Pulpitin klinik təzahür formaları çox müxtəlifdir. Bu müxtəliflik diş pulpasında
iltihabın yayılmasından, xəstəliyin sürəkliliyindən, xəstənin yaşı ilə əlaqədar olaraq
kök zirvəsinin formalaşma dərəcəsindən və s. Asılıdır. Lakin, bu müxtəlifliyə
baxmayaraq yalnız həmin patologiyada təzahür edən simptomlar vardır.
Pulpa diş boşluğunda dərində yerləşdiyi üçün onu tam, hərtərəfli müayinə etmək
mümkün olmadığından subyektiv simptomlardan (xəstənin şikayətindən), əsasən
ağrı simptomundan – odontalgiyadan istifadə etmək lazım gəlir.
Ağrının xarakteri pulpitin diferensial diaqnostikası üçün mühüm əhəmiyyətə
malikdir.
Pulpit üçün ən xarakterik ağrılar aşağıdakılardır: xarici qıcıqlandırıcıların təsiri
olmadan öz-özünə başlayan ağrılar; gecə vaxtı xəstənin üfüqi vəziyyətdə başlayan
tutmaşəkilli ağrılar; güclənən və arabir kəsən ağrılar; lokallaşan, yaxud irradiasiya
edən ağrılar; xarici qıcıqlandırıcıların (temperatur, kimyəvi, mexaniki qıcıqların)
təsirindən başlayan və uzun müddət davam edən, habelə kəskin, sızıltı, küt, sancılı,
pulpasiyalı və s. ağrılar.
Bu simptomların hazırda və ya yaxın keçmişdə baş verməsi anamnez zamanı
müəyyən edilir.
Xəstəliyin davametmə müddətindən, qan damarlarının vəziyyətindən, xəstənin
yaşından, xəstəliyin qapalı və ya açıq pulpa kamerasında gedişindən və bir sıra digər
amillərdən çox asılıdır. Ağrı xarakteristikasının bütün bu variantları, pulpitin xüsusi
simptomatologiyası aydınlaşdırılan zaman yeri gəldikcə əks etdiriləcəkdir.