Eşitdim ki, Məhəmməd Şəms sahilə çatmazdan öncə suyun içində düşmənin kor atəşi nəticəsində yaralanmış, düşmən səsini duymasın deyə dostundan onu suda boğmasını istəmişdi. O, məzlumcasına və səssizcə can vermişdi. Dostu Məhəmmədin şəhidliyinə vasitə olsa da, onun cansız cəsədini özü ilə sahilə çıxarmış, Ərvəndin dalğaları aparmasın deyə dalğıc geyimini tikanlı məftillərə ilişdirmişdi. Sonra onun özü də şəhadətə qovuşmuşdu. 649
Uşaqlar maneələrə çatanda su enibmiş və onlar maneələri açmağa məcbur olublar. Bu zaman isə düşmən keşikçisi fənərin işığında onları görmüşdü. Uşaqlar maneələrin arasında müdafiə imkanından məhrum halda bir-bir güllələnib şəhid olmuşdular. Bunları həmin dalğıc taqımının komandir müavini, taqımın digər dalğıcları ilə birgə düşmən mövqeyini ələ keçirmiş Seyid Rza Musəvi danışırdı. 649
Cəsədləri bir-bir qaldırırdıq. Qanları hələ isti və yeni idi. Heç kim danışmırdı. Yalnız sinələrin hıçqırtısı, çiyin və qolların titrəmə səsi gəlirdi və hər dəfə şəhidlərin üzünə baxanda səs də ucalırdı. 649
Məhəmməd Şəmsi götürəndə halım pis oldu. Onu ilk dəfə Zeyddə ayrılmaz dostu Cavad Əfşurdi ilə birgə görmüşdüm. Onlar təqdimatlarını kəşfiyyat bölüyünə gətirmişdilər, bir müddət bir yerdə olduq. Zeyd bölgəsinin maneə və yollarını öyrənmək ağır və yorucu iş idi. Kəşfiyyatdan qayıdanlar bir yerdə oturan kimi yuxulayırdılar. Məhəmmədlə Cavad isə hamını məəttəl qoymuşdular. Biz tapşırıqdan dönəndə, gecə saat bir-ikidən sonra onların ibadət vaxtı idi. Bir ədyal götürüb bizdən uzaqlaşır və sübh namazına qədər raz-niyaz edirdilər. Dalğıc təlimi keçmək üçün Seyyidüş-şühəda batalyonuna gedəndə Məhəmməd Şəmsi bir də gördüm. Bu dəfə tək idi. Cavadı soruşanda dedi: "Cavad Quruculuq cihadı təşkilatı ilə gəlib, hələlik Əhvazdadır". 649
Maraqlıdır ki, iki gündən sonra Cavad Əfşurdi də şəhadətə qovuşdu. İndi Təbrizin Rəhmət vadisi məzarlığında Məhəmmədin yanında uyuyur. Xoş hallarına! 649
Bütün şəhidləri maneələrin arasından çıxaranda günəş səmanın ortasına çatırdı. Şəhidləri aparmaq işini uşaqlar üzərlərinə götürdülər. Qardaş Qasimpurdan ayrıldım və kəşfiyyat uşaqlarını tapmaq üçün sahillə yoluma davam etdim. Bir qədər sonra uzaqdan bölüyün uşaqlarını gördüm. Hamısının üzündə qəmlə sevinc bir-birinə qarışmışdı. Qələbə böyük idi; Ərvəndi məğlub etmiş şəhidlər qədər böyük! Uşaqları soruşanda yaxınlıqdakı bir səngəri göstərdilər. Səngərə girəndə divarların məni sıxdığını hiss etdim. Bəzi uşaqlar yaralanmışdılar və hələ orada idilər, mənim kimi bəziləri də yorulmuşdular və sınıq qəlblərini oraya çatdırıb qardaş Fəthinin əmrini gözləyirdilər. 649
Mehdi Davudinin gəlişi ilə səngərdə sevinc yarandı. Mehdi mənə çox şeyi xatırladırdı. Bir vaxtlar o, Hüseyn Məhəmmədianın komandiri idi, Hüseyn şəhid olan günlərdə isə onun tabeliyində xidmət edirdi. Köhnə dostu Yəqub Şikari Bədr əməliyyatında şəhadətə qovuşandan kimsə Mehdinin güldüyünü və zarafatlaşdığını görməmişdi. Orada isə Mehdinin vəziyyəti digərlərindən fərqli idi. Dəstəmazının suyu saqqalından axa-axa azan verirdi. "La ilahə illəllah" cümləsini deyən kimi çəfiyəsini kəmərinə bağlayıb qəribə əminliklə dedi: "Mən şəhid olmağa gedirəm. Kim şəhid olmaq istəyirsə, gəlib arxamda namaz qılsın!" Mehdi "Qəd qamətis-səlah" deyəndə Abbas Məhəmmədi ilə Əbülfəz Yəqubi onun arxasında idilər və daha dördüncü adama yer yox idi. 650
Mehdi Davudi həmin gün, Əbülfəz Yəqubi ertəsi gün, Abbas Məhəmmədi də Nəsr-7 əməliyyatında şəhadətə qovuşdu. 650
*** 650
- Kərim ağa dedi irəli gəlin. 650
Tez səngərdən çıxdıq. İrəlidə bir imamzadə ziyarətgahı vardı. Qasim batalyonu onun ətrafında yerləşmişdi. Qardaş Fəthinin olduğu səngər həmin imamzadənin önündə idi. Tez imamzadəni ziyarət edib hərəmiz bir Kərbəla möhürü götürdük və düşmənin atəşi altında özümüzü səngərə çatdırdıq. Mehdi Davudi bizdən öncə oraya çatmışdı və qardaş Fəthi onun tapşırığını vermişdi. Biz çatanda o, bir neçə nəfərlə birgə yola düşdü. 650
– Estakadaya gedin, oradan Çin gəmisinə girin. İndiyə qədər heç kim ona baş çəkməyib. Oradan əmin olandan sonra bölüyə qayıdın. 650
Əsğər Abbasquluzadə və Həmid Allahyari ilə yola düşdük. Dördçıraq estakadası ilə üzbəüz və düşmən sahilindən təxminən 200 metr aralıda bir Çin gəmisi lövbər salmışdı. Sahildə qayığa minib torpağa oturmuş gəmiyə sarı yola düşdük. 650
Ərvənd çəkilmə halında idi və gəmiyə dırmaşmaq çox çətinləşmişdi. Çox zəhmətlə yuxarı qalxdıq. O qədər yuxarı çıxmışdım ki, gəminin metal otaqlarını və sürətlə onlardan birinə qaçan bir adamı görə bilirdim. Gəmiyə girəndən sonra həmin otağa sarı qaçdıq. Əsğər əlindəki qumbaranı çəkib otağın içinə atdı. Dərhal bir nəfər özünü otaqdan bayıra tulladı. Bu, o qədər sürətlə baş verdi ki, Əsğər qeyri-ixtiyari olaraq çaxmağın üstünə qoyduğu barmağını basdı və güllə iraqlı hərbiçinin alnını dəldi. 650
Qumbara partlayandan və bir iraqlı öləndən sonra dörd nəfər bayıra çıxdı. Qorxu və təşviş nigaran gözlərindən aydın sezilirdi. Bildik ki, gəmidə pusqu qurmuş və uşaqlarımızı o günə qədər bir an da rahat buraxmamışdılar. İraqlıların çıxdığı otaq böyük və qaranlıq bir zal idi. Biz oradan xüsusi bir şey tapmadıq. Onlar bildirdilər ki, gəmidə başqa heç kim yoxdur, lakin düşmənə inanmaq axmaqlıq olardı. Dedim: "Əsğər ağa, biz bir-bir bütün otaqları gəzməli, hər yerə baxmalıyıq". 651
Gəminin bütün künc-bucağını axtardıq, amma başqa bir adam tapmadıq. Əsirləri gəmiyə gəlmiş digər uşaqların köməyi ilə geriyə göndərdik. Birdən təyyarələr peyda oldu. 651
Qışda günəş istisinin başqa həzzi var. Öz estakadamıza sarı hərəkət edir və səsucaldanlardan tanış səsləri dinləyirdik. Günortadan Vəlfəcr-8 əməliyyatının başlanması xəbəri bütün ölkəyə yayılmışdı. Bu xəbəri əməliyyat yerində eşitmək çox gözəl hiss idi. Əməliyyatdan öncəki gecə və gündüzlərin sükutu səs-küylə, hərəkətliliklə, müxtəlif maşın və texnikaların get-gəli, yüngül və ağır silahların gurultusu ilə əvəzlənmişdi. Tikinti-mühəndis, təchizat və digər bölüklər də ciddi məşğul idilər. 651
Həftələrlə sığınacağımız olmuş məscidə sarı yola düşdük. Məscid matəm içində idi. Kəşfiyyat bölüyündən sağ qalıb əmrə əsasən, bölüyə qayıtmalı olanlar bir-bir yığışırdılar. Şəhidlərin boş yeri bir yara kimi canımızı yandırırdı. Hamı ağlayırdı. Bəzi uşaqların şəhadət xəbərini biz verirdik, bəzilərini də onlardan eşidirdik. 651
– Əli Şeyxəlizadə şəhid oldu. 651
– Cəfər Haqqu da getdi. 651
– Uşaqlar, bilirsiniz Kərim Vəfa necə şəhid oldu?! 651
– Məhəmmədrza Mehrpak da şəhid oldu. 651
Toplantımız öz-özünə əza məclisinə dönmüşdü. Biri mərsiyə oxuyurdu; Vəlfəcr-8 əməliyyatının ilk şəhidlərinin xatirəsinə! Gecə bizimlə, indi isə Allahla olan uşaqların xatirəsinə! Növhəxan şəhidlərin adlarını çəkə-çəkə İbrahim Əsğəriyə çatdı: "Şəhid əsğərilər getdilər, amma dönmədilər..." 651
- İbrahim yaralanıb, özüm gördüm. 651
Bunu mən dedim, amma İbrahimin dostu əlavə etdi: "Yox, sonra o da şəhid oldu". 651
İbrahimin yarası dərin olsa da, o yara ilə şəhid olduğuna inanmırdım. "O da gələcək, görəcəksiniz". Bu söz ürəyimdən keçdi, amma dilimə gətirə bilmədim. Hamımız ağlayırdıq, kimsə başqa bir şey fikirləşə bilmirdi. Bu əsnada birdən İbrahim Əsğəri içəri girdi. Əzadarlıq kəsildi və uşaqların ən azı, birinin döndüyünə görə məscidə sevinc yayıldı. 651
Əldə olunan bəzi sənədlərin tərcüməsindən sonra bildik ki, düşmən keşikçiləri bəzi hərəkətlənmələri sezmişdilər. Təmas xəttindəki düşmən taqımı bölüyə məruzə etmişdi ki, hərəkətlənmə var və bizcə, iranlılar nəsə etmək istəyirlər. 652
Bölük batalyona, batalyon da qərargaha məlumat vermişdi. Bunlar göstərirdi ki, düşmən müəyyən həddə əməliyyatdan duyuq düşmüşdü, lakin buna baxmayaraq, zamanında reaksiya verməmiş və hücum gecəsi qəfildən yaxalanmışdı. 652
Bizim tapşırıqlarımız bitmişdi. Hamı kimi özümüzü Fava çatdırmağı arzulayırdıq. İraqın ən cənub limanı olan və Ərvənd çayının sahilində yerləşən Fav limanı ötən gecə Kərbəla diviziyasının igid döyüşçüləri tərəfindən azad olunmuşdu. Favda ehsanlar verilirdi, səsucaldanların səsi mühitlə tanışlığı asanlaşdırırdı. Uşaqların çoxu orada idilər. Hər bir görüş sevinc və kədərlə müşayiət olunurdu; bir dostu sağ-salamat görməyin sevinci, başqa bir dostun şəhid olmasının və ya yaralanmasının kədəri. 652
Həmin gündən etibarən məzuniyyət elan olunana və bizim şəhərə yola düşdüyümüz günə qədər iki nəfərin şəhadət xəbəri hamısından çox qəlbimə od vurdu: İbrahim Xəlil Xətibi və Mehdi Davudi. 652
III 652
Şəhərə qayıtmaq üçün ən əsas səbəbim əziz dostum şəhid Məhəmməd Məhəmmədpurun dəfnində iştirak etmək idi. Axşam Təbrizə çatdım. Xəbərlər şəhərə bizdən tez çatmışdı. Müqavimət mərkəzinin uşaqları məni görən kimi dedilər: "Get, Məhəmmədin şəhid olduğunu ailəsinə xəbər ver". Məndə buna taqət yox idi. Qərara gəldik ki, xəbəri məhəllənin ağsaqqallarından bir neçəsi versin. 652
Həmin axşam biz də onlara getdik. Öz evləri kiçik olduğuna görə qonşu evdə yas məclisi keçirilirdi. Uşaqların arasında oturmuşdum və Məhəmmədin atasının üzünə baxa bilmirdim. Bilmirdim ondan xəcalət çəkirəm, Məhəmməddən, yoxsa camaatdan. Hər əməliyyatdan sonra şəhərə qayıdanda belə çətinliyim olurdu. Bu dəfə isə Hüseyn, Məhəmməd və digər bir çox dostlarım mühacirət etmişdilər, mənə isə hətta bir yara da qismət olmamışdı. 652
Məhəmmədin atası gözünü üzümə dikmişdi. Başım aşağı idi. Xəcalət çəkir, özümdən acığım gəlirdi. Yalnız Allahın onların gedib bizim qalmamızı istədiyini düşünəndə bir az sakitləşdim, sonra yenə Məhəmmədin atasını görəndə eyni hissləri keçirməyə başladım. Uşaqlar sabahkı dəfn mərasiminə hazırlaşır və işləri bölürdülər. 652
– Sən şəklini böyüt. 652
– Sən də plakatları yaz. 652
Ayağa qalxdım. Daha şəhid atasının baxışına dözə və mənasını anlaya bilmirdim. Qapıdan çıxanda tez yaxınlaşıb məni qucaqladı. Sanki bütün göz yaşlarını o ana saxlamışdı. Uzun müddət başlarımızı bir-birimizin çiyninə qoyub ağladıq. Sanki "Məhəmməd" olduğumu və onun atasının baxışlarının mənasını anladığımı hiss edirdim. Hamı dayanıb bizə baxırdı. Məhəmmədin atası titrək səslə dedi: "Məhəmməd yoxdur, amma sən varsan. Sən mənim üçün Məhəmmədsən!" 653
Sözü mənə çox təsir etdi. Dedim: "Ata, mən daha bu şəhərdə qala bilmirəm. İnşallah, sabah Məhəmmədin dəfnindən sonra cəbhəyə dönəcəyəm". 653
Məhəmmədin atasının sözü bütün şəhid atalarının sözü ola bilərdi, amma bir şeyi başa düşürdüm ki, onun mənim “Məhəmməd” olmağıma ehtiyacından çox, mənim Hüseyn, Məhəmməd və digər şəhidlər kimi olmağa ehtiyacım vardı. 653
Həmin gecə altı aydan sonra ilk dəfə evdə yatdım. Anam məni sağ-salamat gördüyünə görə sevinir və təəccüblənirdi, mənsə o qədər narahat idim ki, danışmaq və dinləmək istəmirdim. Yatdım, özü də necə! Yuxuda şəhid dostlarımın gülər üzlərini gördüm. Özüm güclü dalğalar arasında çabaladığım halda onlar çayın o tərəfində idilər. 653
*** 653
Təbrizin Rəhmət vadisi məzarlığında qələbəlik idi. Kürsünün önündəki həyətin son cərgələri də dolurdu. Hamısı qollar üstə gəlmişdilər: Məhəmməd Şəms, Cavad Əfşurdə, Abdullah Şükufə, Əhməd Məhdəvi, Raşid Xakpaki, Nadir Naqil Danayi, Hüseyn Ərcüməndi... Hüseyn Məhəmmədianın məzarı hələ yeni idi. Çox narahat idim. Növbə Məhəmmədin dəfninə çatdı. Bir tərəfdə dayanıb ağlayırdım. Birdən Məhəmmədin atasının səsi hamının sızıltısını üstələdi: "Şəhid vəsiyyət edib ki, onu dostu məzara qoysun". Pıçıltılar başladı: "Hansı dostu?" 653
Hüseyn Ərcüməndi su-quru qüvvələrindən idi. Onların getdiyi hissədə hələ mövqe ələ keçirilməmişdi. O, qayıqla düşmən sahilinə keçib təkbaşına oranı düşməndən aldı və elə qayığın içində də şəhadətə qovuşdu. 653
– Mehdiqulu Rzayi. 653
Sanki yuxu görürdüm. "Məni neyləyirsən, Məhəmməd?!" Ürəyimdə tufan idi. Mənə yol açdılar. Məzara yaxınlaşdım. Allahı özümə heç vaxt o qədər şahid hiss etməmişdim. Məhəmmədlə baş-başa idim... Yox, Məhəmməd mələklərin yanında idi... Məzara girməzdən öncə atası onun pasdar köynəyini uzadıb dedi: "Məhəmməd demişdi ki, şəhadətimdən sonra bu köynəyi Mehdi geyinsin". 653
Məhəmməd öz bədənini yeni yerinə uzatmağıma kömək edirdi. Onu qiyamətə qədər Allahla tək buraxırdım. Məhəmmədi qucaqladım. O anlarda necə də yüngül idim! Alnını və göyərmiş yanağını öpdüm, torpağın üzərinə qoydum və yavaşca qulağına dedim: "Məhəmməd, gördux-görmədux, bizə də şəfaət elə!" 653
Yandakı məzarlar boş idi. Əmin idim ki, onların biri mənimkidir. Bu ümid məni rahatladırdı. Günortadan sonra Məhəmmədin mənə ayırdığı köynəyi qatlayıb boğçama qoydum ki, müharibənin sonuna qədər hansı əməliyyatda iştirak etsəm, geyinim. Elə həmin gün axşamüstü cəbhəyə yollandım. 654
I 655
Əhvazın yol polisindən Dezfula və Əndiməşkə gedən magistral bir üçyola çatırdı. Həmin üçyoldan 2 km. solda ordunun Hava Hücumundan Müdafiə qarnizonu yerləşirdi. Həmin günlərdə kəşfiyyat bölüyünün qərargahı orada idi. Məhəmməd Purnəcəf və Yusif Sarimi ilə birgə oraya getdik, lakin bölgə və iş barədə məlumat verəcək bir kəs yox idi. Uşaqların harada olduqlarını bilmirdik. Çarəsiz qalıb bir maşınla Ərvəndə yola düşdük. Orada gecəni kəşfiyyat bölüyünün yerləşdiyi məsciddə qaldıq. 655
Səhər çağı ilk gördüyüm məlumatlı adam Nasir Dibayi idi. Nasir kəşfiyyat bölüyündən idi və o zaman əməliyyat istiqamətinə başçılıq edirdi. O, döyüş mövqeyindən qayıdırdı. Ondan öyrəndim ki, şəxsi heyətimiz xurmalıqda, Fav-əl-bihar, Fav-Bəsrə magistrallarının və duz zavodunun yaxınlığında yerləşmişdir. 655
Duz zavodu bölgəsində Kərbəla diviziyası ilə Aşura diviziyasının arasında təxminən 3 km. uzunluğunda bir yol düşmənin əlinə keçmişdi və böyük problem yaranmışdı. Aşura diviziyasının havadan müdafiə sistemi hovuzlar tərəfdə və duz zavodu istiqamətində idi. Hovuzlar kvadrat şəklində, en-uzunları təxminən 1 km. idi. Orada başqa bir böyük hovuz da vardı və hamısı düşmənin əlində idi. Lakin duz zavodundan Ümm əl-qəsr magistralına qədər hava hücumundan müdafiə sistemi yerləşmişdi, ondan sonra magistral boyunca Xor-Abdullaha tərəf hərbi mövqelər qurulmuşdu və düşmənin həmin istiqamətdən su hücumları ehtimalını azaldırdı. Bundan əlavə, iraqlılar uzun müddət öncə su kənarındakı düzənlikdə maneələr yaratmışdılar və indi özlərinin əleyhinə istifadə olunurdu. Bu baxımdan, o hissədən bizi xüsusi təhlükə gözləmirdi. Əsas təhlükə duz zavodu tərəfdən idi. Orada həm bölgə çox həssas yer idi, həm də düşmənlə aramızdakı məsafə az idi. Digər tərəfdən də, düşmən bizimlə Kərbəla diviziyası arasındakı cinahdan hücumunu günbəgün gücləndirirdi. 655
Ümumilikdə vəziyyət xeyrimizə deyildi. Orada hər gün nə qədər döyüşçümüz şəhid olur və yaralanırdı. Müdafiə xəttini düzəltmək zəruri idi. Bunlardan əlavə, canlı qüvvə çatışmazlığımız da vardı. Səhv etməsəm, bölgədə üç batalyon həddində şəxsi heyəti olan yeganə diviziya Nəcəf diviziyası idi. Canlı qüvvənin əksəriyyəti Vəlfəcr-8 əməliyyatının ardıcıl mərhələlərindən sonra məzuniyyətə getmişdilər. Şəhidlərin yeri boş idi, əməliyyatda yaralananların çoxu da hələ sağalmamışdı. Əmin Şəriəti, Kərim Fəthi və Mustafa Mövləvi də Vəlfəcr-8 əməliyyatında yaralanmışdılar. Həmin bir neçə gündə onların yeri də çox hiss olunurdu. 655
Bölgəni daha yaxından öyrənmək üçün qardaş Dibayi ilə birgə duz zavoduna getdik. Ərvənd çayını keçəndən sonra birinci mövqedə nisbətən uzaq bir məsafədə sahildən Qüds magistralına, oradan da Qələbə magistralına çəkilmiş və sonda Ümm əl-qəsr magistralına çatan bir yol vasitəsi ilə diviziyanın müdafiə mövqeyinə çatdıq. Ümm əl-qəsr magistralı duz zavoduna gedən yolayrıcında Ölüm üçyolu kimi məşhurlaşmışdı. Ora düşmənin gözü önündə və güclü atəşi altında idi. Sürücülər oradan sürətlə və xüsusi məharətlə dönə bilməsəydilər, bir neçə raketə tuş gəlmələri qaçılmaz idi. 656
Nəhayət, diviziyanın duz zavodundakı komandir səngərinə sağ-salamat çatdıq. Qardaş Şəriəti yaralanandan sonra Aşura diviziyasını qardaş Kaşani idarə edirdi. Qardaş Seyid Mehdi Hüseyni diviziyanın qərargah rəisi idi, Mirhöccət Kəbiri də uzun müddət öncədən komandir müavini vəzifəsində çalışırdı. Komandir qərargahı seçilmiş üstüörtülü səngər İraqın yeddinci korpusunun bir diviziyasının komandir səngəri olmuşdu. O qədər möhkəm görünürdü ki, üstünə raket düşsəydi də, ona ciddi ziyan dəyməzdi. Kəşfiyyat bölüyünün əsas avadanlıqları Ümm əl-qəsr magistralının kənarındakı sahilin yaxınlığında olsa da, kəşfiyyat üçün orada da bir yer ayırmışdılar. 656
*** 656
Xəbər gəldi ki, Həsən Zindədelin başçılığı ilə Aşura diviziyasının Hürr batalyonu bölgəyə göndərilib və həmin gecə hücuma keçəcəklər. Onlar Fav şəhərinə girən kimi silahlanmışdılar. Dərhal əməliyyat iclası başlandı. Əməliyyatı Hürr batalyonunun iki bölüyü iki istiqamətdən həyata keçirəcək, üçüncü bölük də onlara dəstək verəcəkdi. Əməliyyatda məqsəd düşməni geri itələmək, müdafiə xəttini tamamlamaq idi. Qərara gəldilər ki, bir bölük qələbə magistralı istiqamətindən hücuma keçsin. Bu bölüyün kəşfiyyat dəstəyi Əhməd Bayramiyə və başqa bir nəfərə tapşırılmışdı. Bu əməliyyat istiqamətinin başçısı və əlaqələndiricisi də qardaş Mirhöccət Kəbiri idi. İkinci bölük duz zavodu istiqamətindən hərəkətə keçəcəkdi və onun kəşfiyyat dəstəyi Nasir Dibayiyə tapşırılmışdı. Mən də onunla idim. Duz zavodu istiqamətinin komandiri və bütün Aşura diviziyasının əlaqələndiricisi qardaş Kaşani idi. Özlüyümdə əməliyyat planına görə narahat idim, amma komandirin əmri olduğuna və qərargahdan bildirildiyinə görə heç nə demədən qəbul etdim. Qərara aldılar ki, qardaş Kəbirinin istiqaməti ratsiyada Höccət-1, qardaş Kaşaninin istiqaməti də Höccət adlandırılsın. 656
Axşam gələndə tərəflərin atışması daha da güclənirdi. Böyük Vəlfəcr-8 əməliyyatından təxminən səkkiz gün ötsə də, bölgədə atışma nəinki azalmamış, hətta çoxalmışdı da. Bunu o müddətdə müdafiə işini üzərinə götürmüş uşaqlar deyirdilər. Digər diviziyaların nəzarət etdiyi istiqamətlərdən ətraflı məlumatım yox idi. Diqqətim düşmənin atəşini bəndin üzərinə və yola mərkəzləşdirməsinə yönəlmişdi. Fikirləşirdim ki, belə şəraitdə iki bölüklə hücuma keçmək nə qədər səmərəli ola bilər. Axşam düşmüşdü, amma hələ məni sakitləşdirəcək cavab tapmamışdım. 656
Canlı qüvvə hazır vəziyyətdə idi və təyin olunmuş vaxtda hərəkət başlandı. Düşmən bəndin arxasında bir metr yarım hündürlükdə maneələrin arxasında gizlənmişdi. Ora düşmən üçün müdafiə istehkamı rolunu oynayırdı. Bəndin üstündə avtomobil yolu vardı. Qələbə magistralından yola düşmüş bölük düşmənin amansız raket, güllə və qəlpə atəşləri altında idi. Hazırlıqlı düşmən həmişəkindən də diqqətlə uşaqları sıxışdırmışdı. Həmin bölükdən heç kim düşmənin istehkamına çata bilmədi. Onlarla eyni vaxtda bizim bölüyümüz duz zavodu istiqamətindən yola düşdü. Əmr belə idi ki, uşaqlar bizim mövqeyimizdəki kiçik bir bina tərəfdən keçib düşmən qüvvələri ilə vuruşsunlar. Hələ bu iş baş tutmamış düşmənin ehtiyat qüvvələri müdafiəçilərin köməyinə gəldilər və bəzi uşaqlarımız tərəfindən təmizlənmiş hissəni bərpa etməyə çalışdılar. Həmin anlarda qardaş Kaşani mənə əmr etdi ki, bölüyü tez binanın yanına çatdırım. Öncədən o yolu getməsəm də, zehnimdə müəyyən etdiyim əlamət və nişanlara görə yolu tapmaq çətin olmadı. Düşmənin atəşi altında yola düşdük. 657
Atəş o qədər güclü idi ki, hər dəqiqədə və hər 2 kv. metr sahədən bir yerə bir raket düşdüyünə əmin idim, amma bəndin yolu ilə getməkdən başqa çarə yox idi. Çünki duz zavodunun hovuzları su ilə dolu idi. İmkan daxilində atəşdən qorunmaq məqsədilə bölüyü yolun kənarından və bəndin yoxuşu ilə aparırdım, amma xeyri olmurdu. Hər bir mərmi və raketin fit səsi gələndə kolon yerə uzanırdı. Yolda bəziləri şəhid oldular, çoxu da yaralandı. 657
Zəif sürətlə hərəkət edirdik. Vəziyyət elə bir həddə çatmışdı ki, hovuzların içinə düşən mərmi və raketlərə diqqət yetirmədən hərəkəti davam etdirirdim. Yola düşən raketlər isə bizi və yolu titrədirdi, bir müddət uzanmalı olurduq. Duz zavodundan başladığımız bir kilometr yarımlıq yolda kolonun iki-üç metrliyində ən azı, on dəfə raket partlayışına düşdük. Öz mövqeyimizdən keçəndən sonra binaya qədər daha 700 metr yol vardı. Sanki alov içində yanan həmin məsafəni sürətlə keçdik, amma binanın yanında güclü atəş yenidən bizi dayandırdı. Batalyonun komandiri qardaş Həsən Zindədel orada şəhadətə qovuşdu. Öncədən tapşırıqları verilmiş taqım komandirləri təşəbbüsü ələ aldılar. Güllə və partlayış səsi bir an da kəsilmirdi. Torpaq, kəsək, palçıq və güllə altında, dəhşətli gurultuların arasında ratsiyadan deyilənləri eşidib daha da narahat oldum. Qələbə magistralı tərəfindən yola çıxmış bölüyün komandiri nə etməli olduğunu soruşurdu. Vəziyyəti izah edib təkrarlayırdı: "Nə edək? Höccət... Höccət..." 657
Onun səsindən sonra ratsiyadan iki fərqli əmr eşitdim. 658
– Geri qayıdın! Cəld şəxsi heyəti geri çəkin. 658
– Orada qalın! 658
Düşünürdüm ki, bu ziddiyyətli əmrlər rabitəçini və hətta bölüyün komandirini çaş-baş salmışdır. Yaralandığını eşitdiyim qardaş Kəbiri geri qayıtmağı, qardaş Kaşani isə qalmağı əmr edirdi. Bu iki əmr əslində, ayrı-ayrı bölüklərə verilirdi, amma o anda hər şey elə qarışmışdı ki, məsələni izah etməyə macal yox idi. 658
Vəziyyəti cəld analiz edib bu nəticəyə gəldim ki, canlı qüvvə burada qalsa, maksimum iki saat müqavimət göstərə bilər. Üstəlik, ondan sonra da düşmənə nisbətən heç bir hərbi üstünlük əldə olunmayacaq. 658
Bütün əlamətlər göstərirdi ki, düşmənin atəşi altında ya geri çəkiləcək, ya da hamımız qətliam olacağıq. Uşaqlara dedim ki, bizim düşmənə doğru atəşimizdən istifadə edib yaralıları bacardıqları qədər geriyə aparsınlar. 658
Düşmən dəli kimi atəş yağdırırdı və bizim zəifliyimizi gördüyünə görə daha da cəsarətlənmişdi. O atəşin altından bəzilərinin salamat çıxdığından arxayın olanda qəlpədən yaralanmış qardaş Kaşaniyə yaxınlaşdım. Məni görən kimi öndəki vəziyyəti soruşdu. Vəziyyəti izah etməyə çalışdım. 658
– Düşmənin birinci istehkamında və binanın ətrafında bir müddət düşmənlə və sonradan gələn ehtiyat qüvvələri ilə vuruşduq. Şəxsi heyət son nəfərə qədər müqavimət göstərməyə çalışdı, amma düşmən güclü atəş yağdırıb istehkamını bərpa etdi. Şəhidlərin cənazəsi və bəzi yaralılar düşmənin istehkamında və mövqeyin arxasında qaldı. 658
Orada anladım ki, Hürr batalyonundan sağ qalan döyüşçülər yalnız mənim geriyə göndərdiklərimdir. Narahatlıqdan nə danışmağa halım vardı, nə də kimisə dinləməyə. 658
Səhər yaxınlaşırdı. Uşaqlar bütün gecəni amansız atəş altında "irəli" əmrinə qeyd-şərtsiz tabe olub getmişdilər, o vəziyyətdə bir nəfər də "yox" deməmişdi. Durbinlə baxanda pak cənazələrini görürdüm. Qələbə magistralı tərəfdən hərəkətə keçmiş canlı qüvvənin əksəri düşmən istehkamının yanında və ya üzərində şəhadətə qovuşmuşdu. Bəzi şəhidlərin pak cəsədləri də hovuzlarda üzürdü. Çox dilxor idim, əlimdən bir şey gəlmədiyinə görə dəli olurdum. Salamat qayıdanların yorğun və yaralı üzlərinə baxırdım. Üzümdə acı təbəssüm vardı: "Şəhidlər arzularına çatdılar!" 658
Duz zavoduna qayıdıb bir saat qərargahda qaldım. Çox yorğun və yuxusuz olmağıma baxmayaraq, uşaqların fikri məni rahat buraxmırdı. Səhər açılanda qərara gəldim ki, bütün sözlərimi qardaş Kaşaniyə deyib bölgəni tərk edim. Bölüyün motosikletlərindən biri diviziyanın komandir səngərinin yanında idi. 658
–
Dostları ilə paylaş: |