Girne qalasında yerləşən “Batık gəmi” muzeyinin eksponatlarından
Batmış gəmi qalıqları arasından
tapılıb çıxarılmış saxsı qablar.
Beşbarmaq dağının yaxınlığındakı sututardan söhbət açarkən adanın su probleminə də toxunmadan keçinmək olmaz. Buraya su əsasən Türkiyədən gətirilir. Adadakı su qıtlığını müxtəlif cür yozurlar. XX yüzilin ortalarınadək adanın təbii su ehtiyatları əhalinin su ehtiyatını ödəyirmiş. İndi isə çətin vəziyyət yaranıb. Bunu kimi son illər yağıntının azalması ilə, kimi ingilis müstəmləkəçiliyi dönəmində çoxlu evkalipt ağaclarının əkilməsi ilə bağlayır (evkalipt ağacları çoxlu su buxarlandıran bitkilərdəndir. Belə güman edirlər ki, evkaliptin kökləri yeraltı su laylarına çatıb, oradan suyu sorub buxarlandırdığından kəhrizlər qurumuşdur). Bundan əlavə, müstəmləkə dönəmində ingilislər kəhrizlərə, quyulara güclü nasoslar qoyub suyu sorduğundan sututar layların uçması ilə də əlaqələndirirlər. Əlbəttə, bunların hər birində həqiqət var. Amma o da nəzərə alınmalıdır ki, adanın əhalisi XX yüzilin əvvəlinə nisbətən bir neçə dəfə artıb. Hər bir insan da yüz il öncəkindən 20-30 dəfə çox su işlədir. Elmi-texniki tərəqqinin də susuz başa gəlmədiyini nəzərdən qaçırmaq olmaz.
Girne şəhərini keçib sahilboyu uzanan yalla batıya, Kovucan burnu yönündə irəliləyirik. Karaoğlanoğlu burnunda dayanıb buradakı mehmetcik məzarları önündə fatihə oxuyuruq. 1974-cü ildə adadakı Türklər son nəfəsini yaşayanda Türkiyə əsgərləri havadan və dənizdən adaya atıldılar. Onlar Girnedən 10-15 km. aralıdakı sahilə çıxmağa çalışarkən yunanların güclü atəşilə qarşılaşdılar. Kiçik komutan Karaoğlanoğlu və bir neçə əsgər şəhid olsa da, mehmetciklər sahilə çıxıb magistralyolu nəçarət altına aldılar. İndi həmin yerdə qəbirüstü abidə kompleksi ucaldılıb, heykəllər qoyulub, limon, portağal bağları salınıb. Adsız buruna da şəhid olmuş kiçik komutan Karaoğlanoğlunun adı verilib.
Oradan yenə Batıya Doğru irəliləyib adanın ən gözəl turistik guşələrindən olan Alsancak restoranında nahar edirik. Dəniz qırağında ürəkoxşayan bir guşədə qurulmuş restoranın yalnız bir salonunda 250-300 nəfərin əyləşib nahar etməsi üçün şərait var.