Multikulturalizmə giriş fənninin predmeti və vəzifələri


§ 6. Dinin siyasiləşdirilməsinin millətlərarası münasibətlərə radikal təsiri



Yüklə 141,25 Kb.
səhifə9/11
tarix20.11.2022
ölçüsü141,25 Kb.
#119732
1   2   3   4   5   6   7   8   9   10   11
Multikulturalizm

§ 6. Dinin siyasiləşdirilməsinin millətlərarası münasibətlərə radikal təsiri
Bəşər tarixinə nəzər yetirərkən imperialist dövlətlərin işğalçılıq və güc siyasətində meydana gəlmiş dünya dinlərinin də böyük rolunun olduğunu görürük. Bu imperialist dövlətlər içərisində bizim yaşadığımız coğrafi əraziyə ən çox müdaxilə edən və işğalçılıq siyasəti zəminində xristianlıq təəssübkeşliyi siyasətindən istifadə etməklə geniş ərazilərə hakim olan Çar Rusiyası olmuşdur.
Rusiyanın xarici siyasət xəttinin hazırlanmasında və formalaşmasında qatı şovinist olan və əsasən müsəlman ölkələrini parçalayaraq onu zorla işğal etmək planı I Pyotra məxsusdur. Çar Rusiyasının bütün dövrlərdəki işğalçılıq siyasətində I Pyotrin “üç nöqtə planı” əsas götürülmüşdü. Onun şovinist planında Azərbaycan torpaqlarını zor gücünə işğal edərkən xristian ermənilərdən istifadə etmək nəzərdə tutulurdu.
I Pyotrin riyakar siyasəti 1725-ci ildə yazdığı vəsiyyətnamədə öz əksini tapmışdır. Bu vəsiyyətnamə əsasən müsəlman olan Şərq ölkələrinin işğal edilməsinin hərbi-strateji planı idi. Həmin “Vəsiyyətnamə”də yazılmışdır: “...Hindistanın açarı Osmanlı Türkiyəsinin paytaxtıdır”... “Vəsiyyətnamə”nin 9-cu bəndində yazılmışdır: “Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və yerli-yerində İstanbulun qərb torpaqlarına sahib olmaq lazımdır. Əlbəttə, İstanbula sahib olan şah dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçünhəmişə Türkiyə ilə İran arasında ədalət yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Türkiyə ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-birilə dil tapa bilməsinlər. Həm İran, həm də Türkiyəyə Avropa xalqları ilə təmas tapmağa imkan verməmək. Əgər bu ölkələrin müsəlmanları göz açıb nüfuzlarını dansalar, o bizə böyük zərbə olar. Həm Türkiyə, həm də İranın din xadimlərini ələ almaq və onlar vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq lazımdır”.
I Pyotrun qeyd olunan “Vəsiyyəti” bir daha göstərir ki, Rusiya dövləti sosial-siyasi quruluşundan asılı olmayaraq bütün tarixi dvrlərdə xristian dinini siyasiləşdirməkdən istifadə etmişlər. Rus hökmdarlarının xristianlaşdırma siyasətindən isə ermənilər kifayət qədər istifadə etmiş və yenə də davam etməkdədirlər. Artıq onlar özləri də başa düşürlər ki, onlara Azərbaycanın İrəvan xanlığı ərazisində Erməni dövləti yaradan Rusiyaya arxa çevirmək olmaz. Əks halda onsuz da Erməni dövləti Rusiyanın xristian himayəsi olmadan vətəndaşsız qala bilər.
Təbii ki, Rusiyanın ermənilərdən faydalanmaq marağı da vardır. Elə bu məqsədlə hələ I Nikolay Eçmiədzin patriarxını Osmanlı və İran ermənilərini öz himayəsinə çevirməyə, onun vasitəsilə bütün erməniləri öz hakimiyyəti altına almağa çalışmışdı.
Sünni-şiə məzhəblərini bir-birinə qarşı qoymaq siyasəti Çar Rusiyası tərəfindən xalqların azadlıq hərəkatın boğmaq üçün XX əsrin əvvəllərində də tətbiq etmişdir. Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra da xristian ermənilərə bir çox səlahiyyətlər verilmişdir. Müsəlmanların qatı düşməni olan Stepan Şaumyan Bakı Sovetinin sədri təyin edildikdən sonra bu qırğınlar daha şiddətlənmişdi. 1918-ci il mart ayının 14-də S.Şaumyanın əmri ilə erməni Əmiryanın (Əmirovun) komandanlığı altında Şamaxıya, Salyana, Hacıqabula, Müğan və Lənkərana əsasən erməni və ruslardan ibarət olan silahlı dəstələr göndərmişdilər. Demək olar ki, yalan bəhanələr uyduraraq minlərlə azəri türklərini qətlə yetirmişlər. 1918-ci ilin mart ayının 30-da isə erməni daşnakları Azərbaycanın hər yerində kütləvi qırğınlar törətdilər. Bu qırğınlar əslində Leninin razılığı ilə baş vermişdir.
Əlbəttə, bütün bunlar haqqında tarix dərsliklərində Azərbaycan müstəqillik əldə etdikdən sonra məlumat verilmişdir. Ona qədər isə Şaumyan və onun ətrafındakı erməni daşnak və rus bolşevikləri qəhrəmanlaşdırılmışdı. Rus kommunist rejimi də dinlərin icra edilməsinə qadağalar qoysalar da xristian təəssübkeşliyindən uzaqlaşa bilməmişdilər.
“1918-ci ildə erməni silahlı qüvvləri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi, Gəncə quberniyasında 272 yaşayış məntəqəsi, Zəngəzurda 115, Qarabağda 15, İrəvan quberniyasında 211, İrəvan qəzasında 32, Yeni Bəyaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə müsəlman əhalisi qırılmış, öz etnik ərazlərindən qaçqın düşmüşlər.
1918-ci ilin sonlarında daşnaklar Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 7 kəndi odlayıb viran qoymuş, onların sakinlərini öldürmüş, sağ qalanlar öz doğma ocaqlarından, yurd-yuvasından didərgin salınmışdı”1.
Təbii ki, bu prosesin əsas təşkilatçıları da Rus imperiyasının şovinist hakimiyyət nümayəndələri olmuşdur. Mixayıl Qorbaçovun 1990-cı ilin yanvar ayının 20-də Bakı şəhərində ağır hərbi texnika ilə törətdiyi qırğınlar da əvvəllər müsəlman azərbaycanlılara qarşı törədilən qırğınların davamı olmuşdur. Əslində 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsini qızışdıranların əsas simalarından biri də Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov olmuşdur. Məhz, 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı hadisələrinin törədilməsi prosesində də azğınlaşmış ermənilər rus ordusunun gücündən istifadə etmişlər. 366-cı Rus motoatıcı alayının komandiri Zaviqarov Xatın müsibətindən də qat-qat dəhşətli olan bu qırğına şəxsən rəhbərlik etmişdir. Moskva hakimiyyəti ona Qarabağda törətdiyi qırğınlara görə ona general-mayor rütbəsi vermişdir. Məhz, onun iştirakı ilə 7 min nəfərdən çox əhalisi olan Xocalı şəhəri yerlə yeksan edilmiş, 613 nəfər dinc əhali insanlığa sığmayan vəhşiliklə öldürülmüşdür. Xocalının 487 nəfər sakini ağır işgəncələrə məruz qalaraq şikəst olmuşlar. Eyni zamanda 1275 nəfər müxtəlif yaş qrupunda olan qocalar, qadınlar, uşaqlar əsir götürülmüş, onlar müxtəlif yerlərə aparılaraq təhqirlərə və müsibətlərə məruz qalmışlar.
Qəribədir ki, Azərbaycan xalqına ermənilər tərəfindən törədilən soyqırım faciəsi indi də xristian ölkələrində yerləşən beynəlxalq təşkilatlar tərəfindən ittiham olunmamışdır. Azərbaycan hakimiyyəti tərəfindən rəsmi müraciətlər olsa da bu təşkilatlar sanki Ermənistanın dəhşətli cinayətinə əsaslı bir qərar qəbul etməmişdilər. ATƏT-in laqeyid münasibətləri nəticəsində təcavüzkar dövlət öz adı ilə çağrılmışdı. Əksinə olaraq xristian təəssübkeşliyi və erməni lobbisinin təsiri nəticəsində ABŞ senatoru C.Kerrinin təklifi əsasında ABŞ Konqresi Azərbaycan Respublikasına qarşı yönəldilən 907 saylı düzəlişi təsdiqləmişlər. Bu sənəd 1992-ci ildə, yəni Xocalı soyqırımı törədildiyi zaman ABŞ prezidenti ata C.Buş tərəfindən təsdiq edilmişdir.
Bütün bunlar özünü demokratiyanın beşiyi adlandırılan Amerika Birləşmiş Ştatlarının Ali Hakimiyyətində baş vermişdir. Həmişə güclü dövlətlərin təzyiqi ilə üzləşən Azərbaycan Respublikasının hakimiyyəti dilindən, dinindən, etnik mənsubiyyətindən, sayından asılı olmayaraq bütün azsaylı xalqlara tolerant ənənələr zəminində hörmətlə yanaşır. Hətta Ermənistan ordusu ilə apardığı müharibədə böyük qalibiyyət əldə etməsinə baxmayaraq, Azərbaycan ordusu Ermənistanın mülki vətəndaşlarına bir güllə də atmadı. Erməni ordusu isə müharibə gedən ərazilərdən çox uzaqda yerləşən şəhər və kəndlərimizi raket atəşinə tutdular. Bu qanunsuz atışmalar nəticəsində xeyli dinc sakinlərimiz həlak oldu.
Müasir dövrdə dünyada baş verən elmi-texniki nailiyyətlər və onların dünya miqyasında qloballaşması insanların dünyagörüşünə təsir etdiyi kimi dünya dinlərinin özü də müəyyən modernləşməyə səbəb olmuşdur. Dini şüurun mühafizəkar xarakterə malik olmasına baxmayaraq texnoloji və iqtisadi proseslərin qloballaşması dövlətlərarası münasibətlərə də öz təsirini göstər­miş­dir. Bu proseslərdə müəyyən ziddiyyətlər olsa da dinlərarası münasibətdə tanrıya tapınmaq duyğuları müəyyən dərəcədə tolerantlıq da yaratmışdır. Buna görə də Allahın varlığına inam hissi irqindən, milliyyətindən asılı olmayaraq insanları bir-birinə yaxınlaşdırır, hər şeyin Allah tərəfindən yaradılması anlamına malik olan dinlər insanlar arasında vahidlik əlaqəsi formalaşdırır. Bunun da nəticəsində ümumbəşəri əxlaq normaları yaranır.
Ümumiyyətlə, müxtəlif siyasi baxışlar dinə müdaxilə etmədikdə o, sabitliyini qoruyub saxlayır, özünün etiqad və mərasimləri vasitəsilə insanları vahid bir əqidə ətrafında birləşdirir. Onu da qeyd etmək lazımdır ki, bu proses yalnız sabitliyi qorunub saxlayan ölkələrdə baş verir. Məsələn, Azərbaycanda sabitliyin qorunub saxlanılması burada iudaizm, xristianlıq və islam kimi monoteist dinlərin birgə fəaliyyət göstərməsinə şərait yaradır. Dövlət səviyyəsində onların hər birinin etiqad və mərasimlərinin qanun çərçivəsində keçirilməsinə hörmətlə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan “Bakı Prosesi” platforması özünün təşkil etdiyi beynəlxalq miqyaslı tədbirlər vasitəsilə bütün dünya xalqlarının dini, milli, etnik həmrəyliyinin yaradılmasına istiqamətləndirilir.
Lakin, bəşəriyyət sosial, mədəni, elmi tərəqqiyə kifayət qədər yiyələnsə də bəzi ölkələrdə dinin siyasiləşdirilməsi, milli eqoizmin dağıdıcı vasitələrə çevrilməsi kimi müəyyən faktlar da mövcuddur. Məsələn, Azərbaycana düşmən olan Ermənistanın kəşfiyyat orqanları nəinki xristian dini icmalarından, eyni zamanda qeyri-leqal fəaliyyət göstərən müsəlman dini təşkilatlarından da ölkəmizə qarşı təxribat törətmək üçün istifadə etməyə çalışmışdır. 1980-ci illərin axırı, 1990-cı illərin əvvəllərində Ermənistan kəşfiyyatı İranda mövcud olan “Sərkiz” kilsəsinin əməkdaşlarından istifadə edərək fars millətçiləri tərəfindən yaradılan və İranda qeyri-leqal fəaliyyət göstərən “Sufyan”, “Möminə”, “Birlik” və “Dirlik” kimi dini cərəyanları ələ almağı bacarmışdır. Təəssüflər olsun ki, həm dininə, həm də etnik-milli xüsusiyyətlərinə görə bizə çox yaxın olan İran kimi qardaş ölkədə adları göstərilən təşkilatlar erməni kəşfiyyatının təsiri altına düşərək Azərbaycana qarşı təxribat işləri aparmışlar. Livan mənşəli Zore Azkaveryan bu təşkilatların rəhbərlərini müxtəlif vasitələrlə şirnikləndirərək onları ələ almağa nail olmuşdur. Həmin təşkilatlar Ermənistandakı “Güclü xaç” cəmiyyətinin sifarişlərini yerinə yetirərək Azərbaycan ərazisinə 4000 nüsxə təxribat xarakterli vərəqələr ötürmüşlər. Bu işi həyata keçirərkən Ermənistan Demokratik Partiyasının lideri olmuş Aram Sarkisyan xüsusi fəallıq göstərmişdir. Eyni zamanda “Sərkis” kilsəsinin ideoloqlarından biri olan Ordak Mallukyan İrandakı bəzi fars şovinistlərini də azərbaycanlılara qarşı qoya bilmişdi. Təəssüflər olsun ki, bu proses indi də davam etməkdədir.
Ümumiyyətlə, erməni Qriqoryan kilsəsi tarixin bütün dövrlərində öz fəaliyyətini siyasi maraqlar əsasında həyata keçirmiş, saxta xristian təəssüb­keşliyi ideyaları uydurmaqla özgə torpaqlara sahib olmağa çalışmışdır. Bu məqsədlə ən çox xristian rus hakimiyyətindən istifadə etmiş, müxtəlif vasitələrlə rus hökmdarlarını ələ keçirməyi bacarmışlar. Onlar Şimali Azərbaycanın rus imperiyası tərəfindən işğal edilməsindən istifadə edərək I Nikolayı ən iyrənc vasitələrlə razı salaraq, 1836-cı ildə Alban katalikosluğunu ləğv etdirərək, erməni Qriqoryan kilsəsinin tabeliyinə keçirmişlər. Hətta, Alban xristian kilsəsinin arxiv sənədlərini və bütün əmlakını da ələ keçirmişlər. Əsas məqsəd isə Qafqaz Albaniyasının ən qədim sakinlərindən biri olan udinləri erməniləşdirmək siyasətindən ibarət olmuşdur. Udinlərin soyadlarını erməniləşdirsələr də onların dillərini, adət və ənənələrini dəyişdirə bilməmişlər.
Maraqlı cəhət odur ki, bütün monoteist dinlərdə olduğu kimi xristian erməni kilsəsi də Allahın varlığına sitayiş edir. Dindar ermənilər də əllərini tanrıya doğru uzadıb, sinələrində xaç əlaməti nümayiş elətdirirlər. Lakin, etdikləri dini ibadətə uyğun gəlməyən vəhşilikləri, qəddarlıqları görəndə Alman psixiatr-filosofu Fridrix Nitşenin dediyi bir fikir yada düşür. O, deyirdi: “Boğaza qədər çirkab içində olan sizlər əlinizi göylərə açıb səmadan mərhəmət diləyirsiniz. Hanı elə bir şimşək ki, xislətinizdəki naqisliyi yandırıb külə döndərsin, ruhunuzu isə nura bələsin”.
Milli eqoizm radikal siyasətlə birləşəndə dağıdıcı xarakterin formalaşmasına səbəb olur və bunun da nəticəsində münaqişələr və müharibələr baş verir. Belə hallarda siyasətçilər mənsub olduqları dini də öz arzu və istəklərinə uyğunlaşdırırlar. Beləliklə də fərdi, eqoist cəhətlər dini şüurun özündə də bir radikallaşma əmələ gətirir. Elə bu xüsusiyyətləri nəzərə alaraq alman-amerikan filosofu Erix Fromm qeyd etmişdir ki, “müasir sivilizasiya insanların fərdi, eqoist cəhdləri ucbatından məhv olacaqdır”. From acgözlüyün və milli eqoizmin böyük müharibələrə aparıb çıxaracağını bildirirdi.
Məhz, Ermənistan və onun müqəddəs saydığı Qriqoryan kilsəsi milli eqoizmin və dini radikalizmin təsiri altında olduqlarına görə türklərə və azərbaycanlılara qarşı düşmənçilik fəaliyyətindən uzaqlaşa bilmirlər. Çünki onların psixoloji durumunda yaranan radikalizm dövlət tərəfindən idarə olunur və erməni təfəkküründə başqa millətlərə qarşı eqoizm və düşmənçilik duyğuları formalaşdırır. Bu cəhət bütövlükdə erməni xalqının şüurunu radikal millətçilik həddinə çatdırır. Elə buna görə də hal-hazırda erməni millətçiliyi irqi simvolikaya çevrilmişdir.
Vaxtilə alman faşist millətçiliyi nəticəsində ikinci dünya müharibəsi meydana gəlmişdir. Lakin alman faşistləri işğal etdikləri ərazilərdə yaşayan uşaqları, qadınları və qocaları qırmırdılar, onları alman dövlətinə tabe etməklə kifayətlənirdilər. Erməni faşistləri isə işğal etdikləri Azərbaycan ərazisində hərbi fəaliyyətlə heç bir əlaqəsi olmayan insanları işgəncə ilə qırdılar və XX əsrin ən dəhşətli soyqırımı törətdilər. Xristian erməni şovinizminin təmsilçisi Zori Balayan isə Xocalı soyqırımını törətdikdən sonra kilsəyə girib cinayətlərinə bəraət qazandırmaq üçün tanrıya dua etdi. Əslində isə Zori Balayanlar kimi qəddarlıqla günahsız insanları qətlə yetirən xristian təmsilçiləri elə bu dinin özünün nüfuzuna zərbə vururlar. Təəssüflər olsun ki, xristian Qərb ölkələrində erməni vandalizminə, onların faşist hərəkətlərinə adi sözlə də olsa konkret münasibət bildirən bir ölkə olmadı.
Əslində bu xarakterik xüsusiyyət dünya miqyasında Xristian dininin siyasiləşdirilməsi və himayəedici cəhətləri kimi qiymətləndirilməlidir. Əgər bu kütləvi qırğın müsəlmanlar tərəfindən xristian ölkəsinə qarşı törədilsəydi, bir hərbi kualisiya yaradıb həmin müsəlman ölkəsini yer üzərindən silərdilər.
Təəssüflər olsun ki, xristian dininə aid olan müqəddəs kitablarda İusis Xristosun humanizminə dair çoxlu misallar göstərildiyi halda, indi xristianlıq hətta özünün ilahi mahiyyətindən, məzmunundan və missiyasından uzaqlaşaraq siyasi-ideoloji xarakter daşıyan bir din təsiri bağışlayır. Əgər belə olmasaydı Rusiya, Fransa və başqa böyük xristian dövlətləri ermənilərin törətdikləri vəhşilikləri himayə etməzdi, onları silahla, ərzaqla təchiz edib Azərbaycan xalqına qarşı yönəltməzdilər.
Mən bu ifadələrlə əslində xristianlığı yox, onu siyasiləşdirib şovinist ideyalara qarışdıranları qınayıram. Belə ki, İsa peyğəmbərin bütün fikirlərində insansevərlik və ilahi qanunlara əməl etmək ideyaları ifadə olunmuşdur. Müqəddəs kitabda İsa peyğəmbər insanlar arasında sülhü qoyub getdiyini bildirmişdir. O, demişdir ki, “Aranızda sülh qoyub gedirəm; sizə öz sülhümü verirəm. Mən sizə dünyanın verdiyi kimi vermirəm. ürəyiniz narahat olmasın və qorxmayın”.
Qeyd etmək lazımdır ki, bütün monoteist dinlərdə insanlar arasında əxlaqi münasibətləri tənzimləmək üçün “Öldürmə”, “Başqasını sev” və s. kimi dünyavi mahiyyət kəsb edən nəsihətlər mövcuddur. Təəssüflər olsun ki, millətçi xarakter daşıyan hakim ideologiyasının təsiri altına düşmüş bəzi din xadimləri günahsız insanların kütləvi şəkildə qırğınına “Amin” demişlər. Elə indi də eyni dili, eyni adət və ənənələri olan ərəb ölkələrində Allahın “nəzarətindən” çıxmış bir-birinə düşmən kəsilən insan qrupları “Allahi əkbər” deyərək, qırğınlar törədirlər, şəhərlər və müxtəlif ərazilər xarabalıqlara çevrilir. İmperialist xristian dövlətlərinin fitnələrinə aldanmış bu bədbəxt insanlar əslində öz dünyalarını dağıdıb özlərinə məhrumiyyətlər yaradırlar. “Allahi əkbər” deyib, bir-birini həyatdan məhrum edən bu insanlar Allahın adına da ləkə vururlar. Halbuki, “İslam heç bir təqdirdə öz ardıcıllarına kefləri istədikləri kimi hərəkət etməyə haqq vermir və tələb edir ki, müsəlmanlar Allahın xəlq etdiyi bütün şeylərə - heyvanlara, bitkilərə, qeyri-üzvi maddələrə, ən ümdəsi isə insanlara münasibətdə yaxşı rəftar etsinlər, onları nahaq yerə tələf etməsinlər”.
Dinlərdə bir-birinə zidd olan cərəyan və təriqətlər də müəyyən tarixi dövrlərdə qarşıdurmalar yaratmışdır. Məsələn, İslam dinində Sünnülük və şiyəlik cərəyanlarının toqquşmaları baş vermişdir. Xristianlıq 1054-cü ildə Romanın Qərb və Şərq hissələrə bölünməsi nəticəsində provaslav və katolik kilsələrinə bölünmüşdür. 1517-ci ildə alman Marten Lüterin rəhbərliyi altında katolik kilsəsinə 95 maddədən ibarət olan “protest” elan edilmiş və bunun da nəticəsində Protestantizm cərəyanı meydana gəlmişdir. Ümumiyyətlə, Xristianlıqda 72 məshəb və təriqət yaranmışdır.
İslam dinində 73, İudaizmdə isə 71 məshəb və təriqət mövcuddur.
Hazırda iudaizm yalnız dünya ölkələrində yaşayan yəhudilər arasında yayılmışdır. Bu dinin cərəyanlarında şovinizm ideologiyası da nəzərə çarpır. Xüsusilə bu dində sionizm meydana gəldikdən sonra onda şovinizm elementləri daha da aktivləşmişdir. Həmin cərəyana görə yəhudilər “Allahın seşilmiş xalqı” hesab edilir. Başqa dinlərdən fərqli olaraq iudaizmdə dini təəssübkeşlik hissləri dünyanın harasında yaşamasından asılı olmayaraq bütün yəhudiləri birləşdirir, onların həmrəyliyinə zəmin yaradır. Bəlkə elə bu həmrəyliyin pozulmamasına görə iudaizm dini yalnız yəhudi millətinə mənsubdur. Lakin iudaizmə etiqad edən yəhudilər dünyanın bəzi ölkələrində işgəncə və təzyiqlərə məruz qalmışlar. Hətta Almaniyada Adolf Hitlerin hakimiyyəti dövründə onlara qarşı kütləvi qırğınlar tətbiq edilmişdir.
Azərbaycanda hələ çox qədim dövrdə məskunlaşan dağ yəhudiləri heç bir təzyiqə məruz qalmadan öz iudaist etiqadlarını indi də sinaqoqlarda azad şəkildə davam etdirirdilər. Onların ən sıx məskunlaşdığı yer Quba rayonunun “Qafqazın Yerusəlimi” adlanan “Qırmızı” qəsəbədir.
Alimlərin apardıqları tədqiqatlara görə “Dağ yəhudiləri e.ə.721-ci ildə Assuriya çarı II Sarqonun əsir götürdüyü və digər tayfalarla qaynayıb-qarışaraq assimilyasiyaya məruz qaldığı on yəhudi qolunun nəslindəndirlər”. Bəzi fikirlərə görə isə Dağ yəhudiləri icması İrandan Qafqaz regionuna miqrasiya etmişlər. Onlar Oğuz, Şəki, Gəncə, Şamaxı rayonlarında və Bakı şəhərində də məskunlaşmışlar. Hal-hazırda adları çəkilən ərazilərdə altı sinaqoq və yəhudilərə məxsus olan ibadət yerləri fəaliyyət göstərir.
Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan ərazisi hələ qədim dövrlərdən üzü bəri başqa dövlətlərin amansız təzyiqlərinə məruz qalmış insanların sığınacağına çevrilmişdir. Yerli əhali tolerantlıq nümayiş etdirərək onları hörmətlə qarşılamışdır. Bu tolerant münasibətlərdən ermənilər daha çox bəhrələnmişlər. Onlar bu cənnətməkanın çox hissəsini tədricən işğal edərək özlərinin faşist rejimli dövlətini yaratmışlar. Özlərinə saxta tarix uydurmaq üçün isə işğal etdikləri ərazilərdə Azərbaycan xalqına məxsus olan bütün tarixi-mədəni abidələri, müsəlmanlara məxsus olan qəbiristanlıqları vandalistcəsinə yer üzündən silmişlər. Erməni katolik kilsəsinin rəhbərlərinin şəxsən iştirakı ilə işğal olunan ərazilərdəki bütün məscidlər dağıdılmışdır. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən erməni kilsəsi isə dağılmasın deyə yenidən Azərbaycan dövləti tərəfindən bərpa edilmişdir. Həmin kilsədə ermənilərin ibadət etmələri üçün dövlət səviyyəsində humanistlik nümayiş etdirilərək heç bir qadağa qoyulmamışdır.
Qeyd etmək lazımdır ki, indi də Azərbaycanda 30 minə qədər erməni mənşəli insanlar yaşayır. Ermənistanın işğal edərək dövlət yaratdığı ərazidə isə bir hnəfər də azərbaycanlı qalmayıb. Azərbaycanlıların böyük bir hissəsi hələ sovet hakimiyyəti illərində deportasiyaya məruz qalmış, yerdə qalanları isə canlarını erməni faşistlərinin törətdikləri qırğınlardan xilas etmək üçün qaçıb Bakıya və ölkəmizin başqa ərazilərinə gəlmişlər.
Ümumiyyətlə, Azərbaycan Dövlətinin siyasi fəaliyyətində Azərbaycançılıq ideologiyası ilə yanaşı tolerantlıq siyasəti də xüsusi yer tutur. Elə bu səbəbdən də hələ 1999-cu ilin 16 noyabr tarixi ümummilli liderimiz Heydər Əliyev tərəfindən Beynəlxalq Tolerantlıq Günü kimi elan edilmişdir.
Elə bu tolerantlığın nəticəsidir ki, hazırda Azərbaycan ərazisində 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Həmçinin, ölkəmizdə “xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən provaslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrənmə kursları və s. fəaliyyət göstərirlər”.
Bu bir həqiqətdir ki, yer kürəsi dinindən, irqindən və milliyyətindən asılı olmayaraq bütün dünya insanlarının evidir. İnsanlar “Dünya evi”ni dağıtmağa yox, onu daima abadlaşdırmağa, qorumağa çalışmalıdırlar. Şovinist ideyalara qapanaraq dağıdıcı fəaliyyət göstərməkdən əl çəkərək xalqların, millətlərin, etnosların “Dünya evi”ndə rahat yaşamalarına, insanlararası pozulmuş harmoniyanın yenidən bərpa edilməsinə çalışmalıdırlar. Çünki, indiki mərhələdə müharibələr yaradıb “Dünya evi”ni xarabalığa çevirmək cəhdləri bütün bəşəriyyətin intiharına aparıb çıxara bilər.




  1. Yüklə 141,25 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin