BEYTÜLMÜQƏDDƏSİN447 İNŞASI
34. And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı. (Sad: 34).
İbn Cərir, İbn Əbu Hatim və başqa təfsirçilər bu barədə sələflərdən çoxlu rəvayətlər çatdırmışlar. Həmin rəvayətlərin əksəriyyəti, demək olar ki, hamısı İsrailiyyatdan götürülmüşdür. Onların çoxunda inkar ediləcək mənalar vardır. Biz təfsir kitabımızda448 bu rəvayətlər barədə danışmışıq. Burada isə sadəcə bu ayələri yazmaqla kifayətlənirik.
Demək həmin rəvayətlərin məzmunu bundan ibarətdir: Süleyman qırx gün taxtından ayrıldıqdan sonra yenidən qayıtdı. Qayıdanda ona Beytülmüqəddəsi tikmək əmr olundu. O məscidi çox möhkəm bünövrədə inşa etdi. Biz əvvəlki fəsillərdə də demişdik ki, Süleyman bu məscidi bərpa etmişdir. Onu ilk dəfə tikib məscid edən İsrail (Yəqub) olmuşdur. Əbu Zərr س deyir ki, mən Peyğəmbərə ق dedim: "Ey Allahın elçisi! Hansı məscid birinci inşa edilib?" O dedi: "əl-Hərəm məscidi." Mən dedim: "Bəs sonra hansı?" O dedi: "əl-Əqsa Məscidi." Mən dedim: "Bəs ikisinin arasında neçə il fərq var idi?" O dedi: "Qırx il." 449
Məlumdur ki, əl-Hərəm məscidini inşa edən İbrahim ilə Süleyman ibn Davud arasında qırx il deyil, min ildən çox vaxt vardır (ona görə onun Yəqub tərəfindən inşa edilməsi daha uyğun görünür. Tərc.).
O, Beytülmüqəddəsi tikəndən sonra Allahdan heç kəsin nail ola bilməyəcəyi bir mülk istədi.
İmam Əhməd, Nəsai, İbn Macə, İbn Xuzeymə, İbn Hibban və Hakim (Allah onlara rəhmət etsin!) Abdullah ibn Amr ibn əl-Asdan rəvayət edirlər ki, Peyğəmbər demişdir: "Süleyman beytülmüqəddəsi tikəndən sonra Rəbbindən üç şey istədi. İkisi ona verildi. Allahdan diləyirik ki, üçüncünü də ona versin. O, hökmünə qərar verdiyi məsələlərin Allahın hökmünə uyğun gəlməsini istədi və Rəbbi bunu ona verdi. Sonra heç kəsin nail ola bilməyəcəyi mülkü istədi və bu da ona verildi. Daha sonra sırf bu məsciddə namaz qılmaq üçün evindən çıxıb bura gələnin günahlarını bağışlayıb doğulduğu ilk gündəki kimi pak etməsini istədi. Biz də ümid edirik ki, Uca Allah onun bu istəyini də qəbul etmişdir."450
Allahın hökmünə müvafiq hökm verməsinə görə Uca Allah onu və atasını bu ayədə tərifləmişdir: «78. (Ey Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. 79. Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (dərin şəriət biliyi) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.» (əl-Ənbiya: 78-79). Şureyh əl-Qadi və digər sələf alimləri deyirlər ki, bu insanların üzüm tingi var idi. Başqa birinin qoyunları isə gecə vaxtı oraya daxil olub tingi təmamilə yemişdi. Onlar bu iş barəsində Davuda müraciət etdilər. O, üzüm sahibinə yeyilən üzümün dəyərinin ödənilməsi qərarını verdi. Sonra onlar Süleymanın yanına gələndə o dedi: "Allahın peyğəmbəri sizə nə hökm kəsdi?" Onlar olanı ona xəbər verdilər. O dedi: "Amma mən olsaydım, qoyun sahibinin üzümləri əvvəlki vəziyyətə gətirənə qədər südündən və balasından xeyir götürmək şərti ilə qoyunların üzüm sahibinə verilməsinə qərar verərdim. Üzümləri düzəldəndən sonra isə qoyunları öz sahibinə qaytarardılar". Bu xəbər Davuda çatanda o da bu hökmlə qərar verdi.
Buna oxşar bir hədis Buxari və Muslimdə Əbu Hureyrədən rəvayət olunmuşdur. O, Peyğəmbərin belə buyurduğunu deyir: "Bir gün iki nəfər qadın öz uşaqları ilə birlikdə gedirdilər. Uşaqlardan birini canavar götürüb aparır. Qadınlar sağ qalan uşağın kimə aid olması barədə mübahisə edirlər. Böyük qadın, canavar sənin uşağını aparıb, kiçik qadın isə səninkini aparıb deyə mübahisə edirdilər. Onlar Davuda müraciət etdilər. Davud uşağın böyük qadına aid olması barədə qərar verdi. Sonra onlar Süleymanın yanına gəldilər. Süleyman dedi: "Bir bıçaq gətirin, onu iki hissəyə bölüb hərənizə bir hissəsini verəcəyəm". Kiçik qadın dərhal: "Yox! Allah xətrinə belə etmə!" – deyə səsləndi. Çünki həqiqətdə uşaq onun idi. Süleyman da uşağın ona aid olmasına qərar verdi"."451
Yəqin ki, onların şəriətinə görə hər iki hökmün verilməsi icazəli idi. Amma Süleymanın verdiyi hökm daha tutarlı olmuşdu. Allah təala ona bəxş etdiyi bu xüsusiyyətə görə onu, sonra isə atasını tərifləmişdir: «79. Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (dərin şəriət biliyi) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik. 80. Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu nemətinə) artıq şükür edərmisiniz?» (əl-Ənbiya: 79-80).
Sonra Uca Allah buyurur: «81. Əmri ilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik! 82. Biz şeytanlardan dalğıclıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz olurduq.» (əl-Ənbiya: 81-82).
Sad surəsində (36-40) isə deyilir: «36. Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. 37. (Biz) şeytanlardan olan hər bir bənnanı və dalğıcı, 38. eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik) 39. (Və ona belə buyurduq:) “Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən bu nemətlər barəsində haqq-hesab tələb olunmayacaqdır)”. 40. Həqiqətən, o, (Qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.».
Süleyman atlardan Allah rizasına imtina etdiyi üçün əvəzində Uca Allah ona daha güclü və daha sürətli küləyi ram etdi. O heç bir əziyyət çəkmədən küləyi idarə edirdi. «Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.» (Sad: 36). Külək onu istədiyi ölkəyə aparırdı. Onun taxtadan düzəldilmiş uçan miniyi var idi. Saray, çadırlar, əşyalar, atlar, dəvələr, insanlar, cinlər, heyvanlar və quşlar hamısı bu miniyə yerləşirdi. O bir yerə getmək, gəzintiyə çıxmaq və ya istənilən ölkədə düşmənlərlə döyüşə yollanmaq istədikdə deyilən bütün şeyləri miniyinə yükləyir, sonra isə küləyə əmr edirdi. Külək miniyin altına daxil olub onu havaya qaldırırdı. Göy ilə yerin arasında olarkən küləyə meh olub əsməyi əmr edirdi. Daha sürətli getmək istədikdə isə küləyə güclü əsməyi əmr edirdi. Beləliklə külək onu istədiyi yerə aparıb çatdırırdı. Səhər vaxtı küləklə Beytülmüqəddəsdən çıxır, günorta vaxtına qədər bir aylıq yolu qət edirdi. Günün sonuna qədər işini görür və sonra yenidən Beytülmüqəddəsə qayıdırdı.
Uca Allah buyurur: «12. Süleymana da küləyi ram etdik. O, (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona Cəhənnəm odunun əzabından daddırırdıq. 13. Onun (Süleyman) üçün istədiyi uca qəsrlər (məbədlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükrlə itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!» (Səba: 12-13).
İbn Abbas, Mucahid, İkrimə, Qatadə və digər elm adamları ayədəki metalın mis olduğunu açıqlayıblar452. Qatadə əlavə olaraq demişdir: "Bu metalı Uca Allah onun üçün Yəməndə çıxartmışdı"453.
Dostları ilə paylaş: |