1.Sitüativ və geniş motivlər.
2.Fəaliyyətin özünə və nəticəsinə yönələn motivlər.
3.İctimai əhəmiyyətli motivlər.
Motivləri təzahür xüsusiyyətlərinə görə psixoloji ədəbiyyatda geniş istifadə olunan iki qrupa ayırmaq olar.
1.Sosial motivlər.
2.İdrak motivləri.
Təlim prosesində bu cür motivlərin formalaşması şagirdlərin tələbat sahəsinin formalaşması ilə sıx bağlıdır.
Təlim inkişafetdirici və tərbiyəedici funksiyaları yerinə yetirir. Ona görə də təlimin məzmunu, forma və üsulları elə seçilməlidir ki, bu funksiyaları həyata keçirməyə imkan versin. Ümumiyyətlə, təlim elə təşkil edilməlidir ki, o təkcə şagirdlərə bilik, bacarıq verməklə kifayətlənməsin, eyni zamanda onlarda şəxsiyyətin formalaşmasına təkan versin. Əgər məktəblidə öyrənməyə, oxumağa daxili cəhd yoxdursa, onu öyrətmək o qədər də asan olmayacaqdır. Məhz buna görə də müəllim ilk gündən təlim-idrak motivlərin təşəkkül etdirilməsi qayğısına qalmalıdır.
11. Müasir dərsə verilən psixoloji tələblər Plan: 1. Şagirdlərin fəallığının təmin edilməsi
2. İnkişafetdirici müasir dərs
3. Dərsdə problem situasiyanın tipləri
4. Yaddasaxlamanın səmərəli yolları
Müasir dövrdə dərsə yüksək tələblər verilir. Bu tələbləri həyata keçirmək üçün müəllimin öz ixtisası ilə yanaşı, yüksək pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərə, eləcə də təlim psixologiyasının müasir nailiyyətlərinə dərindən yiyələnməsini tələb edir. Müasir dərs, hər şeydən əvvəl, məktəbə verilən müasir ictimai tələblərin yerinə yetirilməsinə yönəldilən dərsdir. Müasir dərsə bir sıra psixoloji tələblər verilir. Bu tələblər müasir dərsin funksiyaları ilə sıx bağlıdır. Həmin funksiyalara öyrədici, inkişafetdirici, tərbiyəedici funksiyaları və s. aid etmək olar. Həmin funksiyalarla bağlı olaraq müasir dərsə verilən psixoloji tələblərə nəzər salaq.
Şagirdlərin fəallığının təmin edilməsi müasir dərsə verilən ən başlıca psixoloji tələblərdən biridir. Bu mühüm tələbin yerinə yetirilməsi, hər şeydən əvvəl, təlim prosesində mənimsəməyə təsir edən amillərin nəzərə alınması zərurətini irəli sürür. Bu amillər artıq əvvəlki dərslərdən bizə məlum olan öyrənmənin müvəffəqiyyətini təmin edən daxili və xarici amillərdir.
Müasir dərsə verilən ən mühüm tələblərdən biri onun inkişafetdirici olmasıdır. Burada problemli təlim əvəzolunmaz əhəmiyyət daşıyır. Problemli təlim şagirdlərin təfəkkürünün işləməsinə, onların axtarıcı, fəal olmasına imkan yaradır. Təlim psixologiyası sahəsində tədqiqat aparan alimlər dərsdə problem situasiya yaradılmasının şagirdlərin fəallığı üçün zəruri şərt olduğunu qeyd edirlər. Bunu məktəb təcrübəsi də təsdiq edir. Dərsdə müvafiq problem situasiya yaradıldıqda şagirdlər müəyyən çətinliklərlə qarşılaşır, həmin çətinlikdən çıxmaq üçün mövcud biliklərinin kifayət qədər olmadığını dərk edirlər. Ona görə də həmin çətinlikdən çıxmaq üçün yollar axtarmağa, təfəkkürlərini işə salmağa başlayırlar. Nəticədə şagird yaradıcı olur, yüksək fəallıq şəraitində çalışır. Bütün bunlar isə materialı daha yüksək anlamaq, mənimsəməklə yanaşı şagirdin əqli inkişafına da təsir göstərir. Müəllimin dərsdə yaratdığı problem situasiyanın 4 tipi qeyd olunur.
1.Problem situasiya ən çox o zaman meydana gəlir ki, şagird əvvəl əldə etmiş olduğu biliklərdən yeni şəraitdə istifadə etmək zərurəti qarşısında qalsın. Bu zaman şagird bilik, bacarıq və vərdişinin qənaətləndirici səviyyədə olmaması faktını dərk edir. Bu da onun idrak maraqlarının oyanmasına, yeni biliklər axtarmasına səbəb olur.
2.Problem situasiya tədris tapşırıqlarını yerinə yetirərkən əldə edilmiş nəzəri bilikləri praktik olaraq həyata keçirilməsinin qeyri-mümkünlüyü arasındakı ziddiyyətdən yaranır.
3.Problem situasiya tədris tapşırıqlarını yerinə yetirərkən əldə edilmiş praktik nəticələri nəzəri olaraq əsaslandırmağa biliyin olmaması arasında ziddiyyət olduqda meydana gəlir.
4.Problem situasiya o zaman yaranır ki, şagird məsələni həll etmək yollarını bilmir, yeni faktları izah etməkdə çətinlik çəkir, daha doğrusu, əvvəlki biliklər yeni faktı izah etmək üçün kifayət etmir.
Problem situasiyanın əsas tipləri barədə müəllimin biliyi şagirdlərin idrak fəaliyyətini idarə etməsinə şərait yaradır. Məhz buna görə də müəllim dərsi müasir tələblər səviyyəsinə qaldırmaq üçün həmin cəhətə xüsusi diqqət yetirməlidir.
Dərsdə öyrənmənin, yaddasaxlamanın bilavasitə müəllimlə bağlı olan səmərəli yollarından biri şagirdlərdə öyrənilən materiala qarşı idrak maraqlarının aşılanmasıdır. Müəllim şagirdlərdə öyrəndiklərinə qarşı idrak marağı yaratdıqda şagirdlər öyrəndiklərini səmərəli şəkildə yadda saxlayırlar.
Yaxşı öyrənmək və yaddasaxlamanın səmərəli şərtlərindən biri də müəllimin dərs zamanı şagirdlərin diqqətini səfərbər edə bilməsidir. Bu baxımdan dərsdə şagirdlərin diqqətini öyrənilən material üzərinə yönəltmək ən zəruri şərtlərdəndir.
Yaddasaxlamanın səmərəli yollarından biri də öyrəndiklərini anlamaqdır. Əgər müəllim verdiyi materialın şagirdlər tərəfindən qavranılmasına nail olarsa yaddasaxlama da bir o qədər davamlı və səmərəli olur.
Müəllimin öyrətdiyi materiallarıhəyatla əlaqələndirməsi də yaddasaxlamanın səmərəliliyinə müsbət təsir edən şərtlərdəndir. Müəllim dərsdə şagirdlərin öyrəndiklərini yaxşı yadda saxlaya bilmələri üçün onları həmin materialı təxəyyüllərində canlandırmağa alışdırmalıdır. Şübhəsiz müəllimin qeyd olunan səmərəli yollardan istifadə etmək bacarığı şagirdlərin zəruri bilik, bacarıq və vərdişlərə yiyələnməsi işini asanlaşdırır, təlim fəaliyyətinin səmərəliliyini yüksəldir.