MÜHAZİRƏ I
İCTİMAİ SAĞLAMLIQ VƏ SƏHİYYƏNİN TƏŞKİLİ ELMİ, ONUN MƏQSƏDİ, VƏZİFƏLƏRİ, PRİNSİPLƏRİ, MÜASİR PROBLEMLƏRİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
İctimai sağlamlıq və səhiyyənin təşkili bir elm kimi ətraf mühitin, sosial şəraitin və digər amillərin əhalinin sağlamlıq vəziyyətinə təsirini öyrənərək, onu mühafizə etmək, möhkəmləndirmək və daha da yaxşılaşdırmaq məqsədilə həyata keçirilməli olan ictimai, dövləti və tibbi xarakterli kompleks tədbirlər sisteminin elmi surətdə əsaslandıran bir elmdir və həyata keçirilməsini təmin edir.
İctimai sağlamlıq sosial amillərin əhalinin sağlamlığına olan təsirinin öyrənilməsinə də çox üstünlük verir. Bunu öyrənməkdə məqsəd həmin amillərin əhalinin sağlamlığına olan müsbət təsirini gücləndirmək və bunların mənfi, zərərli təsirinin qarşısını almaq üçün kompleks tədbirlər sistemi işləyib hazırlamaqdır.
İctimai sağlamlıq və səhiyyənin təşkili elmi tibbi təhsil sistemində olan mürəkkəb bir tədris fənnidir. Çünki onun şərhi, eləcə də mənimsənilməsi prosesi istər tibbi-bioloji, klinik, gigiyenik və istərsə də fəlsəfə, sosiologiya, antropologiya, psixologiya və s. elmlərilə sıx surətdə bağlıdır.
İctimai sağlamlıq və səhiyyənin təşkili elminin digər tibbi biliklər içərisində, eləcə də müxtəlif humanitar elmlər içərisində yeri, rolu və mövqeyi böyükdür, daha doğrusu xüsusidir.
İctimai sağlamlıq və səhiyyənin təşkili elminin cəmiyyətin müxtəlif sahələri ilə sıx əlaqəsi vardır. Bu əlaqə və qarşılıqlı münasibət də İctimai sağlamlıq və səhiyyənin təşkili elmi daim hərəkətdə və inkişafda olan dinamik bir sistemi xatırladır. Müxtəlif planetlər bir-birindən öz ölçülərinə və hərəkət etdikləri orbitlərin radiuslarının uzunluğuna görə fərqləndikləri kimi, sosial gigiyenanın da elmlərarası mövqeyi buna bənzəyir. Bu zaman elmlərin arasındakı sərhəd inkişaf nəticəsində çox zaman yeni aspektdə sosial gigiyena elminin fəaliyyət mərkəzinə çevrilir.
İctimai sağlamlıq və səhiyyənin təşkili çox geniş bir dairədə tibbi, sosioloji, iqtisadi, demoqrafik, fəlsəfi və siyasi problem və şəraitin insanların sağlamlığına olan təsirini konkret bir tarixi vəziyyətdə müəyyən zaman və məkan daxilində istər statik və istərsə də dinamik vəziyyətdə öyrənməklə məşğuldur. O həm tibbi, həm də siyasi bir elmdir. O deyilən elmlər arasında ortaq yeri tutan əlaqələndirici və inteqrəedici bir elmdir.
Dostları ilə paylaş: |