1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə175/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   171   172   173   174   175   176   177   178   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Quşların dili. Quşlar söhbət edə bilirmi? Bəzi alimlər 
quşlar üzərində müşahidə apararaq onlarda danışıq qabi-
liyyətinin olub-olmamasını müəyyənləşdirməyə çalışmış-
lar. Alimlərin nəticələrini xatırlatmazdan əvvəl bu məsələ-
nin tarixən xalq arasında necə qoyulduğu ilə tanış olaq. 
Xalq arasında əfsanə xarakterli belə bir fikir olmuşdur ki, 
guya quşlar da insan kimi danışa bilir. Quşların söhbət 
etmələrinə dair bizə gəlib çatan qədim nağıl və əfsanələr-
də maraqlı nümunələr çoxdur. Azərbaycan nağıllarından 
“Quş dili bilən İsgəndər” nağılında bülbüllərin “danışma-
sına” rast gəlirik.
“İsgəndər baxıb gördü ki, bir bülbül oxuyur, ayrı bir 
bülbül də deyir:
– Ay bülbül, bir vaxt gələcək, İsgəndər bu şəhərin 
pad şahı olacaq, bu bağçaya qonaq gələcək, həmən analığı 
onun qabağına xörək gətirəcək”.
Quşların “danışdırılması” halları şair və yazıçıların əsər-
lərində də özünə yer tapmışdır. Məsələn, XII əsrin böyük 
mütəfəkkir şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərində 
“Nuşirəvan və bayquşların söhbəti” hekayəsində quşlar danış-
dırılır. Ova çıxmış padşah xarabalıqda iki quşun oxuduğunu 
görüb vəzirdən quşların mükaliməsinin mənasını soruşur. Və-
zir quşları göstərərək onların “danışığını” belə izah edir:
Bax, bu quşa vermişdir o biri qızını,
Bu isə qabaqcadan istəyir cehizini.
Deyir: “Bu viran kəndi verdikdən sonra mənə,
Buna bənzər bir neçə kənd verməlisən yenə”.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
302
O biri quş deyir ki: “Əl çək, mənə dil tökmə.
Padşahın zülmünü gör, yetər, qəm-qüssə çəkmə.
Əgər padşah bu isə, onun sayəsində sən
Yüz min belə xaraba kənd alacaqsan məndən”.
Bu nümunələrin nə birincisindəki və nə də ikincisin-
dəki, şübhəsiz, “quş danışığı” deyil; birincisi əfsanə olub, 
xalq bədii təfəkkürünün, ikincisi isə şair təfəkkürünün bə-
dii ifadəsidir.
Yuxarıda qeyd etdiyimiz kimi, həqiqətən, quşların 
nitqi üzərində təcrübə aparanlar da olmuşdur. Tədqiqatçı-
lar toyuğun “danışığında” 10 şərti işarə olduğunu müəy-
yən etmişlər. Bu söz – “işarələr” həyəcan bildirir. Bunlar, 
əsasən, qarşıya çıxan təhlükə ilə bağlıdır. Təhlükə zamanı 
toyuğun çıxardığı səslər müxtəlif olur. Belə ki, təhlükənin 
yaxında olduğunu bildirən səslə uzaqda olduğunu “xəbər 
edən” səs bir-birindən fərqlənir və s.
Müxtəlif xalqlar arasında belə bir mülahizə yayıl-
mışdır ki, guya quşlardan qarğalar həqiqi olaraq danışır. 
Yəqin ki, azərbaycanlılar arasında “qarğa dili”, “qarğa di-
lində danışmaq” ifadələri də məhz buradan meydana çıx-
mışdır. Qarğaların güclü dil fəaliyyətinə “malik olduğu” 
fikri bir sıra alimləri tədqiqat aparmağa həvəsləndirmişdir. 
Amerika alimləri uzun illər bu quşlar üzərində müşahidə 
aparmış, onları tədqiq etmiş və nəhayət, “qarğa dili”nə 
dair müəyyən nəticələrə gəlmişlər. Onların fikrincə, guya 
qarğalar arasında dil müxtəlifliyi müşahidə olunur. Hətta 
kənd qarğası ilə şəhər qarğasının dili əsaslı şəkildə fərqlə-
nir. Elə buna görə də kənd və şəhər qarğaları bir-birini 
başa düşmür, ünsiyyətdə ola bilmirlər. Bundan başqa, hər 
ştatın qarğalarının öz dili var. Bir ştatın qarğası o biri ştatın 
qarğasının dilini anlamır. Tədqiqatçılar qarğaları iki yerə 
bölmüşlər. Bu və ya başqa kənddə, şəhər və ştatda yaşa-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
303
yanları “yerli sakinlər”, kənddən-kəndə, şəhərdən-şəhərə 
və ştatdan-ştata uçub köçəri həyat sürənləri “avara qarğa-
lar” adlandırmışlar. Onlar bu “avara qarğaları” düşüncəli 
və çox bacarıqlı kimi göstərirlər. Guya avara qarğalar öz 
xüsusi dillərindən əlavə, bütün ştatların qarğalarının dil-
lərini də bilirlər. Bunlar bir-birləri ilə öz dillərində, başqa 
ştat qarğaları ilə həmin qarğanın dilində danışa bilirlər.
Doğrudanmı bu belədir? Şübhəsiz, qarğaların danışa 
bilməsi və onların çoxdilli olması inandırıcı və real hadisə 
deyil. Çünki qarğa çıxardığı səslə fikir ifadə etmir, onların 
çığırtıları, olsa-olsa, alimlərin dediyi kimi, diqqəti özünə 
cəlbetmə vasitəsidir.
Danışmağı bacaran və dil öyrənə bilən tutuquşu da 
insanları çox maraqlandırmışdır. Bu quşlar doğrudan da 
danışa bilirlərmi? Burada bir həqiqət var; tədqiqatçıların 
müşahidələrinə görə, tutuquşu eşitdiyi sözləri (hamısını 
yox) təkrar edir. Elə bu cəhətə fikir verən insanlar tutuqu-
şunun danışdığını güman edirlər.
Rus tədqiqatçısı N.N.Ladıgina-Kots tutuquşu üzərin-
də müşahidələr aparmış, bu quşun nə qədər söz tələffüz 
etmək bacarığını müəyyənləşdirməyə çalışmışdır. Alimin 
təcrübəsi əsasında quşun, təxminən, 150 sözü təkrar edə 
bildiyi aşkar olunmuşdur. Bununla bərabər, quşda düşün-
cə olub-olmaması da yoxlanılmışdır. Bu məqsədlə quşun 
qarşısında onun təkrar edə bildiyi sözə aid əşya qoyulmuş 
və həmin əşyanın adının tələffüz edilməsi tələb olunmuş-
dur. Tədqiqatçının məlumatına görə, quş bir dəfə də olsun 
qarşısında duran əşyanın adını düz tələffüz edə bilməmiş-
dir. O, hər bir sözü ancaq insan tələffüz etdikdən sonra 
təqlidi olaraq təkrarlamışdır. Beləliklə, aydın olmuşdur ki, 
quşda düşünmək qabiliyyəti yoxdur; əgər onda bu keyfiy-
yət olsaydı, təkrar etdiyi sözdən istifadə edib əşyanın adını 
deyə bilərdi.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
304
Yuxarıda qeyd edilənlərlə əlaqədar elmi nəticəni belə 
yekunlaşdırmaq olar: heç bir quş danışa bilmir, quşun dili 
yoxdur və o, insanın dilini də öyrənə bilməz.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin