3.Kimi öyrədirlər? Bu sahədə təlimin xarakteri şagirdin fərdi xüsusiyyətlərindən, təlimə münasibətindən, meyl və maraqlarından, tələbat və öyrənməyə qabillik imkanlarından çox asılıdır. Bu cəhətlər nəzərə alınmadan təlim fəaliyyətini təşkil etmək və lazımi müvəffəqiyyətə nail olmaq mümkün deyildir.
Təlim fəaliyyətini təşkil etmək üçün təlimin strukturunu bilmək lazımdır. Təlimin psixoloji strukturuna aşağıdakı komponentləri daxil etmək mümkündür: idrak tələbatları, təlim motivləri, təlim məqsədləri və vəzifələri, tədris işləri, nəzarət və qiymətləndirmə. Ümumiyyətlə, psixoloji tədqiqatlar əsasında əldə edilmiş faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün zəruri şərtdir. Eyni cəhət insanın təlim fəaliyyətinə də aiddir. Təlim məhz insanın idrak tələbatından başladıqda onun fəallığını təmin edən əsas amilə, motivə çevrilir.
Təlimin vəzifələri aşağıdakılardır.
1.Şagirdlərdə təlimə müsbət münasibət formalaşdırmaq.
2.Şagirdləri biliklərlə silahlandırmaq.
3.Şagirdlərdə bacarıq və vərdişlərin yerinə yetirilməsi yollarını formalaşdırmaq.
4.Şagirdlərdə öz biliklərini müstəqil olaraq artırmaq və təkmilləşdirmək bacarığı formalaşdırmaq.
5.Şagirdlərin dünya görüşünü, əxlaqi keyfiyyətlərini formalaşdırmaq.
9. Təlim və psixi inkişaf Plan: 1. Psixi inkişafla bağlı V.Şternin və J.Piajenin fikirləri
2. Psixi inkişafla bağlı C.Brunerin fikirləri
3. L.Vıqotskinin müəyyən etdiyi əqli inkişaf zonası
4. İnkişafetdirici təlimin əsas şərtləri
Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti cəlb edən məsələlərdən biri olmuşdur. Lakin ilk baxışda asan görünən bu məsələ daim mübahisələrə səbəb olmuşdur. Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat aparan alimlər tərəfindən müxtəlif istiqamətdə şərh olunmuşdur. Təlim və inkişaf problemi haqqında dünya psixoloqlarının fikirlərini təxminən aşağıdakı kimi qruplaşdırmaq olar.
Vaxtilə alman psixoloqu V.Ştern belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın arxasınca gedir və ona uyğunlaşır. Onun fikrincə əqli yetişmə prosesinə müdaxilə etmək, ona mane olmaq lazım deyil, beynin təlim üçün yetişməsinədək səbrlə, passiv şəkildə gözləmək lazımdır.
Görkəmli İsveçrə psixoloqu J.Piajenin fikrincə inkişaf özünün daxili spesifik qanunlarına malikdir. Onun fikrincə təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz. Ona görə də təlim inkişafa uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir. Sözsüz ki, burada təlimin inkişafetdirici təsiri J.Piaje tərəfindən nəzərə alınmır. J.Piaje belə hesab edir ki, təlim inkişafın məzmun, yaxud ardıcıllığını dəyişə bilməz, onu yalnız ləngidə, yaxud sürətləndirə bilər.
Amerika psixoloqu C.Brunerə görə hər cür əqli inkişafın əsasını yalnız mütəşəkkil və məqsədyönlü təlim təşkil edir. C.Bruner şagirdlərin əqli inkişafında təlim prosesinin həlledici rol oynadığını qəbul etsə də, yaş hüdudlarını silib atdığına görə onun fikrilə razılaşmaq olmaz.
Bütün bunlar bir daha göstərir ki, təlim və psixi inkişafın qarşılıqlı əlaqəsinin düzgün müəyyənləşdirilməsi birinci növbədə təlimin struktur komponentlərinin dəqiq müəyyənləşdirilməsindən asılıdır.
Görkəmli rus psixoloqu L.Vıqotskitəlim və tərbiyənin uşağın psixi inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə,təlim inkişafdan irəli gedir və onu öz arxasınca aparır. L.Vıqotskinin “təlim həmişə inkişafdan irəlidə gedir və onu da öz arxasınca aparır” fikrinə əsaslanan psixoloqlar inkişafetdirici təlimin mahiyyətini açmağa çalışmışlar. Burada uşaqların mənimsəmə imkanlarının aşkara çıxarılması mühüm yer tutur. L.Vıqotski və onun əməkdaşları təlimlə əlaqədar əqli inkişafın iki zonasını müəyyən etmişlər.