بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8:
﴿وَالتِّينِ وَالزَّيْتُونِ﴾﴿وَطُورِ سِينِينَ﴾﴿وَهَذَا الْبَلَدِ الْأَمِينِ﴾﴿لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ﴾﴿ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ﴾﴿إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ﴾﴿فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ﴾﴿أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ﴾
“And olsun əncir və zeytuna; and olsun Sina dağına; and olsun bu əmin-aman şəhərə; həqiqətən, biz insanı ən üstün biçimdə yaratdıq; sonra onu ən aşağı mərtəbəyə endirdik; yalnız iman gətirib saleh işlər görən kəslər istisnadır, onlar üçün tükənməz və həmişəlik mükafat var; bu halda hansı səbəbdən qiyaməti təkzib edirsən? Allah hökm edənlərin ən üstünü deyilmi?!”
Nöqtələr
◘“Turi-sinin” dedikdə Misir və Fələstin arasındakı Sina vadisi nəzərdə tutulur.
◘Bəzi rəvayətlərdə bildirilir ki, əncir və zeytuna and içilərkən bu meyvələrin bitdiyi yer, yəni Mədinə və Beytül-Müqəddəs nəzərdə tutulur.1 (Qeyd)
◘Qidalar və meyvələr arasında insan orqanizminin daha çox ehtiyac duyduğu şəkərli və yağlı meyvələr var.
◘Əmin-aman bir yerə sahiblik İslamın imtiyazlarındandır.
◘Quranda əncir sözü bir, zeytun sözü altı dəfə işlədilmişdir. Hər iki meyvədə müalicəvi təsirlər var. Əncir öz şəkərinə görə bütün yaşlarda olan insanlar üçün faydalıdır. İdmançıları, zəifliyə düçar olanlara, qocalara əncir yemək tövsiyə olunur. Rəvayətlərə əsasən əncir behişt meyvəsidir. Qədim tibdə əncir və bal məcunu mədə yarası üçün, quru əncir düşüncənin güclənməsi üçün faydalı sayılmışdır.
İmam Riza (ə) buyurur: “Əncir ağız qoxusunu aparır, damaqları və sümükləri möhkəmlədir, saçı artırır, ağrını aradan qaldırır. O dərman kimi təsirlidir. Zeytun bəlğəmi azaldır, çöhrəyə təravət verir, əsəbləri gücləndirir, ağrını və zəifliyi aradan qaldırır, qəzəbi soyudur.”1 (Qeyd)
◘İsanın rəzil bir mərhələyə endirilməsi ilə bağlı təfsirçilərin iki baxışı var. Bu baxışlardan birinə əsasən nəzərdə tutulan qocalıq zəifliyidir.2 (Qeyd)Başqa bir baxışa əsasən uyğun ayədə bəzi insanların pak fitrətdən uzaq düşməsi nəzərdə tutulur. Pak fitrətə arxa çevirəni Allah ən alçaq mərtəbəyə endirər, əzaba düçar edər.
Bildirişlər
1. Dünya nemətlərində, hətta qidalarda bir müqəddəslik var. Allah bu nemətlərə and içir.
2. Sağlamlıq qidalanma vasitəsi ilə əldə olunur. Əmin-amanlıq bəşəriyyətin ən mühüm maddi ehtiyacıdır.
3. Vəhyin müqəddəsliyi yerlərə də sirayət edir.
4. Məkkə şəhərinin əmin-amanlığı həzrət İbrahimin duası sayəsindədir.3 (Qeyd)
5. İnsan yaranış baxımından bütün mövcudlardan üstündür.
6. Allah insanın əvvəlinə də, sonuna da hakimdir.
7. İnsan fitrətən pakdır. O həyatın növbəti mərhələlərində süquta uğrayır.
8. Ən üstün yaranmış olan insanın süqutu da ən ağır süqutdur.
9. İman və saleh əməldən uzaqlıq insanı süquta uğradır. İman insanı bütün çirkinliklərdən uzaqlaşdırır.
10. İnsanı yaratmış və onun üzərində hər cür haqqı olan Allah yalnız ədalət əsasında hökm çıxarır. Allah ən üstün hakimdir.
“ƏLƏQ” SURƏSİ
Dostları ilə paylaş: |