Adam Smit və mütləq üstünlüklər nəzəriyyəsi.
Ticarət kapitalının iqtisadi düşüncəsinə - merkatilizmə qarşı fikir axını fiziokratlar tərfindən təbiətin gücü adı altında Fransada meydana gəldi. Bu axın milli gəlirin yaranmasında ticarətin rolunu qəbul etməmişdi. Başqa sözlə onlar dəyərin mənşəyini tədavül sferasında deyil, istehsal sferasında axtarmağa başlamışlar. Lakin, onlar istehsal sferasını yalnız əkinçiliklə məhdudlaşdırır və torpağı yeganə istehsal amili hesab edir, sənayeni isə qeyri-məhsuldar adlandırırdılar. Onların fikrincə ilahi gücə malik olan təbii sistem, bir "görünməyən əl" iqtisadi hadisələri optimal şəkildə nizamlayır və ona görə də iqtisadiyyata dövlətin müdaxilə etməsinə ehtiyac yoxdur. Bununla da onlar beynəlxalq ticarətin də sərbəst buraxılmasını nəzərdə tutan liberalizm anlayışının əsasını qoydular.
Fiziokratların müdafiə etdiyi fikirlər klassik iqtisadi məktəbin meydana gəlməsi üçün əlverişli şərait yaratdı. Klassik iqtisadi məktəbin banilərindən olan Adam Smit (1723-1790) yuxarıda qeyd edildiyi kimi, təbii sistem ideyasını müdafiə etmiş, iqtisadi həyatı tənzimləyən, ilahi mahiyyət daşımayan və həyatın özündə olan "görünməyən əl", "iqtisadi adam" anlayışlarını əsaslandırmışdır. O, sübut etmişdir ki, bu əl fərdlərin öz mənfəətini maksimuma çatdırma cəhədlərindən ibarət olan rasionallıq prinsipidir. A.Smitin fikrincə sərvətin mənbəyi nə yalnız qiymətli daşlar, nə də yalnız torpaqda becərilən kənd təsərrüfatı mallarıdır. Sərvət bütün istehsal amillərinin iştirakı ilə büqün sahələrdə (kənd təsərrüfatı, sənaye, ticarət) istehsal olunan malların ümumi miqdarı ilə müəyyən edilir. İstehsalda məhsuldarlığı əmək bölgüsü və ixtisaslaşma təmin edir. Əmək bölgüsü və ixtisaslaşma yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də rifah səviyyəsini yüksəldir.
Klassik məktəbin görkəmli nümayəndəsi olan Adam Smit “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsərində mütləq üstünlüklər nəzəriyyəsini irəli sürür. A.Smit göstərir ki, sərvətin mənbəyi nə yalnız qiymətli daşlar, nə də yalnız torpaqda becərilən kənd təsərrüfatı məhsullarıdır. Sərvət bütün istehsal amillərinin iştirakı ilə bütün sahələrdə ( kənd təsərrüfatı, sənaye, ticarət) istehsal olunan malların ümumi miqdarı ilə müəyyən edilir. Məhsuldarlıq isə əmək bölgüsü və ixtisaslaşma ilə bağlıdır.
1776-ci ildə Adam Smit "Xalqların zənginliyinin mahiyyəti və səbəbləri haqqında tədqiqat" əsəri ilə merkantilizm ideyalarına güclü zərbə vurdu. Onun fikrincə ticarət vasitəsilə dünyanın iqtisadi potensialının genişləndirilməsi imkanı vardır. Bu zaman o çox mühüm bir müddəa irəli sürdü: xarici ticarətdən hər hansı bir ölkənin iqtisadi faydası heç də, hökmən hər hansı dikər bir ölkənin ziyanı hesabına əldə edilmir. Başqa sözlə ticarət kanalı ticarət edən bütün ölkələrin hamısına da eyni zamanda fayda verə bilər.
A.Smit sənaye və ticarətin dövlət tərəfindən nizama salınmasının qalıqlarının ləğv edilməsini tələb edirdi. Daxili bazarda bəzi məhsulların satışı üçün təyin olunan aksizlər (dolayısı ilə alınan vergilər) təsərrüfata təsir göstərmək məqsədi ilə deyil, büdcə gəlirinin xatirinə tətbiq olunmalıdır.
O, merkantilistlərin əksinə olaraq, ticarətin sərbəst olması ideyasını müdafiə edir və hesab edirdi ki, beynəlxalq ticarət vasitəsilə ayrı-ayrı ölkələr varlandıqca dünya ştisadiyyatı da inkişaf edir. O, qeyd edirdi : heç vaxt ağıllı ailə başçısı kənarda mövcud olan ucuz malın istehsalını öz evində təşkil etməz və onun satın alınması haqqında fikirləşər. Eyni prinsipi o millətlərə də şamil edirdi və bununla da beynəlxalq əmək bölgüsünə böyük əhəmiyyət verirdi. Onun fikrincə ölkələr qapalı iqtisadiyyatdan imtina edərək daha sərfəli beynəlxalq ticarətlə məşğul olurlar. Hər hansı bir ölkə bir malı dikərinə görə müqləq olaraq daha ucuz istehsal edə bilirsə,həmin ölkə bu malın istehsalı üzrə ixtisaslaş-malıdır. Bunun əvəzində isə mütləq üstünlüyə malik olmadığı malların istehsalı və ixracı ilə digər ölkələr məşğul olmalıdırlar.
A.Smitə görə üstünlük, bir malın digər ölkələrə görə hər hansı bir ölkədə daha məhsuldar şəkildə istehsal edilməsidir. Belə bir beynəlxalq ixtisaslaşma nəticəsində istehsal amilləri ölkələr arasında daha əlverişli istifadə olunur və dünya istehsalında artım təmin olunur. Bundan, şübhəsiz bir-biri ilə ticarət aparan bütün ölkələr faydalanır. Onun fikrincə bütün zənginliklərin başlıca mənbəyi olan beynəlxalq əmək bölgüsünün verdiyi səmərəni yalnız sərbəst ticarət ilə əldə etmək mümkündür.
Aşağıdakı misal mütləq üstünlüklər nəzəriyyəsinə daha da aydınlıq gətirir. Bunun üçün Azərbaycan və Türkiyə arasında A və B mallarının istehsalı və mübadiləsini misal gətirək. Fərz edək ki, Azərbaycanda 1 ton A malının istehsalı 10 əmək gününə, 1 ton B malının istehsalı isə 20 əmək gününə başa gəlir. Türkiyədə isə 1 ton A malı 20 əmək gününə, 1 ton B malı isə 10 əmək gününə başa gəlir. Bu rəqəmləri çədvəl şəklinə salaq.
1 ildə 1 ton məhsul istehsalı üçün lazım olan əmək günü
Cədvəldən göründüyü kimi, Azərbaycan A malının, Türkiyə isə B malının istehsalında istehsal xərcləri baxımından mütləq üstünlüyə malikdirlər. Ona görə də Azərbaycan A, Türkiyə isə B malının istehsalı üzrə ixtisaslaşmalıdır. Bu zaman hər iki ölkə bu mallar ilə ticarətdən qarşılıqlı fayda əldə edəcəklər. Çünki Azərbaycan özünə 10 əmək gününə başa gələn A malını verərək Türkiyədən B malını alır. Halbuki əgər B malını Azərbaycan özü istehsal edərdisə ona 20 əmək günü sərf etməli olardı. Türkiyə də B malının istehsalını təşkil etməklə Azərbaycanla ticarətdən eyni dərəcədə fayda görəcəkdir. Əks təqdirdə qiymət fərqi nəticəsində Azərbaycanda istehlakçılar bir ton A məhsulu satmaqla cəmisi yarım ton B məhsulu əldə edə biliblər. Halbuki, onu Türkiyədən daha çox miqdarda ala bilərlər. Türkiyədə də eyni vəziyyət mövcuddur.
A.Smitin nəzəriyyəsinə görə sərbəst ticarətdən ticarət aparan hər iki ölkə iqtisadi səmərə əldə edir. Lakin, bu zaman o hesab edirdi ki, xarici ticarətə dövlətlər imkan daxilində az müdaxilə etməlidirlər.
Lakin həyat göstərdi ki, A.Smitin mütləq üstünlüklər nəzəriyyəsi məntiqli olmaqla kamil deyildir. Belə ki, əgər hər hansı bir ölkə heç bir istehsal sahəsində müqləq üstünlüyə malik deyildirsə, o zaman necə olacaqdır? Digər ölkələr bu ölkə ilə ticarət edəcəkmi? Belə bir sual da cavabsız qalır: istehsal xərcləri baxımından mütləq üstünlüyə malik olmayan hər hansı bir ölkə, məgər beynəlxalq ticarətdən iqtisadi səmərə əldə edə bilməzmi? Bu suaları David Rikardo cavablandırmışdır.
David Rikardo
Klassik siyasi iqtisadın inkişafında D.Rikardonun rolu diqqətəlayiqdir və həm də bu məktəb onun şəxsində başa çatır. Rikardonun rolu onunla izah olunmur ki, o, öz təhlilini sona çatdırır, tamamlayır yaxud da ondan sonra iqtisadçılar arasında kifayət qədər qabiliyyətli və ya hazırlıqlı insanlar olmamışdır. Bu rol dərin səbəblərlə izah olunur və ona şahidlik verir ki, klassik siyasi iqtisadın inkişafı burjua sinfinin iqtisadi təfəkkür forması kimi bir tərəfdən obyektiv sosial-iqtisadi qanunlara, digər tərəfdən burjua sinfinin onunla sıx bağlı olan iqtisadi baxışlarının qanunauyğunluğuna tabe olur. Bu hal əsasən XVIII əsrin sonu və XX əsrin əvvəllərində sənaye inqilabının təsiri altında burjua cəmiyyətində baş verən sosial-iqtisadi dəyişikliklərlə müəyyən olunur.
Klassik siyasi iqtisadın görkəmli nümayəndəsi David ailənin 17 uşağından üçüncüsü olmaqla 1772-ci ilin aprel ayında Londonda anadan olmuş, adi ibtidai məktəbdə oxumuş, sonra isə iki illiyə Amsterdama göndərilmişdir ki, burada da öz dayısının kontorunda ticarətin sirlərini öyrənməyə başlamışdır. 14 yaşında onun müntəzəm təhsili başa çatmışdır. 16 yaşında David kontor və birjada atasının ən yaxın köməkçisi olmuşdur. 21 yaşında ailə qurmuş və onun səkkiz uşağı olmuşdur.
O, birja alış-verişindən başqa digər bir iş tanımır və bu işlə atasının köməkçisi kimi yox, artıq müstəqil olaraq məşğul olurdu. Beş il müddətində o, artıq varlı idi və böyük əməliyyatlarla məşğul olurdu. 26 yaşında Rikardo maliyyə cəhətdən müstəqilliyə və hətta müəyyən sərvətə nail olmuş bir adam kimi gözlənilmədən təbii elmlərə, o cümlədən təbiətşünaslıq və riyaziyyata müraciət edir. Onun təfəkkürü ciddi, demək olar ki, riyazi məntiqiliklə, dəqiqliklə fərqlənirdi. Bu vaxt Rikardo ilk dəfə olaraq bir elm kimi siyasi iqtisadla üz üzə gəlir. Bu zaman siyasi iqtisadda bütünlüklə Adam Smit hökmran idi və gənc Rikardo onun təsiri altına düşməyə bilməzdi. Bununla yanaşı Maltus ona güclü təsir bağışlamışdır. Bir qədər sonra Londonda sosial-iqtisadi məsələlər üzrə kəskin publisist və yazıçı gənc şotlandiyalı olan Cems Mill meydana çıxır. Rikardo onunla tanış olur və bu tanışlıq tezliklə dostluğa çevrilir.İlk illərdə Mill Rikardoya hami tərbiyəçi rolunu oynamış, onu ilk əsərlərini yazmağa vadar etmişdir. Rikardonun əsas əsərləri çapdan çıxdıqdan sonra Mill özünü onun şagirdi və davamçısı elan etmişdir.
Adam Smit və David Rikardo yaşadıqları dövr etibarilə feodal cəmiyyətinin qalıqlarına qarşı mübarizəyə təsadüf etməklə məhsuldar qüvvələri artırmaqla sənaye və ticarətə yeni təkan vermək, burjua istehsal münasibətləri şəraitində sərvətin əldə edilməsini aydınlaşdırmaq, bu münasibətləri kateqoriya və qanunlar şəklində şərh etmək, bununlada bu qanun və kateqoriyaların sərvət əldə edilməsi işində feodal qanun və kateqoriyalarından yüksəkdə durduğunu göstərmək zəruri idi.
Dostları ilə paylaş: |