1.İxtiyari diqqət 2.Qeyri-ixtiyari diqqət 3.İxtiyaridən sonrakı diqqət 1.İxtiyari diqqət-qarşıya qoyulmuş şüurlu məqsədlə əmələ gələn və müəyyən iradi səy tələb edən diqqətə deyilir. İxtiyari diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədilə bağlıdır. O, daha çox fəaliyyət prosesində əmələ gəlir və fəaliyyətin tənzim edilməsinə yönəlmiş olur. İxtiyari diqqət obyekti müəyyən sistem üzrə, həm də ətraflı öyrənməyə imkan verir. İxtiyari diqqətdə cisim və hadisələr insan üzərində deyil, əksinə, insan onların üzərində hakim olur. Məsələn, yazı işlərini yoxlayarkən müəllim qarşıdakı məqsəddən asılı olaraq, öz diqqətini yazının məzmununa, düzgün yazılmasına yönəldir. İxtiyari diqqət prosesində biz heç də təsir edən bütün qıcıqlandırıcıları deyil, yalnız məqsədimizə müvafiq olan qıcıqlandırıcıları seçirik. İnkişaf prosesində ixtiyari diqqət uşaqların böyüklərlə ünsiyyəti vasitəsilə ifadə olunur. Uşaq inkişaf etdikcə tədricən davranışını öz şəxsi əmrlərinə əsasən, müstəqil olaraq qarşıya məqsəd qoymaq yolu ilə qurur. Fəaliyyətin bütün növlərində, xüsusən də şagirdlərin təlim prosesində, davamlı ixtiyari diqqətin əmələ gəlməsi bir sıra şərtlərdən asılıdır.
1.Borc və məsuliyyəti aydın dərk etmək.
2.Məqsədi aydın dərk etmək.
3.İş şəraitinin olması.
4.Əlavə maraqların yaranması.
2.Qeyri-ixtiyari diqqət-heç bir xüsusi məqsədlə, niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqətə deyilir. Qeyri-ixtiyari diqqət heyvanlarda da vardır. Çünki qeyri-ixtiyarı diqqət bilavasitə cisim və hadisələrin təsiri nəticəsində əmələ gəlir. Qeyri-ixtiyari diqqət cisim və hadisələrin bilavasitə təsirindən asılı olsa da, onu heç də ətrafda baş verən hər bir qıcıqlandırıcı əmələ gətirmir. Qeyri-ixtiyari diqqətin əmələ gəlməsi üçün təsir edən qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdır.
-Qıcıqlayıcının qüvvəsi və gözlənilmədən təsiri.Qüvvətli səs, güclü işıq, kəskin iy diqqəti qeyri-ixtiyari olaraq cəlb edir. Onların təsiri bilavasitə qıcıqlayıcının mütləq qüvvəsindən deyil, nisbi qüvvəsindən asılıdır. İki qıcıqlayıcıdan hansı daha qüvvətlidirsə, diqqəti də məhz o cəlb edəcəkdir. Əgər qıcıqlayıcıların qüvvəsi bərabərdirsə, onda diqqət gah bu, gah da başqa qıcıqlayıcıya yönəlir.
-Qıcıqlayıcının yeniliyi.Yeni əyani vəsait, yeni maşın modeli, sinifdə yeni şagirdin olması və s. qeyri-ixtiyari surətdə diqqəti cəlb edir. Məlumdur ki, ətraf aləmdə baş verən yeniliklər dərhal bələdləşmə refleksi əmələ gətirir. Adam həmin yeni hadisənin nədən ibarət olduğunu bilməyə can atır.
-Obyektin hərəkətdə olması. Məlumdur ki, hərəkətsiz cisimlər, adətən diqqəti ya cəlb etmir, ya da xüsusi məqsəd olduqda diqqəti həmin obyekt üzərinə yönəldirik. Lakin hərəkətin başlanması və ya kəsilməsi də diqqəti cəlb edir. Müəllim şagirdlərin diqqətini nəinki səsini qaldırmaqla, həm də izahatını dayandırmaqla da cəlb edə bilər.
Qeyri-ixtiyari diqqət həm də insanın emosional vəziyyətindən asılı olaraq əmələ gəlir. Buraya insanın sağlamlıq dərəcəsi, əhvalı, tələbatı, maraqları və s. aiddir. Məsələn, bir cismə maraq davamlı diqqət yaradır və onu uzun müddət müşahidə etməyə, öyrənməyə yönəldir.