Filosoflara görə şəxsiyyət – yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən insandır. Psixoloqlara görə şəxsiyyət –həyatı boyu formalaşan, özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təfəkkür, davranış tərzi, hissləri olan insandır. Pedaqoqlara görə şəxsiyyət – irsi və sosial amillərin təsiri altında formalaşan, maddi və mənəvi aləmi dərk edib, müstəqil yaradıcı fəaliyyət göstərə bilən insandır. Şəxsiyyətin inkişafı dedikdə -insanın bioloji və mənəvi baxımdan kəmiyyət və keyfiyyətcə dəyişməsi prosesi və onun nəticəsi başa düşülür. Şəxsiyyətin formalaşması dedikdə - xarici amillərin təsiri altında şəxsiyyətin dinamik funksional, psixoloji quruluşunun dəyişməsi, insanın müəyyən xarakter xüsusiyyətlər qazanması prosesi başa düşülür. Şəxsiyyətin sosiallaşması dedikdə -insanın cəmiyyətlə qarşılıqlı təsiri prosesində sosial mühitə inteqrasiyası, ona uyğunlaşması başa düşülür. Şəxsiyyətin inkişafında rol oynayan bioloji və sosial amillərə aşağıdakı anlayışlar aiddir: - irsiyyət; - mühit; - tərbiyə.