Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə1/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
  1   2   3   4   5   6   7   8   9   ...   197

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________

QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR


II KİTAB
(Bərdə və Ağcabədi rayonlarından toplanmış

folklor örnəkləri)

BAKI – 2012

Qarabağ folklorunun toplanması,



sistem­ləşdirilməsi və araşdırılması” adlı layihə

əsasında çap olunur.

LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU

(İMANOV)

TOPLAYICILAR: fil.ü.f.d. Əfzələddin ƏSGƏR

fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

fil.ü.f.d. Tahir ORUCOV

Zəfər FƏRHADOV
TƏRTİB EDƏN: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

REDAKTOR: fil.ü.f.d. Elçin ABBASOV

NƏŞRİNƏ  MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ


Qarabağ: folklor da bir tarixdir, II kitab (Bərdə və Ağcabə­di rayonlarından toplanmış folklor örnəkləri). Bakı, «Elm və təhsil», 2012.
İSBN – 9-789952-810868
А 4603000000 Qrifli няшр

Í-098-2012

© Folklor İnstitutu, 2012

TƏRTİBÇİDƏN
Oxuculara təqdim olunan bu kitab “Qarabağ folklorunun top­lan­ması, sistem­ləşdirilməsi və araşdırılması” adlı layihə əsasında ha­zır­lanan ikinci topludur. Bu topluda əsas diqqət aran Qarabağın Ağ­ca­bə­di və Bərdə rayonlarına yönəldilmişdir. Həmin rayonlardan top­la­nan folklor nümunələri bölgənin folklor sarıdan nə qədər zəngin ol­du­ğunu bir daha göstərir. Adı çəkilən rayonlardan Azərbaycanda indiyə qə­dər qeydə alınmamış 4 nağıl süjeti, pirlər, ocaqlar, dini şəxsiyyətlər haq­qın­da on­lar­la yeni mətn toplanmışdır. Bu mətnlər hesabına nəinki ye­ni vari­ant­lar, eyni zamanda yeni-yeni personajlar (Soltan bəy, Molla Lə­tif, Ağamir dayı və s.) üzə çıxa­rılmış, bir çox per­­sonajlar haqqında tə­səvvürlərimiz dolğunlaşmışdır. Bu günə qə­dər Bəhlul Danəndə lətifə qəhrəmanı kimi tanınırdısa, toplanmış yeni materiallar sayəsində onun həm də nağıl qəhrəmanı olduğu üzə çıxmışdır.

Topluya daxil edilmiş materiallar 2012-ci ilin iyun-avqust ay­larında Folklor İnstitutunun Bərdə və Ağcabədi rayonlarına təşkil et­diyi folklor ezamiyyələri zamanı toplanmışdır. Ezamiyyə üçün bu rayonların seçilməsi heç də təsadüfi deyil. Hər iki rayon həm ərazi, həm də əhali baxımından Qarabağın ən böyük rayonları sırasına daxildir. Bundan əlavə, indiyə qədər bu rayonların şifahi irsinin, de­mək olar ki, toplanılmaması, məşhur kəbirli, afşar, şahsevən, qara­do­laq tayfalarının burada (xüsusən Ağcabədidə) məskunlaş­ması hə­min rayonların şifahi yaradıcılıq baxımından öyrənilməsini bir zə­rurətə çevirmişdir.



Bölgə ilə ilk tanışlığımız Bərdə rayonundan başladı. Rayon Mə­­dəniyyət Şöbəsində təşkil olunmuş görüşlərdən sonra Seyid Yusif ağa ocağı haqqında məlumat toplamaq üçün ağanın adını daşıyan kən­də yola düşdük. Əvvəlcə Seyid Yusif ağanın evində olduq, bu ocaq haqqında, ağanın kəramətləri haqqında onun nəvəsindən bir ne­çə mətn qeydə aldıq. Deyə bilərik ki, kəndlə tanışlığımız olduqca uğur­lu alındı və Musa Bayramov, Musa Qasımov kimi şifahi ənənəni gözəl bilən, zəngin repertuarı olan söyləyicilərlə qarşılaşdıq. Təkcə onu xatırlatmaq kifayət edər ki, Musa Bayramovdan 13 nağıl mətni yazıya aldıq ki, bunun da ikisi indiyə qədər qeydə alınmamış yeni süjetlərdir. Musa Bayramovdan fərqli olaraq, onun adaşı Musa Qası­mov daha çox dini mövzulara maraq göstərirdi və ondan bu mövzu­da xeyli sayda mətn yazıya aldıq. Bərdəyə səfərimiz çərçivəsində, həmçinin Boyəhmədli, Dəymədağıldı, Şirvanlı, Qacar, Qara Yusifli kəndlərində də olduq, bu kəndlərdəki söyləyicilərdən bir neçə nağıl və lətifə qeydə ala bildik.

Toplunun hazırlanması ilə əlaqədar Ağcabədi rayonuna iki də­fə səfər etdik. İlk səfərimiz iyun ayına təsadüf edir. Bu zaman rayo­nun Afşar, Hacıbədəlli, Şahsevən, Qaradolaq kəndlərində olduq. Bu səfərimiz folklor nümunələrinin toplanması ilə yanaşı, bu ərazi-lərdə məskunlaşmış kəbirli, afşar, şahsevən, qaradolaq tayfalarının ta­rixi, məişəti, adət-ənənələrinə dair çox maraqlı faktların qeydə alınması ilə yaddaqalan oldu. Qeydə alınmış nümunləri “Xatirələr” başlığı al­tında oxuculara təqdim edirik və inanırıq ki, bu nümunələr həmin tay­faların şifahi irsinin öyrənilməsində mühüm rol oynaya­caqdır.

Ağcabədi rayonuna ilk səfərimiz həm də Narış İsa qızı Bay­ramova kimi müasir dövrdə çox az rast gəlinən söyləyici ilə tanış ol­mağımız baxımından əlamətdar oldu. Xəstə olduğu üçün Narış nənə ilə ilk görüşümüz çox uzun sürmədi. Söhbətimiz saat yarım çəksə də, ilk görüşdə biz ondan üç nağıl mətni, Həzrət Əli haqqında iki rəvayət qeydə ala bildik. Toplanan mətnlər məlum süjetlər olsa da, söyləyi­cinin nağılları özünəməxsus tərzdə dua və alqışlarla tamamlaması onun səriştəli söyləyici olduğunu və ondan daha çox nümunələr top­lamağın mümkünlüyünü düşünməyə əsas ve­rir­di. Ona görə də avqust ayında Ağcabədi rayonuna təşkil olunmuş ikinci səfər zamanı Narış nənə ilə görüşmək üçün ilk olaraq Afşar kəndinə yollandıq. Bu dəfə onunla söhbətimiz dörd saat çəkdi və “Tacir oğlu”, “Tısbağa qız”, “Nar­­xatın”, “Huri qızı”, “Santır” kimi na­ğıl nümunələri, rə­­vayətlər, afşarlar, şahse­vənlər, qarado­laqlarla bağlı maraqlı etno­qrafik mate­riallar topladıq. Bun­dan əlavə, Narış nənədən “Şah Abba­sın arvadları qırdırması”, “Üç ba­cı”, “Sarı donlu qız” nağıllarını top­lasaq da, ənənəvi variantlardan elə bir ciddi fərqi olmadığı üçün on­ları topluya daxil etmədik. İkinci səfər zamanı həmçinin, Ağcabə­dinin Salman­bəyli, Hüsülü, Rəncbərlər, Təzəkənd, Hindarx, Sarıcalı, Taynaq, Hacılar, Boyat kəndlərində də olduq və ümumilikdə, otuz saata yaxın folklor materialı topladıq.

Bir çox kəndlərdə söyləyicilərin seçilməsində bələdiyyə və ic­ra nümayəndəlikləri bizə yaxından kömək etmişlər. Onlar kəndin yaş­lı adamlarını bir araya toplayır və bu adamlarla söhbət etmə­yimizə şərait yaradırdılar. Afşar, Şahsevən, Hacıbədəlli, Qaradolaq kəndlərində söy­lə­yi­cilərlə görüşlərimiz bu şəkildə təşkil olunmuş­du. Yeri gəlmişkən xatırladaq ki, yaşlı adam­ların vaxtilə keçirilmiş folklor məclislərində iştirak etməsi, şifahi ənə­nəni cavanlara nisbə­tən daha yaxşı bilməsi onlardan (yaşlılardan) daha çox material toplaya biləcəyimizi düşünməyə əsas verir. Ona görə də eza­miyyə müddətində ünsiyyətdə olduğumuz söyləyicilərin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələridir.

Qısamüddətli olsa da, deyə bilərik ki, bu ezamiyyələr çox məhsuldar keçmişdir. Ezamiyyə müddətində Bərdə rayonunda 40, Ağcabədi rayonunda 60-a yaxın söyləyici ilə ünsiyyətdə olmuşuq. Onlardan 60-a qədər nağıl, 90-a yaxın rəvayət və əfsanə, 20-dən ar­tıq mifoloji mətn, 100-dən artıq bayatı, 60-a yaxın lətifə, 62 atalar sözü qeydə almışıq.

Epik ənənənin zəifləməsi, şifahi ənə­nəni gözəl bilən söyləyici­lərin böyük bir qisminin artıq dün­yasını dəyişməsi və onların danış­dığı folklor nümunələrinin çox cüzi hissəsinin hafizə­lərdə qalması folklor ezamiyyəsi zamanı bir daha qarşılaşdı­ğımız təəssüf doğuran faktlar oldu. Elə bir kənd olmadı ki, orda bizə “10-15 il bundan əvvəl gəlsəydiniz, daha yaxşı söyləyicilər tapar­dınız” deməsinlər. Hara get­diksə, bizə bir qədər gec gəldiyimizi, Ağamir dayı, Seyid Yusif ağa kimi şifahi ənənəni gözəl bilən, sözə-söhbətə xüsusi maraq göstərən insanların əksəriyyətinin dünyasını dəyişdi­yini bildirdilər. Ağamir dayı, Seyid Yusif ağa kimi insanlar bu gün yaşamasa da, onların çək­diyi məsəllər, dediyi sözlər bu gün də camaat arasında tez-tez xatır­lanır. Musa Qasımov bir çox mətnləri məhz Seyid Yusif ağadan eşit­diyini bildirirdi və mətnləri danışarkən tez-tez Seyid Yusif ağaya is­tinad edirdi. Aslan Babayevin dediyinə görə, “Yaxşılığa yamanlıq” nağılını Ağamir kişidən hansısa bir hadisə ilə əlaqədar misal çəkəndə eşidib.

Bölgədən qeydə aldığımız folklor nümunələri arasında diqqəti cəlb edən janrlardan biri də nağıllardır. Topluya daxil edilmiş na­ğılların bir qismi Seyid Yusifli kənd sakini Musa Bayramovdan qey­də alınmışdır. Onun repertuarında sehrli nağıllar və qaravəllilər üstünlük təşkil edirdi. Musa kişidən toplanmış 13 nağıldan ikisi – “Padşah oğlu”, “Qaraçuxasını yatıran şəxs” nağılları ilk dəfə qeydə alın­­mış süjetlərdir. Digər nağıllar isə məlum süjetlər əsasında qu­rul­sa da, həm söyləyici təhkiyəsinə, həm də bəzi motivlərinə görə ənə­nə­vi variantlardan fərqlənir. Məsələn, “Məlik Məhəmməd” na­ğı­lı məlum AT 301 nömrəli süjet əsasında qurulsa da, nağılın eks­po­zi­siya hissəsi ənənəvi variantlardan tamamilə seçilir. Nağıl iki qon­şunun Allahdan nəsə diləməsi ilə başlayır. Qonşulardan biri ev­dəki bütün əşyalarının qızıla dönməsini, o biri isə 40 oğlunun ol­masını arzulayır. Allah onların arzusunu yerinə yetirir. İkinci qonşu evə gəldikdə hamilə arvadının 40 uşaq doğduğunu görür və bu qədər uşa­ğa baxa bilməyəcəyi üçün evi tərk edir. Daha sonra nağıl AT 301 nömrəli süjetə məxsus gedişlərlə davam edir. Toplanmış na­ğıllar arasında “Quş dili bilən İsgəndər” nağılının isə indiyə qə­dər iki variantı məlum idi. Topluya daxil edilən variant bir tərəfdən həmin süjetin yayılma arealını müəyyənləşdirmək, digər tərəfdən na­ğılın məzmununu daha yaxşı başa düşmək baxımından böyük əhə­miyyət kəsb edir.



Bir çox söyləyicilər geniş repertuarlarının olmasına baxma­yaraq, mətnləri uzun müddət ifa etmədiklərindən bəzən onun müəy­yən hissəsini unudur, bu səbəbdən söylənilən mətnlərdə qı­rıq­lıq, na­tamamlıq özünü göstərirdi. Deyilən fikirlər Ələmşah Zey­na­lov, Cab­bar Mahmu­dov kimi söyləyicilərin repertuarı üçün xa­rak­terikdir. On­lar­dan fərqli olaraq, Musa Bayramov, Narış Bayra­mova kimi söy­lə­yicilər bildikləri nağılları bu gün də nəvələri üçün söylə­yirlər. Musa ki­şidən materialları qeydə alarkən bir çox nağıl­ları məhz nəvələri onun yadına salırdılar. Narış Bayramova isə “Ta­cir oğlu” na­­ğılını axı­rıncı dəfə bir neçə gün əvvəl nəvəsinə danış­dı­ğını bil­dir­di. Nə­vələrə, yaxud başqa adamlara danışılaraq öz təra­və­ti­ni sax­layan mətn­lər, təbii ki, mükəmməlliyi və dolğunluğu ilə seçilir.

Maraqlıdır ki, bizim görüşdüyümüz ən səriştəli söyləyicilər məhz güclü hafizəsi olan şəxslərdir. Onlar danışdıqları mətnlərin bö­­yük əksəriyyətini uşaq ikən eşidib, sadəcə güclü hafizələri sa­yə­sin­də yadda saxlaya bilmişlər. Narış nənə danışdığı nağılların bö­yük ək­­sə­riyyətini uşaq ikən Əsgərandan olan müəllimindən eşitmiş­dir. Onun dediyinə görə, müəllimi dərsi soruşduqdan sonra uşaqları ba­şına yığıb nağıl danışarmış. Musa kişinin də güclü yaddaşı var­mış və bir dəfə söylənilən mətni o dəqiqə mənimsəyə bilirmiş. O da hələ uşaq ikən şifahi ədəbiyyata böyük maraq göstərmişdir. Özü­nün dediyinə görə, o vaxtı ağsaqqallar iştirak edən məclislərə uşaq­ları yaxın bu­rax­masalar da, o, haradan olsa içəri girib onların söh­bətinə qulaq asarmış.

Əlbəttə, söyləyici repertuarının formalaşmasında onun maraq dairəsi, hansı mətnlərə daha çox həvəs göstərməsi mühüm rol oy­nayır. Seyid Yusifli kəndində ünsiyyətdə olduğumuz söyləyi­cilər­dən Musa Qasımov, əsasən, dini mətnlərə, onun adaşı Musa Bayra­mov isə klassik folklor nümunlərinə, ən çox da nağıl­lara, dastan­lara, aşıq şeirlərinə maraq göstərirdi. Onlardan fərqli olaraq, Narış Bayramovada hansısa bir sahəyə daha çox maraq göstərmə müşa­hidə olunmurdu. Onun repertuarında sehrli, novellis­tik nağıllarla yanaşı, dini nağıllara, peyğəmbərlər və digər dini şəxsiyyətlərlə bağ­lı rəvayətlərə, lətifələrə, bir sözlə, istənilən folk­lor janrına dair nümunələrə rast gəlmək mümkündür. Bu söyləyicilər həm də mətnə münasibətə görə də bir-birindən fərqlənirdilər. Musa Bayramov ənənəvi nağıl formullarına o qədər də maraq göstərmirdi. O, yalnız bir neçə mətnin sonunda “göydən üç alma düşdü...” məşhur final formulundan istifadə etmiş­dir. Musa Bayramovun fikrincə, “bu cür şeylər” nağılı uzatmaq üçündür, ona görə də onlardan istifadə et­məyə ehtiyac yoxdur. Amma Narış Bayramova nağıl formulla­rın­dan geniş şəkildə istifadə edirdi. Nağılların dua və alqışlarla ta­mam­lanmasına məhz onun söylədiyi mətnlərdə təsadüf olunur. Na­rış Bayramova bütün nağılları “göydən üç alma düşdü, biri mənim, biri nağıl deyənin, biri də Narışın” final formulu ilə tamamlayırdı. Ondan soruşanda ki, axı almaların hamı­sını özünüzə götürdünüz, zarafatla deyirdi: “O dünyada məndən almaları istəyəcəklər, onda mən sizi haradan tapacağam?”

İnsanların təhsilə cəlb olunması, onlara oxumaq və yazmaq bacarı­ğının aşılanması yazılı mənbələrin şifahi ənənəyə təsirini artırmış­dır. Bir çox söyləyicilər, xüsusən də təhsilli insanlar bizə kitab­lar­dan oxuduqları nümunələri danışırdılar. Bərdə rayonunun Dəyməda­ğıl­dı kənd sakinləri Aslan Babayev, Zahid Babayev, Se­yid Yusifli kənd sakini Musa Qasımovdan qeydə alınmış bir çox mətnlər kitab­dan gəlirdi və söyləyicilər özləri də bunu kitabdan oxu­duqlarını etiraf edirdilər. Narış Bayramovanın repertuarında da kitabdan gələn bir çox nağıl nümunələri vardı. Biz həmin mətnləri qeydə alsaq da, onları topluya daxil etmədik.

Ağcabədi və Bərdə rayonlarına səfərimiz zamanı folklor məc­lislərinin keçən əsrin sonlarına qədər davam etməsinə dair maraqlı faktlar əldə etdik. Söyləyicilərin dediyinə görə, keçən əsrin səksə­ninci illərinə qədər aşıqlar kəndlərə gələr, evlərdə məc­lis­lər təşkil olunarmış. Məsələn, Seyid Yusifli kəndinə Bərdəli Aşıq İsmayıl, Aşıq Zeynal gələrmiş. Həmin kəndin sakini Musa kişinin dediyinə görə, kəndin ağsaqqalları qabaqcadan öz aralarında razılaşar və kimin evi geniş imişsə, onun evində toplaşarmışlar. Belə məclislər bəzən səhərə qədər çəkərmiş. Musa Qasımovun dediyinə görə, ax­şamdan ağsaqqallar him eləyərmişlər ki, pəncərə­ləri elə basdırın, ha­vanın işıqlaşdığını aşıq bilməsin. Bir vədə qapını açarmışlar ki, artıq gün günorta olub. Belə məclislərdə dastan­lardan əlavə qara­vəllilər də söylənilirmiş. Qaravəllilər, əsasən, dastan arasında, aşıq çay fasiləsinə çıx­dığı zaman danışılar­mış. Topluya daxil edilmiş “Dızz”, “Mən hələ qurtarmamı­şam” kimi lətifələr məhz həmin məc­lislərdə söylənilmiş, auditoriya­nın eynini açmaq, onu bir az əy­ləndirmək üçün deyilmiş mətnlərdir.

Məhərrəmlik ayında keçirlən mərsiyə axşam­ları da bu günə qədər öz varlığını qoruyub saxlayan folklor məclis­lərindən biridir. Belə məclislərdə, əsasən, “nohə” deyilir, dini hə­dis­lər danışılır. Se­yid Yusifli kəndində qeydə alınan dini mətnlərin bir qismi Seyid Yu­sif ağanın vaxtilə məhərrəmlik axşamlarında danışdığı mətnlər­dir.

Folklorun müasir vəziyyəti bir çox janrlar üçün həyəcan təbili çalmağın zamanı gəldiyini göstərir. Son toplamalar da göstərir ki, sehrli nağılların ifası artıq zəifləmişdir və bu mətnlər sıradan çıx­maq üzrədir. Aydınlıq üçün bir faktı xatırlamaq istəyirik: bu layihə çərçivəsində hazırlanmış birinci və ikinci toplulara 100-dən artıq na­­ğıl daxil edilmişdir ki, bunların da cəmi 20-sini sehrli nağıl sü­jetləri təşkil edir. İkinci topluya daxil edilmiş sehrli nağıllar yal­nız iki şəxs­dən – Musa Bayramov və Narış Bayramovadan qeydə alın­mış­dır. Digər söyləyicilərdən sehrli nağıl süjetlərini xəbər alsaq da, bir nümunə belə qeydə almaq mümkün olmamışdır.

Sonda söyləyicilərlə görüşlərin təşkilində bizə göstərdikləri köməyə görə Bərdə və Ağcabədi rayonlarının icra hakimiyyətləri­nə, Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Ha­cıyevə, Ağcabədi Rayonunun İctimai-siyasi Partiyalarla İş Şöbəsi­nin müdiri Rəhilə Şükürovaya, Seyid Yusifli kəndinin Bələdiyyə sədri Əhməd Qocayevə, Bərdə rayonu Dəymədağıldı kənd sakini Mobil Babayevə, Afşar kənd Bələdiyyəsinin sədr müavini Nizami Cəfərova, Şahsevən kəndinin Bələdiyyə sədri Rəfail Əliyevə, eləcə də Ağcabədi rayon sakini Səfər Məmmədova dərin minnətdar­lığı­mızı bildiririk. Həmçinin yerli sakinlərdən qeydə aldığı bir çox bayatı nümunələrinin topluda çapına razılıq verdiyi üçün Ağcabədi Rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhsəti Ağayevaya minnətdarlıq edirik.




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin