● Ayə 38:
﴿أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا لَكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُّبِينٍ﴾
“Bizim hüzurumuza gəldikləri gün necə də yaxşı eşidir və görürlər. Amma zalımlar bu gün açıq-aşkar azğınlıqdadır.”
Nöqtələr
Xüsusi mövqe, məqsəd və birliyə malik olan dəstə “hizb” adlanır.
“Məşhəd” dedikdə ya xalqın hüzur məhəlli, ya da şəhadət verilən yer nəzərdə tutulur. Qiyamət günü həm insanlar bir yerə toplanar, həm də mələklər və peyğəmbərlər insanların əməllərinə şəhadət verər.
Bəzi insanlar İsanı Allah sayırdı. “Yəqubiyyə” kimi bəzi firqələr onu Allahın oğlu kimi qəbul edirdi. “Nəsturiyyə” kimi, “İsrailiyyə” kimi firqələr üç üqnuma inanırdı. Amma bütün bu firqələr qiyamət günü öz əqidələrinin ziddinə şəhadət verəcəklər.1
Bildirişlər
1. Həzrət İsa doğru yolu göstərsə də, ətrafdakılardan bir qrupu ixtilaf törədirdi.
2. Dəstəbazlıq, bilərəkdən ixtilaf yaratmaq tarix boyu müşahidə olunan bir gerçəkdir.
3. Kafirlər zalımdırlar. (Onlar özlərinə, əqidə məktəbinə və cəmiyyətə zülm edirlər.)
● Ayə 39:
﴿وَأَنذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ﴾
“Onları peşmançılıq günü ilə qorxut. Elə bir vaxt ki, onlar qəflətdə olduğu və iman gətirmədiyi halda iş-işdən sovuşar.”
● Ayə 40:
﴿إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ﴾
“Yer və onun əhlinin yeganə varisi Bizik və (hamı) Bizə doğru qaytarılar.”
Nöqtələr
Bütün bədbəxtçiliklər qəflətdən doğur: Allahdan, məaddan, günahın nəticələrindən, fitnələrdən, məhrumlardan, tarix və onun sünnələrindən, gənclik və istedadlardan, inkişaf zəminlərindən qəflət.
Bu ayənin oxşarı Quranın başqa yerlərində də gözə dəyir: “Hər şey fəna olar, yalnız cəlal və kərəm sahibi Allahın zatı əbədidir.”2; “Göylərin və yerin varisi yalnız Allahdır.”3
Qiyamət gününün bir adı da “həsrət günüdür.” Həmin gün insan əldən buraxdığı fürsətlərə, tələf olmuş sərmayələrə görə təəssüf edər.
Bildirişlər
1. Peyğəmbərlərin vəzifələrindən biri də xəbərdarlıqdır.
2. Dünyada bacardığınız qədər çalışın. Qiyamətdə iş-işdən keçmişdir.
3. Qəflət küfr üçün zəmindir.
4. Qəflət və imansızlıq halında ölüm peşmançılıq səbəbidir.
5. İnsanın mal-mülkü onda qəflət doğurur, qəflət isə küfrə səbəb olur.
● Ayə 41:
﴿وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا﴾
“Bu kitabda İbrahimi yad et. Həqiqətən, o, doğruçu bir peyğəmbər idi.”
Nöqtələr
“Siddiq” dedikdə həm haqqı çox təsdiq edən, həm də bütün danışıq və rəftarı sədaqətə əsaslanan kəs başa düşülür. Belə bir şəxs dediyinə əməl edir, əməl etdiyini deyir.
Bildirişlər
1. Münafiq insanları daim xatırlayaq.
2. Başqalarının kamilliklərinə diqqət və böyük şəxsiyyətlər haqqında xoş söz tərbiyə üsullarındandır.
3. Sədaqət peyğəmbərlik şərtidir.
4. İnsanda xarakterə çevrilmiş sədaqət dəyərlidir.
● Ayə 42:
﴿إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنكَ شَيْئًا﴾
“O (İbrahim), atasına dedi: «Ey ata! Nə üçün eşidib görməyən və sənin heç bir ehtiyacını ödəməyən bir şeyə pərəstiş edirsən?»”
Nöqtələr
Həzrət İbrahimin ana-atası dünyasını dəyişmişdi. Quranda İbrahimin atası kimi tanıtdırılan şəxs onu himayəsinə götürmüş əmisi Azər və ya anasının əri idi.1
Əhli-beyt rəvayətlərində də bildirilir ki, həzrət İbrahimin atası tək Allaha inanırdı və ayədə “əb” dedikdə onun əmisi nəzərdə tutulmuşdur.
Ərəb dilində “əb” sözünün geniş mənası var. Bu söz müəllim, tərbiyəçi, hətta qayınataya da aid edilə bilər. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə buyurulur: “Mən və Əli bu ümmətin atalarıyıq.”1
Bildirişlər
1. İbrahimin öz əmisi ilə söhbətləri xatırlanası və dəyərləndiriləsi söhbətlərdir.
2. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.
3. Nəhy əz münkərdə yaş məhdudiyyəti yoxdur. (Oğul ehtiramı gözləməklə ailə başçısını pislikdən çəkindirə bilər.)
4. İnsanların kamilliyi onların yaşından asılı deyil. Bəzən övlad evdəki böyüklərdən daha anlaqlı olur.
5. Təlim-tərbiyə ümumi olmaya da bilər. Bəzən fərdin özünə nə isə demək lazım gəlir.
6. Nəhy əz münkər zamanı, pisliyə qadağa qoyarkən suallar ünvanlamaqla insanların vicdanını mühakiməyə çəkək.
7. Nəhy əz münkərə etiqadi məsələlərdən başlayaq. (Təəssüf ki, biz, adətən, əxlaqi və ictimai büdrəmələrə daha çox vaxt ayırırıq).
8. Haqq yolu hisslərə fəda etməyə, qohumluq bağlılığı nəhy əz münkərə mane olmamalıdır.
9. Bütpərəstlik mələkpərəstlikdən, insanpərəstlikdən, inəkpərəstlikdən də pisdir. Çünki bütlər görüb eşitmir, heç bir şüura malik deyil.
● Ayə 43:
﴿يَا أَبَتِ إِنِّي قَدْ جَاءنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا﴾
“Ey ata! Həqiqətən, mənə sənin üçün gəlməmiş bir bilik gəlmişdir; ona görə də mənə tabe ol, səni doğru yola yönəldim.”
Dostları ilə paylaş: |