Coşqun-coşqun çaylarını keçmişəm,
Sərin-sərin sularını içmişəm,
Kərəm deyər: dilbərlərin sevmişəm,
Halları var – bizim hala bənzəməz142.
Şeirdəki “Coşqun-coşqun çaylarını keçmişəm” misrası “Dədə Qorqud” eposunda mediativ keçidlə bağlı qəlib-formuldur. Məsələn, eposun səkkizinci boyunda kosmosu təmsil edən Basat xaosu təmsil edən Təpəgözü öldürür: “Qalın Oğuz bəgləri yetdilər. Salaxana qayasına gəldilər. Dəpəgözin başını ortaya gətürdilər. Dədə Qorqud gəlübən şadlıq çaldı. Ğazi ərənlər başına nə gəldigin aydı verdi. Həm Basata alqış verdi:
Qara tağa yetdügündə aşıt versün!
Qanlı-qanlı sulardan keçüt versün! – dedi”143.
Səfa Qarayev yazır ki, bu alqış təsadüfi olmayıb, xaosa səfər edən qəhrəmana edilən alqışdır. Belə ki, mifoloji düşüncədə xaosa gedilən yolda qanlı-qadalı çayları və dağları keçmək lazımdır. Məhz bu deyimdə Basatın xaosa səfər etməsinə işarə edilmiş, ona səfər zamanı həmin maneələri daha rahat şəkildə keçməsi arzu olunmuşdur144. Bu fikir H.Quliyev tərəfindən də eyni məzmunda təsdiq edilmişdir145.
Demək, Kərəmin qəhvəxanada işlətdiyi “Coşqun-coşqun çaylarını keçmişəm” misrası onun söylədiyi şeiri kosmoloji müstəvidə xaos situasiyasına bağladığı kimi, söylənmə məkanı olan qəhvəxananı da eyni müstəvidə xaos situasiyasına aid edir. Bu da öz növbəsində şeirin arxetipində dialoq-xəbərləşmənin durduğunu göstərir.
Dostları ilə paylaş: |