AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti


ŞƏXSİYYƏTİN HÜQUQİ İDENTİKLİYİNİN PSİXOLOJİ SƏCİYYƏSİ



Yüklə 1,28 Mb.
səhifə7/13
tarix14.01.2017
ölçüsü1,28 Mb.
#203
1   2   3   4   5   6   7   8   9   10   ...   13

ŞƏXSİYYƏTİN HÜQUQİ İDENTİKLİYİNİN PSİXOLOJİ SƏCİYYƏSİ

Dos. A.F.Səməndərova
Şəxsiyyətin hüquqi identikliyi sosial identikliyin tərkib hissələrindən biridir. Hüquqi identiklik hüquqi sosiallaşmanın mühüm psixoloji mexanizmi olub, fərdin qrupa daxil olarkən sosial-hüquqi rolları qəbul etməsində, qrupa mənsubluğunun dərkində, müəyyən hüquqi norma və dəyərlərin, hüquqi davranış nümunələrinin mənimsənilməsində təzahür edir. Bu insanın özünü artıq bərqərar olmuş emosional əlaqələr və üstünlüklər əsasında müəyyən qrup insanlarla fikrən birləşdirməsi, həmin qrup üzvlərinin əsaslandığı müəyyən hüquqi davranış nümunələrinin və sosial-hüquqi təsəvvürlərin mənimsənilməsi prosesidir.

Şəxsiyyətin hüquqi identiklyi probleminə həsr edilmiş müasir tədqiqatlarda demək olar ki, onun psixoloji strukturuna toxunulmur. Halbuki, insanların hüquqi təsəvvürlərinin xüsusiyyətləri bütövlükdə dövlətin hüquqi sisteminin yetkinliyinin və sabitliyinin, vətəndaşların hüquq mədəniyyətinin göstəricisi kimi çıxış edir. Bu da vətəndaşların hüquq və azadlıqlarının reallaşmasına təsir göstərir. Hüquqi identiklik vətəndaşın hüquq normalarını, hüquqi və hüquqazidd davranışın xüsusiyyətlərini bilməsini, eləcə də bu normalara gündəlik davranışında riayət etməsini nəzərdə tutur [2, s. 52-56].

Hüquqi identikliyin struktur komponentlərinin əsasında vətəndaşlığın və sosial mənsubiyyətin komponentlərinin formalaşması və inkişafı həyata keçirilir.

Hüquqi identikliyin strukturunda 3 əsas komponenti fərqləndirirlər:

1. Koqnitiv komponent- hüquq və hüquqi davranışı haqqında təsəvvürlər və biliklər (şəxsiyyətin vətəndaş hüquqları, borcu, vəzifəsi haqqında, ədalət və ədalətsizlik haqqnda, xeyir, şər, qanun, dəyərlər və s. haqqında təsəvvürləri).

2. Emosional komponent- şəxsiyyətin hüquqi və ya hüquqazidd davranışa, hüquq pozuntularına vəs. pozitiv vəya neqativ münasibətini ifadə edir.

3. Davranış komponenti-şəxsiyyətin hüquqi yaxud hüquqazidd kateqoriyaya şamil edilə biləcək gündəlik həyatdakı davranışı.

Şəxsiyyətin hüquqi identikliyinin bu stuktur komponentləri əsasında onun aşağıdakı 3 əsas funksiyalarını fərqləndirirlər:

1. İdraki funksiya – Hüquqi identikliyin dərketmə funksiyası hüququn və hüquqi gerçəkliyin müxtəlif formalarda mənimsənilməsindən ibarətdir. Bu funksiya hüququn subyektinə öz tələbatlarını aşkar etmək, öz maraqlarını müəyyənləşdirmək, başqasının maraqları vasitəsilə maraqlara öz münasibətini formalaşdırmağa kömək edir.

2. Qiymətləndirmə funksiyası- bu funksiya şəxsiyyətin hüquqi təcrübəyə və hüquq normalarına qarşı münasibətini əks etdirir. Qiymətlədirmə - qiymətləndirməni aparan subyektin məqsədlərindən, maraqlarından, mövqeyindən, malik olduğu hüquqi biliklərin dərinliyindən və dolğunluğundan asılıdır. Eyni zamanda, hüquqi vəya hüquqazidd davranış, hüquqa münasibət və onun qiymətləndirilməsi subyektin hüquqi biliklərinin keyfiyyətini və həcmini şərtləndirir.

3. Hüquqi identikliyin tənzimləyici funksiyası-bu funksiya özünə hüquq normaları haqqında informasiyanın yenidən işlənərək fəaliyyət proqramına örtürülməsini, bu biliklərin konkret əməllərdə təzahür etməsini daxil edir. Hüquqi identiklik vasitəsilə yalnız insanın davranışı deyil, həm də onun hüquqi sahədə münasibətləri, tələbatların, mövqeyi də tənzimlənir. Tənzimləyici funksiya hüquqi yönəlişlər əsasında həyata keçir [1, s.14].

Hüquqi şüurun nəzərdən keçirdiyimiz bütün funksiyaları bir-birilə əlaqəlidir.

Şəxsiyyətin hüquqi identikliyindən yalnız o halda danışmaq olar ki, o, öz hüquq və azadlıqları haqqında kifayət qədər biliklərə malikdir, onlara müəyyən emosional münasibət bildiri və fəal olaraq bunları öz gündəlik davranışında həyata keçirir. Çünki yalnız bu halda o bir tərəfdən “özümünkü” adlandıra biləcyimiz, özümüzü aid etdiyimiz müəyyən oxşar davranışa, emosiya və biliklərər malik olan insanlar qrupunu, digər tərəfdən isə fərqli təsəvvür və hisslərə malik olan “yadlar” qrupunu müəyyən etməyə imkan verir.

Göründüyü kimi, hüquqi identikliyin yuxarıda nəzərdən keçirdiyimiz hər 3 komponenti insanın konkret qrupla identifikasiyası üçün vacibdir. Beləki, hansısa komponentin üst-üstə düşməməsi halında insan özünü həmin qrupla identifikasiya etmir və özünə daha çox uyğun olan qrupu axtarmağa çalışır.

Ədəbiyyat
1. Исаева Н.В. Правовая идентичность (теоретико-правовое исследование). Автореф. Дис.. докт. юрид. наук. М, 2014, с.14

2. Резников Е. В.Психолого-правовой анализ понятия "правоваяидентичность” //Вестник Пермского университета: Серия "Юридические науки" . -2012. - № 2. - С. 52 - 56


HƏZM SİSTEMİNDƏ BAŞLAYIB BEYİNDƏ BİTƏN XƏSTƏLİK: AUTİZM

Vüsalə Сəfərova



BDU-nun II kurs magistrantı
Autizmli uşaqlar normal inkişafa malik uşaqlardan görünüş etibarilə heç fərqlənməsələr də, psixi inkişaf baxımından onlardan kəskin surətdə fərqlənirlər. Tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, autizmli uşaqların inkişafına təsir edən ən başlıca səbəblərdən birincisi onların qida rasionuna daxil olan qida maddələrinin düzgün seçilməsi dayanır. Bir qism alimlər bu qənaətə gəlib ki, autizmli uşaqların müalicəsində ilk növbədə kazeinsiz və qlutensiz bir pəhrizə başlamaq lazım gəlir.

Qluten un məmulatlarının, kazein isə süd və süd məmulatlarının tərkibində olan zülaldır. Bu pəhriz autizmli uşaqların üçdə ikisində çox effektli nəticəyə malik olur. Autizmli uşaqların qida rasionundan buğda, yulaf, arpa və süd məhsullarını çıxarmaq lazımdır. Normal insanlarda tərkibində qluten və kazein olan maddələr yaxşı həzm olunduğu halda, autistlərdə bu maddələr bir başa endorfin halında qana keçir. Bu maddə narkotik maddələrlə oxşarlıq təşkil edir. Nəticə etibarilə bu maddə autizmli uşaqlarda qəribə davranışlara və yaxın ətrafına qarşı aqressivliyə səbəb olur. Bundan əlavə qanda endorfinin olması ağrı hissiyatını azaldır və nəticədə autizmli uşaqlar möhkəm yıxıldıqları halda ağlamır, sanki ağrı hissi duymurlar. Autizmli uşaqların böyük əksəriyyətində tərkibində kazein və qluten olan qida maddələrinə bağlılıq olduğu müəyyənləşdirilib.

Autizmli uşaqların valideynləri qida rasionundan süd məmulatlarının çıxarılması fikrininin düzgünlüyünə tərəddüdlə yanaşırlar. Çünki süd məmulatının rasiondan çıxarılmasının kalsium çatışmazlığına səbəb olacağından qorxurlar. Ancaq bu, heç də doğru deyil. Çinlilər və yaponlar süd və süd məmulatlarından istifadə etmirlər. Amma buna baxmayaraq, həmin öölkələr sümüklə bağlı olan xəstəliklərin ən az təsadüf edildiyi coğrafi ərazilərdəndir. Belə ki, inək südündə kalsium çox olsa da, fosfor da çoxdur və bunun nəticəsi olaraq da orqanizm tərəfindən yaxşı mənimsənilmir. Ancaq ana südündə kalsiumun miqdarı az olsa da, o, orqanizm tərəfindən mükəmməl mənimsənilir.

Mütəxəssislərin bir çoxunun fikrincə, bəzi qida maddələrinin qəbulu autizm əlamətlərinin kəskinləşməsinə səbəb olur. Bir çox valideynlərin müşahidəsinə görə də, qida maddələri ilə autizm əlamətləri arasında möhkəm bir asılılıq var.

Ən çox reaksiya verdirən 6 növ qida maddəsi; buğda, süd məhsulları, yumurta, fıstıq, badam, soya.

İkinci qrup təhlükəli qidalar; şokolad, mayalı qidalar, pomidor, naringi, portağal və.s.

Ümumilkdə heç bir problem yaratmayan və qida dəyəri yüksək olan maddələr düyü, armud, qoyun əti, balıq əti, kök və quru meyvələrdir.

Onu da qed etmək istərdim ki, son tədqiqatlar nəticəsində autizmin həzm sistemində başlayıb beyində bitən bir xəstəlik olduğu müəyyənləşdirilib. Bu səbəbdən də autizmli uşaqların qida rasionunun düzgün təşkil olunması çox vacib bir şərtdir. Düzgün təşkil olunmuş qida rasionu və pəhrizlə autizm əlamətlərində ciddi şəkildə azalmaları müşahidə etmək mümkündür.


Ədəbiyyat
1.Pr. Dk .Ahmet Aydın, Pr. Dr. Cem Kınacı. Otizme çözüm var.

2.http://www.milliyet.com.tr/-yuzde-100-tedavi-olan-otizmli/metin-uyar/cumartesi/yazardetay/19.10.2013/1778691/default.htm

3. http://www.otistikzeka.com/

4. http://www.algiozelegitim.com.tr/carpici-otizm-tespiti/


KİŞİLƏRDƏ ORQAZM POZUNTULARI
Kaddafi Toprak BDU-nun II kurs magistrantı
Orqazm, cinsi qıcıqlandırıcıların beyinə təsir etməsi ilə başlayan və qıcıqlandırıcıların təsiri ilə insanda həm fiziki, həm də ruhi rahatlama yaradan xoş bir hisdir. Kişilərdə boşalma, orqazm termini ilə eyni mənada istifadə olunur. Lakin, orqazm olmadan boşalma olduğu kimi, boşalma olmadan da orqazm yaşana bilər. Boşalmada sperm ifrazı ilə yaranan fiziki rahatlanmadırsa, orqazmda həm fiziki, həm də ruhi rahatlanmadan söhbət gedir. Kişilərdə orqazm müddəti 5-15 saniyə arasındadır.

Çox kişinin cinsi həyatını təhdid edən orqazm pozuntuları depressiya, stress, cinsi təcavüz kimi səbəblərdən yarana bilər. Şəkər, ürək və oxşar fiziki xəstəlikərlə bərabər vitamin və mineral çatışmazlığı da bu problemi hərəkətə keçirə bilər. Kişilərdə orqazm pozuntuları cinsi qıcıqlanmadan sonra orqazmın çox gec olması, yaxud ola bilməməsi vəziyyətidir.

Bu vəziyyət zehni səbəblərdən yaranmaqla bərabər depressiya, qayğı, stress, cinsi şəxsiyyət orientasiyaları, yeniyetməlik dövrü problemləri, cinsi istismar kimi psixoloji səbəblərdən də yarana bilər. Bununla bərabər orqazm pozuntularına şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, hipertiroid, vitamin və mineral azlığı, ALS, Addisson xəstəliyi, alkoqol qəbulu səbəb ola bilər.

Ən çox görülənlər

Anorqazm: Orqazm ola bilməmək vəziyyəti. Cinsi özünəinamsızlığa səbəb olur.

Koital Anorqazm: Cinsi bərabərlik ilə orqazm ola bilməmək.

Təsadüfi Anorqazm: Müalicə ilə aradan götürülə bilən, vaxt-vaxt orqazm ola bilməmək halıdır.

Erkən orqazm: Erkən boşalma ilə eyni vaxtda görülür. Orqazm problemlərinin xəstəlik kimi qəbul edilərək həkimə müraciət olunması problemin həll olunmasında vacib addımdır.

Qidalarla əlaqəsi

Qidalanma formanız, vitamin və mineral ehtiyaclarınızı ödəyə bilməniz, yuxu rejiminiz, alkoqol, siqaret istifadə etməniz fiziki sağlamlığınız və dolayı yolla cinsi sağlamlığınıza birbaşa təsir edən hallardır.

Orta yaş böhranı cinsi həyatınızı məhv etməsin

Həm kişi, həm də qadında baş verən orta yaş problemləri cinsi özünəinamsızlığın vacib səbəblərindən biri olur. Klimaks dövrü qadınlarda sancılı formada özünü göstərir. O, qocaldığını, cəzbedici olmadığını, qarşı cins tərəfindən bəyənilmədiyini düşünən qadın cinsi həyatına son verməyə ehtiyac duyar.

Kişilərdə də orta yaşla dövründə görünən hormonal dəyişikliklər, intim çatışmazlıqlar, “əvvəlki mən deyiləm” hissi özüylə bərabər cinsi özünəinamsızlıq yaradır. Hər yaşın öz gözəlliyi olduğununun fərqinə varmaq, hətta bundan da çox hiss etmək lazımdır. Cütlüklər arasındakı davamlı və sağlam cinsi həyatın münasibətlərdən keçdiyini unutmamalıyıq.

Fiziki sağlamlığınızı qorumağa çalışın

Cütlüklər arasında yaxşı cinsi həyat yaratmağın bir çox yolu vardır. Bunlardan biri şübhəsiz ki, fiziki sağlamlığınızdır. Unutmamaq lazımdır ki, fiziki sağlamlığı qoruya bilmək, yəni ürək, damar, qan və hormon kimi bir çox sisteminizin ahənglə işləməsini təmin etmək və bədənin ehtiyaclarını tam şəkildə qarşılamaq cinsi həyatınızda əlavə dəyər yaradan ünsürlərdir.
Ədəbiyyat


  1. Cinsel Atlas – Prof. Dr. Erwin J.Haeberle

  2. Cinsel Terapi ilkeleri ve uygulamaları – Sandra R.Leiblum

  3. Orgazm Mahrem Tarihi – Jonathan Margolis


DEVİANT DAVRANIŞ VƏ ONUN YARANMA SƏBƏBLƏRİ
Abdullayeva Turac Ələkbər q.

BDU-nun doktorantı
Deviant (kənara çıxan) davranış spesifik sosial hadisədir. Belə davranış cəmiyyətdə rəsmən qərarlaşmış və ya faktik surətdə təşəkkül tapmış normalara (standartlara) uyğun gəlməyən insan fəaliyyəti formalarında ifadə olunur. Deviant davranış anlayışı “normadan yayınan anlayış” kimi qəbul edilir.

Deviant davranış cəmiyyətdə rəsmi cəhətdən mövcud olan və formalaşan normalara uyğun olmayan insanın davranış formasıdır. Cəmiyyətdə deviant davranışın yaranmasına bir sıra amillər təsir göstərir. Məsələn, 1) Evdə, məktəbdən kənarda, küçədə və s formalaşan xoşagəlməz təsirlər sistemi, 2) Ailədə gənc nəslə verilən tərbiyədəki qüsurlar, səhvlər və.s.

Son illərdə yeniyetmələrdə davranış pozuntuları son dərəcə aktual problemə çevrilmişdir. Onların bəzi patoloji hal alan formaları, bizim dövrdə müşahidə olunan sürətli fiziki inkişaf və cinsi yetkinliklə şərtlənir. Müasir sosial həyat yarım əsr bundan qabaqkına nisbətən yeniyetmənin sinir sisteminə başqa cür təsir göstərir.

İnsanların şüurunda və davranışında deviasiya (kənara çıxma) adətən tədricən yetişir. Ilk vaxtlar müəyyən kənara çıxma hallarına ətrafdakılar layeqd yanaşırlar. Kənara çıxma halları qeyri-əxlaqi hərəkətlərə lap yaxın olsalar da, müəyyən zaman ərzində nəzərə çarpmaya bilərlər. Məsələn, təsadüfi adamlarla spirtli içkilərin içilməsi - ictimai əxlaqın pozulmasına gətirib çıxaran bu hadisə müəyyən müddətdə diqqətdən kənarda qala bilər. Deviant davranışın digər bir növü var ki, bu zaman ətraf sosial mühit axlaq və hüquq normalarının pozulmasına laqeyq qala bilmir. Həmin davranışa müəyyən reaksiya özünü göstərir.

Kənara çıxan davranışı öyrənərkən deviasiyanın fərdi və ya kollektiv formalarını fərqləndirmək vacibdir. Fərdi forma dedikdə, əxlaq və hüquq tələblərinin ayrıca şəxs tərəfindən pozulması başa düşülür. Kollektiv formada isə kənara çıxan davranış müəyyən sosial qrupun (məsələn, cinayətkar dəstənin) fəaliyyəti nəticəsində baş verir.

Qeyd edək ki, hər cür kənara çıxma halını deviant davranış hesab etmək düzgün deyildir. Hərçənd bəzi tədqiqatlarda kənara çıxan davranış və deviant davranış eyniləşdirilir. Halbuki cəmiyyətdə elə bir adam və sosial qrup yoxdur ki, onlar həyatın bütün hallarında mütləq surətdə norma və qaydalara müvafiq hərəkət etmiş olsunlar. Deməli, kənara çıxan davranış anlayışı daha geniş məzmuna malikdir.

Kənara çıxmaların şərait və səbəblərini araşdırarkən bir məqama diqqət yetirmək lazımdır: bu, əhalinin müxtəlif qrup və təbəqələrinin mənafelərindəki ziddiyyətlərdir. Müasir cəmiyyət müxtəlif mənafelərin kəskinləşməsindən, toqquşmasından azad deyildir. Mənafe toqquşmaları ayrı-ayrı sosial təsisatların, sosial qrupların, cəmiyyətin və dövlətin qarşılıqlı fəaliyyəti prosesində meydana gələ bilər.

Meydana çıxan ziddiyyətlərin vaxtında həll olunmaması insanların şüurunda və davranışında müəyyən iz buraxır. Nəticədə əhalinin müxtəlif qrup və təbəqələri arasında bir çox mənfi hallar müşahidə olunur. Təsərrüfatsızlıq, maxinasiya təzahürlərini, rəhbərliyin maddi sərvətlərə laqeydliyini və s. görən adamlar rəsmi çağırışlara passiv münasibət bəsləyir, cəmiyyət hesabına öz əməyini yüngülləşdirmək yolları, imkanları axtarırlar.

İdarəetmə işində yol verilən nöqsanlar, qüsurlar da mənfı hadisələrin mənbəyi ola bilər. Bunlar qanunsuzluğa, demokratiya və ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır.

Deviant davranışı izah edən bir sıra nəzəriyyələri qeyd etmək istərdim. Banisi Z. Freyd olan psixoanalizdə davranış pozuntuların əsas mənbəyi “O”– nun strukturunu təşkil edən şüursuz meyllərlə “Mən” və“Fövqəl – Mən” – dən çıxış edən məhdudiyyətlər arasındakı daimi konflikt hesab olunur. Neofreydistlər deviant davranışın təbiətini digər davranış pozuntularıyla (nevrozlar, psixasteniyalar, seksual pozuntular, sayıqlama halları, şəxsiyyətin sosial dezadaptasiyasının müxtəlif formalarıyla) əlaqələndirib nəzərdən keçirirlər. Biheviorizm və neobiheviorizmin nümayəndələri B.Skinner, E. Torndayk, D. Uotson sübut edirlər ki, ətraf mühitinsanın davranışını tamamilə təyin edir: öyrənmə vasitəsilə insan təcrübə əldə edir, davranışın nəticəsi onun təkrarlanmaehtimalını müəyyən edir.

Nəzərə alaq ki, kənara çıxan davranışın bəzi formaları (məsələn, narkomaniya, fahişəlik, korrupsiya) üzərindən illər boyu aydın seçilən örtük götürüldü, onların təzahürləri, səbəbləri fəal müzakirə obyektinə çevrildi. Elmi və siyasi dairələrin diqqəti iqtisadi cinayətkarlığa, kriminal davranışla səciyyələnən müxtəlif gənclər birliklərinə yönəldi. Bütün bunlar keçmiş SSRİ-nin dağılması, müstəqil dövlətlərin yaranması, müxtəlif sahələrdə ənənəvi əlaqələrin qismən və ya tamamilə qırılması, kənara çıxan davranış təzahürlərinə qarşı mübarizənin xeyli zəifləməsi fonunda baş verirdi.

XX əsrdə aparılan sosioloji tədqiqatlar göstərirdi ki, kənara çıxan davranış qrupları içərisində alkoqolizm, narkomaniya və cinayətkarlıq xususi diqqət tələb edən problemlərdəndir. Həqiqətən də sərxoşluq, alkoqolizm ciddi sosial bəladır; o, ictimai həyata, necə deyərlər, əsaslı surətdə nüfuz edə bilmişdir.

Pedaqoq və sosioloqlara görə deviant davranışlı və alkoqolizmdən əziyyət çəkənlərin yenidən tərbiyə işinə ilk növbədə ailədən –yaşlı nəsldən başlamaq lazımdır.

Deviant davranışın digər qrupuna narkomaniyanı aid etmək olar. Mütəxəssislərin fikrincə, XX əsrin 60-70-ci illərindəki «özünüsakitləşdirmə» mühiti cəmiyyətdə narkomaniyanın geniş yayılmasına səbəb olmuşdur.

Kənara çıxan davranışa cinayətkarlığın bütün növlərini aid etmək olar. Son dövrlərdə əhalinin ayrı-ayrı kateqoriyaları tərəfindən törədilmiş cinayətlərin təhlili göstərir ki, törədilmiş cinayətlər içərisində yetkinlik yaşına çatmayanlar tərəfındən və ya onların iştirakı ilə törədilən cinayətlər 2 dəfədən çox artmış, sərxoş vəziyyətdə törədilən cinayətlər isə təxminən bir o qədər azalmışdır.

Bir çox tədqiqatlar nəticəsində demək olar ki, mikromühit nəinki yetiyetmələrin hətta cəmiyyətin bir çox yaş qrupundan olan insanların deviant davranışına təsir göstərir. Bir sıra hallarda mikromuhitdə neqativ xarakterli təsəvvürlər, vərdişlər, ənənələr meydana gəlir.

Bir çox adamlar əsasən yeniyetmələr də öz peşəkar həyatında zorakılıqla rastlaşanda əziyyət çəkirlər, çünki bu onların şəxsi həyatının xoşagəlməz məsələləri ilə bağlıdır. Zorakılıqdan danışmaq mənəviyyatın, ideologiyanın və davranış mədəniyyətinin mürəkkəb mövzularına toxunmaq deməkdir. Cəmiyyətdə yaranmış əsas normalara qarşı gedənlər deviant davranış etmiş hesab olunurlar. Bütün sosial fəaliyyətlər müəyyən qaydalarla idarə olunur, lakin bu qaydalar vaxt keçdikcə dəyişir. Sosioloqlar deviant davranışdan misallar gətirməli olurlar. Sonra isə şərait dəyişdikdə, deviant davranışın istiqaməti dəyişdirilir və ya müxtəlif şərhlər verilir. Digər problem ondan ibarətdir ki, fərdin ehtimal edilən deviant davranışı həmişə özlüyündə olduğu kimi müəyyən edilmir, belə ki, hərəkətlərin yaranması şəraiti müşahidəçini bu adamların davranışını hərtərəfli mühakimə etməkdən məhrum edə bilər.
Ədəbiyyat


  1. F. Q. Vahidov, T. B. Ağayev Sosiologiya. Bakı:«Təknur» nəşriyyatı, 2008, 334 s.

  2. Üç nöqtə.-2012.-25 dekabr.-S.-8

  3. XII əsr –mülahizələr və düşüncələr. Bakı Dövlət Universitetinin 90 illiyinə həsr olunan, gənc tədqiqatçıların elmi-praktik konfransının materialları. Bakı 2009.


XARİCİ TƏLƏBƏLƏRDƏ DEPRESSİYA VƏ ADAPTASİYA PROBLEMİ

Nedret Beytekin

BDU-nin II kurs magistrantı
Depressiya həm psixoloji, həm sosial həm də klinik pozuntu olub xarici tələbələr arasındada geniş yayılmışdır. Vatsk qeyd edirki, xarici tələbələrin sayı günü-gündən artır. Bu tələbələr oxuduqları müddətdə müxtəlif problemlərlə rastlaşırlar. Bura dil problemi, maddi problem, mədəniyyət şoku, adaptasiya problemi, iqlim problemi, tənhalıq və akkomadasiya problemləri daxildir. Bu səbəblər xarici tələbələr arasında depressiyaya səbəb olur. Müasir dövrdə xarici tələbələr arasında depressiya yüksək faizlə qeyd olunur [1]. Azərbaycanda da xarici tələbələrin sayı kifayət qədər çoxdur. Bunu nəzərə alaraq biz bu sahədə tədqiqat keçirməyi qərara aldıq. Bu tədqiqatın vacibliyi ondadır ki, biz xarici tələbələrin daha yaxşı adaptasiya imkanlarına malik olmasına və bu səbəblə depressiya riskinin azalmasına nail olmalıyıq.

Yeni təhsil və sosial mühitdə tələbələr adaptasiya zamanı güclü stress hiss edirlər. Mədəniyyət dəyəri xarici tələbələrin eyni zamanda kariyerasının inkişaf xəttinə də təsir edir. Mədəniyyət insan üçün çətin instrumentdir, çünki şəxs həmin cəmiyyətdə yaşamalıdır və bu cəmiyyət fərqli dildə danışır, fərqli davranış maneralarına sahibdir, ətraf mühiti fərqli qavrayır. Fərqli mədəniyyətə düşən şəxs mədəni şok keçirir. Xaricdə yaşayan tələbələr stress hətta kompleks yaşayırlar. Mədəni şok tələbələrdə müvəffəqiyyət, rahatlıq hissinin itirilməsinə səbəb ola bilər ki, bu da narahatçılığa, yeni şeylərin anlanılmasında və digər məsələlərdə çətinliyə səbəb olur. Məhz bu da depressiyanın inkişafına səbəb olur. Aparılan tədqiqatlar göstərir ki, xaricdə təhsil əhəmiyyətli dərəcədə depressiyaya və təşvişə səbəb olur. Depressiyanın və təşvişin klinik göstəriciləri isə onların orada qalma müddətindən, şəxsiyyət faktorundan, eyni zamanda demoqrafik göstəricilərdən də (yaş, cins) asılıdır [2].

Dil insanlarla yaxın münasibət, ünsiyyət qurmaq üçün vacib faktordur. Dil elə bir faktordur ki, məhz bunun vasitəsilə insanlar özlərini ifadə edə bilirlər. Məhz dil problemi insanda natamamlıq hissi doğura bilər. Dillə bağlı tələbələrin yaşadığı stress və depressiya faktorlarına dil şoku, mədəni şok, həmin dildə təhsil vərdişlərinin olmaması, həmin dilə yiyələnməklə bağlı olan çətinliklər, mühazirə dinləməkdə, danışıqda, oxumada və anlamada olan çətinliklər daxildir ki, bunlar xarici tələbələrin elmi həyatının aktual problemidir .

Bildiyimiz kimi ayrı-ayrı ölkələr fərqli iqlim-kontinental mühitə malikdir. Buna görə də başqa ölkədə təhsil alan tələbələr üçün eyni zamanda təhsil alacaqları ölkənin coğrafi mühitinə də uyğunlaşmaq ehtiyacı yaranır.

Tənhalıq həyatın müəyyən anı hər kəs tərəfindən yaşanılır. Bu evindən uzaqda yaşayan və yaxın münasibətlərini itirən adamlarda daha tez-tez rast gəlinir. Yeni mühitə uyğunlaşma tələbələrdə adaptasiya probleminə bu da tənhalığa səbəb ola bilər. Psixoloqlar və sosioloqlar qeyd edir ki, tənhalıq sosial əlaqələrin defisiti ilə əlaqəli olan individual faktordur. Xarici tələbələrdə tənhalığa səbəb ailə və dostlardan olan uzaqlaşmadır. Sosiomədəniyyətin diapazonu və dil baryerləri tələbələr üçün stress faktorlardır və son nəticədə tələbələrdə sağlamlıq problemlərinə səbəb ola bilər. Tədqiqatlar göstərdi ki, Asiya mədəniyyətinə mənsub tələbələr səhhətləri ilə bağlı daha az profesional yardıma müraciət edirlər. Onlar az adekvat kopinq strategiyalardan istifadə edirlər ki, bura repressiya, xəbərdarlıq və digərləri daxildir. Neqativ düşüncələr və inanclar da ümumi stressin artmasına səbəb ola bilər. Nəhayətki keyfiyyət tədqiqatları tələbələrdə müsbət adaptasiya strategiyalarını araşdırdı və göstərdi ki, özünüdərk, digər insanları daha dərin anlama, dünya görüşünü artırma, kömək üçün müraciət, problemin həll edilməsi, sosial əlaqələr, dostluq, və öz mədəniyyətindən biri ilə romantik münasibətlər stressin öhtəsindən daha yaxşı gəlməyə yardımçı olur.

Kollektiv mədəniyyətin nümayəndələri ilə aparılan tədqiqatda onlar bildirdilər ki, ilk öncə tənhalıq hiss etmişlər. Eyni zamanda həmin ölkəda davranış qaydaları, həyat tərzi ilə bağlı məlumatların olmaması məsələn, ev, pul, nəqliyyat, mağazaların nə zaman bağlanması kimi kiçik detallı məlumatlar belə onlar üçün stress faktor olmuşdur. Bu zaman kopinq strategiya kimi uğurlu olaraq onlar kömək üçün müraciət yerlərinin qabaqcadan müəyyənləşdirilməsi, ölkə haqqında ora gəlmədən kifayət qədər məlumatın toplanması, həmin ölkəyə gəlməmişdən öncə müstəqil həyat şəraitinə yiyələnmə, təhsil haqqını universitet və ya digər təşkilatların ödəməsi ilə bağlı məsələləri nəzərdən keçirməni tövsiyyə etmişlər. Bu zaman əsas faktor kimi ingilis dilinə yiyələnməni vacib hesab etmişlər.


Ədəbiyyat


  1. Carroll, J. and J. Ryan, Eds. Teaching International Students: Improving learning for all. London, Routledge, 2005.

  2. Pyvis & Chapman. Culture Shock . Flinders University. 2008.

  3. Parsons, A., Frydenberg, E., and Poole, C. (1996). Overachievement and coping strategies in adolescent males // British Journal of Educational Psychology, 66, 109-14

  4. Lazarus, R.S., & Folkman, S. (1984). Stress, appraisal and coping. New York, Springer



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin