Gödəlmək. “Kitabi-Dədə Qorqud” dastanında işlənən sözlərdən biri də “gödəlmək” sözüdür:
Çalışanda qara polat uz qılıcıη gödəlməsün (13, 51). Gödəlməsün
“Qazan bəg oğlı Uruz bəgiη tutsaq oldığı boyı bəyan edər, xanım, hey!” boyunda güdəlməsün fonetik formasında işlənmişdir:
Çalışanda qara polat uç qılıcıη güdəlməsün,
Allah verən umızıη üzülməsün! (13, 78)
İstər gödəlməsün, istərsə də güdəlməsün müasir Azərbaycan dilinə gödəlmək kimi uyğunlaşdırılmişdir:
Vuruşanda iti polad qılıncın gödəlməsin! (13, 149)
Vuruşanda iti polad qılıncın gödəlməsin! (13, 178)
Fikrimizcə, “Kitabi-Dədə Qorqud” dastanının mətnində gödəlməsün və güdəlməsün sözlərinin müasir Azərbaycan dilinə gödəlmək formasında uyğunlaşdırılması sözün leksik mənasının və cümlədə söylənilən fikrin təhrif edilməsi deməkdir. İlk baxışda gödəlməsün və güdəlməsün müasir Azərbaycan dilində işlənən gödəlmək, yəni qısalmaq, balacalaşmaq sözlərinə uyğun gəlir. Əslində isə “Dastan”da işlənmiş gödəlmək və güdəlmək sözünün müasir Azərbaycan dilində “qısalmaq, balacalaşmaq” mənasını verən gödəlmək sözü ilə bağlılığı yoxdur.
“Kitabi-Dədə Qorqud”da işlənmiş gödəlmək və ya güdəlmək sözlərini Məhərrəm Ergin gedil formasında oxumuşdur.
Çalışanda kara polat, öz kılıcuñ gedilmesün (20, 115, 176)
Məhərrəm Ergin gedilmesün sözünün kökü kimi gedil sözünü götürərək belə izah edir:
gedil –gedik açılmak, yarık açılmak, çentilmek, kesici şeylərin ağzı diş-diş olmak, kırılıp körleşmek ve kısalmak (21, 111) (Sınıq-salxaq olmaq, rəhnə eləmək, kərtlənmək, kəsici alətlərin ağzı diş-diş olmaq, qırılıb korlaşmaq, kəsərdən düşmək və qısalmaq).
“Kitabi-Dədə Qorqud” dilinin izahlı lüğəti”ndə (1999) F.Əhmədov “Çalışanda qara polat uz qılıcın güdəlməsün” cümləsində işlənmiş güdəlmək sözünü “gödəlmək, qısalmaq” kimi izah etmişdir (14, 128).
“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda mətndə gödəlmək sözünün işləndiyinə əsaslanılaraq onu “qısalmaq, gödəlmək” kimi izah edilmişdir (15, 157).
Ş.Cəmşidov “Kitabi-Dədəm Qorqud” əsərində gödəlmək (və ya güdəlmək) sözünü kütəlmək kimi oxumuşdur və əslində cümlədə ifadə edilən fikrin tamam anlaşılması üçün bu oxunuş həqiqətə daha uyğundur və fikrimizcə, daha doğrudur.
Çalışanda qara polat uz qılıcın kütəlməsin! (8, 311, 354).
Onu qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanının mətnində işlənmiş gödəlmək (və ya güdəlmək) sözünün müasir Azərbaycan dilində “qısalmaq, balacalaşmaq” mənası bildirən gödəlmək sözü ilə heç bir bağlılığı yoxdur. Bizim fikrimizcə, dastanda işlənmiş gödəlməsün (və ya güdəlməsün) qılıncın kəsərdən düşməsini bildirir. Çünki qılıncla vuruşanda qılınc gödəlməz, kəsərdən düşər, korşalar. Aydın bir həqiqətdir ki, vuruşdan sonra qılınc itilənər. Müasir Azərbaycan dilində korşalmaq sözü var. Korşalmaq danışıq dilində işlənən söz olub “Kütləşmək, itiliyini itirmək, küt olmaq” mənasını bildirir (4, 97).
“Kitabi-Dədə Qorqud” dastanında işlənmiş gödəlməsün (və ya güdəlməsün) müasir Azərbaycan dilində işlənən korşalmaq sözünün mənasını ifadə edir. Məhz buna görə də
Çalışanda qara polat uz qılıcıη gödəlməsün cümləsi Azərbaycan dilində aşağıdakı kimi müasirləşdirilməlidir:
Vuruşanda iti polad qılıncın korşalmasın.
Oηarmaq. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanının “Qazılıq Qoca oğlı Yegnək boyını bəyan edər, xanım, hey!” boyunda rast gəlirik:
Qara tonlu kafərə at dəpərəm
işümi sən oηar! – dedi (13, 96).
Bu, müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən oηar (maq) “başa vurmaq”, “kömək etmək” sözü ilə əvəzlənmişdir. Yəni oηar (maq) “başa vurmaq”, “kömək etmək” sözü ilə uyğunlaşdırılmışdır.
Qara donlu kafirə qarşı at sürürəm,
İşimi sən başa vur, sən kömək et! (13, 194)
Tədqiqatçılar “Kitabi-Dədə Qorqud”la bağlı tədqiqatlarda, eləcə də tarixi leksikologiyaya aid yazılarda oηar(maq) sözünə, onun leksik mənasına toxunmuşlar. Məhərrəm Ergin “Kitabi-Dədə Qorqud”da işlənmiş oηar sözünün “onarmaq”, “düzəltmək”, “bərpa etmək, abadlıq etmək”, “yoluna qoymaq” mənalarında işləndiyini göstərir (21, 236) .
“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda göstərilir ki, onarmaq “işi aşırmaq, düzəlmək” mənasını bildirir (15, 187).
R.Rüstəmov Azərbaycan dili dialekt və şivələrinə əsasən yazır ki, öηər//öηəl “yaxşılaşmaq, sağalmağa başlamaq, sağalmaq” mənasını bildirir. Müasir Azərbaycan ədəbi dilində, dialekt və şivələrimizdə feldəki mənada saxlanmayan öη (oη) sözündən düzəltmədir. Öηər – (öηəl) felinin öη (oη) sözünə - ər şəkilçisinin əlavəsindən düzəldiyi aydın olur (17, 118).
Oηar felinə M.Füzulidə, Yunis İmrədə rast gəlirik:
Mərhəm qoyub onarma sinəmdə qanlı dağı,
Söndürmə öz əlinlə yandırdığın çirağı (M.Füzuli).
Birinin alır kardaşın, rəvan dögər gözü yaşı,
Hiç onarmaz bağrı başın xəbərsizcə gəlir ölüm (Yunis İmrə).
Dostları ilə paylaş: |