43.Krım müharibəsi illərində Avropa dövlətlərinin diplomatiyası
İngilis və fransızlar Osmanlı sultanını Rusiyaya müharibə elan etməyə inandıra bildilər. Bu, 1853-cü il oktyabrın 4-də, Rusiya qoşunlarını Dunay knyazlıqlarından çıxarmaqdan imtina etdikdən sonra baş verdi. 1853-cü il noyabrın 30-da vitse-admiral P.S. Naximovun komandanlığı ilə rus eskadrası Sinop buxtasında türk donanmasını məhv etdi və sahil istehkamlarını dağıtdı.
Rusların Sinop döyüşündə qələbəsi Fransanı, sonra isə İngiltərəni də hərbi əməliyyatların gedişinə müdaxilə eləməyə sövq etdi. 1854-cü il yanvarın 4-də ingilis və fransız gəmiləri Qara dənizə girdilər. Peterburqa xəbər verilmişdi ki, iki dövlətin birləşmiş donanması türk gəmi və limanlarını rus eskadrasının hücumundan müdafiə edəcəkdir. 1853-cü il martın 12-də İngiltərə, Fransa və Türkiyə İstanbulda ittifaq müqaviləsi imzaladılar. İngiltərə və Fransa Türkiyəyə rus qoşunlarının hücumunun qarşısını almaqda kömək etməyi və sülh bağlanan kimi özlərinin dəniz vəhərbi qüvvələrini dərhal Türkiyədən çıxarmağı öhdələrinə götürdülər. Sultan öz növbəsində separat sülh bağlamamağı vəd etdi. Fransa 1854-cü ilin martın 27-də, İngiltərə martın 28-də Rusiyaya müharibə elan etdilər. İngiltərə və Fransa müharibəyə Osmanlı imperiyasının müttəfiqi qismində daxil olmaqla yanaşı, Avropa ictimaiyyətinin razı qalacağı mənfəət əldə etməyi də unutmamışdılar.
Krım müharibəsi 1853-cü ilin oktyabrından 1856-cı ilin fevralına kimi davam etdi. Müharibədə Rusiyaya qarşı Türkiyə, İngiltərə, Fransa və Sardiniya krallığı iştirak edirdi. 1854-cü ilin yayında İngiltərə və Fransa qüvvə və silahlarının üstünlüyünə baxmayaraq, Dunay knyazlıqlarında əhəmiyyətli üstünlüyə nail ola bilmədilər. Avstriya isə müttəfiqlərin hərbi əməliyyatlarında iştirakdan özünü saxlayırdı. Müttəfiqlərin Varnadakı mənzil-qərargahında qərara aldılar ki, Avstriyasız Rusiyanın dərinliklərinə irəliləmək təhlükəli və ağırdır. Sevastopolu tez bir zamanda ələ keçirib dağıtmaq məqsədilə Krım yarımadasına dərhal qoşun çıxarılmasına başlamaq qərarı qəbul olundu.
1855-ci ilin fevralında I Nikolayın ölümü ilə bağlı Fransa Rusiya rəhbərliyinə başsağlığı verdi. Rusiya da dərhal yeni çar II Aleksandrın adından təşəkkür etdi. Ancaq Krım müharibəsi əvvəlcədən planlaşdırıldığı kimi qısa müddət ərzində başa çatmır. Qafqaz cəbhəsində ruslar müvəffəqiyyət əldə edir və Qarsı ələ keçirməyə müvəffəq olurlar. 1855-ci ilin avqustunda Sevastopol təslim oldu. Bu əsnada hakimiyyətə yeni gələn II Aleksandr şərtlərlə razılaşmağa məcbur olur. Avstriya sülh şərtlərini vuruşan dövlətlərin adından Rusiyaya təqdim etdi. II Aleksandr isə tələb olunan şərtlər çərçivəsində sülh təklifini qəbul edir. 1. Moldaviya, Valaxiya və Serbiya üzərində bütün böyük dövlətlərin protektoratı; 2. Dunayda azad gəmiçilik Avropa komisiyası tərəfindən təmin olunacaqdır; 3. Qara dəniz boğazlarından hərbi gəmilərin keçməməsi, Rusiya və Türkiyənin Qara dənizdə donanma saxlamaması; 4. Rusiyanın Türkiyənin xristian təbəələrinə himayədarlıqdan imtina etməsi; 5. Rusiyanın Bessarabiyanın bir hissəsini Moldaviyaya verməsi.
1856-ci ilin yanvarın 11-də Rusiya bildirdi ki, Bessarabiyadan başqa qalan tələbləri qəbul edir, lakin Avstriyanın təkidi ilə 15 yanvarda bütün tələblərə razı olduğunu bildirdi.
Dostları ilə paylaş: |