2. Urmiya yıvları.
XII əsrin ilk rübündə qələbəlik bir yıva icmasının da Urmiya yörəsində yaşadığı məlumdur. Böyük ehtimala görə, onlar monqol istilası nəticəsində buraya gəlmiş Süleyman şah yıvalarının ayrı bir qoludur. Qələbəlik olan bu yıvaların 10.000 atlısı vardı. Məhəmməd Nəsəviyə görə2, onlar Sultan Cəlaləddini heçə sayaraq, yollarda vahimə yaradır və hüdud ölkələrinə basqınlar edirdilər. Bu səbəbə görə Cəlaləddin Axlatdan dönərək bunların üzərinə yürüş etdi. Yıvalardan bir çoxları öldürüldü və xeyli qənimət əldə edildi. Qoyun sürülərindən ibarət olan və Muğana aparılan bu qənimətin xəzinəyə aid olan qismi 30.000 dinar qiymətində idi3.
Bu hadisədən 623-cü ildə (1226) bəhs edən ibn ül-Əsir4 yıvaların talançılıq fəaliyyətinə dair geniş məlumat vermişdir: Uşnu və Urmiya şəhərləri yıvaların əlində idi, üstəlik onlar Xoy şəhərindən də xərac alırdılar. Yıvalar Cəlaləddinin əvvəlcə gürcülərlə, sonra da Axlatın zəbt edilməsi ilə məşğul olmasını fürsət sayıb, ticarət karvanlarını soymaqla yolların sakitliyini pozmuşdular. Bu arada Təbriz tacirlərinin Ərzrumdan Təbrizə gətirdikləri 20 min qoyunu da Təbriz yaxınlığında ələ keçirib götürmüşdülər.Yıvaların belə hərəkətlərinin artdığını görən Cəlaləddin son səlcuqlu sultanı Toğrulun qızı olan arvadının xahişi ilə Axlatın mühasirəsindən əl çəkib yıvaların üzərinə yürüş etdi.
Yıvalar Cəlaləddinin Axlatdan əl çəkməyəcəyinə əmin olduqları üçün sərt dağlara çəkilməyərək öz yurdlarında qayğısız yaşayırdılar. Məhz belə bir şəraitdə Cəlaləddin onları çəmbərə saldı, çoxunu öldürdü, arvad-uşaqlarını əsir etdi, mal-qaralarının əksəriyyətini əlinə keçirdi5. Bu hadisədən 6 il sonra monqolların gəlməsi ilə əlaqədar onlar da Azərbaycandakı türkmənlər kimi Qərbə getməyə başladılar.
Dostları ilə paylaş: |