Nöqtələr
“Mərədd” dedikdə aqibət və mənfəət mənaları anlaşılır. “Səvab” sözü əməlin əvəzi mənasını bildirir. Bu əvəz xeyir və şər ola bilər. Amma adətən xeyir mənasında işlədilir.1
Ötən ayədə oxuduq ki, azğınlar daha çox azğınlığa uğrayar. Bu ayədə isə doğru yol tutanların daha çox hidayət və nuraniyyətə çatması bildirilir.
Bəzi rəvayətlərdə bildirilir: “Davamlı yaxşılıqlar” dedikdə “sübhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri nəzərdə tutulur.2
Bildirişlər
1. Hidayətin mərhələ və dərəcələri var.
2. Saleh əməllər Allah yanında qorunur.
3. Yaxşı işlər üçün tovfiq (yardım) ilahi hidayət sayəsində əldə olunur.
4. Allahın Öz Peyğəmbərinə (s) xüsusi diqqəti var.
5. Mükafat və cəza ilahi rübubiyyət şənindəndir.
6. Yaxşı iş xoş aqibət rəmzidir.
● Ayə 77:
﴿أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا﴾
“Ayələrimizi inkar edib, «hökmən mənə mal və övlad veriləcək» deyən kəsi gördünmü?!”
● Ayə 78:
﴿أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا﴾
“(Yoxsa düşünür ki,) qeybdən agahdır və ya Rəhmandan bir əhd almışdır?”
● Ayə 79:
﴿كَلَّا سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا﴾
“Əsla belə deyil, tezliklə hər nə desə yazarıq və ona həmişəlik əzab verərik.”
● Ayə 80:
﴿وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا﴾
“(Mal və övladdan) nə qədər dəm vursa da, Biz varis olacağıq və o, yanımıza tək-tənha gələcək.”
Nöqtələr
İmam Baqir (ə) “Ayələrimizi inkar edən” cümləsi ilə bağlı buyurur: “As ibn Vaqil Xəbbaba borclu idi. Xəbbab borcunu almaq üçün onun yanına gəldiyi vaxt As dedi: “Behiştdə qızıl, gümüş, ipək olduğuna inanmırsınızmı?” Xəbbab dedi: “Bəli.” As dedi: “Elə isə, vədimiz qaldı behiştə. And içirəm ki, behiştdə sizin verdiyinizdən də üstününü alacaqsınız.1
Bildirişlər
1. Allahdan üz çevirib var-dövlətə və övlada sığınmaq təəccüb doğurur.
2. Kafir inkişaf üçün dini maneə, küfrü kömək sayır.
3. Kafirlər arasında var-dövlət və övlad dəyər ölçüsüdür. (Kafir məntiq və xəbərdarlıq qarşısında əlində olanlarla başını qatır.)
4. Yanlış düşüncəli varlıların iç üzünü açın ki, cəmiyyətə nümunə olmasınlar.
5. Allah kimsə ilə müqavilə imzalamamışdır.
6. Allah Öz əhdini pozmasa da, kafirlərin Allahla heç bir əhdi yoxdur.
7. Batil düşüncələri qətiyyətlə aradan qaldırın.
8. İnsanın rəftar və danışığı ilahi divanda qeydə alınır.
9. Hər bir danışıq və əməl üçün müəyyən möhlət var. İnsan peşman olub tövbə edə bilər. Bu müddət başa çatdıqdan sonra isə hər şey qeydə alınır. (Rəvayətlərdə bildirilir ki, insandan pis bir iş baş verdikdə mələklər bir müddət qeydə almır. Həmin şəxs peşman olmadıqda möhlət başa çatır və hər şey qeydə götürülür.)
10. Deyilən söz elmi əsasa malik olmalıdır. Çünki insan ağzından çıxan sözlərin məsuliyyətini daşıyır.
11. İnsan qiyamət günü onu küfr və təkəbbürə sövq edən var-dövlət və övladları boşlayır, Allah hüzurunda tək-tənha dayanır.
● Ayə 81:
﴿وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لِّيَكُونُوا لَهُمْ عِزًّا﴾
“Bir Allah əvəzinə (yalançı) tanrılar seçdilər ki, bu yolla izzətə çatsınlar.”
● Ayə 82:
﴿كَلَّا سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا﴾
“Heç vaxt (bu arzuya çatmazlar), tezliklə, məbudlar onların pərəstişini inkar edəcək və onlara müxalif çıxacaqlar.”
Nöqtələr
Əllamə Təbatəbai bildirir ki, “kəlla səyəkfurun” cümləsi iki cür təfsir olunur:
a) Müşriklər öz ibadətlərini inkar edib bütlərə müxalif olacaqlar;
b) Zalım güclər və bütlər müşriklərə şəfaət və izzət vermək əvəzinə, onlara qarşı qiyam qaldıracaqlar. Quranda bu mənanı təsdiqləyən başqa ayələr də var.1
“Əziz” dedikdə bütün zərər və şərdən amanda olan qalib və nüfuzolunmaz nəzərdə tutulur.
İmam Sadiq (ə) buyurur: “Alihə” dedikdə xalqın itaət edib izzət gözlədiyi rəislər nəzərdə tutulur.2 Zalım güc və şeytan kimi məbudların öz ardıcılları ilə müxalifliyi aydın məsələdir. Ola bilsin ki, daş, ağac və digər cansız bütlər qiyamət günü Allahın irdəsi ilə dilə gəlib onlara pərəstiş edən müşriklərə qarşı çıxsınlar.3
İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: “Ayədə ibadət deyərkən səcdə və rüku nəzərdə tutulmamışdır. Bu ibadət tabeçilik mənasındadır. Bir məxluqa itaət etməklə günaha batan insanın itaəti bir növ pərəstişdir.4
Bildirişlər
1. İnsan fitrətində izzət istəyi var. Amma o, hədəfi düz seçmir, həqiqi izzət mənbəyinə üz tutmur.
2. Qiyamət yaxındır, buna inanaq.
3. Allah əvəzində yanlış olaraq insanın üz tutduğu şeylər onun ziddinə qiyam qaldıracaq.
● Ayə 83:
﴿أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا﴾
“Təhrik etsinlər deyə şeytanları kafirlərə doğru göndərdiyimizi görmədinmi?!”
● Ayə 84:
﴿فَلَا تَعْجَلْ عَلَيْهِمْ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا﴾
“Onlar üçün (əzaba düşsünlər deyə) tələsmə. Biz onlar üçün hesab aparırıq.”
Dostları ilə paylaş: |