HUD PEYĞƏMBƏR ÖZ QÖVMÜNƏ XƏBƏRDARLIQ EDİR
Kobud kafir ərəblərdən ibarət Ad qövmü bütlərə ibadətdə möhkəmlənmişdilər. Uca Allah onlara öz aralarından olan bir nəfər göndərdi ki, onları Allaha və ibadəti yalnız Allaha məxsus etməyə çağırsın. Onlar isə onu təkzib etdilər, alçaltdılar və ona qarşı çıxdılar. Uca Allah da onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladı.
Hud onlara Allaha ibadət etməyi əmr edib, Ona itaət etməyə və Ondan bağışlanma diləməyə rəğbətləndirirdi. Dediklərinə əməl edəcəkləri təqdirdə dünya və axirət xeyirini, əks halda isə dünya və axirət cəzasını onlara vəd verdi. Hud tayfasının kafir başçıları isə ona: “Biz səni səfehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər. (əl-Əraf: 66). Yəni, sənin bizi dəvət etdiyin din, bizim bütlərə etdiyimiz ibadətlə müqayisədə çox səfeh bir işdir. Çünki biz onlardan ruzi və kömək umuruq. Bununla belə, özünün Allah tərəfindən göndərildmiş elçi olduğunu iddia etməyində də sənin yalançı olduğunu zənn edirik. Hud dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! (əl-Əraf: 67). Yəni, bu heç də sizin düşündüyünüz və etiqad etdiyiniz kimi deyil. Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm. (əl-Əraf: 68). Təbliğ etmək dedikdə təbliğ olunanın əsasında yalanın olmaması şərtdir. Ona heç bir artırma və ya azaltma ilə təsir etmək olmaz. Təbliğ olunan materialı fəsahətli və anlaşılan ifadələrlə çatdırmaq lazımdır. Bu ifadələr əhatəli, aydın, müəmmasız olmalı və onlarda heç bir ziddiyyət, yaxud tərəddüd olmamalıdır.
Deyilən keyfiyyətdə aparılan təbliğat növü ilə təbliğatçı öz tayfası üçün ən doğru məsləhətçi olur. Bununla o onlardan heç bir muzd və ya xidmət tələb etmədən öz şəfqətini və onların hidayət olunmaları üçün canfəşanlığını göstərmiş olur. O, Allaha dəvətində ixlaslı davranır, insanlara xeyirli öyüd-nəsihət vermək prinsipindən kənara çıxmır. Onu göndərəndən başqa heç kəsdən dəvətə görə muzd tələb etmir. Axı dünya və axirətin xeyirləri Onun əlində və hökmü altındadır. Elə buna görə o belə deyirdi: Ey camaatım! Mən buna görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni Yaradana aiddir. Məgər dərk etmirsiniz? (Hud: 51). Mənim sizi açıq-aşkar haqqa çağırdığımı başa düşəcək və anlayacaq dərrakəniz yoxdurmu?! Halbuki yaradılış fitrətiniz də buna şahidlik edir. Bu din, Uca Allahın Nuhla göndərdiyi və ona qarşı çıxanların məhv olunduğu haqq dindir. İndi isə mən sizi bu dinə dəvət edirəm və bunun müqabilində heç bir mükafat tələb etmirəm. Mən öz mükafatımı xeyir və zərərə sahib olan Allahdan diləyirəm. Yasin qövmünün möminləri də belə demişdilər: Sizdən heç bir muzd istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin! Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız! (Yasin: 21–22). Hudun qövmü isə belə deyirdilər: Onlar da dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə ilahlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq! Biz ancaq bunu deyirik ki, bəzi ilahlarımız sənə xətər toxundurmuşdur”. Hud belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin Rəbbinizə qoşduğunuz şəriklərdən uzağam! (Hud: 53,54). Onlar deyirdilər ki, sən bizə iddia etdiklərinin doğruluğuna dəlalət edən bir möcüzə göstərməmisən. Sənin dəlil–sübutsuz söylədiyin mücərrəd sözünlə bütlərimizə ibadət etməkdən əl çəkən deyilik. Bu iddiana görə sənin dəli olduğunu düşünürük. Danışdığın sözlərə görə ilahlarımızın sənə qəzəbi tutub deyə dəli olmusan. Ağlın gedib deyə dəlilik edirsən. Biz ancaq bunu deyirik ki, bəzi ilahlarımız sənə xətər toxundurmuşdur”.
Hud belə cavab verdi: “Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin Rəbbinizə qoşduğunuz şəriklərdən uzağam! Bircə Allahdan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin! (Hud: 54,55). Bu hərəkət Hud tərəfindən onlara qarşı hədə-qorxu, ilahlarından imtina etmək və onları dəyərsiz hesab etmək nümunəsi idi. O bildirirdi ki, sizin ilahlarınız nə bir xeyir, nə də zərər verə bilmirlər. Onlar cansız əşyalardır. Onların hökmü və hərəkəti cansızlardan heç nə ilə fərqlənmir. Əgər doğrudan da sizin dediyiniz kimi onlar kömək edir, fayda və ya xətər toxundura bilirlərsə mən özümün onlardan uzaq olduğunu açıq şəkildə bildirir, onları lənətləyirəm. Elə isə siz hamılıqla mənə hiylə qurun və mənə möhlət də verməyin. Əlinizdən gələni edin və məni bir göz qırpımı da olsa gözdən kənar qoymayın. Mən artıq sizə əhəmiyyət vermir, barənizdə düşünmür və sizə tərəf baxmıram.
Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim ədalət sahibidir. (Hud: 56). Mən Allaha təvəkkül etmişəm, Ona bel bağlamışam. Mən onun himayəsində olduğuma arxayınam. Hər kəs ki, Onun himayəsinə üz tutar, o heç vaxt haqq yoldan azmaz. Mən heç bir məxluqa bel bağlamıram. Ona təvəkkül edirəm və Ondan başqasına ibadət etmirəm.
Bu açıq-aşkar göstərir ki, Hud Allahın qulu və elçisidir. Onlar isə Allahdan başqasına ibadət etməklə nadanlıq və zəlalət içindədirlər. Onlar Huda heç bir xətər toxundura bilmədilər, nə də Hud tərəfindən bir pislik görmədilər. Bütün bunlar onun təbliğatında sadiq olduğunu, özlərinin isə batil yolda olduqlarını bir daha isbat edir.
Ondan öncə Nuh peyğəmbər də eyni ilə bu dəlilə istinad etmiş və demişdi:
71. Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin. (Yunus: 71).
İbrahim əl-Xəlil də belə demişdi:
80. Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
81. Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?
Dostları ilə paylaş: |