Müalicə.Autoimmun hemolitik anemiyada müalicə terapiyası hüceyrələrin dalaq və qan dövranında sekvestrasiyasına eləcə də autoantitellərin yaranmasına qarşısı yönəlməlidir.
Hemolitik krizin qarşısını almaq üçün qlükokortikoidlərdən istifadə olunur. Qlükokortikoidlər makrofaqların aktivliyini və antitellərin yaranmasını azaldır. Bu məqsədlə sutkada 2-10 mk/kq prednizalon təyin edilir.
Hemoqlobinin səviyyəsi normallaşmağa başlayanda prednizalonu tədricən azaltmaq lazımdır. Prednizalonun dozası xəstəliyin ağırlığından asılı olaraq müxtəlif ola bilər. Bəzən hemolitiik krizi 50-60 mq/sutka prednizalon tənzimləyə bilər. Bəzən isə bu doza kiyafət etmədiyi üçün prednizalonu 80,100 hətta 150 mq/sutka artırmaq olar.
Əgər prednizalonun dozası kifayət qədərdirsə, xəstədə temperatur normallaşır, ümumi zəiflik azalır, hemoqlobininazalması dayanır. Müalicənin 3-4-cü günü hemoqlobinin səviyyəsi artmağa başlayır və sarılıq azalır. Prednizalonun dozasını qan göstəriciləri normallaşmağa başlayanda azaltmaq olar. Preparat yüksək dozada təyin olunduqda, gündə 2,5-5 mq azaltmaq olar. Doza çox da böyük deyilsə, (30 mq/sutka və daha az) tədricən 3-5 gündən bir 2,5 mq azaltmaq lazımdır. Prednizalon az dozada təyin edildikdə, onu daha ehiyatla azaltmaq lazımdır. Doza 10-15 gündən bir ¼ tablet olmaq şərti ilə azaldılır.
Əgər steroid terapiyanın effekti qısa müddətli və ya qeyri-tamdırsa, onda splenektomiya və immunodepressantların təyini haqda düşünmək olar. Splenektomiya 4-5 ay prednizalon qəbul etmək məcburiyyətində olan, xəstəliyi tez-tez residivləşən və ya qısa müddətli remissiya alınan daha cavan xəstələrə məsləhət görülür. Splenektomiya autoimmun hemolitik anemiyanın həm idiopatik, həm də simptomatik formasında tətbiq edilə bilər.
Xəstəliyin hemolizin formasında splenektomiya aqlutinin formaya nisbətən daha az effektlidir. Hemolizin formada trombozla ağırlaşmaların rastgəlmə tezliyi daha yüksəkdir. Trombozla ağırlaşmalar trombositlərin maksimal artdığı dövrə təsadüf edir. Bu əməliyyatdan 8-10 gün sonra baş verir.
Trombozla ağırlaşmaların profilaktikası üçün heparin və ya aşağımolekullu heparin təyin edilir. Sonra isə profilaktikanı davam etmək məqsədi ilə varfarin (İNR nəzarətdə saxlamaq şərti ilə) verilir.
Qlükokortikoid terapiya və splenektomiyanın effekti olmadıqda immunodepressiv terapiya aparılır. Bu məqsədlə 6 merkaptopurin (150-200 mq/sutka), imuran (200-250 mq/sutka) və ya tsiklofosfan (400 mq/günaşırı) remissiya alınana qədər təyin edilir. Sonra isə aşağı dozada saxlayıcı terapiya davam etdirilir. Uşaqlarda ciddi göstəriş olmadan immunodepressantlardan istifadə məsləhət deyil, çünki preparatlar mutagen təsirə də malikdirlər.Yaşlı insanlarda splenektomiyaya əks göstəriş olduqda immunodepressantlardan istifadə oluna bilər.
Autoimmun hemolitik anemiyanın müalicəsində limfosit CD 20 antigeninə qarşı monoklonal antitellərdən də istifadə olunur (Rituksimab, Mabtera).
Ağır anemiya zamanı bəzən hemotransfuziyaya ehtiyac olur. Bu məqsədlə qeyri-düz Kumbs sınağı ilə fərdi seçilmiş, yuyulmuş eritrosit kütləsi və ya dondurulmuş eritrosit kütləsi köçürmək lazımdır. Eritrosit kütləsi minimal dozada və yavaş köçürülməlidir.
Autoimmun hemolitik anemiyada xəstələr qanköçürməni çox pis keçirirlər. Alloantitellər tərəfindən hemolitiktransfuzion reaksiyalar yarana bilər. Eyni zamanda alloantitellər köçürülmüş eritrositlərin yaşama müddətini də qısaldırlar. Hemotransfuziya təyin olunanda hemoqlobinin səviyyəsi deyil, xəstənin ümumi vəziyyəti əsas götürülməlidir.
Dostları ilə paylaş: |