Nöqtələr
● Həm peyğəmbərlər unutqan deyil, həm də bir şeyi yaddan çıxarmaq mühakimə olunmur. 73-cü ayədə “məni yaddan çıxardığım üçün məzəmmət etmə” cümləsi Musanın itaətdən çıxıb sakit dayanmamasına, bəzi işləri xilaf saymasına işarədir.
● “İrhaq” dedikdə həm qəhr-qəzəblə əhatə etmə, həm də «çətin iş təklifi» mənaları anlaşılır.
● “Qulam” və “zəkiyyə” sözlərindən anlaşılır ki, onların rastlaşdığı gənc yetkinlik həddinə çatmamışdı. Musa Xızrın ikinci işini birinci işindən daha ağır saydı.
Bildirişlər
1. Müəllim və ustad öz şagirdini məzəmmət edə bilər.
2. Təlim-tərbiyədə boş yerə şagirdə çətinlik yaratmaq olmaz.
3. Müəllim və ustad şagirdin üzrxahlığını qəbul etdikdən sonra öz işinə davam etməlidir.
4. Müəllim şagirdi maariflə tədricən tanış etməlidir. (Musa sirlərlə addım-addım tanış olur.)
5. Hökmlərə riayət etmək əxlaqi öhdəçiliklərdən mühümdür. Musa qətli günah saydığı üçün verdiyi vədi bir kənara qoyub pis işin qarşısını almağa çalışdı.
6. Musanın da dinində qisas qanunu vardı. Musa etiraz edirdi ki, nə üçün kimsəni qətlə yetirməmiş gənc öldürülsün?
7. Bəzən bir şəxsə yaxşı görünən iş bir başqasına pis görünə bilər.
On altıncı cüz ● Ayə 75:
﴿قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِي صَبْرًا﴾
“(Xızr) dedi: «Demədimmi ki, mənimlə yoldaşlığa səbr edə bilməzsən?»”
● Ayə 76:
﴿قَالَ إِن سَأَلْتُكَ عَن شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْنِي قَدْ بَلَغْتَ مِن لَّدُنِّي عُذْرًا﴾
“(Musa) dedi: «Əgər bundan sonra səndən bir şey soruşsam, mənimlə yoldaşlıq etmə. Həmin halda, şübhəsiz, üzrün olacaq. (Haqqın olacaq ki, məndən uzaqlaşasan.)»”
Nöqtələr
● Peyğəmbər (s) buyurur: “Əgər Musa səbir etsəydi, Xızrın daha qəribə işlərini müşahidə edərdi.”1
Bildirişlər
1. Allahın övliyalarının elmə yiyələnmək dözümü və tutumu eyni deyil.
2. Xasiyyətləri müəyyənləşdirmək üçün üç dəfə sınamaq və möhlət vermək kifayətdir.
3. Əgər bir şəxslə fikir ayrılığımız olsa və bir-birimizi dərk etməsək, müqavimət göstərmədən ayrılaq.
4. Musanın etirazlarının səbəbi Xızrın işlərini anlamaması idi.
5. Öz əməllərimizə münasibətdə insaflı rəy verək. Musa səbirsizliyin məsuliyyətini öz öhdəsinə götürdü.
6. Bir şəxsdən ayrılanda ədəb çərçivəsindən çıxmayaq.
7. Hər ayrılığı kin-küdurət, təkəbbür nişanəsi saymaq olmaz.
● Ayə 77:
﴿فَانطَلَقَا حَتَّى إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَنْ يَنقَضَّ فَأَقَامَهُ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًا﴾
“O iki nəfər bir kənd sakini ilə rastlaşanadək yol getdilər. Həmin yerin əhlindən qida istədilər. Amma onlar bu iki nəfəri qonaq etmək istəmədilər. Həmin iki nəfər orada uçmaqda olan bir divar gördü. Xızr divarı bərpa etdi. (Musa təəccüblə) dedi: «Əgər istəsəydin, bu işə görə muzd ala bilərdin!»”
Nöqtələr
● Həmin yerin əhli Musa və Xızra yemək verməkdən imtina etdi. Amma Xızr uçmaqda olan divarı təklikdə təmir etdi.
Bildirişlər
1. Hər təhsil dövrünün müəyyən hərəkətə ehtiyacı var. Yeni dövrə təhsil üçün yerdəyişmə etmək dəyərdir.
2. Əxlaqi baxımdan süqut etmiş millət ülul-əzm peyğəmbərə çörək verməkdən də imtina edir. (Əlbəttə ki, peyğəmbərləri tanıdıqları halda belə edirlər.)
3. Qərib qonaqları yaxşı qarşılamayanlar məzəmmətə layiqdirlər.
4. Xalqın etinasızlığı və diqqətsizliyi bizim işimizə mənfi təsir göstərməsin.
5. Peyğəmbərlər bəzən ağır ehtiyac içində yaşayıblar.
6. Ehtiyaclı insanlar son həddə qənaət etsələr də, insanlıq kəraməti qonağı yaxşı şəkildə qəbul etməyi tələb edir.
7. Qonaq tanış olmaya da bilər. Qərib və yolda qalmış insanları da qəbul etmək lazımdır.
8. Nöqsanlı şeyi dəyərsiz sayıb ondan əl çəkmək yox, nöqsanı aradan qaldırmaq lazımdır.
9. Allahın övliyaları kin-küdurət və intiqam əhli olmamışlar. Kənd əhli onları qəbul etməsə də, Xızr onlara xidmət göstərdi.
10. Peyğəmbərlər xalqın malı və canı üzərində tam ixtiyar sahibidirlər və hər hansı müdaxilə üçün sahibdən icazə almalarına ehtiyac yoxdur.
11. “Əvvəl çörək, xörək” məntiqi hər yerdə özünü doğrultmur. Qarnı ac peyğəmbər müftə işləyirdi. Ehtiyacımız olan vaxt dəvət gözləmədən işə girişək.
12. Muzd almadan Allah yolunda çalışmaq eyb deyil.
13. Bir işin faydalı və zəruri olduğunu müəyyənləşdirdikdən sonra başqalarının mənfi münasibəti bizi işdən saxlamasın.
14. İşləmək, muzd almaq əskiklik deyil.
15. Allahın övliyaları pul üçün çalışmırlar.
● Ayə 78:
﴿قَالَ هَذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَلَيْهِ صَبْرًا﴾
“(Xızr) dedi: «Bu dəfə səninlə mənim aramda ayrılıq vaxtı çatdı. Tezliklə səni səbir edə bilmədiyin işlərin sirrindən agah edəcəyəm.»”
Nöqtələr
● “Təvil” sözü qaytarmaq mənasını bildirir, məqsədə çatan və hər hansı sirrin üzərindən pərdəni götürən iş “təvil” adlanır.
● Xızr Musadan onun təklifi ilə ayrıldı. Musa öz sualları, etirazları və divarın bərpasında Xızrı tək qoyması ilə bu ayrılığa zəmin yaratdı.
● Musadan həyatının ən ağır dəqiqəsi haqqında soruşdular: “O dedi: “Fironçulardan xeyli böhtan eşitsəm, Bəni-İsrailin bəhanələrindən cana yağılsam da, mənim üçün ən ağır an Xızrın “ayrılıq vaxtı çatdı” dediyi andır.1
Bahar yağışı tək axsın göz yaşım,
Daş da ağlar görsə ayrılıq quşun.
Dostları ilə paylaş: |