MADDİ ASILILIQLARDAN AZAD OLMA SAYƏSİNDƏ MƏNƏVİ KAMALLAR
Deməli qəlb evini maddi asılılıqlardan, dağınıqlardan boşaldıb xalis saxlamaq, qəlb Kəbəsindən bər-bəzəkləri, qızıl-gümüş bütləri çıxartmaq və sındırmaq mənəvi kamalların hasil olmasının və həqiqi insan şəxsiyyətinin inkişaf etməsinin əsas və ümdə şərtidir.1
İmam Əli (ə) məktublarının birində yazır:
“And olsun Allaha və O müqəddəs Zata! Allahın istəyi ilə öz nəfsimi elə məşq və aclığa adət elətdirim ki, bir tikə çörək və bir azca duzla qənaətlənsin, onu qənimət saysın; Həqiqətən xəlvətgahda (gecə qaranlığında) o qədər ağlayım ki, gözümün çeşməsinin suyu qurusun. Əcaba! Bu düz olarmı ki, dəvələr örüşlərdə öz qarınlarını doldurub yataq yerlərində yatsınlar, qoyunlar səhralarda qarınlarını doydurub öz yerlərində aram olsunlar, Əli də öz qarnını doydurub öz yatağında istirahət etsin?! Əlinin gözü aydın! Belə olarsa uzun illər heyvanlara iqtida etmiş olar.”2
Sonra buyurur:
“Xoşbəxt və səadətli o kəsdir ki, Pərvərdigarın fərizə buyurduqlarını yerinə yetirsin, dəyirman daşının dəni üyütdüyü kimi əzab-əziyyətləri əzsin, gecə vaxtı yuxudan uzaqlaşsın, yuxu ordusu həmlə edən zaman yeri öz fərşi və əllərini balışı qərar versin, qayıdış gününün qorxusundan yuxusu gözlərindən qaçan, böyürləri yataq yerlərində yer açmış, dodaqları Pərvərdigarın zikri ilə zümzümədə olan, günah buludları istiğfar nəticəsində aradan qalxan şəxslərin cərgəsində olsun. Məhz onlardır Allahın dəstəsi, onlardır qurtuluşa layiq olanlar!”
Bir sözlə, iki yoldan birini seçmək lazımdır: Ya yeyib-içib qəzəb-şəhvətdə çulğalanmaq, raz-niyaz etməmək, heç bir şeyə diqqət yetirməmək, göz yaşı axıtmamaq, Allahla rabitə və üns bərqərar etməmək, qəlbi işıqlandırmamaq, heyvanlıqdan bir pillə olsun belə yuxarı çıxmamaq, yaxud da ki, insaniyyət vadisinə qədəm qoymaq, pak qəlblərə, parlaq ruhlara məxsus olan xüsusi ilahi nemətlərdən istifadə etmək.
İBADƏTDƏ AGAHLIQ YELBEYİN CAHİLLƏR
Xəvaric, peşəsi ibadət olan insanlar idi. Onlar gecəni ibadətlə keçirirdilər, dünya və onun bər-bəzəklərinə rəğbətsiz idilər. Əli (ə) , ibni Abbası Nəhrəvan şeyxlərinə öyüd-nəsihət vermək üçün göndərmişdi. İbni Abbas oradan qayıtdıqdan sonra onları belə təsvir etdi:
“İbadətin çoxluğundan alınları pinə bağlamış on iki min nəfər öz əllərini o qədər quru və yandırıcı torpağın üzərinə qoymuş, Haqqın qarşısında o qədər səcdəyə düşmüşdülər ki, dəvənin ayaqları kimi bərkimişdi, bədənlərində köhnə və nimdaş köynəklər vardı, lakin çox iradəli və qətiyyətli adamlar idi.1
Xəvaric islam hökmlərinin zahirinə çox möhkəm etiqad bəsləyir, özlərinin günah hesab etdikləri işlərə əsla əl vurmurdular. Onların özlərinin xüsusi əxlaqi meyarları var idi və o əxlaqi meyarlara müxalif olan bir hərəkət etmirdilər. Günaha mürtəkib olan bir şəxsdən bezarlıq edirdilər.
Ziyad ibni Əbih onlardan birini öldürdü, sonra onun qulamını çağırıb onun nə halda olduğunu bilmək istədi. O, dedi: “Nə gündüz ona yemək apardım, nə də gecə onun üçün yataq yeri saldım. Gündüzləri oruc tutub, gecələri ibadətlə məşğul olurdu.”1
Əli (ə) onların ruhiyyələrini vəsf edərək belə buyurur:
“Onlar çox tünd və kobud xasiyyətli, ali əndişələrdən və lətif hisslərdən, duyğulardan mərhum olan, alçaq fitrətli, qul sifətli və hər tərəfdən yığılan rəzil insanlar idi. Onlara əvvəlcə təlim verilməli, islam qayda-qanunları onlara öyrədilməli, islam mədəniyyətindən agahlıq əldə etməlidirlər. Gərək onlara Qəyyim hökumət etsin və biləklərindən tutulsun. Onlar əsla azad qoyulmamalı, qılınclarını əllərində saxlamamalı və islamın mahiyyəti barəsində nəzərlərini bildirməməlidirlər. Bunlar islam xatirinə öz evlərindən hicrət edən mühacirlər, yaxud mühacirləri qəbul edib öz qonşuluqlarında onlara yer verən ənsar kimi deyillər.”
Zahirdə özlərini müqəddəsliyə vuran cahil məsləkli bir təbəqənin yaranması (xəvaric də onlardan idi) islam üçün çox ağır başa gəldi. Xəvariclərin bütün eybləri ilə yanaşı, fəzilət, şücaət və fədakarlıqdan da müəyyən qədər bəhrələri var idi. Bundan əlavə islamın zahirinə əməl edən bir dəstə yarandı ki, qeyd olunan hünərə də malik deyildilər. Bunlar islamı röhbaniyyətə (tərki dünyalığa) və aspekt həyat tərzi keçirməyə sürükləyirdilər, onların arasında riyakarlıq və özünügöstərmə bazarına rəvac verilmişdi. Bunlar elə bir hünərə malik deyildilər ki, polad qılınclarını qüdrət sahiblərinin üzünə çəksinlər, ona görə də dillərini iti qılınc kimi fəzilət sahiblərini üzərinə açıdılar. Hər bir fəzilət sahibinə təkfir, təfsiq, dinsizlik nisbəti vermək rəvac verildi.
Ümumiyyətlə, xəvaricin ən bariz səciyyəvi xüsusiyyətlərindən biri onların cəhalət və nadanlığı, cəhalətə təzahür etmələri, zahirlə (yəni Quranın cildi və zahiri yazıları ilə) onun mənası arasında heç bir fərq qoymamaları idi. Buna görə də Müaviyə və Əmrasın çox sadə bir məkrli planına aldandılar.
Bu camaatın arasında cəhalətlə ibadət yanaşı idi. Əli (ə) onların cəhaləti ilə döyüşmək istəyirdi. Amma onların zöhd, təqva və ibadətini cəhalətlərindən ayırması necə mümkün ola bilərdi?! Çünki onların ibadətləri cəhalətləri ilə eyniyyət təşkil edirdi, bu ikisi bir-biri ilə yanaşı idi. Əli (ə) kimi ilk növbəli islamşünasın nəzərində onların heç bir dəyəri yox idi. Buna görə də onları darmadağın etdi, onların zöhd, təqva və ibadətləri Əli (ə)-ın qarşısında bir sipər ola bilmədi.2
İbni Mülcəm də zahirdə müqəddəs və quru ibadət və zahidliklə məşğul olan doqquz nəfərdən biri idi. Onlar Məkkədə gedib məşhur əhd-peymanlarını bağladılar. Onlar deyirdilər ki, islam dünyasında olan bütün fitnə-fəsadlar bu üç nəfərin təsirindəndir: Əli, Müaviyə və Əmr As. İbni Mülcəm Əlini öldürməyi qərara alır. Özü də mübarək Ramazan ayının 19-cu gecəsi. Görəsən nə üçün məhz bu gecəni seçmişlər?
İbni Əbil Hədid deyir: “Nadanlığın dərəcəsinə bir bax! Bunlar mübarək Ramazan ayının 19-cu gecəsinə söz qoyub dedilər ki, bu gecənin əməli böyük bir ibadət olduğundan qətli Qədr gecəsində yerinə yetirək ki, savabı daha artıq olsun.1
Əbdürrəhman ibni Mülcəm Əlini öldürdü, bu zaman görün ona nə qədər alqışlar edilir! Bu xaricilərdən birinin bir rübai şeri vardır. O, deyir:
“Ya zərbətən min təqiyyin, ma əradə biha
İlla liyəbluğə min zil-ərşi rizvanal.
Bu pərhizkar və təqvalı kişinin (kimin? İbni Mülcəmin!) vurduğu zərbəyə mərhəba!
O, pərhizkar kişi Allahın razılığından başqa bir şeyi nəzərdə tutmamışdır.”
Sonra deyir: “Əgər bütün insanların əməllərini ilahi tərəzinin bir gözünə, ibni Mülcəmin zərbəsini isə digər bir gözünə qoysalar, bu zaman Allah bəndələri arasında heç kəsin ibni Mülcəmdən böyük bir əməl yerinə yetirmədiyini görəcəklər.”
Cəhalət islam və müsəlmanlara qarşı məhz belə rəftar edir!2
Dostları ilə paylaş: |