Diqqətin fizioloji əsasını başa düşmək üçün İ.P.Pavlovun kəşf etdiyi sinir proseslərinin induksiyası qanunu olduqca böyük əhəmiyyətə malikdir. Bu qanuna görə baş beyin qabığının bir sahəsində yaranan oyanma prosesləri başqa sahələrdə ləngimə yaradır və ya əksinə, qabığın bir sahəsində yaranan ləngimə başqa sahələrdə oyanmanın baş verməsinə səbəb olur. Deməli, müəyyən an ərzində beyin qabığında yüksək oyanma ocağı (optimal oyanma) mövcud olur. İ.P.Pavlov belə sahəni beyin qabığının yaradıcı şöbəsi adlandırmışdır. Diqqətin fizioloji mexanizmi həmin şöbənin fəaliyyəti ilə bağlıdır.
Diqqətin fizioloji əsasını aydınlaşdırmaq üçün A.A.Uxtomskinin irəli sürdüyü dominantlıq prinsipi də böyük əhəmiyyətə malikdir. Bu prinsipə görə, beyində həmişə üstün oyanma ocağı (dominant oyanma) olur ki, o, beyinə gələn bütün oyanmaları sanki özünə doğru çəkir və bunun sayəsində həmin oyanmalar üzərində daha çox hakim olur. Üstün oyanma ocağı yüksək oyanma ocağından özünün yüksək davamlılığı ilə fərqlənir. Məsələn, gərgin zehni fəaliyyətlə məşğul olan bəzi şəxslərə kənar qıcıqlayıcı təsir etdikdə onların diqqəti əvvəlki problem üzərində daha da güclənir. Bu halda sanki bütün qüvvələr səfərbərliyə alınır və kənar qıcıqlayıcılar sezilməmiş qalır, diqqətin mərkəzləşməsi artır.
Istər optimal oyanma sahəsi, istərsə də dominant oyanma haqqında təlim diqqətin ixtiyari mexanizmini kifayət qədər aydınlaşdırmağa imkan vermir. Çünki insan qarşısına şüurlu surətdə məqsəd qoyur, öz diqqətini özü tənzim edir.
Əlbəttə, diqqətin fizioloji mexanizmi çox mürəkkəbdir. Hazırda bu mexanizm sinir sisteminin müxtəlif səviyyələrində yerləşmiş süzgəc kimi başa düşülür. Buradan orqanizm üçün lazım olan qıcıqlayıcılar seçilib ötürülür, digərləri isə uzaqlaşdırılır. Bu xüsusən də beyin sütununda və qabıqaltı sahələrdə yerləşmiş, xüsusi sinir hüceyrələri olan şaxəli törəmənin fəaliyyəti ilə əlaqələndirilir.
Diqqətin növləri.Diqqət mürəkkəb psixi hadisə kimi insan fəaliyyətinin bütün sahələrinə xidmət edir. Diqqətin növlərinin təsnifatı adətən, insanın reaksiyasının fərqlərinə görə aparılır. Diqqətin üç növü vardır.