Hava yolu ilə baqaj daşınması müqaviləsi
Hava nəqliyyatının xidmətindən baqaj daşımalarında da istifadə olunur.
Belə ki, sərnişin hava gəmisində özü ilə şəxsi əşya apara bilər. O, həmin əşyanı
daşıyıcı-ya təhvil verir. Daşıyıcı ona verilmiş bu əşyanı təyinat yerinə çatdırır və
onu almağa səlahiyyəti çatan şəxsə təhvil verir. Sərnişinin apardığı əşyanın
daşınması ilə əlaqədar olaraq müvafiq münasibətlər əmələ gəlir ki, həmin
münasibətlər müqavilə ilə rəsmiləşdirilir. Buna baqaj daşınması müqaviləsi
deyilir. Daha doğrusu, baqaj hava nəqliyyatından istifadə olunmaqla, yəni hava
gəmisi vasitəsilə daşındığına görə, həmin müqavilə hava yolu ilə baqaj
daşınması müqaviləsi adlanır.
Hava yolu ilə baqaj daşınması müqaviləsinə görə, aviasiya müəssisəsi
(daşıyıcı) biletdə göstərilmiş reyslə uçan sərnişinin təhvil verilmiş baqajını təyinat
məntəqəsinə çatdırmağı və onu almağa ixtiyarı olan şəxsə verməyi, sərnişin isə
baqajın daşınma haqqını ödəməyi öhdəsinə götürür.
Baqaj daşınması müqaviləsi, xüsusi olaraq, baqajın daşınması ilə əlaqədar
bağlanan müqavilədir. Bu müqavilə hava yolu ilə sərnişin daşınması
müqaviləsindən ayrıca olaraq bağlanılır. Lakin həmin müqavilənin bağlanması
hökmən və mütləq sərnişin daşınması müqaviləsi ilə şərtlənir, bu müqavilədən
törəyir və ondan asılı olur. Məhz bu səbəbdən baqaj daşınması müqaviləsinin
sərnişin daşınması müqaviləsindən ayrıca və xüsusi olaraq bağlanmasını inkar
edən müəlliflərin mövqeyi həqiqətə uyğun gəlmir.1 Göstərilən müəlliflərin
fikrincə, baqaj daşınması ayrıca və xüsusi olaraq bağlanan müqavilənin deyil,
sərnişin daşınması müqaviləsinin predmetini təşkil edir və bu müqavilənin
predmetindən kənara çıxmır.
Fikrimizcə, sərnişin baqajı təhvil verdikdə, ona «baqaj qəbzi» adlı daşıma
sənədinin verilməsi onu göstərir ki, sərnişin daşınması müqaviləsindən ayrıca
olaraq başqa bir müqavilə bağlanmışdır. Bu, baqaj daşınması müqaviləsidir.
Hava yolu ilə baqaj daşınması müqaviləsi, hər şeydən əvvəl, öz hüquqi
təbiətinə görə əvəzli müqavilədir. Belə ki, baqaj daşınması müqaviləsinə verilən
anlayışa görə, sərnişin baqaj daşınması üçün müvafiq haqq ödəməyi öhdəsinə
götürür, yəni daşıyıcı sərnişinin ona təhvil verdiyi baqajı təyinat yerinə
müəyyən haqq (daşıma haqqı) müqabilində çatdırır.
Digər tərəfdən, baqaj daşınması müqaviləsi ikitərəfli (qarşılıqlı)
müqavilədir. Belə ki, həmin müqaviləni bağlayan tərəflər bir-birlərinə
münasibətdə qarşılıqlı hüquq və vəzifələrə malikdirlər.
Baqaj daşınması müqaviləsi həm də real müqavilədir. Ona görə ki, həmin
müqavilə baqajın daşıyıcıya təhvil verildiyi andan bağlanmış sayılır. Məhz
baqajın daşıyıcıya təhvil verildiyi andan başlayaraq tərəflər üçün hüquq və
vəzifələr əmələ gəlir. Bu cəhəti ilə baqaj daşınması müqaviləsi sərnişin daşınması
müqaviləsindən fərqlənir. Belə ki, sərnişin daşınması müqaviləsi konsensual əqd
kateqoriyasına aid edilir.
Hava yolu ilə baqaj daşınması, əsasən, «Aviasiya haqqında» Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.1 Həmin Qanunda baqaj daşınması
münasibətlərini qaydaya salan kifayət qədər yetərli normalar nəzərdə tutulur.
Məsələn, sözü gedən Qanunun 47.1-ci maddəsində baqaj daşınması
müqaviləsinə toxunulur, 47.2-ci maddədə baqaj qəbzinin rekvizitləri nəzərdə
tutulur, 47.5-ci maddədə baqajın qorunması üçün daşıyıcının məsuliyyəti
müəyyən edilir və s.
Hava yolu ilə baqaj daşınması Daşıma Qaydaları ilə daha konkret və geniş
şəkildə tənzimlənir.2 Daşıma Qaydalarının IV fəsli baqaj daşınması üzrə
münasibətlərin tənzimlənməsinə həsr edilmişdir.
Müqavilə iki tərəf arasında bağlanılır: daşıyıcı və sərnişin. Daşıyıcı sərnişin
daşınması müqaviləsi əsasında sərnişini, habelə baqaj daşınması müqaviləsi
əsasında sərnişinin baqajını təyinat yerinə çatdıran şəxsdir. O, sərnişinlə ayrıca
olaraq iki müqavilə bağlayır: sərnişin daşınması müqaviləsi, baqaj daşınması
müqaviləsi. Bununla daşıyıcı, eyni zamanda, ayrı-ayrı iki müxtəlif mülki-hüquqi
müqavilənin subyektinə çevrilir.
Sərnişin də eyni vaxtda ayrı-ayrı iki müxtəlif mülki-hüquqi müqavilənin
tərəfi qismində çıxış edən şəxsdir. Bu o deməkdir ki, daşıyıcı baqaj daşınması
müqaviləsini yalnız onunla sərnişin daşınması müqaviləsi bağlayan şəxslə
bağlayır. Başqa sözlə desək, daşıyıcı o şəxslə baqaj daşınması müqaviləsi
bağlayır ki, həmin şəxsin əlində sərnişin daşınması müqaviləsini rəsmiləşdirən
yol bileti olsun. Yol biletinə malik olmayan şəxslə baqaj daşınması
müqaviləsinin bağlanması istisna edilir.
Baqaj daşınması müqaviləsi baqaj qəbzi ilə rəsmiləşdirilir. Sərnişində
baqaj qəbzinin olması onu göstərir ki, daşıyıcı ilə sərnişin arasında sərnişin
daşınması müqaviləsindən ayrıca olaraq baqaj daşınması müqaviləsi də
bağlanmışdır.
Baqaj qəbzi baqaj daşınması müqaviləsinin sadə yazılı formada
bağlanmasını ifadə edir. Burada müqavilənin əsas şərtləri barədə müəyyən
məlumatlar vardır. Baqaj qəbzi baqajın təhvil verilməsini təsdiq edən daşıma
sənədidir. Bu sənədin olması onu sübüt edir ki, baqaj daşınmaq üçün daşıyıcıya
verilmiş, daşıyıcı isə onu qəbul etmişdir. Baqaj qəbzi həm də baqajın verilməsinə
(alınmasına) əsas verən daşıma sənədidir. Baqaj təyinat yerinə çatdırıldıqda
həmin sənədi (baqaj qəbzini) təqdim edən şəxsə verilir.
Baqaj qəbzi müəyyən rekvizitlərə malik olan sənəddir. Bu
sənəddə
aşağıdakılar göstərilir:
-qəbzin verildiyi yer;
-qəbzin verildiyi gün;
-baqajın göndərilmə yeri;
-baqajın son təyinat yeri;
-daşıyıcının adı, ünvanı;
-gediş biletinin nömrəsi;
-baqajın qəbzi təqdim edən şəxsə verilməsinə aid göstəriş.
Baqaj qəbzi iki nüsxədə tərtib edilir. Nüsxələrdən biri daşıyıcıda qalır və
baqajı müşayiət edir. Digər nüsxə isə sərnişinə verilir. Təyinat yerində sərnişin
həmin qəbzi daşıyıcıya təqdim edir və baqajı alır.
Müddət müqavilənin elementlərindən biridir. Müqavilənin müddəti
dedikdə baqajın təyinat yerinə çatdırıldığı vaxt anı başa düşülür. Bu an isə
sərnişin daşınması müqaviləsinin müddəti ilə bağlıdır.
Qiymət də müqavilənin elementlərindən biri olmaqla baqaj daşınması
üçün alınan haqqı ifadə edir. Baqaj daşınması üçün haqq, bir qayda olaraq,
daşıma sənədi (baqaj qəbzi) verilərkən tutulur.
Müqavilənin predmetini baqajın təyinat yerinə çatdırılması üçün
daşıyıcının sərnişinə göstərdiyi daşıma xidməti təşkil edir.
Müqavilənin obyekti qismində isə baqaj çıxış edir. Baqaj dedikdə daşıyıcı
ilə razılaşma əsasında hava gəmisində daşınan sərnişinin şəxsi əşyaları başa
düşülür.
Bir sıra əşyalar baqaj kimi daşına bilməz və bununla da müqavilənin
obyekti ola bilməz. Həmin əşyaların qrupları Daşıma Qaydaları ilə müəyyən
edilir:1
-odlu və soyuq silahın bütün növləri;
-partlayıcı maddələr və predmetlər;
-balona doldurulmuş (sıxılmış) qaz: məişətdə istifadə edilən qaz;
-tez alışan mayelər;
-alışan maddələr;
-zəhərli maddələr;
-radioaktiv materiallar və s.
Qiymətli əşyalar, pul, qiymətli kağızlar, habelə sənədlər baqaj şəklində
daşınma üçün qəbul edilmir. Sərnişin onları baqaj kimi təhvil verməməli, özü ilə
aparmalıdır.
Çəkisi 5 kiloqramdan çox olan tərəvəz və meyvələr yalnız baqaj kimi
daşınma üçün qəbul edilə bilər. Meyvə və tərəvəz daşınma üçün yararlı olan
tara və qabda təhvil verilir.
Bəzi predmetlər daşınmaq üçün baqaj kimi deyil, yük kimi qəbul edilir.
Bunlar, əsasən, ev-məişət şəraitində istifadə olunan iriqabaritli əşyalardır.
Həmin əşyalara aşağıdakılar aiddir:
-soyuducu;
-paltaryuyan maşınlar;
-tikiş maşınları (ayaqla işləyən);
-motosiklet;
-motoroller;
-velosiped;
-idman və ov qayıqları, onların mühərrikləri;
-avtomobil təkərləri;
-evdə və məişətdə istifadə olunan digər iriqabaritli əşyalar.
Sadalanan predmetlər, bir qayda olaraq, sərnişindən daşınmaq üçün yük
kimi qəbul edilir. Lakin daşıyıcı, əgər mümkün olarsa, həmin predmetləri baqaj
qismində də qəbul edə bilər.
Televizor, maqnitofon və radioqəbuledicilər baqaj şəklində daşınmaq üçün
bir şərtlə qəbul edilir ki, onların qabariti 0,5 x 0,5 x 1,0 m ölçüsündən çox
olmasın. Sadalanan predmetlər baqaj kimi daşınmaq üçün təhvil verildiyi
hallarda ayrıca olaraq qablaşdırılmalıdır. Həmin predmetlərin qabaritləri bu
ölçülərdən çox olduqda, onlar daşınmaq üçün baqaj kimi deyil, yük şəklində
qəbul edilir.
Daşıma Qaydalarına görə, baqaj kimi daşınanəşyalar çemodanlarda,
kisələrdə, torbalarda, zənbillərdə, səbətlərdə və bu kimi başqa taralarda
qablaşdırılmalıdır. Əldə tutub aparmaq üçün onların dəstəyi olmalıdır. Qutu və
səbətlər iplə sarınaraq elə bağlanmalıdır ki, onları aparmaq mümkün olsun.
Qıfıllar yararlı vəziyyətdə və bağlı olmalıdır. Qıfılı və kilidi olmayan
çemodanlar, kisələr, torbalar, çantalar, səbətlər və portfellər xüsusi olaraq
qablaşdırılmalıdır.
Təsərrüfat zənbilində qablaşdırılan əşyalar baqaj kimi daşınmaq üçün
qəbul edilmir. Həmin əşyalar daşıyıcının razılığı ilə yalnız hava gəmisinin
salonunda sərnişinlə birlikdə daşına bilər.
Müqavilə üzrə həm daşıyıcı, həm də sərnişin vəzifə daşıyır. Daşıyıcının əsas
vəzifəsi baqajı vaxtında, salamat şəkildə təyinat məntəqəsinə çatdırmaqdan
ibarətdir.
Daşıyıcı baqajı daşınmaq üçün qəbul edir və baqajın daşınacağı barədə
baqaj qəbzi verir. Daşınmaq üçün qəbul edilən baqaj birka ilə nişanlanır
(markalanır, damğalanır). O, baqaj birkası adlanır. Baqaj birkası dedikdə
baqajın sərnişin tərəfin-dən tanınması (ümumiyyətlə, baqajın tanınması) üçün
daşıyıcı tərəfindən verilən sənəd başa düşülür. Bu sənəddən talon kəsilir (cırılır)
və sərnişinə verilir. Sərnişin həmin talon əsasında öz baqajını tanıyır və təyinat
məntəqəsində onu geri alır.
Baqaj, bir qayda olaraq, sərnişinin yola düşdüyü aeroportda (şəhər
aerovağzalında) daşınmaq üçün qəbul edilir.
Baqaj, adətən, sərnişinin uçduğu hava gəmisi ilə daşınır. Daşıyıcının
borcu və vəzifəsidir ki, sərnişinin baqajını onun özünün getdiyi reyslə göndərsin.
Bunun üçün o, mümkün olan bütün tədbirləri görməlidir. Əgər baqajı sərnişinin
özünün uçduğu reyslə daşımaq mümkün olmazsa, onda daşıyıcı baqajı yaxın
reyslə göndərməlidir. Belə halda, baqaj əlavə olaraq müəyyən edilmiş formada
yoxlamadan keçir.
Sərnişin iri və ağır olmayan, çox yer tutmayan əşyaları daşıyıcıya təhvil
ver-mir, həmin əşyaları əl yükü kimi hava gəmisinin salonunda özü ilə aparır, bir
şərtlə ki, onların çəkisi 5 kiloqramdan artıq olmasın. Məsələn, sərnişin çantanı,
portfeli, «diplomatı» və s. əl yükü kimi özü ilə götürür və baqaj kimi daşıyıcıya
təhvil vermir. Bundan əlavə, müstəsna hallarda, daşınması üçün xüsusi ehtiyat
tədbirləri-nin görülməsi tələb olunan əşyalar da daşıyıcının razılığı ilə əl yükü
kimi daşınır.
Daşıyıcının digər əsas vəzifəsi baqajı, onu almağa hüququ olan şəxsə ver-
məkdən ibarətdir. Daşıyıcı bu vəzifəni baqajı təyinat məntəqəsinə çatdırdığı
zaman icra edir. Sərnişin baqajı almaq üçün baqaj qəbzini və baqaj
birkasından kəsilmiş (cırılmış) talonu təqdim etməlidir. Əgər təqdim etməzsə,
baqaj ona verilmir.
Baqaj qəbzi və talon itirilə bilər. Belə halda da baqaj sərnişinə verilmir.
Bununla bərabər, əgər sərnişin baqajın ona məxsus olmasını kifayət qədər əsaslı
və tutarlı sübutlarla təsdiqləsə, yəni onun baqajı almaq hüququnun olmasını
təsdiqləyən sübutlar təqdim etsə, o, baqajı ala bilər. Bunun üçün müvafiq akt
tərtib edilir və baqaj həmin akt əsasında sərnişinə verilir.
Baqaj əskik gəldiyi (çatışmadığı) və ya zədələndiyi hallarda aeroport
müəyyənləşdirilmiş formada kommersiya aktı tərtib edir. Aktın bir nüsxəsi
sərnişinə verilir. Bu akt əsasında sərnişin daşıyıcıya müvafiq tələb irəli sürür.
Bəzi hallarda baqaj təyinat yerinin aeroportuna çatdırıldıqda məlum olur
ki, baqajın birkası yoxdur və onun sahibi müəyyən deyil. Buna «sənədsiz baqaj»
deyilir. Bu cür baqajın sahibi axtarılır. Lakin axtarış müddəti altı aydan çox
olmamalıdır. Göstərilən müddət ötüb keçdikdən sonra «sənədsiz baqaj» satılır.
Eyni zamanda, axtarışın nəticəsində «sənədsiz baqaj»ın sahibi müəyyənləş-
dirilə bilər. Belə halda, təyinat yerinin aeroportu baqajın gəlməsi barədə onun
sahibinə yazılı məlumat verir. Baqaj haqqında məlumat verildiyi gündən baqaj
aeroportda 30 gün ərzində saxlanılır. Bu müddət ötüb keçdikdən sonra baqaj
«tələb edilməyən baqaj» sayılır və satılır. Satış ticarət təşkilatı vasitəsilə həyata
keçirilir.
Sərnişinin əsas vəzifəsi baqajın daşınma haqqını ödəməkdən ibarətdir. O,
yalnız təyin edilmiş normadan artıq baqaj təhvil verdikdə bu vəzifəni daşıyır.
Həmin normadan az baqaj verdikdə, sərnişinin üzərinə baqaj daşınması haqqını
ödəmək vəzifəsi qoyulmur. Belə halda, baqaj pulsuz daşınır. Baqajın pulsuz
daşınma norması isə Daşıma Qaydaları ilə müəyyən edilir.
Baqajın pulsuz daşınması norması hava gəmisinin tipindən asılı olaraq
müəyyənləşdirilir. Məsələn, sərnişin TU-154 və İL-86 təyyarələrində çəkisi 20
kiloqramdan az, AN-2 və L-410 təyyarələrində çəkisi 10 kiloqramdan az, 1-ci
dərəcəli salonu olan təyyarələrdə isə çəkisi 30 kiloqramdan az olan əşyaları
pulsuz apara bilər.
Göstərilən norma əsasında baqajın pulsuz aparılması hüququndan
yetkinlik yaşına çatmış hər bir şəxs istifadə edə bilər. Bu cür hüquqa uşaq bileti
olan, yetkinlik yaşına çatmayan şəxs də malikdir.
Sərnişin apardığı bütün əşyaları çəkilmək üçün təqdim etməlidir. Lakin o,
aşağıdakı predmetləri çəkilmə üçün verməyə borclu deyildir:
-qadın çantası;
-uçuş zamanı uşağı yedizdirmək üçün lazım olan qida məhsulları;
-çətir;
-əl ağacı;
-əlil araba-kreslosu.
Sərnişinin vəzifəsidir ki, o, hava gəmisinin salonunda özü ilə apardığı
əşyaların (əl yükünün) salamatlığını təmin etsin. Bunun üçün sərnişin müvafiq
tədbirlər görməlidir. Daşıyıcı əl yükünün salamat saxlanması üçün məsuliyyət
daşımır. Reysdə fasilə yaranan kimi (məsələn, hava gəmisinin gecə dayanacaqda
olması zamanı, hava gəmisi uzun müddət yubandığı hallarda və s.) sərnişin
salondakı əşyanı götürməlidir.
Sərnişin təyinat yerinin aeroportunda baqajı qəbul etməlidir. Əgər o,
baqajı almazsa, onda baqaj 30 gün müddətinə saxlanılır və bu müddət ötdükdən
sonra baqaj müvafiq qaydada satış üçün ticarət təşkilatlarına verilir.
Baqaj qismində tez korlanan (tez xarab olan) məhsullar olarsa və sərnişin
həmin məhsulları dərhal almazsa, bu zaman onların xarab olması üçün təhlükə
yaranarsa, onda göstərilən məhsullar ticarət təşkilatlarına verilir və bu
təşkilatların vasitəsilə satılır. Həmin məhsullar satış üçün yaramadıqda onlar
müəyyən edilmiş qaydada məhv edilir.
Sərnişin, bəzən, baqaj satıldıqdan sonra gəlib çıxa bilər. Belə olan halda
münasibətlər necə qaydaya salınmalıdır? Daşıma Qaydalarında bu məsələnin
həlli yollarını göstərən müvafiq normalar nəzərdə tutulmuşdur. Həmin normaya
görə, baqajın satışından əldə edilən pul məbləğindən daşıyıcıya çatası haqqın
məbləği çıxılır, yəni satış pulunun hesabına daşıyıcıya çatası haqq (daşıma
haqqı) ödənilir. Qalıq isə sərnişinin özünə verilir. Bunun üçün iki şərtə əməl
edilməsi tələb olunur. Birinci şərtə görə, sərnişin baqaj qəbzini təqdim etməlidir.
Baqaj qəbzi təqdim olunmazsa, satış pulu verilmir. İkinci şərtə görə, altı aylıq
müddət keçməməlidir. Sərnişin yalnız altı ay ərzində satış pulunu geri ala bilər.
Altı ay keçdikdən sonra o, satış pulunun verilməsi barədə heç bir tələb irəli sürə
bilməz.
Baqaj daşınması müqaviləsinin iki növü fərqləndirilir:
-adi (müntəzəm) baqaj daşınması müqaviləsi;
-çarter formasında (qeyri-müntəzəm) baqaj daşınması müqaviləsi.
Baqaj müntəzəm surətdə müəyyənləşdirilən hava xətləri (müntəzəm hava
xətləri) ilə daşındıqda adi baqaj daşınması müqaviləsi bağlanılır. Belə hallarda
baqaj cədvəl üzrə hərəkət edən hava gəmilərində daşınır.
Çarter formasında baqaj daşınması müqaviləsinə gəldikdə isə, qeyd etmək
lazımdır ki, bu müqavilə baqajın sifarişli reyslərlə, qeyri-müntəzəm hava xətləri
ilə, habelə cədvəl üzrə hərəkət etməyən hava gəmiləri ilə daşınmasını nəzərdə
tutur. Bu növ müqavilə anlayışına Azərbaycan Respublikasının aviasiya
qanunvericiliyində toxunulur: çarter müqaviləsi üzrə bir tərəf (kirəverən)
baqaj daşımaq üçün bir hava gəmisinin və ya bir neçə hava gəmisinin
tutumunu haqqı ödənilməklə, tamamilə və ya qismən bir və ya bir neçə reys üçün
digər tərəfə (kirəçiyə ) verməyi öhdəsinə götürür.
Müqavilədə aşağıdakılar göstərilir:
-tərəflərin adı;
-hava gəmisinin tipi;
-baqajın miqdarı;
-kirə haqqının məbləği;
-hava gəmisinin yoladüşmə yeri və vaxtı;
-hava gəmisinin təyinat yeri.
Dostları ilə paylaş: |