiq qəbul olunur.
İzafi təzyiq mütləq təzyiqlə barometrik təzyiq arasında olan fərqdir.
Vakuum təzyiqi barometrik və mütləq təzyiq arasında olan fərqdir. Beynəlxalq ölçü (Sİ) vahidlər sistemində təzyiq vahidi kimi paskal (Pa) istifadə olunur 1 m2 sahəyə malik olan səth üzrə bərabər paylanan 1 Nyuton qüvvə tərəfindən yaradılan təzyiq paskal adlanır (1 Pa = 1 N/m2).
Ölçülən təzyiqin müxtəlifliyi eyni zamanda texnologiyada elmi tədqiqat sahələrində istifadə edilməsi Sİ ölçü vahidlər sistemi ilə yanaşı, sistemə daxil olmayan ölçü vahidlərindən də istifadə edilir. Bunlara aiddir: bar, millimetr civə sütunu, kvadrat santimetrə düşən kiloqram-qüvvə, kvadrat metrə düşən kiloqram-qüvvə, millimetr su sütunu.
Təzyiq ölçən cihazların təsnifatı Təzyiq ölçən cihazlar işləmə prinsiplərinə və ölçdükləri kəmiyyətin növünə görə müxtəlif olur:
A. İşləmə prinsiplərinə görə təzyiq ölçən cihazlar Mayeli - ölçülən təzyiq maye sütunun hidrostatik təzyiqi ilə müvazinətləşir;
Porşenli - ölçülən təzyiq porşenə təsir edən xarici təzyiq ilə müvazinətləşir;
Yaylı - ölçülən təzyiqin qiyməti elastik elementin deformasiyasına görə müəyyənləşdirilir;
Elektrik - bu tip cihazların işləmə prinsipi ölçülən təzyiqin hər hansı elektrik kəmiyyətinə çevirilməsinə və yaxud təzyiq altında materialların elektrik xassələrinin dəyişməsinə əsaslanır.