«129. (Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz, əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!”» (əl-Əraf: 129). Musa qibtilərə qalib gələcəklərinə dair onlara vəd verdi və belə də oldu. Bu da onun peyğəmbərliyinin bir sübutudur.
Mömin kişinin nəsihətinə, moizəsinə və dəlillərinə qayıdaq:
Uca Allah buyurur: «38. O mömin adam dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım! 39. Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur! 40. Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!» (əl-Mumin, Ğafir: 38-40).
– Allahın razı qaldığı – bəndə onları haqq yola, Allahın peyğəmbəri Musaya itaət edib Rəbbindən gətirdiyi şıriəti təsdiqləməyə dəvət edir. Onları alçaq və geci-tezi fani qalacaq dünyadan əl çəkməyə, Allah yanında savab əldə etməyə təşviq etdi. Axı heç bir əməl sahibinin əməli hər şeyin açarı əlində olan Allahın dərgahında boşa çıxmaz. O az bir işə çox mükafat, pis işə isə öz mislində cəza verər. Axirət həyatının baqi olduğunu, mömin olub yaxşı əməllərlə oraya gələnin yüksək Cənnətlərə, rahat otaqlara, bir-birindən gözəl nemətlərə, ardı-arası kəsilməyən ruziyə qovuşacağını xatırlatdı.
Daha sonra onların inancının əsassız olduğunu və getdikləri yolun təhlükəsini isbat edərək dedi: «40. Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar! 41. Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata dəvət etdiyim halda, siz məni Cəhənnəmə dəvət edirsiniz! 42. Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram! 43. Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. Həddi aşanlar, sözsüz ki, Cəhənnəmlikdirlər! 44. (Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!” 45. Beləliklə, Allah onu (o mömin şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı. 46. Onlar (ölən gündən Qiyamətə qədər qəbir evində) səhər-axşam odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!”» (əl-Mumin, Ğafir: 40-46).
Mömin kişi onları göylərin və yerin bir şeyə "ol!" deməklə var edən Rəbbinə ibadət etməyə çağırırdı. Onlar isə onu cahil və məlun Firona ibadətə dəvət edirdilər. Buna görə də o, onlara etiraz edərək belə deyirdi: «41. Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata dəvət etdiyim halda, siz məni Cəhənnəmə dəvət edirsiniz! 42. Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram!»
Allahı qoyub, nə bir xeyir gətirmək, nə də bir zərər vermək iqtidarında olmayan büt və heykəllərə ibadət etmələrinin də yanlış olduğunu onlara çatdırdı və dedi: «43. Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. Həddi aşanlar, sözsüz ki, Cəhənnəmlikdirlər!» Əgər ibadət etdikləriniz bu dünyada nə bir hökmə, nə də bir ixtiyara sahib deyillərsə, əbədi həyatda buna necə qadir ola bilərlər?! Allah isə həm möminlərə, həm də kafirlərə ruzi verəndir. Bəndələri dirildən, öldürən, yenidən dirildən, itaətkarları Cənnətə, günahkarları isə Cəhənnəmə salan Odur.
İnadkarlıqdan əl çəkmədikləri halda qarşılaşacaqları hal ilə onları hədələdi və dedi: «44. (Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!”»
Dostları ilə paylaş: |