Multikulturalizmə giriş fənninin predmeti və vəzifələri



Yüklə 141,25 Kb.
səhifə8/11
tarix20.11.2022
ölçüsü141,25 Kb.
#119732
1   2   3   4   5   6   7   8   9   10   11
Multikulturalizm

Protestantlıq
Azərbaycanda XIX əsrin birinci yarısına təsadüf edir. Onun əsası 1517-ci ildə Almaniyada Marten Lüter tərəfindən qoyulmuşdur. O, 95 tezislə katolikliyi ifşa etmiş, Romanın asılılığından çıxmaq üçün yeni bir cərəyan yaratmışdır. Belə ki, protestantlar Almaniyada kilsənin feodal quruluşunu ləğv etdi, ayinlər dəyişdirildi, katoliklərin məhşər haqqındakı təlimi, müqəddəs qalıqlara və ikonalara sitayiş ləğv edildi. Protestantlar insanlarla Allah arasındakı vasitəçiliklərin olmasını inkar etdi. Hər bir dindarın Roma papasının vasitəçiliyi olmadan allaha müraciət etmələrinə icazə verdilər. Ayinlərə, mərasimlərə etiqad olunması, kilsə xeyrinə maddi, orucluğun ciddi surətdə yerinə yetirilməsi, tövbə, kilsə ruhaniliyinə sitayiş və s. ikinci dərəcəli iş hesab olundu. Yalnız iki ayin məcburi saxlanıldı. Biri dadma, o biri isə xaç çəkmə mərasimidir. Müqəddəs yazıda protestantizmi də dini təlim kimi qəbul olunur. Onlar müqəddəs yazını latın dilindən alman dilinə tərcümə etmişlər. Ibadət ana dilində aparılmağa başlanıldı. Həmin dövrdən kilsələr milliləşdirildi. Kilsələrin torpaqları və təhkimliləri əllərindən alındı və dünyavi hakimiyyətə tabe edildi. Müqəddəs cənazə qalıqları olan sərdabələr, ikonalar və heykəllər kilsə binalarından xaric edildi. Ayinlər sadələşdirildi. Bütün protestant kilsələr məhşər, mqqəddəslər və Allah validəsi ayinini, ruhanilərin vasitəşiliyini, Roma papasının hakimiyyətini rədd edir. Onun lüterançılıq, airlikançılıq, kalvinizm, anabanmizm və s. məzhəbləri vardır.
Lüteran və ya Yevangilist kilsəsi protestantizmin əsas ehkamlarına şərikdir. Azərbaycanda ilk dəfə Lüteran kilsəsi Gədəbəydə və Bakıda inşa edilmişdir. 1899-cu ildə Bakıda tikilmiş Lüteran kilsəsi (Kirka) Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə təmir olunmuşdur. Hazırda Azərbaycanda protestantlığı təmsil edən “Xilaskar Yevangelik Lüteran”, “Yeni həyat”, “Həyat sözü”, “Yehovanın şəhidləri” və s. dini icmalar fəaliyyət göstərir.


İslam dini
Hal-hazırda İslam dini dünyanın müxtəlif ölkələrinə yayılmış dinlərdən biridir. Onun əsası VII əsrin əvvəllərində Məhəmməd peyğəmbər tərəfindən qoyulmuşdur. Daha dəqiq desək, 622-ci ildə Məhəmməd peyğəmbərin hələ Məkkə şəhərində İslamı qəbul edən tərəfdaşları ilə Yəsrib (indiki Mədinə) şəhərinə gəlişi müsəlman tarixinin başlanğıcı hesab edilir.
Tarixi mənbələrin verdikləri məlumatlara görə Məhəmməd peyğəmbər 570-ci ildə Məkkə şəhərində anadan olmuşdur. O, hələ ana bətnində olarkən atası Abdulla vəfat etmişdir. Altı yaşında isə anası Əminəni itirmişdir. Bundan sonra babası Əbdülmütəllibin himayəsində qalmışdır. Doqquz yaşına çatanda babası da dünyasını dəyişmişdir. Bundan sonra əmisi Əbutalib onu öz yanına götürmüşdür. Lakin əmisinin kasıb olduğunu və öz ailəsini güclə dolandırdığını nəzərə alaraq doqquz yaşından başlayaraq o, dəvə karvanlarına ticarət yollarında bələdçilik etmişdir. Həmin dövrlərdə xristian ruhanilərlə rastlaşmış, Sergey, Bəhira, Nestor kimi ruhanilərin din haqqında maraqlı söhbətlərinə qulaq asmışdır. Yəhudi ruhaniləri də ona xeyli təsir göstərmişdir. 25 yaşı tamam olanda özünə iş axtararaq varlı qadın Xədicənin yanına gəlmişdir. Xədicə ona iş vermiş və qabiliyyətli, bacarıqlı bir cavan olduğunu görüb, Məhəmməd peyğəmbərə onunla ailə qurmaq təklifini bildirmişdi. Xədicə ondan 15 yaş böyük olsa da, əmisi Əbutalibin məsləhətilə onunla evlənmişdi.
Ailə qurmasına baxmayaraq o, dini məşğuliyyətdən ayrılmır, bütpərəst və cəhalət içində yaşayan bədəviləri özünün Allahın elçisi olmasına inandırmağa çalışırdı. Buna görə də ruhi həyəcan keçirir və bir səs eşidir. Əvvəlcə belə güman edir ki, bu səs cin səsidir. Lakin bu səs getdikcə aydınlaşr və Məhəmməd öz arvadı Xədicənin köməyi ilə yavaş-yavaş təskinlik tapır. Ilk dəfə olaraq Xədicə onun Allahın elçisi olduğuna inanır. Sonra isə qızı Fatimənin əri və əmisi oğlu Əli onun peyğəmbərliyini qəbul edir.
Qeyd edək ki, İslam tarixi haqqında bir çox şərqşünaslar və din xadimləri tərəfindən çoxlu kitablar yazıldığını nəzərə alaraq, bu vəsaitin kiçik bir bölməsində daha əhatəli məlumat vermək imkanımız məhduddur. Lakin qeyd etmək lazımdır ki, Məhəmməd peyğəmbərin İslam dinini yaymaq və başqa qəbilələrə də qəbul etdirmək fəaliyyəti ona qarşı olanların müqavimətləri ilə üzləşmişdir. Bədr döyüşü, Xəndək və Uhud müharibələri onun iradəsini sarsıda bilməmişdir. Hübeydiyə müharibəsi isə peyğəmbərin Qüreyşilər üzərində qələbəsinə təminat yaradan sonuncu tarixi hadisə oldu. Belə ki, Xəndək müharibəsindən sonra, hicrətin 6-cı ilində müsəlmanların qələbəsi ilə nəticələnən bir neçə müharibədə xeyli qənimət əldə olundu və İslam dininin qüdrəti Ərəb yarımadasında xeyli artdı. Bir çox qəbilələr İslam dini qəbul edib, onun hakimiyyəti altında yaşamağa razılıq verdilər. Bundan sonra Məhəmməd peyğəmbər 1500 nəfərlə Ümrə ziyarətinə yollandı. Bu zaman Qüreyşilər onun qarşısını almaq üçün danışıqlar aparmağa məcbur oldular və hər iki tərəf on illik sülh müqaviləsi imzaladı. Lakin Qüreyş tərəfindən sazişin bir bəndinin pozulması Məkkə şəhərinin fəthinə səbəb olmuşdur.
Həmin dövrdə Xeybər yəhudilərinin fəaliyyəti də müsəlmanlarda şübhə yaratmışdı. Çatan məlumata görə onlar fitnə törətmək və Mədinəyə hücum etmək niyyətinə düşmüşdülər. Buna görə də, Hicrətin 7-ci ili Məhəmməd peyğəmbər onları mühasirəyə almışdır. Lakin təslim olduqlarına görə onlara hər il əldə etdikləri məhsulun yarısını Mədinəyə göndərmək qərarı verilmişdir.
Hicri-qəməri tarixinin 7-ci ili Məhəmməd peyğəmbər Hübeydiyyə sazişinə əsasən Məscidül-həramı ziyarət etmək üçün Məkkəyə yollanmışdır. Qüreyşilər peyğəmbərə müqavimət göstərmək iqtidarında olmadıqlarını başa düşmüş və onların bir neçə qəbilə baçıları, xüsusilə Xalid İbni Valid, həmçinin əmir İbni As Mədinəyə gələrək İslam dinini qəbul etmişlər.
Hicrətin 8-ci ili peyğəmbər İslamı yaymaq üçün Kəb İbni Umeyir Fəffarini Zaf-əmlaha göndərərkən Fəffari burada silahlı müqavimətlə üzləşmiş, onun adamlarından yalnız bir nəfər qaçaraq canını qurtara bilmişdi. Bu hadisədən sonra peyğəmbər Rum imperiyasının işğal etdiyi əraziyə Zeyid Harisin başçılığı ilə qoşun göndərmişdir. Lakin imperiyanın yüz min nəfərlik bir ordusu ilə aparılan döyüşdə Zeyid İbni Harislə yanaşı, Cəfər İbni Əbu Talib və Abdullah İbni Rəvahə şəhid olduqdan sonra Xalid İbni Valid müsəlman ordusuna başçı təyin olunmuş, o ağır döyüşdə qoşunu çox çətinliklə Mədinəyə çatdıra bilmişdir.
Hicrətin 8-ci ili Hübeydiyə sazişi Qüreyşilər tərəfindən pozulduğuna görə Məhəmməd peyğəmbər Ramazan ayında on min nəfərlik bir ordu ilə Məkkəyə yürüş etmişdir. Qoşun Mərruz-zəhrana çatarkən peyğəmbərin əmisi Abbas Qüreyşilərin qırğınının qarşısını almaq üçün Əbu Süfyanı gecəykən peyğəmbərin yanına göndərdi. Əbu Süfyan peyğəmbərin yanına gedib İslamı qəbul etdi. Bundan sonra peyğəmbər yalnız evə girib bayıra çıxmayan adamlara aman veriləcəyini bildirdi. Xəzrəc qəbiləsinin başçısı Səd Qüreyşilərdən qisas almaq üçün qırğın törətmək istədi. Lakin peyğəmbər bayrağı onun əlindən alıb barışıq günü elan etdi.
Məhəmməd peyğəmbər Kəbəni ziyarət edib iki həftə Məkkədə qaldı. O, bu müddət ərzində Məkkə ətrafındakı bütləri dağıtdırdı, şəhərin iş rejimini qaydaya saldı. Kəbə evindəki bütləri də sındırdı. İslamı qəbul edən bütün Məkkəlilərə isə azadlıq verdi. Həmin gündən Məkkə əhalisi də müsəlman ordusuna qoşuldu.
Bu hadisədən sonra Taifdə yaşayan Həvazin qəbiləsi ilə Səqif qəbiləsi müsəlmanlara hücum etmək üçün birləşdilər. Döyüşün ilk anında müsəlmanların bir hissəsi vuruşdan qaçdılar. Yalnız peyğəmbər və bir neçə mühacir döyüş meydanında qalıb müqavimət göstərdilər. Bunu görən müsəlmanlar yenidən geri qayıdıb müharibəyə qoşuldular. Onların döyüşə qayıtdıqlarını görən Həvazin qəbiləsi qaçmağa məcbur oldular. Məhəmməd peyğəmbər döyüş zamanı əsir götürülən arvad-uşağı azad etdi.
Döyüşdə əldə edilmiş qənimətləri bölən zaman təzəcə müsəlman olmuş döyüşçülər qənimət məqsədilə peyğəmbərin paltarını da oğurladılar. Məhəmməd peyğəmbər onlara müraciət edərək dedi: “Ey camaat, mənim köynəyimi qaytarın. And olsun Allaha, Təhamə ağaclarının sayı qədər dəvə olsa hamısını sizə verərəm. Mən paxıl, qorxaq və yalançı deyiləm. Mən bu qənimətdən yalnız beşdə birini (xums) götürəcəm ki, onu da sizə qaytaracam”.
Peyğəmbər qənimətləri bölərkən Qüreyş başçılarına da pay verdi. Lakin Təmim qəbiləsində və bir neçə ənsar arasında qənimətin bölgüsünə etiraz edənlər də oldu. Peyğəmbər onları bir neçə müdrik sözlə sakitləşdirdi.
Hicrətin 9-cu ilində Rum imperiyası Bəlqa adlı yerdə böyük bir qoşunla müsəlmanlara hücum etmək niyyətinə düşdülər. Bu xəbəri eşidən Məhəmməd peyğəmbər 30 000 nəfərlik bir qoşun topladı. Həzrəti Əlini öz yerinə canişin təyin etdi. O dedi: “Mən səni öz yerimə xəlifə təyin etdim. Səninlə mənim aramda olan münasibət Harunla musa arasında olan münasibət kimidir. Sadəcə olaraq məndən sonra peyğəmbər olmayacaq”.
Qoşun susuzluqdan əziyyət çəksə də Tabuka yetişdi. Tabuk müharibəsi sonuncu döyüş oldu. Bütün Ərəbistan İslamı qəbul etdi. Rumluların döyüşə hazırlanması xəbəri isə yalan çıxdı.
Hicrətin 9-cu ili bütün ərəb qəbiləsinin İslamı qəbul etmələri münasibətilə həmin il həmrəylik , birlik ili adlandırılmışdır.
Qeyd etdiyimiz bu tarixi məlumatlar Məhəmməd peyğəmbərin İslam dini uğrunda apardığı mübarizəsinin yalnız kiçik bir hissəsidir.
Məhəmməd peyğəmbər dünyasını dəyişdikdən sonra da onun sələfləri İslam dinini başqa xalqlar arasında da yaymağa çalışmışlar. Bütün başqa dinlər kimi İslam dini də daima yeniləşmiş, təkamül etmişdir.
Bununla yanaşı Ali hakimiyyət ixtilafsız keçinməmişdir. Hətta bəziləri peyğəmbərlik iddiasında da olmuşdur. Allah haqqında təsəvvürlərlə əlaqədar olaraq rasionalistlər və mistiklər meydana gəlmişdir. Bu səbəbdən də İslamda çoxlu müsəlman təriqətləri meydana gəlmişdir.
Hələ xəlifə Əbubəkirin dövründə yalançı peyğəmbərlər də meydana çıxmışdır. Məsələn, yalançı peyğəmbər Tuleyha Quranı təqlid etmiş və müsəlmanların təzyiqinə məruz qalmışdır. Bu səbəbdən də Suriyaya qaçmağa məcbur olmuşdu.
Bundan sonra özünü peyğəmbər adlandıran Cəccah adlı qadın öz tayfasında üsyan qaldırmışdır. Onun hakimiyyət tərəfindən dağıdılmış tərəfdarları yeni din yaratmaq istəyən Müseyliməyə qoşulmuşlar. Bəni-Hənif tayfasına tayfasına mənsub olan Müseylimə xristian ideyaları əsasında yeni din yaratmaq istəmişdir. O, öz allahını Rəhman (mərhəmətli) adlandırmışdır.
Yəməndə Əl-Əsvad (qara) adlı yalançı peyğəmbər də meydana gəlmişdir. Əl-Əsvəd bir İran hakiminin dul qalmış zövcəsini özünə arvad etmişdir. Özünün əvvəlki ərinə sadiq qalan həmin qadın sonralar əl-Əsvədi öldürmüşdü...
Tarixin müxtəlif dövrlərində mövqeylərin və baxışların əksilikləri İslam dinində yeni təriqətlərin yaranmasına rəvac vermişdir. Onlar çox zaman siyasi xarakter daşımışlar. Belə hərəkatlardan biri xaricilik olmuşdur. Bu hərəkat Süffeyn vuruşması zamanı həzrəti Əli ilə Müaviyə arasındakı mübahisəni münsiflər məhkəməsi yolu ilə həll etmək nəticəsində baş vermişdir. Onlar mühakiməni rədd edib Kufə yaxınlığındakı Hərurə kəndinə çəkilmişlər. Bunlar xaricilər adlanmışlar. Xaricilər Müaviyənin hakimiyyəti dövründə Kufədə və Bəsrədə üsyanlar qaldırmışlar. Üsyan edənlərin çoxu qətlə yetirilmişdir. Bundan sonra şəhid olmuş xaricilər də şiə şəhidləri kimi sitayiş obyekti olmuşlar. Bu sitayişlər zamanı intiqam hissi gücləndirilmişdir. Daxili müharibə uzun illər davam etdiyindən mahir suvarilər olan xaricilər Aşağı Mesopotomiyaya yayılmış, çoxları isə İranın dağlıq hissəsində gizlənmişdir. Onlar İbn-əz Zübeyrə və Əməvilərin canişinlərinə qarşı vuruşmuşdular. Xəlifə Yəzid öldükdən sonra isə onlar ərzəqilər, sufilər və ibadilər təriqətinə bölünmüşlər.
Ərzəqilər radikal fanatik olduqları üçün bütün qeyri-müsəlman olan insanları qırmağa çalışmışlar. Onlar İranın cənubunda müstəqil dövlət yaradaraq xilafatın birliyinə təhlükə törətdikləri üçün VII əsrin axırlarında məhv edilmişlər.
Ərzaqilərlə ibadilər arasında keçid mövqeyi tutan sufilər isə başqa müsəlmanlara qarşı aparılan müharibələri dayandırmağa çalışmışlar, dinsizlərin uşaqlarının öldürülməsinə etiraz etmişlər. Əməvilərin son nümayəndəsinin hakimiyyəti zamanı sufilər bütün müsəlman ölkələrinə yayılmışlar. Sonralar isə sufilər ibadilərlə qaynayıb qarışmışlar. Ibadilər daha mülayim müsəlman təriqəti olmuşdur. Onlar Abbasilər sülaləsinin əməvilər üzərində qələbə çalmasında yaxından iştirak etmişlər.
Xaricilərin dini nəzəriyyəsi heç vaxt müəyyən sistemə salınmamışdır. Onlar hər cür cəh-cəlalı pisləyir, çalğını, oyunları, tütün və şərabı haram hesab edirdilər. Onlara görə savab iş görmədən etiqad etmək boş şeydir. Kim “günahi-kəbir” edirdisə dindar hüququnu itirir, ailəsi ilə birlikdə məhv edirdi. Digər tərəfdən xaricilik təriqətinə görə yalnız sevgi yolu ilə seçilən xəlifə qanunidir.
Mürcülük təriqəti xaricilərlə şiələr arasında mötədil bir mövqe tutmuşlar. Onların fikrincə əməli hərəkətlər ikinci dərəcəlidir. Dinsiz olub əməli saleh adam olmaqdansa, dindar olub pis əməllər etmək daha yaxşıdır. Bir sözlə mürcülər adamları mühakimə etməkdən imtina edir və işi Allaha həvalə edirdilər. Onların sazişçilik siyasəti xaricilər və şiələr üçün məqbul deyildi.
Sözsüz ki, İslamda meydana gələn dini və fəlsəfi təkamüllər daima baş vermiş, bu səbəbdən də verilən məlumatlara görə indiyə qədər İslam dinində 73 təriqət meydana gəlmişdir. 7-dən törənən və 73 rəqəmləri Asiyada həmişə müqəddəs rəqəmlər sayılmışdır. Hələ qədim İranda yaranmış bu konsepsiya sonralar yəhudilərə və xristianlara da keçmişdir. Beləliklə də ən çox təriqəti olan dinlər daha mükəmməl hesab edilmişdir. Bu səbəbdən də İudaizmidə 71, xristianlıqda isə 72 təriqət meydana gəlmişdir.
Quran İslam dininin müqəddəs kitabıdır. Quran ərəbcə “qiraət” və bir çox hallarda “ucadan ibarə ilə oxumaq” mənasına gələn söz kökündən əmələ gəlmişdir.
Quran 114 fəslə və ya ərəbcə desək surəyə bölünür. Quran ayələrinin sayı isə 6 211-dir. Əldə olunan bəzi məlumatlara görə xəlifə Əbubəkr bu vəhləri toplamaq işini gənc olan Zeyd ibn Sabitə tapşırmışdır. Zeyd ibn Sabit bunların hamısını yığıb topladıqdan sonra onları yazıya köçürüb xəlifə Əbubəkrə təqdim etmişdir.
Bir məlumatda isə qeyd olunur ki, təxminən 650-ci ildə Xəlifə Osman Quranın son mətninin qəti olaraq hazırlanması haqqında Zeyd ibn Sabitə tapşırıq vermiş, ona kömək etmək işi isə qüreyşilərdən seçilən bir neçə nəfərə həvalə etmişdir. Tezliklə Quranın bir neçə nüsxəsi hazırlandı. Onların bir nüsxəsi Mədinədə saxlanıldı.
Sonralar Quranda çatışmayan qanun hökmlərinin yerini doldurmaq üçün sünnə üsulu işlədildi.
Quranda təsadüf edilən “əcdadın sünnəsi” və “Allahın sünnəsi” ifadələri, dinsiz olduqları üçün cəzalandırılmış xalqlara qarşı Allahın rəftarı mənasında işlədildi. Aradan bir müddət keçdikdən sonra elan edildi ki, sünnə Quransız keçinə bilər, lakin Quran sünnəsiz keçinə bilməz. Mömin müsəlmanlara verilən əhl sünnə, yəni “sünnə əhli” və ya “sünnilər” adı buradan əmələ gəlmişdir.
İslam dinində iman gətirməyin birinci əsas hökmü Allaha inanmaqdır. Bu iman “la ilahə illəllah” düsturu şəklində ifadə edilir. Bu ifadə “Allahdan başqa Allah yoxdur” şəklində tərcümə olunur. Tövhid isə təkallahlıq mənasında işlədilir.
İslam dinində mələklərin mövcudluğuna inam da mövcuddur. Həkir və Münkir qəbirdə ölülərə ölülərə sorğu edəcək iki mələkdir. Rizvan cənnətin, Malik isə cəhənnəmin keşiyini çəkən mələklərin adlarıdır. İslam dininə görə mələklər Adəmdən əvvəl yaradılmışdır.
İslamda namaz qılmağın məcburi olduğu Quranda israrla qeyd olunur. Namaz qılınarkən kəlmeyi-şəhadət bir neçə dəfə təkrar olunur.
Quranda oruc tutmağın qaydaları da şərh edilmişdir. Ramazan ayında oruc tutmaq hamı üçün məcburidir. Ancaq xəstələr və səfərdə olanlar oruc tutmaqdan azaddırlar.
Kəlmeyi-şəhadəti söyləmək, namaz qılmaq, oruc tutmaq və zəkat vermək məcburi olduğu halda Həccə getmək məcburi deyildir.
Çox təəssüflər olsun ki, tarixin müəyyən dövrlərində şiələrlə sünnilər arasında ixtilaflar yaratmışlar. Belə bir fikir ortaya atılmışdır ki, guya şiələr peyğəmbərin sünnəsini qəbul etmirlər. Əslində isə bunun əksinə olaraq şiələr sünnə dedikdə yalnız peyğəmbər ailəsinin mötəbər olduğunu əsas götürürlər. Əslində şiələrlə sünnilər arasında nigah msələsində ayrılıq vardır. Belə ki, şiələr vaxtilə müvəqqəti nigaha yol vermişdir. Belə nigah (siğə) vaxtilə bütpərəst Ərəbistanda dəb olmuşdur. Bəzən şiəliyin yaranmadını iranlılarla əlaqələndirsələr də buna bir qədər geniş şərh verməyə ehtiyac vardır. Qeyd edək ki, XVI əsrdə şiəlik İranın dövlət dini olmuşdur. Xüsusilə İranda mövcud olan bir tarixi hadisədən sonra baş vermişdir. Məlumat verilir ki, İran Ərəb müsəlmanları tərəfindən işğal olunarkən İmam Əlinin oğlu Hüseyn axırıncı Sasani şahı olan Yezdəgirdin qızını almış, bu qadın isə Müaviyənin oğlu Yezidin hücumu zamanı əsir düşmüş, əri Hüseyn isə şəhid edilmişdir. Beləliklə bu hadisə əli nəslindən olanların hakimiyyətinin qanuni olmasına inamı ikiqat artırmışdır. Hüseynin və onun ailəsinin Kərbəlada öldürülməsinin ildönümü şiələr Aşura günü kimi qeyd olunur. Şiələr on iki imamı qüsursuz adlandırır və onlara itaət edirlər. Hətta şiələrin əksəriyyəti 12-ci imam Mehdinin yenidən zühur edəcəyinə inanırlar.
Hal-hazırda dünyada İslam təriqətləri arasında bir yaxınlaşma baş verməkdədir. Məkkəyə edilən ziyarətlər müxtəlif təriqətlərlə yanaşı sünni-şiə məzhəblərinin də yaxınlaşmasına, onların bir yerdə namaz qılmasına səbəb olmuşdur.
Çoxəsirlik İslam ənənələri ilə zənginləşmiş və inkişaf etmiş Azərbaycanda da bu iki məzhəbin daşıyıcıları bir-biri ilə çox mehriban yaşayırlar. Xüsusilə son 30 ildə ermənilərin işğalı altında qalmış torpaqlarımızın azad olunması üçün Prezidentimiz İlham Əliyevin ətrafında birləşərək Vətən uğrunda döyüşə qalxan Azərbaycan xalqı və onun igid övladları bir yerdə dünyanı heyrətə salaraq cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad etməklə möhkəm birliyini nümayiş etdirdi. Çünki, multikultural dəyərlərə malik olan Azərbaycanda dini müxtəlifliklər, etnik, milli azlıqlar bərabər şəkildə dövlət qayğısı ilə əhatə olunmuşlar. Birliyimizin gücünü görən vandal düşmən, hətta hərbi texnikasını döyüş meydanlarında ataraq, qaçıb canlarını qurtrmağa məcbur oldular. Şəhidlərimizin qanı yerdə qalmadı. Üç rəngli bayrağımız Qarabağın bütün ərazilərində dalğalandı. Ali baş komandan İlham Əliyev isə həm ağıllı siyasəti, həm də sərkərdəlik qabiliyyəti ilə Azərbaycan xalqının mənəvi idealına çevrildi. Hər kəs onu Azərbaycanın yeni tarix yazan Xalq Qəhrəmanı adlandırdı.



Yüklə 141,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin