Dərs zamanı pedaqoji takt.
Müəllimin pedaqoji taktı dərsin bütün mərhələlərində əhəmiyyətlidir. Şagirdlərin biliklərinin yoxlanılması və qiymətləndirilməsi zamanı isə ona xüsusi fikir verilməlidir. Bu prosesdə müəllimin pedaqoji taktı şagirdin cavabını diqqətlə dinləməkdə: cavabın məzmunu və formasına fikir vermək, müəyyən çətinliklər zamanı təmkin göstərməkdə təzahür edir. Şagirdlərin hamısı onları diqqətlə, hörmətlə dinləyən müəllimlərə daha çox cavab vermək istəyir. Müəllim cavabı dinləyərkən gülərüz olmalı, deyilənə reaksiya verməli, düzgün müddəaları başı ilə təsdiq etməlidir.
Bilikləri qiymətləndirmək zamanı müəllimin pedaqoji taktına xüsusi ehtiyac olur.
Şagird niyə, həm də obyektiv, haqlı olaraq, aşağı qiymət aldığının, səbəbini mütləq bilməlidir. Həm də müəllim bu səbəbləri aradan qaldırmağa şagirdin gücü çatacağını nikbinliklə, şagirddə olan potensial mkanlara əsaslandırmaqla onu inandırmalıdır.
Pedaqoji takt müəllimin tərbiyə vasitələrindən istifadəsi zamanı da üzə çıxır. Müəllim tərbiyə metodlarından ustalıqla, həssaslıq və incəliklə istifadə etməlidir. Münasibətdə həddi gözləməmək əks nəticələr verə bilir: həddən artıq tələbkarlıq ̶ saymazlığa, həddən artıq ehtiram ̶ kobudluğa aparıb çıxara bilər.
Beləliklə, pedaqoji takt-müəllimin şagirdə pedaqoji baxımdan məqsədəuyğun təsiri, uğurla nəticələnəcək ünsiyyət qurmaq bacarığıdır.
Pedaqoji takt, pedaqoji ustalıqla birgə tərbiyə olunur, qazanılır. Bunun üçün müəllimin öz üzərində müntəzəm, gərgin əməyi, xüsusi ünsiyyət bacarıqlarına yiyələnməsi, həmçinin uşaqların yaş və psixoloji, fərdi xüsuiyyətlərini öyrənməsi zəruridir.
Dostları ilə paylaş: |