Məsələ1267: İmam-camaat büluğ həddinə çatmış, ağıllı, adil, halalzadə, on iki imamçı şiə və qiraəti düzgün şəxs olmalıdır. Mə’mum kişidirsə, imam da kişi olmalıdır. Amma qadın qadınlar üçün imam dayana bilər.
Məsələ1268: Ədalət dedikdə insanın batinindəki Allah qorxusu nəzərdə tutulur. Belə bir qorxu insanı böyük günahlara batmaqdan və kiçik günahları təkrarlamaqdan çəkindirir. Ünsiyyətdə olduğumuz bir şəxsdən günah görməmişiksə, bu onun ədalətini göstərir.
Məsələ1269: Əvvəllər ədalətli olmuş şəxsin həmin halda qalıb-qalmadığına şəkk varsa, onu ədalətli saymaq lazımdır. Amma ədalətdən düşdüyünə əmin olduqda münasibət dəyişir.
Məsələ1270: Ayaq üstə namaz qılan şəxs oturan və ya uzanmış halda namaz qılan şəxsə iqtida edə bilməz. Oturaq vəziyyətdə namaz qılan şəxs uzanmış vəziyyətdə namaz qılan şəxsə iqtida edə bilməz.
Məsələ1271: Əgər imam-camaat təyəmmüm və ya cəbirə ilə namaz qılırsa, ona iqtida etmək olar. Amma üzürlü səbəbdən murdar libasla məcbur qalıb namaz qılırsa, vacib ehtiyata əsasən, ona iqtida edilməməlidir. Eləcə də, sidik və nəcisini saxlaya bilməyən şəxs, istihazə halında olan qadın, ümumi şəkildə namazını üzürlü səbəbdən naqis qılan şəxs imam-camaat dayana bilməz. Amma təyəmmüm və cəbirə dəstəmaz istisnadır.
Məsələ1272: Xora və ala xəstəliyinə tutulmuş şəxs ehtiyata əsasən imam-camaat dayana bilməz. Hətta özü kimiləri üçün də imam dayanması yaxşı deyil.
Camaat namazı hökmlərinin davamı
Məsələ1273: Mə’mum öz niyyətində imamı müəyyənləşdirməlidir. Amma imamın adını bilmək vacib deyil. Əgər qarşıda dayanmış zəruri şərtlərə malik imama iqtida etmək niyyət edilərsə kifayatdir.
Məsələ1274: Mə’mum namazın Həmd-surəsindən başqa bütün zikrlərini deməlidir. Həmd-surə o zaman öhdədən götürülür ki, mə’mum birinci və ikinci rəkətlərdə imamla namaz qılsın. Amma üçüncü və dördüncü rəkətlərdə imamın qiyam vəziyyətində ona iqtida edən şəxs Həmd-surəni özü deməlidir.
Məsələ1275: Əgər mə’mum sübh, şam və xiftən namazlarında imamın qiraət səsini eşidərsə Həmd-surəni deməməlidir. Əgər imamın səsini eşitməzsə Həmd-surəni astadan oxuya bilər. Günorta və ikindi namazlarında isə vacib ehtiyat budur ki, Həmd və surəni heç vaxt deməsin. Amma astadan zikr demək olar və bu müstəhəbdir.
Məsələ1276: Əgər mə’mum imamın Həmd-surəsinin bə’zi kəlmələrini və ya aydın olmayan şəkildə səsini eşidərsə, vacib ehtiyata əsasən, Həmd-surə deməsin.
Məsələ1277: Əgər mə’mum səhvən Həmd-surə oxuyarsa və ya düşünərsə ki, eşitdiyi səs imamın səsi deyil, sonradan həmin səsin imamın səsi olduğunu başa düşdükdə namazı düzgündür. İmamın və ya başqa birinin səsi olduğuna şübhə etdikdə ehtiyata əsasən Həmd-surə oxumalıdır.
Məsələ1278: Mə’mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Amma digər zikrləri öncə deməsinin eybi yoxdur. Müstəhəb ehtiyata əsasən, imamın səsini eşitdiyi halda ondan öncə deməsin.
Məsələ1279: Mə’mum namazın əməllərini, məsələn, rüku və səcdələri imamdan öncə yerinə yetirməməlidir. Əməllər imamla birlikdə və ya azca ondan sonra yerinə yetirilməlidir. Əgər mə’mum səhvən imamdan qabaq rükudan qalxsa yenidən rükuya getməli və imamla birlikdə qalxmalıdır. Bu halda rükunun say çoxluğu namazı batil etmir. Amma rükuya qayıtdıqda imama çatmamış imam rükudan qalxarsa namazı batildir.
Məsələ1280: Mə’mum imamın səcdədən qalxdığını düşünüb səcdədən qalxarsa imam qalxmadığı halda yenidən səcdəyə getməlidir. Əgər bu hal hər iki səcdədə yaranarsa rükn olan iki səcdənin artması burada namazı batil etmir. Amma səcdəyə qayıtdığı vaxt imam səcdədən qalxarsa bu hal iki səcdədə baş verdikdə namaz batil olur.
Məsələ1281: Əgər səhvən rüku və ya səcdədən qalxarsa və təkrar qayıdışda imama çatmayacağını düşünüb rüku və səcdəyə getməzsə namazı düzgündür.
Məsələ1282: Əgər mə’mum səhvən imamdan qabaq rükuya gedərsə, qalxıb imamın qiraətinin bir hissəsinə çatsa qalxmalıdır və imamla birlikdə rükuya getməlidir. Əgər imamın qiraətinə çatmayacağını bilsə, vacib ehtiyat budur ki, başını qaldırıb namazı imamla tamamlasın və yenidən qılsın.
Məsələ1283: Mə’mum geri qayıtmalı olduğu hallarda bilərəkdən qayıtmasa, namazına irad var.
Məsələ1284: İmam təşəhhüd olmayan rəkətdə səhvən təşəhhüd desə, ya qunutu olmayan rəkətdə səhvən qunut tutsa, mə’mum təşəhhüd və qunutu oxumamalıdır. Amma imamdan qabaq dura bilməz və ya imamdan öncə rükuya gedə bilməz. İmamın səhvini işarə ilə ona çatdırmalıdır. Əgər mümkün olmasa, səbr etməlidir ki, imam təşəhhüd və ya qunutu tamamlasın. Namazın davamını isə onunla qılır.
Camaat namazında müstəhəb olan işlər
Məsələ1285: Camaat namazında savab ümidi ilə aşağıdakı göstərişlərə riayat etmək müstəhəbdir:
1. Əgər mə’mum bir kişisə imamın sağ tərəfində, azca ondan arxaya dayansın. Əgər bir qadınsa imamın sağ tərəfində elə dayansın ki, onun səcdə yeri imamın diz və ya durduğu yer bərabərində olsun. Əgər mə’mum bir kişi və bir qadın, ya da bir kişi və bir neçə qadınsa, kişi imamın sağ tərəfində o birilər imamın arxasında dayansın. Əgər bir neçə kişi və bir neçə qadınsa hamılıqla imamın arxasında dayansınlar. Mə’mum bir neçə kişi və bir neçə qadın olduqda kişilər imamın arxasında, qadınlar kişilərin arxasında dayansınlar.
2. Əgər həm imam, həm də mə’mum qadın olarsa, bir cərgədə dayansınlar. Amma imam bir qədər irəlidə dursun.
3. İmam cərgənin orta hissəsində dayansın. Elm, fəzilət və təqva əhli birinci sırada dayansınlar.
4. Camaat namazının cərgələri nizamlı olsun. Cərgədəkilərin çiyinləri bir xətdə olsun. Bir cərgədə dayananlar arasında ara buraxılmasın.
5. “Qəd qamətis-səlat” dedikdən sonra mə’mumlar qalxsınlar camaat namazına hazır olsunlar.
6. İmam-camaat başqalarından halsız olan mə’mumların vəziyyətini nəzərə alsın, tələsməsin. Eləcə də rüku, səcdələr və qunutu uzatmasın. Amma iqtida edənlərin hamısında bu hazırlığın olduğunu bilərsə, namazı uzada bilər.
7. İmam-camaat Həmd və surəni oxuyan zaman səsini mə’mumların eşidəcəyi həddə qaldırsın, amma həddən artıq yox.
8. Əgər imam rükuda anlasa ki, kimlərsə təzəcə namaza çatıb və iqtida etmək istəyirlər, rükunu azca uzatsın ki, onlar namaza qoşula bilsin. Amma rükunu iki rüku həddindən çox uzatmasın. Hətta başqa birinin də qoşulmaq istədiyini bilsə rükuda bu həddi gözləsin.