Bakının Şüvəlan qəsəbəsi 156 №-li orta məktəbin kimya müəllimi Əsəd Allahqulu oğlu Tahirovun xatirələri
Hal-hazırda Mərdəkan qəsəbəsində olan 123 nömrəli məktəbin açılış tarixi XIX əsrin axırlarına təsadüf edir. Təxminən 1894-cü ildə Mərdəkan kəndində bağı olan Bakı kapitalistlərindən biri – Hacı Zeynalabdin Tağıyev Mərdəkan kəndində bir internat-bağbançılıq məktəbi açmaq istəyir. Onun fikri o idi ki, yerli əhalidən gənc bağbanlar hazırlatsın. Ona görə də birinci növbədə yerli camaat ilə razılaşmaq qərarına gəlir. Hacı Zeynalabdin Mərdəkan camaatından ağsaqqalları, hacıları və başçıları yığıb onlarla məsləhətləşir. Camaat nümayəndələri bu işə razılaşırlar, təkcə bir nəfər - Kərbəlayı Müslüm deyir ki, biz bu işə razılıq verə bilmərik. Ona görə ki, bizim uşaqlarımız o məktəbdə oxusalar, ruslaşarlar, dindən uzaqlaşıb başlarına rus şapkası qoyarlar. Hacı ona deyir ki, papağın ayrı olmasına eyib yoxdur, kaş o papağın içindəki başda düşünən əqil-fərasət olsun. Bir sözlə, camaat bu işə razılıq verir. Hacı Zeynalabdin yerli kəndlilərin ikisindən (onlardan biri Fərhad Həsənoğludur) öz pulu ilə bağ aldı. İki il ərzində gözəl məktəb binası tikdirdi.
Məktəb 1896-cı ildə açılır və yerli uşaqlar (oğlanlar) oxumağa başlayırlar. Bu məktəb binasında mətbəx, paltar yuyulan yer, yeməkxana, dərs otaqları və kabinələr var idi. Məktəbin bütün xərclərini Hacı özü ödəyirdi. Məktəb bir neçə il davam etdi, sonra isə bağlandı. Səbəbi yerli camaatın ruslaşmadan qorxması olmuşdur.
Hacı Zeynalabdin Tağıyev bu işdən əl çəkmir. Yerli camaatdan xahiş edir ki, bir priqovor (qərar) yazıb ona versinlər. Hacı bu işə müvəffəq olur. Nəhayət, rus-tatar (rus-Azərbaycan) məktəbi 1909-cu ildə açılır. Mən özüm də 1911-1915-ci illərdə həmin məktəbdə oxuyub, oranı bitirmişəm. Mən oxuyan illərdə kitab, başqa dərs ləvazimatını məktəb pulsuz verirdi. Məktəbin bağını abad saxlamaq üçün bir bağban, iki fəhlə, bir arabaçı və iki at saxlanırdı ki, bunların xərcini Hacı özü ödəyirdi.
Bu məktəb 1918-ci ilə kimi fəaliyyət göstərmişdir. Türklər Bakıya gəldikdə və “Müsavat” hökuməti zamanı bağlanmışdır.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra məktəb yenidən açılmışdır, hal-hazırda 123 nömrəli orta məktəb kimi öz işini davam etdirir. Bu məktəbdə (internat olan zaman) ilk müəllimlər Heydər bəy və Məmməd bəy olmuşlar. Məktəb rus-tatar məktəbinə çevrildikdə Əhməd bəy Cəbrayılbəyov müdir, Yelizaveta Qaqermanovna müəllimə, bunlardan sonra şamaxılı Hüseynbəy Səfərəliyev müdir, Əhməd Ağdamski, Məhəmmədhəsən Atamalıbəyov müəllimlər olmuşlar. Əhməd Ağdamski hal-hazırda sağdır. Ağdamda rus dilindən dərs verir. Mən oxuduğum vaxtda məktəbin işlərini yoxlamaq və imtahan götürmək üçün müfəttiş vəzifəsində işləyən Həbib bəy Mahmudbəyov və Soltan Məcid Qəniyev gəlirdilər. Mən özüm onlara imtahan vermişəm. Mənimlə həmin məktəbdə oxuyan və hal-hazırda yaşayanlardan bunlardır:
1. Şüvəlan sakini, təqaüdçü müəllim Allahverdi Bakıxanov.
2. Darülfünunun (Universitetin – F.C.) ədəbiyyat professoru Feyzulla Qasımov.
3. Bakı çörək tresti təhsil kombinatının direktoru Allahverdi Aslanov.
4. Sürücü Əlisəfa Əliyev.
5. Həkim Mustafa Qasımov.
6. Bakı şəhəri 8 №-li məktəbin direktoru Umudəli Abbasov.
7. 5 №-li xəstəxananın təsərrüfat müdiri Rüstəm Sultanov.
8. Nağı Cəfərov və başqaları.
Şagirdlərin yay tətili zamanı, iki həftədən bir Bakıdan artistlər məktəbin böyük şüşəbəndində teatr tamaşası göstərirdilər. Hər bir tamaşa zamanı Hacı özü, arvadı və uşaqları tamaşaya gələrdilər. Bunu qeyd etmək istəyirəm ki, həmin 123 nömrəli məktəbi bitirib, ali təhsil alan yoldaşlar çoxdur. Onlar hal-hazırda Azərbaycan SSR-in müxtəlif mədəni-maarif, təsərrüfat və sənaye sahələrində işləyirlər. O zaman Mərdəkanda təkcə bir məktəb var idi.
1 may 1957-ci il.
MATM NF, №№ 20053-20055
Dostları ilə paylaş: |