Təriflər. Riyaziyyatda öyrənilən anlayışlara tərif verilir.Tərifdə anlayışın məzmunu açılır, yəni onun mühüm əlamətləri göstərilir.
Anlayışın öyrənilməsinə başladıqda onun həcmini əmələ gətirən elementləri və məzmunu təşkil edən xassələri ayırmağa dair nümunələri şagirdlərə göstərmək lazımdır. Bu xassələri şagirdlərin özlərinin müstəqil müəyyən etməsi yaxşı olar. Bunun üçün şagirdlərə münasib misal və əks misalları təklif edərək problem situasiya yaratmaq lazımdır. Anlayışın öyrənilməsinin sonrakı mərhələsi onun məzmununun açılması ilə əlaqədardır. Qeyd edildiyi kimi, anlayışın tərifinə bütün xassələr deyil, anlayışın məzmununu təşkil edən bəzi xassələr daxildir; qalan xassələr isə onlardan çıxarıla bilər. Metodik baxımdan bu işi elə təşkil etmək lazımdır ki, şagirdlər özləri müstəqil olaraq bu xassələri “kəşf” etsinlər.Formal məntiq baxımından təfəkkürün üç əsas forması vardır: anlayışlar, hökümlər, əqli nəticələr.
Anlayışlar təfəkkürdə dağınıq halda deyil bir-biri ilə müəyyən üsulla əlaqələnirlər. Anlayışların bir-biri ilə əlaqə formasına hökm deyilir. Hər bir hökmdə anlayışlar arasında müəyyən əlaqə və ya qarşılıqlı münasibət müəyyənləşdirilir ki, bununla da uyğun anlayışları əhatə edən obyektlər arasında olan bu obyektiv aslılıqları düzgün əks etdirirsə, belə hökmlərə doğru, əks halda yalan hökmlər deyilir. Belə ki, “hər bir kvadrat düzbucaqlıdır” hökmü doğru, “hər bir düzbucaqlı kvadratdır” hökmü isə yalandır.
Beləliklə, hökm obyektin və ya onun hər hansı əlamət və əlaqələrinin mövcudluğunu və ya yoxluğunu əks etdirən təfəkkür formasıdır.
Düşünmək-hökm söyləmək deməkdir. Hökmün köməyi ilə fikir, anlayış özünün sonrakı inkişafını tapır. Hökm cümlələr vasitəsilə ifadə olunur, lakin hər bir cümlə hökm deyildir. Hökmün xarakter əlaməti bu hökmü ifadə edən cümlədə doğru və ya yalanın mövcud olmasıdır.
Məsələn, “∆ABC bərabəryanlıdır” cümləsi müəyyən bir hökmü ifadə edir” “∆ABC bərabəryanlıdırmı?” cümləsi heç bir hökmü ifadə etmir.
Dostları ilə paylaş: |