149
Qarğıdalı bitkisinin işıqdan istifadə əmsalını yüksəltmək üçün səpinin düzgün aparılmasına,
gübrələmə və suvarmanın diqqətlə yerinə yetirilməsinə fikir vermək lazımdır.
Qarğıdalı qida elementlərinə tələbkar bitkidir. O, bir ton əsas və əlavə məhsulla torpaqdan 24-
30 kq azot, 10-12 kq fosfor və 25-30 kq kalium elementi aparır. Torpaqda azot elementinin
çatışmaması kök sisteminin inkişafına mənfi təsir göstərir. Vegetasiyanın əvvəlində bitki azot
elementindən kalium qədər istifadə edir.
Fosfor dənin tam yetişməsi dövrünə qədər bitkiyə daxil olan zəruri elementdir. Fosfora tələbat
bitkinin həyatının ilk günlərindən başlayır. Kök sisteminin yaxşı inkişaf etməsində, xarici mühitin
əlverişsiz şəraitinə qarşı davamlı olmasında və dənində azotsuz
ekstraktiv maddələrin
toplanmasında fosforun əhəmiyyəti böyükdür.
Kalium elementi maddələr mübadiləsini yaxşılaşdırır, bitkinin həyat qabiliyyətini yüksəldir,
fotosintez prosesini tənzimləyir, hüceyrələrə suyun daxil olmasını sürətləndirir, transpirasiyanı
azaldır, osmotik təzyiqi və turqoru artırır, sudan istifadə kofisientini aşağı salır. Çiçəkləmə
fazasından sonra kaliumun bitkiyə daxil olması dayanır.
Bunlardan əlavə kalsium və
mikroelementlərin də rolu böyükdür. Ümumiyyətlə bitkinin qida maddələrini mənimsəməsi
torpağın qranulometrik tərkibindən, aerasiya dərəcəsindən, su ilə təmin olunmasından, kök
sisteminin inkişafından və sortun xüsusiyyətindən asılıdır.
Qarğıdalı bitkisi üçün ən yaxşı torpaqlar azot elementi ilə zəngin olan qara torpaqlar, tünd
şabalıdı və tünd boz torpaqlar sayılır. Qranulometrik tərkibi orta və yüngül
gillicəli torpaqlar da
qarğıdalı əkinləri üçün yararlı hesab olunur. Qarğıdalı yumşaq, hava keçirən, alaq otlarından təmiz,
humus qatının qalınlığı çox olan, qida elementləri ilə təmin olunmuş neytral reaksiyalı (pH-5,5-7,0)
torpaqlarda yaxşı inkişaf edir. Turş və duzlu torpaqlar qarğıdalı əkini üçün yararlı sayılmır. Şoran-
boz torpaqlarda, daşlı, bataqlı yerlərdə, ağır çox qaysaq əmələ gətirən, suyu və havanı çətin keçirən
torpaqlarda pis inkişaf edir.
Respublikamızın şabalıdı və açıq-şabalıdı torpaqlarında qarğıdalı daha yaxşı inkişaf edir və
yüksək məhsul verir. Qarğıdalının torpağa az tələbat göstərməsinin səbəbi, kök sisteminin buraxdığı
karbon anhidridi və alma turşusunun olmasıdır. Bunlar torpaqda azot elementini təsbit edən
mikroorqanizmlərin inkişafına müsbət təsir göstərir və nəticədə bitkilərin qidalanması yaxşılaşır.
Torpaqda 18-20% oksigen olduqda qarğıdalı normal məhsul verir. Oksigenin təzyiqi 5%-ə
endikdə kökün böyüməsi dayanır. Odur ki, torpaqlar yaxşı yumşaldılmalıdır.
Qarğıdalının boy və inkişafında aşağıdakı fenoloji fazalar qeydə alınır: cücərtilərin
başlanması və tam alınması, süpürgələmənin başlanması və tam əmələ gəlməsi, qıcalarda
çiçəkləmənin başlaması və tam çiçəkləmə, toxumun süd və süd-mum vəziyyəti, mum yetişkənlik,
tam yetişkənlik. Fazalar arası müddət sortların xüsusiyyətləri,
hava şəraiti və becərilmə
texnologiyasına əsasən müəyyənləşdirilir.
Başlanğıc dövrdə birinci yerüstü buğumarası əmələ gələnə qədər qarğıdalı çox yavaş-yavaş
inkişaf edir. Bu zaman digər ikinci qrup dənli taxıl bitkiləri kimi kök sistemi güclü inkişaf edir.
Sonra böyümə tempi tədricən artır, süpürgələmə qabağı maksimuma çatır. Bu dövrdə bitkinin boy
atması əlverişli şəraitdə sutkada 10-12 sm-ə çatır. Çiçəkləmədən sonra bitkinin boy atması dayanır.
Məhsulun formalaşmasının böhran dövrü rüşeym (embrion) budaqcığı əmələ gəldikdə yəni 2-3
yarpaq fazasında və 6-7 yarpaq fazasında qıcaların ölçüsü müəyyən edilən zaman hesab olunur.
Qarğıdalının inkişafında iki faza daha çox vacibdir: süpürgələrin formalaşması, tezyetişən, orta
müddətdə və gecyetişən sortlar üçün müvafiq olaraq 4-7, 5-8 və 7-11 yarpaq fazasında; qıcaların
formalaşması müvafiq olaraq 7-11, 8-12 və 11-16 yarpaq fazasında baş verir. Qısa müddətdə
süpürgələməyə 10 gün qalmış və süpürgələrin çiçəkləməsi qurtardıqdan 20 gün sonra bitki 75%-ə
qədər üzvi kütlə toplayır. Quraqlıq, torpağın hədsiz nəmlənməsi, mineral qidanın çatışmaması
çiçəkləmə dövründə və mayalanma zamanı qıcalarda dən əmələ gəlməsini aşağı salır. Bitkidə nəm
(yaş) kütlənin maksimal miqdarı süd fazası vəziyyətində olduqda, quru maddə isə mum yetişkənlik
fazasının sonunda qeydə alınır.