Pedaqoji ünsiyyətin özünəməxsus funksiyaları vardır:
İnformasiya funksiyası ̶ tədris-metodiki, axtarıcılıq, elmi-tədqiqat, həyati informasiyanın verilməsini həyata keçirir. Bu funksiyanın reallaşdırılması qazanılmış həyati təcrübənin ötürülməsini, şəxsiyyətin cəmiyyətin maddi və mənəvi dəyərlərinə qovuşmasını təmin edir. Müəllim təlim prosesində şagirdlər üçün elmin müəyyən sahəsi, ədəbiyyat, incəsənət və ya praktik fəaliyyət sahəsinə aid əsas mənbələrdən biridir.
Tərbiyəedici funksiya. Pedaqoji ünsiyyətin bu forması müəllimin fəaliyyətində əsas yer tutur. O, şagirdləri mənəvi dəyərlərlə, ünsiyyət mədəniyyəti ilə tanış edir.
İnsanların bir-birini tanıması. Pedaqoq, hər bir şagirdin fiziki xüsusiyyətlərini, intellektual, emosional və əxlaqi inkişafını, təlimə və əməyə motivasiya səviyyəsini, insanlara və özünə münasibətini dərindən bilməlidir. Həmçinin, şagirdlər üçün də müəllimin kimliyi, necə insan olduğu, onlara münasibəti, ünsiyyət mədəniyyətinin səviyyəsi maraqlı olur. Haqqında bəhs edilən funksiya məhz bu məsələləri əhatə edir.