1.Təlim, hər şeydən əvvəl, şagirdlərə müəyyən bilik və bacarıq sistemini mənimsətməli və onları fikri fəaliyyətə yönəltməlidir.
2.Təlim prosesində uşağın fəaliyyətinə təsir edən məzmun elə seçilməlidir ki, tərbiyəçi uşağın inkişafına müsbət təsir göstərə bilsin.
3.Təlimin uşağa inkişafetdirici təsir göstərməsi üçün mümarisələrin müntəzəm aparılması zəruridir.
4.Uşağın fəaliyyətinə daim nəzarət edib onun müsbət hərəkətlərini, davranış və vərdişlərini möhkəmləndirmək, ona mənfi təsir göstərən qıcıqların isə qarşısını almaq lazımdır.
5.Uşaqda hər hansı yeni müsbət vərdiş və ya adət əmələ gəlibsə, ona qarşı hər dəfə tələbkarlığı artırdıqda uşaq şəxsiyyəti müvəffəqiyyətlə formalaşır.
K.D.Uşinski tərbiyəçilərə müraciət edərək deyirdi ki, tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün vəziyyətlərdə, şadlıq və çətinlik hallarında, yüksələn və alçalan zaman, bədəncə sağlam və xəstə olanda, bütün insan təsəllilərinin gücsüz olduğu zaman öyrənməlidir. Yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini əxz edə bilər, bu vasitələr isə olduqca çoxdur.
10. Öyrənmə və mənimsəmənin psixoloji məsələləri. Plan: 1. Öyrənməyə qabillik problemi
2. Öyrənmənin daxili amilləri
3. Öyrənmənin xarici amilləri
4. Motiv və motivasiya
5. Təlimin inkişafetdirici və tərbiyəedici funksiyaları
Öyrənmənin müvəffəqiyyətini müəyyən edən amillər şagirdlərin öyrənməyə qabilliyində, öyrənmənin daxili və xarici amilləri kimi təzahür edir. Həmin cəhətləri qısaca nəzərdən keçirək.
Öyrənməyə qabillikproblemi şagirdlərin geridə qalma, mənimsəyə bilməmək səbəblərini aşkara çıxarmaqla əlaqədar meydana çıxan problemdir. Həmin anlayış altında şagirdlərin bilikləri və təlim fəaliyyətini mənimsəməyə nə dərəcədə həssas, qabil olduqları nəzərdə tutulmuşdur. Öyrənməyə qabilliyi şagirdin əqli inkişafı ilə qarışdırmaq olmaz. Yüksək əqli inkişaf səviyyəsinə malik olan adamda bəzən öyrənməyə qabilliyin aşağı səviyyədə olduğunu müşahidə etmək mümkündür. Yaş artdıqca əqli inkişaf yüksək səviyyəyə qalxa bildiyi halda, öyrənməyə qabillik uzun müddət az və ya çox dərəcədə öz sabitliyini saxlaya bilir. Deməli, öyrənməyə qabillik insanın təlim prosesində bilik, bacarıq və vərdişləri mənimsəməsinin sürət və keyfiyyətinin fərdi göstəricisindən ibarətdir. Öyrənməyə qabilliyi zəif olan şagirdlərlə müqayisəli təhlil tələb edən mümarisələrin aparılması daha faydalıdır. Müəllim elə bir şərait yaratmalıdır ki, hər bir şagird orada özünü göstərə bilsin, müəllim isə şagirdləri hər bir müvəffəqiyyətinə görə rəğbətləndirsin. Şagirdlərə verilən tapşırıqlar içərisində elələri də olmalıdır ki, şagirdlər müstəqil şəkildə asanlıqla yerinə yetirə bilsinlər. Belə olduqda, şagirdlərdə müstəqil işləri yerinə yetirməyə qarşı müsbət münasibətin formalaşması imkanı yaranır.
Öyrənmənin daxili amillərinə diqqəti və ustanovkanı aid etmək olar. Təcrübə göstərir ki, müəllim dərsdə şagirdlərin diqqətini təşkil etməyi bacarmasa heç bir informasiyanı mənimsədə bilməz. Ona görə də diqqət öyrənmənin müvəffəqiyyətini təmin edən ən mühüm daxili amillərdən biri kimi özünü göstərir. Təlim fəaliyyətində diqqətin oynadığı rolunu nəzərə alaraq K.D.Uşinski deyirdi: “Diqqət ruhumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir. Ona görə də şagirdləri təlim prosesində həmin qapını açıq saxlamağa alışdırmaq lazımdır.” Ustanovka isə tələbatı müəyyən tərzdə təmin etməyə hazırlıq başa düşülür. Ustanovkanın təlim fəaliyyətində əhəmiyyəti çox böyükdür. Məsələn, iki qrupda eyni material eyni yolla öyrədilmiş, eyni miqdarda təkrar aparılmışdır. Lakin qrupların birinə sorğudan əvvəl təkrara imkan verilməyəcəyi, digər qrupa isə imkan veriləcəyi bildirilmişdir. Nəticədə ikinci qrupda materialı birdəfəlik öyrənmək ustanovkası yaranmamışdır. Öyrənmə ustanovkası qarşıya qoyulan yaddasaxlamanın məqsədi, müddəti, möhkəmliyi və xarakterindən asılıdır.
Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillər təlim materiallarının xüsusiyyətləri ilə bağlıdır. Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir.