3.3. Azərbaycan Respublikasının iri şirkətlərinə transmilli şirkətstatusunun verilməsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi
Milli iqtisadiyyatın mərhələlərlə dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə ölkənin təsərrüfat subyektlərinin transmilliləşdirilməsinin dövlət tərəfindən tənzimlənməsinə yeni yanaşmalarının formalaşdırılmasını tələb edir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ənənəvi funksiyalarla yanaşı, dövlətin yeni funksiyaları, məsələn, dünya bazarında yerli şirkətlərin rəqabətqabiliyyətli olmasının təmin edilməsi və inkişafının dəstəklənməsi, ekoloji tarazlığın qorunması və s. kimi funksiyalar meydana çıxır. Qlobal proseslər, dövlətləri mürəkkəb beynəlxalq münasibətlərin formalaşması ilə qarşı-qarşıya qoyur.
Bir sıra alimlər hesab edirlər ki, dövlətlər beynəlxalq siyasi sistemdə əsas halqa və beynəlxalq hüquq prosesinin əsas subyektləri olaraq qalırlar. Bunun da nəticəsində beynəlxalq hüquq münasibətlərinin digər iştirakçılarının davranışqaydaları müəyyən edən beynəlxalq hüquq yaranır. Amma müasir dünyada həm transmilli şirkətlərin fəaliyyətinin və beynəlxalq münasibətlərin digər qeyri-dövlət iştirakçılarının fəaliyyətinin kəskin genişlənməsi şəraitində qeyri-dövlət subyektlərinin real iştirakını inkar etməyə cəhd etmək olmaz [152, s.28].
İnkişaf etmiş ölkələr həmişə transmilli şirkətlərin statusunun yüksəldilməsində, onların beynəlxalq hüquqi müdafiəsində maraqlıdırlar. Çünki məhz bu şirkətlər onların xarici-iqtisadi məkana nüfuz etmələrində aktiv vasitədirlər.Dövlətdaxili tənzimləmə transmilli şirkətlərin və onun törəmə şirkətlərinin fəaliyyətinin qəbul edən ölkənin milli qanunçuluğuna tabe olmalarını diktə edir. Bu, əksər hallarda, xarici investorun hüquqi statusunun təyin edilməsinə yönələn investisiya qanunçuluğudur. Amma transmilli şirkətlərin fəaliyyətinin birtərəfli tənzimlənməsində daha həssas an odur ki, o, özünün təşkilati strukturuna görə bir dövlət tərəfindən nəzarətdən qaçmağa qadirdir. Buna görə də transmilli şirkətlərin fəaliyyətinin tənzimlənməsi üçün təkcə qəbul edən ölkənin milli qanunvericiliyi açıq-aşkar kifayət etmir [143, s.214].
Eyni zamanda tədqiqatlar göstərir ki, transmilli şirkətlərin beynəlxalq səviyyədə fəaliyyətinin tənzimlənməsi milli və regional səviyyədə tənzimlənməsindən bir sıra üstünlüklərə mlikdir. Bu da transmilli şirkətlərin transmilli biznesdə tutduğu mövqedən asılıdır. Amma bu gün mövcud olan transmilli şirkətlərin fəaliyyətini tənzimləyən normativ aktlar, tövsiyə və deklorativ xarakter daşıyır. Onların həyata keçirilməsinin mexanizmlərində çatışmamazlıqlar mövcuddur. Bu problemin üzərində hələ çox işləmək lazımdır. Bununla bərabər, bu gün transmilli şirkətlər də daxil olmaqla, hüquqi şəxslərin cinayət məsuliyyətinə baxmaq hüququ olan, bir çox beynəlxalq hüquqi aktlar qəbul olunmuşdur. Belə ki, 1998-ci ildə ətraf mühitin qorunması haqqında konvensiya; 9 dekabr 1999-cu ildəterrorizmin maliyyələşməsi ilə mübarizə haqqında beynəlxalq konvensiya, 31 dekabr 2003-cü ildəBMT-nin korrupsiya əleyhinə konvensiyası və digərləri qəbul edilmişdir.
Transmilli şirkətlərin sərbəst hüquqi modelinin olmaması müxtəlif səbəblərdən irəli gəlir. Qərb alimi K.Vaylertin fikrincə, transmilli şirkətlər öz iqtisadi maraqlarına istiqamətlənərək, öz kompleks, korporativ strukturları və öz firmaları üçün yer seçimindəki geniş imkanları hesabına hüquq standartlarından yan keçərək, sənayecə inkişaf etmiş ölkələrdə mövcud olurlar. Onlaristehsal yerinin seçimində, qəbul edən ölkədən müəyyən güzəştlərin əldə edilməsində, sərfəli müqavilələrin bağlanmasında sərbəstdirlər. Öz üstün vəziyyətindən istifadə edərək qəbul edən ölkənin milli qanunvericiliyindən öz mənafeləri üçün istifadə edirlər. [ 67, s.12]
Transmilli şirkətlər milli hüquq sistemi çərçivəsində faliyyət göstərirlər. Onlar qəbul edən ölkənin istehsal amilləri hesabına öz investisiyalarını əlverişli yerlərdə yerləşdirə bilirlər. Əldə etdikləri iqtisadi üstünlüklər hesabına digər sənayecə inkişaf etmiş ölkələrin istehsalçılarına təsir göstərə bilərlər. Mənşə ölkəsi üçün hüquqi və faktiki çətinlik xarici törəmə təsərrüfat subyektində istehsal proseslərinə nəzarət etməkdir. Bizim fikrimizcə, hazırki dövrdə universal beynəlxalq hüquqi transmilli şirkətlərin fəaliyyətini tənzimləyən vahid normativ akt ala bilməz. Dövlət tərəfindən transmilli şirkətlərin öz vəzifələrini yerinə yetirməsinə nəzarət edilməlidir. Transmilli şirkət qəbul edən ölkənin qanunvericilik aktları ilə ona verilən hüquqdan istifadə etməlidir.
Transmilli şirkətlər beynəlxalq hüququn tələblərinə də riayət etməlidir.
Beynəlxalq təcrübədə birbaşa investisiyalar hesabına yaradılarkən şirkətlərin fəaliyyətinə birbaşa və ya dolayısı ilə aid olan ölkə qanunvericiliyi araşdırılır. Araşdırma predmeti kimi kapitalın gətirilməsi, gəlirlərin ölkədən çıxarılması, məhdudiyyətlərin pozulması, gömrük qanunvericiliyi, rəqabət və dempinq haqqında qanunvericilik, vergi qanunvericiliyi, immiqrasiya rejimi, qeyri-formal məhdudiyyətlər və s. çıxış edir. İnvestisiya mühitinə və risklərin nəzərə alınmasına xüsusi qiymət verilir. Yaradılan şirkətin təşkilati-hüquq forması müəyyən edilir, ehtiyac olduqda, onun potensial xarici təsisçiləri seçilir. Beynəlxalq miqyasda transmilli şirkət statusu o şirkətlərə verilir ki, onlar əmtəələrin və xidmətlərin xarici istehsalını təşkil etmiş olsunlar. Ona görə də TMŞ konsepsiyası çərçivəsində bir çox birbaşa investisiya modeli işlənib hazırlanmışdır. Onlardan biri inhisarçıüstünlükləri modelidir. Bu model S.Haymer tərəfindən işlənib hazırlanmış və sonradan Ç.P.Kindpeberqer, R.E.Keyvz, Q.C.Conson, R.Lakrua tərəfindən inkişaf etdirilmişdir. Bu model elə bir ideyaya əsaslanır ki, yerli investor ilə müqayisədə xarici investor daha az əlverişli vəziyyətdə olur. Digər model internalizasiya modeliadlanır. R.Kouzun ideyasına əsaslanır. Bu ideyaya əsasən iri şirkətin daxilində onun bölmələri arasında xüsusi daxili bazar fəaliyyət göstərir. Bu bazar korporasiya və onun filiallarının (bölmələrinin) rəhbərləri tərəfindən idarə edilir. Beynəlmiləl adlı modeli də mövcuddur. P.Bakli, M.Kesson, A.Raqmen, C.Danninq və b. hesab edirlər ki, formal beynəlxalq əməliyyatların böyük bir hissəsi, faktiki olaraq, TMŞ adlanan iri təsərrüfat komplekslərinin bölmələri arasında aparılan şirkətdaxili əməliyyatlardır. [153, s.3]
C.Danning bu modelə əsasən, şirkət xaricdə əmtəə və xidmət istehsalına ona görə başlayır ki, həmin ölkədə, digər şirkətlərlə müqayisədə bu şirkət daha çox üstünlüklərə malik olur. Xaricdə yaradılan şirkət bəzi istehsal resurslarından öz ölkəsində olduğundan daha səmərəli istifadə edə bilir. Bəzən olur ki, yerli resurslar daha ucuz, yerli bazarların həcmi daha böyük, yerli infrastruktur, o cümlədən satış infrastrukturu, daha yaxşı olur. Şirkət üçün üstünlüklərdən yerində istifadə etməsi daha sərfəli olur, nəinki onları əmtəələrin ixracı və ya biliklərin ixracı vasitəsi ilə digər şirkətlərə ötürmək .[189 s.328]
Transmilli biznesin tənzimlənməsi mexanizmlərinin transformasiyası yeni prinsipial tənzimləmə sisteminin yaradılmasının vacibliyini ortaya çıxarır. TMŞ-n üstünlüklərindən bəhrələnmək üçün hesab edirik ki, Azərbaycanın milli şirkətlərini və korporasiyalarını inkişaf etdirmək lazımdır. Dünya təcrübəsi göstərir ki, dövlətlər öz ölkəsinin TMŞ-n BMT-də qeydiyyatdan keçməsində çox maraqlıdırlar. Mənşə ölkəsinin TMŞ-rı həmin ölkənin dünya bazarına inteqrasiyasını sürətləndirir, eyni zamanda bu TMŞ-r siyasi hadisələrin həllində bəzən mənsub olduqları ölkələrin iştirakını belə təmin edə bilirlər.
Əvvəllər deyildiyi kimi, transmilli biznes beynəlxalq sahibkarlıq fəaliyyətinin formalarından biridir. Bu fəaliyyətlə məşğul olan biznes strukturları, bir qayda olaraq, transmilli şirkət (korporasiya) adlı rəsmi statusa malik olurlar.
Transmilli şirkətlər (korporasiyalar) beynəlxalq sahibkarlıq fəaliyyətində, dünya iqtisadiyyatında, dünya əmtəə dövriyyəsində, dünya miqyasında xarici investisiya mübadiləsində mühüm rol oynayırlar.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Azərsun Holdinq”, “Paşa Holdinq”, “Gilan Holdinq” Azərbaycan Respublikasının transmilli bizneslə, yəni beynəlxalq miqyasda sahibkarlıq fəaliyyəti ilə məşğul olan ən böyük şirkətidir. Ancaq hələlik onlara beynəlxalq miqyasda müəyyən olunmuş qaydada transmilli şirkət statusu verilməmişdir.
Dissertasiya işində Azərbaycan Dövlət Neft Şirkətinə ayrıca paraqraf (§4.2) həsr edildiyinə görə burada ancaq qeyd edək ki, SOCAR-ın özəyini onun mərkəzi ofisi təşkil edir. Mərkəzi ofisdə strateji xarakterli idarəetmə qərarları işlənib hazırlanır və qəbul edilir. Burada eyni zamanda filial siyasəti işlənib hazırlanır və həyata keçirilir. Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyəti klasterləşmə nəzəriyyəsinə əsaslanır. Neft hasil edən müəssisələr, neftemalı, qaz emalı, neft-kimya müəssisələri, infrastruktur obyektləri dəyər zənciri prinsipi üzrə fəaliyyət göstərirlər. Beləliklə, filial biznesi neft şirkətində məhsul istehsalının texnoloji zəncirinin əsas fərqləndirici xüsusiyyətini təşkil edir. Kütləvi məhsul istehsalı maksimum dərəcədə xammal və içşi qüvvəsi mənbələrinə yaxın regionlarda və ölkələrdə təşkil edilir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ümumi investisiya və sənaye siyasəti hazırlayır və həyata keçirir. Şirkət güclü innovasiya və investisiya potensialına malikdir, xarici ölkələrə birbaşa investisiya qoyur. Şirkətin tərkibində fəaliyyət göstərən və bilavasitə innovasiyaların tətbiqi ilə məşğul olan struktur yaradılmışdır. Onun özünün elmi-tədqiqat mərkəzləri və ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlar geniş elmi işlər həyata keçirir, yeni məhsul nümunələri hazırlayır.
Azərbaycan Dövlət Neft Şirkəti özünün biznes praktikasında elmi-texniki potensialı, istehsal aparatını və investisiya mexanizmlərinə birləşdirir. Azərbaycan Dövlət Neft Şirkəti xarici aktivləri olan milli kompaniyadır. Onun istehsal və ticarət fəaliyyəti ölkənin sərhədlərindən kənara çıxır.
Tədqiqatları transmilli şirkətlərin inkişafı üzrə əsas rəsmi mənbə olan Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə konfransının tövsiyəsinə əsasən transmilli şirkət o şirkətlər hesab edilir ki, onların aktivlərinin ən azı 10%-i xaricdə yerləşdirilmiş olsun. Şirkətləri transmilli kateqoriyasına aid etmək üçün bir neçə meyarlardan istifadə olunur:
- şirkətin fəaliyyət göstərdiyi ölkələrin sayı; onların sayı ən azı 2-6 və daha çox olmalıdır;
- şirkətin istehsal gücünün müəyyən sayda ölkələrdə yerləşdirilməsi;
- şirkətin kapitalizasiyasının səviyyəsi;
- şirkətin gəlirlərində və ya satışında xarici əməliyyatların xüsusi çəkisi, bir qayda olaraq, 25% qəbul edilir;
- 3 və daha çox ölkədə səsvermə hüququ olan səhmlərin ən azı 25%-nin sahibi olmaq;
- şirkətin işçi heyətinin və rəhbərliyinin internasional tərkibli olması.
Şirkətlərin transmillilik səviyyəsini qiymətləndirmək məqsədilə transmilliləşmə indeksindən istifadə edilir. Bu indeks 3 göstərici əsasında müəyyən edilir: xarici aktivlərin ümumi aktivlərdə xüsusi çəkisi; ümumi satışda xaricdə satışın payı; xaricdə çalışan işçilərin ümumi işçilərin sayında xüsusi çəkisi.
Qloballaşmanın çox mühüm istiqaməti olan istehsalın transmilliləşdirilməsi prosesləri ölkələrin milli maraq dairələrini əsaslı şəkildə genişləndirir. Transmilli yerli şirkətlərin formalaşması xaricdə milli maraqların bütün mərhələlərdə milli hökumət tərəfindən müdafiəsi məsələlərini gündəmə gətirir. Milli amillərin xarici iqtisadiyyata daxil olması qaydalarının razılaşdırılması, yerli istehsalın transmilliləşdirilməsinin stimulladırılması, milli iqtisadiyyatın xarici mövqelərinin inkişafı və möhkəmləndirilməsi üzrə fəaliyyətlərə təminat verilməsi və bu fəaliyyətlərə dəstəyin təşkil edilməsi, mübahisələrin həll edilməsi mexanizmlərinin formalaşdırılması və sair bu kimi məsələlər milli hökumətin dəstəyi ilə həll edilməlidir.
1998-ci ildə Müstəqil Dövlətlər Birliyi ölkələrinin Moskva şəhərində qəbul etdiyi “Transmilli şirkətlər haqqında Konvensiya”da belə şirkətlərin yaradılması, idarəedilməsi, dövlətlə qarşılıqlı münasibəti, qeydiyyata alınmasıvə s. təşkilati məsələlərin hüquqi bazası müəyyən edilmişdir. Konvensiyanın 4-cü maddəsi transmilli şirkətin yaradılmasını və qeydiyyata alınmasını tənzimləyir.
“Transmilli şirkət” məfhumu elə hüquqi şəxsi əks etdirir ki, onun ikidən cox ölkədə müxtəlif idarəetmədə əmlakı mövcuddur. Belə şirkətlər 2 və daha çox tərəfdaş ölkələrin hüquqi şəxsləri tərəfindən yaradılmalıdır. Onlar transmilli şirkət kimi tərəfdaş ölkələrin birində dövlət qeydiyyatına alınırlar. Transmilli şirkətin tərkibinə istənilən təşkilati-hüquqi forması və mülkiyyət formasında (dövlət, bələdiyyə) olan hüquqi şəxslər daxil ola bilərlər: maliyyə-sənaye qrupları, kampaniyalar, konsernlər, xoldinqlər, birgə müəssisələr, xarici iştirakçısı olan səhmdar cəmiyyətləri və s. (“Конвенция о транснациональных корпорациях”, 6 стр.). Tərəfdaş ölkələrin razılığı ilə transmilli şirkət həmin ölkələrin birində dövlət qeydiyyatından keçir. Transmilli şirkətin yaradılması könüllü olsa da, hökumətlərarası sazişə, ya da tərəfdaş daş ölkələrin ziyanverici aktları ilə qadağan olunmayan digər üsullarla təsis edilir.
12 ölkənin, o cümlədən Azərbaycan Respublikasının imzaladığı “Konvensiya” da, həmçinin dövlət tərəfindən transmilli şirkətlərin fəaliyyətini dəstəkləməyə və stimullaşdırmağa yönəldilə bilən tədbirlər də nəzərdə tutulubdur (maddə 8). Belə ki, şirkətin tərkibində olan dövlət müəssisələrinin səhmlərinin idarəedilməsi hüququn transmilli şirkətə verilməsi, investisiya resurslarını cəlb etmək məqsədilə dövlət zəmanətinin verilməsi, ikitərəfli vergi ödənişinin ləğv edilməsi, kömrük rüsumu tətbiq etmədən avadanlılqarın, məhsulların və s. idxal və ixracı və digər güzəştlər bu qəbildəndir. Konvensiya diqqəti cəlb edən bir məsələ də transmilli şirkətin istehsal etdiyi məhsullara və mənfəətə mülkiyyət hüququ, habelə vergi ödənişləri məsələləridir. Bu məqsədə aid nəzərdə tutulan yanaşmanı məqbul hesab edirik. Orada deyilir ki, transmilli şirkətin və onun tərkibinə daxil olan hüquqi şəxslərin istehsal etdikləri məhsula və mənfəətə mülkiyyət hüququ tərəfdaş ölkələrin normativ hüquqi aktlarına və ya hökumətlərarası orada müqaviləyə uyğun olaraq müəyyən edilir. Şirkətə daxil olan hüquqi şəxslərin vergi ödənişləri onalrın yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun həyata keçirilir.
Azərbaycanın milli şirkətləri arasında transmilli şirkət statusunda şirkət olmadığına görə bu konvensiyanın tələbləri baxımından mövcud vəziyyəti araşdırmışıq. Araşdırmalar əsasən Dövlət Neft Şirkətinin bazasında aparılmışdır və 4.2 saylı paraqrafda əks etdirilmişdir.
Beləliklə, qənaətimiz ondan ibarətdir ki, beynəlxalq təcrübəni, yuxarıda adı çəkilən konvensiyanı və BMT-nin müvafiq normativ aktlarını nəzərə alaraq Azərbaycanda transmilli şirkətlərin yaradılmasını tənzimləyən normativ hüquqi bazanı yaratmaq tələb olunur.
Azərbaycan Respublikasında transmilli şirkətlərin inkişaf strategiyasının işlənib hazırlanması məqsədəuyğun olardı. Buraya neft-qaz sektoru və bütünlükdə respublikanın emal sənaye sektorları əhatə olunmalıdır. Ölkənin aparıcı şirkətlərinə müəyyən olunmuş beynəlxalq qaydaya uyğun olaraq (“Paşa Holdinq”, SOCAR Dövlət Şirkəti, “Azərsun Holdinq”, “Gilan Holdinq” və s.) transmilli şirkət statusunun, verilməsi ölkənin beynəlxalq biznesinin inkişafında mühüm rol oynaya bilər.
3.3.1 saylı cədvəldə SOCAR-ın göstəriciləri transmilli şirkətlərə məxsus meyarların tələbləri baxımından hesablanmış və əks etdirilmişdir.
Dünya bazarının strukturunu və onlarda malların və xidmətlərin rəqabət qabiliyyətinin səviyyəsini, kapitalın beynəlxalq hərəkətini və texnologiyaların ötürülməsini transmilli şirkətlər müəyyən edir.
Transmilli şirkətlərin əksəriyyəti oliqopol və ya monopol tipli iri firmalardır. Onlar istehsalın və dünya bazarında malların və xidmətlərin realizasiyasının diversifikasiyalı inteqrasiyası ilə digər struktur formalarından fərqlənirlər. Onların çoxmillətli strukturları baş kompaniyanın strategiyasına uyğun olaraq vahid razılaşdırılmış mexanizm kimi fəaliyyət göstərir. Şirkətin fəaliyyətinin qloballaşması imkan verir ki, o, öz maraqları daxilində böyük həcmdə resursları bir ölkədən digər ölkəyə ötürsün.
Transmilli şirkətin iqtisadiyyata təsirinin konkret təzahürü münasibətdə olduğu subyektlərin gücündən, filialların və qız kompaniyaların vəziyyətindən asılıdır.